Şuşa səfərim
Şuşaya azad şəhərin
10 ay 3 günündə – 2021-ci il sentyabrın
11-də ayaq basıram.
Gec, çox gec…
***
8 noyabr 2020-ci il
qurtuluşunun ardınca
soyuqlayıram. Noyabrın üçüncü
ongünlüyündə zəhrimara
yoluxduğum üzə
çıxır.
Evdə qalası oluram.
İki həftəlik
əsirliyin ardınca
sərt karantin gəlir. Noyabr və dekabr
belə gedir.
İl dəyişəndən
aylar bir-birini qovur. Görürəm, hərə bir
yol tapıb gedir. Mənə gənəşən yoxdur.
Dərd eləmirəm, gözləyirəm. Ən çox may ayına bel bağlayıram, bitmiş işğalın
– 8 may 1992-nin anımı olar
deyirəm.
Anım yox, mahnı bayramı olur mayda. Gedənlərin siyahısında yoxam.
İyunda daha bir tədbir
yan keçir.
İyulda Şuşadakı məsul
şəxs dostumuz İlqara iki günlük səfərimizin
razılığını verir, ancaq şəhərdə
vəziyyət dəyişir,
sözünü tuta bilmir.
Avqustda, ayın
14-də İlqar Şuşadakı
rəsmi quruma bir-iki dostun sənədini göndərir. Mən də
varam dəstədə.
Daha bir tədbirdən kənar qaldığım avqust ötür.
Şuşadan razılıq xəbəri
sentyabrın 8-də gəlib
çıxır.
Elə həmin
gün məlum olur ki, ayın
12-də Şuşaya gedəcək
jurnalist qrupuna mənim də adım salınıb. Yada düşmüşəm.
Dedim,
özüm gedirəm
artıq.
***
Sentyabrın 11-i. Füzuli. Əhmədbəyli. İlqarlayıq. Bakıdan daha
iki dost gəlir, onları gözləyirik.
Çayxananın qabağında oturanlardan biri “Deyəsən, Şuşaya gedirlər” deyir.
– Hə, əmioğlu, Şuşaya gedirik…
Keçirəm çayxananın həyətinə. Otururam. Yaş məni boğur. Öz sözümə (Şuşaya
gedirik!) inanmağım
gəlmir.
Dostlar gəlir. Zəfər yoluna
dönürük. Şuşalılar "Meşə yolu" da deyir bu
təzə yola.
Yol. Bu qədər
qısa müddətdə
görülən işə
heyran qalırsan.
Bu yolu qanı ilə açıb oğlanlar… Haralardan keçib əsgərim…
Dəsmalı gözümə sıxıram.
***
Hamıya demişəm Şuşaya
çatanda telefonu söndürəcəm, mane olmasın.
Şuşa yolunun birinci postunda məzuniyyətdən
qayıdan əsgəri
maşınımıza götürürük. Valideynlərindən təhvil alıb tərpənəndə əsgərə
deyirəm, hərbi hissənin qabağında
valideynlərini yığarsan,
bilsinlər çatdığını.
***
Şuşanın girəcəyindən diklənən
kimi Şor bulaq gəlir. Üzüm gizildəyir.
Maşını saxladıb üzümə
su vurmaq istəyirəm. Damcılayır, maşına qayıdası
oluram.
Hərbi hissənin qarşısı. Düşürük.
Telefonu əsgərə ötürürəm
valideynlərini yığsın.
Gözümdən sel axır.
Hərbi
hissənin həyətində
növbə çəkən
əsgər təəccüblə
baxır. Bəlkə də
məni əsgər yoldaşının atası
bilir.
Əsgər telefonla əlləşir. Alıb baxıram,
siqnal yoxdur. Telefonu söndürüb-yandırıram, alınmır (Dədə-baba
telefonudur, Şuşada
işləməyə gücü
çatmır, bir də səhəri gün Şuşadan çıxanda özünə
gəlir). İlqar telefonu
uzadır. Mikrofon açıqdır.
Bayaq balasını bağrına basıb bizə əmanət eləmiş ananın səsi gəlir:
– Naharınızın vaxtıdır,
qadan alım, ac qalma…
Anadır…
Əsgər anası. Şuşada qulluq edən əsgərin anası.
Şükür bu günə!
***
Düşürük Mamayı bulağına. Su gəlmir. Əlimi divarlarına sürtürəm,
yenə yaş məni boğur.
İçimdə Şuşada nə günə qalmağın
yüz variantı vardı. İndi yüz birinci
variantdır, boşluğa,
çəkisizliyə düşmüşəm.
Evimizə enirik. Hasarın bir qırığı,
bir də cəngəllik.
Bizim evimiz, evimizə bitişik qonşu evlər Şuşanın işğalından
əvvəl, 1992-nin martında
düşmən atəşindən
külə dönüb. İndi küldən
də əsər-əlamət
yoxdur. Bilirdim bunu. Şəkillərdə görmüşdüm. Amma bu görmək o görmək
deyil.
İllər uzunu həyətimizin girəcəyindəki armud
ağacına sarılıb
ağlamağı xəyal
eləmişdim. Kəsiblər. Yoxa çıxarıblar.
1992-ci ilin yazında armud ağacının yanından ötüb ayrılığa doğru
getdiyimi düz 20 il sonra
qələmə almışam.
O yazının son cümləsini
xatırlayıram: “Ayrılığın
əvvəli varsa, yəqin sonu da olar…”
***
Şəhərin aşağısından, viran
qalmış Torpaq meydandan və Çuxur məhəllədən
bir dövrə vurub Mirzə Həsən qəbiristanlığına
yol alırıq.
