DÜŞMƏN ANASININ BAŞINA
QARA BAĞLADAN İGİD
Mən həyətə
daxil olanda qurban kəsilmişdi. Əyyub Bəşirov şəhid
olmamışdan əvvəl dediyi bu qurbanı ilk
maaşından kəsilməsini istəmişdi. Yox, şəhidin
ilk maaşını almamışdılar. Əyyub
özü çiyinlərdə gəlmişdi ocağına.
Ancaq Böyük Qələbə arzusu yerinə yetmişdi.
Şəhidin dediyi qurban kəsilməliydi. Və həyətə
yığılan qohum- əqrəba, ata- ana bu qurbanlıq
qoyun kimi haray çəkməyə hazır idilər. Lakin
çalışırdılar ağlamasınlar. Axı,
Əyyub bunu heç istəməzdi.
Bir arzusunu da demişdi Əyyub: “Əgər şəhid olsam, məni qəbristanlığın lap baş tərəfində dəfn edərsiniz. Qoy burdan keçənlər görsünlər ki, Ərəşin belə igid oğlu olub”. Belə qərara alırıq ki, elə hamımız birlikdə qəbristanlığa gedək, şəhidimizi ziyarət edək, dediyi qurbanın kəsildiyini xəbər verək. Doğrudan da bura daxil olan kimi bizi ilk qarşılayan gül-çiçəklə bəzədilmiş Əyyub Bəşirovun qəbri oldu. Şəhidin anası Rəna da, qardaşı Elçin də, bibiləri Aytən, Dilbər, Ruhiyyə də, ŞİH-in Ərəş kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Qnyaz Məmmədov da dərin kədər içində idik. “Kür”ün foto- müxbiri Natiq Cəfərov yavaşca pıçıldayır: “Belə şərəfli ölüm hər kəsə nəsib olmur. Behiştlikdir yeri”.
Bəşirov Əyyub Ramiz oğlu 21 noyabr 1998-ci ildə Yevlax rayonunun Ərəş kəndində anadan olub. Zəhmətkeş, əliqabarlı Ramiz kişi ömür-gün yoldaşı Rəna ilə üç oğul böyütmüşdü: İlkin, Elçin, Əyyub.
Əyyub lap balacalığından əməksevər olub. Çətin işə girişməkdən çəkinməyib. Atası həmişə söyləyirmiş ki, o, mənim əlimdi, ayağımdı!
Ərəş kənd tam orta məktəbini qurtardıqdan sonra hərb sənətinə yiyələnmək istəyib. Ancaq imtahandan keçə bilməyib. Axır ki, 2020-ci il sentyabrın 6-da arzusuna çatıb. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləməyə başlayıb. Sentyabrın 27-də müharibə başlayan gün artıq igidimiz döyüşlərə qatılıb. Döyüşçü yoldaşları söyləyirlər ki, Məmməd Arazın bu beytini tez-tez təkrarlayarmış:
Bu gün gərək,
Hər arzumuz Vətən,- desin.
Qılıncımız, qalxanımız,
Vətən!- desin.
Ölənlərin əvəzinə,
Qalanımız Vətən,- desin.
Bəli, Vətən deyirdi, Əyyub. Bu Vətənçün
canını fəda edirdi. Mövqelərini igidliklə
qoruyurdular. Yaxşı bilirdilər ki, hər bir mövqe qələbəsi
də bir tarixdir, Böyük Qələbənin tərkib hissəsidir.
Məhz bu səbəbdən Suqovuşan istiqamətində
tank əleyhinə qumbaraatan kimi çətin bir işi məsuliyyətlə
yerinə yetirirdi. Ən
kiçik uğura sevinirdi. Bu sevincin özü də ilahi bir
sevinc idi. Zaman – zaman itirdiklərimizi döyüşə –
döyüşə alırdılar. Ayağından möhkəm
yaralanır döyüşlərin birində, yarasını
bağlayır ki, qanı axmasın, vuruşmaqdan isə geri
qalmır. 4 saata qədər yaralı vəziyyətdə
ölkə başçısının dediyi kimi “aslan kimi
döyüşür”.
