Vətən uğrunda
döyüşən cəsur döyüşçü
Mən bu yazını işləyəndə Şuşada "Xarı bülbül"
festivalı gedirdi. Festivalın birinci günü idi və birinci konsert "Azərbaycan mədəniyyətində
multikultural dəyərlər"
adlanırdı. Ali Baş
Komandan çıxış edir və deyir:-"Biz festivalın birinci gününü təsadüfən belə
adlandırmamışıq. Bu qələbəni
ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri
bir bayraq altında
birləşərək, düşmənə qarşı qəhrəmancasına
vuruşaraq əldə ediblər. Ona görə də, bu gün burada
çıxış etmək onların doğal
haqqıdır". Şuşada həqiqətən,
elə möhtəşəm çıxışlar oldu ki, insan
qürur hissi
keçirməyə bilmirdi. Avarı, saxuru, ləzgisi, malakanı, tatı, ingiloyu və başqaları elə möhtəşəm
çıxışlar etdilər ki, bundan ötəsi ola da bilməzdi. Bu, bütün dünyaya birgəyaşayışın,
birliyin örnək bir
mesajı idi. Milli azlıqların
ən çox yaşadığı
bölgə bizim bölgəmiz olduğu üçün sonsuz qürur hissi keçirirdik. Qəhrəmanım milliyyətcə
saxur, ruhən, qəlbən Azərbaycanlıdır.
O öz vətənini müdafiə etməyə,
öz torpaqlarını yağı
düşməndən təmizləməyə getmişdi. Qəhrəmancasına vuruşdu, qəhrəmancasına da həlak oldu, Zaqatala şəhər sakini
şəhid Orxan Cumayev.
Hamını birləşdirən
amal, vətən sevgisi
20 yaş nə yaşdır ki. Orta məktəbi bitirmisən, əsgəri xidmətdə olmusan, indi də xoş gələcək üçün xəyallar qurursan. Hələ həyatın enişli, yoxuşlu yollarının lap başlanğıcındasan. Lakin qəfil ölüm səni haqlayır. Sən deyəsən seçilmişlərdənsən. 30 ildir torpaqlar işğal altındadır. Artıq bir neçə nəsil 20 yaşı ötüb keçib. Lakin müharibə başlamır. O müharibəni çoxları arzu etmişdi, çoxları orada vuruşmaq, birinci Qarabağ müharibəsində vəhşicəsinə öz evindən-eşiyindən qovulan qaçqın köşkünün qisasını almaq, düşmən tapdağı altında inləyən torpaqlarımızı azad etmək, elə orada da şəhidlik zirvəsinə yüksəlmək istəmişdi. Lakin nəsib olmamışdı. Demək ki, bu vəzifəni Orxan və onun yaşıdları yerinə yetirməliymiş. Vətən sevgisi bu müqəddəs işdə onlara yar yoldaş olmalı, düşməni "iti qovan kimi qovaraq" bizlərə qələbə sevinci yaşatmaq, Qarabağda tarix yazmaq onların nəsibi olmalıydı və oldu da. Orxan və onun döyüşçü dostları 44 günlük müharibədə düşmənin dərsini elə verdi ki, erməni hələ də nələrin baş verdiyini tam olaraq ayrıd etməyi bacarmır, hələ də özünün dırnaqarası "məğlubedilməzlik" mifinə inanaraq revanşist planlar qurur. Lakin, əbəs yerə. Orxan kimi oğullarımız şəhid olsa da onların yerini yeni dəstələr tutub. O dəstələr ki, oradakı gənclər də Vətən sevdalılarıdır, hərbi hazırlıqları var, yalın əllə belə düşmənin cavabını verməyə hazırdırlar. Necə deyərlər:"biz bir ölüb min dirilən xalqın övladlarıyıq".