Gözüyumulu taparam demişdim. Qəbiristanlığın
halından nə qədər yanıldığımı
görürəm. Tək-tük qəbir daşı boynunu büküb. Hamısını daşıyıb aparıblar. Cağ, divar-daş,
ələ gələn
hər şey talanıb, dağıdılıb.
1991-ci ilin yazında
atamı itirəndə
günlərlə Mirzə
Həsəni dolaşmışam. Hər yanından
xəbərim var. İndi
azmışam. Boy verən
cəngəllikdə karıxıb
qalmışam. Ha əlləşsəm
də, babamla atamın dəfn olunduğu yeri tapa bilmirəm. Hansı səmtdən gedirəm, hansı kolluğa, qanqallığa baş vururam, bir şey
çıxmır.
Bir qəbir yeri hasarından oxşamış
kimi gəlir, amma o deyil…
Bir sinə daşını babamın sinə daşına oxşadıram,
amma hasar ayrı cürdür, həm də yanı boşdur…
Qəbir yerləri qat-qat cəngəllik, vəhşi
bir meşəliklə
hörülüb, əsarətdə
qalıb.
Dəli vəziyyətində şəhərə
qalxası oluram.
***
Rəhmətlik Qaçay Pəhləvanın
evində qalasıyıq. Həyətdə süfrə açılıb.
Boğazım tıxanıb. O evdən hayan olan Ramin halımı
görüb İlqardan
maşının açarını
alır, bu dəfə onunla enirəm Mirzə Həsənə.
Qala divarının
– Gəncə qapısının
yanında Bakıdan gələnlər toplaşıb. Jurnalist Aygün
Muradxanlını görüb
düşürəm. Məni qucaqlayıb ağlayır.
İqtisadçı dostumuz Samir Əliyev özünü yetirir. Şəkil çəkdirmək istəyir. Amma görür halım
yoxdur.
…Mirzə Həsəndə
bu axtarış da nəticəsiz qalır.
***
Komendant saatına qədər qalan vaxtımız şəhəri dolaşmağa,
Cıdır düzünə
qalxmağa yetir. Cıdır düzündəki
məzarlıq da eyni gündədir.
Şəhəri o baş-bu baş dolaşırıq. Xarabalıqlara girib-çıxırıq.
Qıraq
adam buna
gəzinti deyər. Amma mən havalı-havalı dolaşıram. Belə gəzintini
yurdumu viran qoymuş düşmənə
də qıymaram.
***
Axşam yenə süfrə başındayıq. Əziz adamlar yığışıb.
Şəhərində qonaq kimi olan şuşalılar.
Şükür içindəyik, amma qanadım olsa, uçub Bakıya dönərəm,
elə haldayam.
Qonşumuz Ərəstun gəlib çıxır. Çoxdan Şuşadadır. Qəbiristanlıq məsələsini
eşidib mənə təsəlli verir:
– Qaqa, relyef dəyişib
orda, relyef!
***
Evin ətrafında
itlər dolaşır. Bir deyil,
iki deyil, sürüdür. Erməninin iti
demərəm. Biz qoyub gedən itlərin törəmələridir.
Qayıtmışıq.
***
…Yerimiz salınır, qalın yorğan var, amma otağa
elektrik plitəsi də qoyulur. Şuşadır bura.
Səhərə yaxın, saat 4-də durub plitəni çəkirəm, otaq isinib.
Yuyunmağa imkan vardı axşam, amma ürək eləmədim
ki, soyuq alar, ağlınız Bakıya getməsin.
***
Dəqiq
tarix 29 il
6 aydır. Amma mən min il
deyirəm. Min ildən sonra səhərim Şuşada
açılır.
Çay içib İsa bulağına yol alırıq.
İsa bulağına
bizim postla rus postunun qovuşduğu
yerdən keçməlisən. Laçın dəhlizi deyilən yoldan.
Düşmən hər gün bizim postdakı say-seçmə əsgərlərin
bir addımlığından
ötməli olur. Nə vaxtsa
postumuzda dayanıb əsgərimə təzim
eləməyə də
məcbur qalacaq.
Ya da biryolluq getməyə.
Ayrı yolu yoxdur düşmənin.
***
İsa bulağında bir ovuc suyun gözümün
yaşına qarışdığını
görən əsgər
soruşur:
– Dayı, şuşalısan?
Min il kimidır,
əsgərimə Şuşa
suyuna tamarzı qalmağın dəqiq tarixini deyirəm: 29 il 6 ay.
***
Bakıdan gələnlər var. Qardaşım
Nazim də gəlib jurnalist qrupu ilə, Cıdır düzündədirlər.
İsa bulağından
ayrılıb yenə
Mirzə Həsən qəbiristanlığına gedirəm
İlqarla. Yenə dünənki mənzərə.
Yenə içimdə ağrı
qayıdıram.
Günorta bir tikə çörək
yeyəndə Nazimgilə
qoşulub Bakıya dönmək qərarı
verirəm.
Məni Şuşaya gətirənlər
bir gün də qalasıdır. İncimirlər,
halımı görürlər…
***
Nazimgillə qayıdıram.
Qayıdıram, amma Şuşadan
ayrılmağım gəlmir,
yenə dəsmalı
gözümə sıxıram…
Şuşa… Ömrümdən keçən
Şuşa.
Məni
boya-başa çatdıran
Şuşa – itirdiyim Şuşa.
Düşmən əlindəki Şuşa – zülmlü
Şuşa.
Cecəyi
qalmış Şuşa – 29 il 6 ay
sonra ayaq basdığım Şuşa.
Yenə
bünövrəsi qoyulan
Şuşa – ömürlük Şuşa.
Hikmət Sabiroğlu
Olaylar.- 2021.- 17-23 sentyabr.- S.10.