Artıq
7 yara almışdı. Geriyə çəkilmək fikri isə
yox idi. 15 oktyabr 2020-ci ildə isə mənfur snayperin gülləsi onun cavan həyatına
son qoyur. Bu döyüşdə komandiri ilə birlikdə bir
neçə nəfər itirirlər. Özlərinin
öldürdükləri ermənilərin sayı- hesabı
isə yox idi. Yer onların leşləri ilə dolu idi.
Azərbaycanda
hər kəsin sevimlisinə çevrilmiş Xudayar Yusifzadə
ilə bir yerdə vuruşurdu. Xudayar mahnı oxuyanda elə
şirin- şirin qulaq asırdı ki… Bu şirinliyi ona
çox gördü düşmən. Həm də ailəyə,
evlərinə çox bağlı idi, onlarsız
yaşamağı təsəvvür etmirdi. Əyyub
qardaşı qızları Zəhra və Səyyarəyə
ayrıca məhəbbət göstərirdi, əzizləyirdi,
imkan tapanda nazlarını çəkirdi. “Onlarsız yaman
darıxıram. Heç bilmirəm necə dözəcəyəm
bu şirin balalarsız?”- deyirmiş. Xəlvətcə
gözaltı elədiyi qızı
anasına da göstərmişdi.
Müharibənin sonunu səbrsizliklə gözləyirdi…
Heç
vaxt qorxmadı Əyyub. Yaxşı bilirdi ki, Azərbaycana
sahib çıxan, sözü, iradəsi, əzmi, intellekti,
uzaqgörən siyasəti ilə seçilən, ön cəbhədə
əsgərlərimizə daim dayaq duran Prezidenti, Ali Baş
Komandanı var. Ermənilərin nifrətdən
alışıb yandıqlarını, hər cür təxribata
əl atdıqlarını görməmək mümkün deyildi.
Ermənilər kişi kimi vuruşa bilmirlər, – deyirdi
döyüş yoldaşlarına. Bu zaman köksü ürəyinə
darlıq edirdi. Görəsən Əyyub Bernard Sounun bu
fikrini eşitmişdimi? “Nifrət qorxağın öz
qorxusuna görə yaşadığı hissdir”. Bəlkə
az da olsa bu fikir onu rahatlaşdırardı.
Düşmən
vuruşa-vuruşa, döyüş texnikasını,
uçuş aparatlarını, canlı qüvvələrini
itirə-itirə geri cəkilir, strateji yüksəkliklər ermənisizləşdirilirdi.
Düşmən
Suqovuşandan qovulanda elə fərəhlənirdi ki,
Əyyub. Bircə Ballıqaya istiqamətində vuruşan qardaşı Elçindən
narahat idi. Özü mərdliklə vuruşsa da zəng edib
Elçinə deyirdi:
“özünü qoru, qadan alım. Çox qabağa
atılma. Mən burda sənin əvəzinə də
düşmənlərə dağ çəkirəm. Bilirsən,
neçə erməni anasının başına qara bağlatmışam?”
Bəli,
düşmən anasının başına qara bağladan
Əyyub bunu anasına da rəva gördü. Onun
ölümündən sonra Elçini ordudan tərxis etdilər.
O, kəndə çatanda artıq sevimli qardaşı onu sevənlərin,
elin-obanın iştirakı ilə qəbristanlıqda ən
uca məkanda özünə yer etmişdi.
Bəşirov
Əyyub Ramiz oğlu ölümündən sonra Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham
Əliyevin sərəncamı ilə “Vətən uğrunda”,
“Suqovuşanın azad olunmasına görə” və “Cəsur
döyüşçü” medalları ilə təltif
olunmuşdur. Sonsuzadək ürəyimizdə
yaşayacaqdır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Olaylar.- 2021.- 17-23 sentyabr.- S.18.