Hərbçi olmaq istəyi
Onun kədəri böyük olsa da qürurunu bu kədərə qurban vermur. O şəhid anasıdır. Bu gün onun qapısını tanımadığı insanlar açır, onun dərdinə ortaq olur, Orxan kimi oğullarla fəxr etdiklərini bildirirlər. Rahilə ana bu insanların inamını necə heçə çıxardar axı. O indi bir ana obrazı timsalındadır. O da oğlu kimi hamıya nümunədir. İllər keçəcək şəhid anaları böyüyən nəslə öz övladlarından, onların qısa ömürlərinin dastana dönən hekayələrindən danışacaqlar. Elə mən də bu dastandan bəzi sətirləri dinləmək istədiyimi bildirirəm Rahilə anaya və onun dediklərinin hər anını qeydə almağa çalışıram.
Orxan 2000-ci ilin
yanvar ayında dünyaya gəlib. Özündən böyük Fatma bacısı var idi. Orxanın bir yaşı
olanda valideynləri ayrılırlar. Lakin Rahilə
öz övladlarını
nə atasından, nə də baba və nənəsindən
ayırmır. Uşaqlar nə
vaxt istəsələr
onlarla görüşə,
vaxt keçirə bilirdilər. Lakin bir
həqiqət var idi ki, Rahilə
bütün həyatını
iki övladını
böyütməyə, onların
təhsilinə, normal yeməyinə
və geyiminə həsr edir. Şıxəli Qurbanov adına şəhər
3 saylı orta məktəbin şagirdi olan Orxanın tərbiyəsindən, məktəbin
ictimai işlərindəki
fəallığından müəllimləri
həmişə razılıq
edirdilər. Artıq hamı bilirdi
ki, Orxanın gələcək arzusu hərbi kəşviyyatçı
olmaqdır. 2018-ci ildə məktəbi bitirən Orxan əsgəri xidmətə
yola düşür.
Goranboy rayonunun dağlar qoynunda yerləşən,
Yuxarı Ağcakənd
inzibati ərazisinə
daxil olan səfalı Ballıqayada
yerləşən hərbi
hissəyə düşür.
O Ballıqayaya ki, ermənilər 1992-ci ilin avqustunda burada 24 nəfərin öldürülməsi, 5 nəfərin
yaralanması ilə nəticələnən "Ballıqaya
qətliamı" törətmişdilər.
Soyqırım qurbanlarından ən
kiçiyi 6 aylıq körpəydi, ən yaşlısının isə
93 yaşı var idi. Bu hərbi hissədə
xidmət edən hər bir əsgərə
bu barədə məlumat verilirdi. Onsuz da düşmənə sonsuz nifrəti olan gənc əsgərlərə bu tarixçə ciddi təsir edir, onların hazırlıqlı
bir hərbçi kimi yetişməsində böyük rol oynayırdı. Əsgəri xidməti bitər-bitməz
Orxan müddətdən
artıq hərbi xidmət üçün
müqavilə bağlayır.
Onun fikri bu müddət bitəndə sənədlərini
ali hərbi
məktəbə vermək
idi. Artıq 2020-ci ilin yay
ayları idi. Vətən sərhədlərində narahatlıqlar
artmış, Orxangilin
təlimləri isə
daha ciddi xarakter almışdı.
Onlar demək olar ki, gecə-gündüz təlimlərdə olur, ən müxtəlif döyüş taktikalarını
öyrənir, düşmən
mövqelərini məhv
etmək üçün
praktik hücum təlimləri keçirirdilər.
Hamı
o müqəddəs döyüşün
lap yaxında olduğunu
anlamışdı.
701 saylı motoatıcı briqada
701-ci briqada Azərbaycan Silahlı Qüvvələrinin 1991-ci ildə yaradılmış ilk hərbi hissəsidir. Orxan da bu hərbi hissədə idi və ön cəbhəyə həmlə qrupu kimi bu hərbi hissədən getmişdi. 2020-ci ilin sentyabrın 26-dan 27-nə keçən gecə onlar Tərtər Suqovuşan istiqamətində mövqelərini möhkəmlədərək hücum əmri gözləyirdilər. Hücum əmri verilir. Orxangil 5 saata yaxın qəhrəmancasına vuruşurlar. Orxan gicgahından qəlpə yarası alsa da döyüşü dayandırmır. Lakin bu yara Orxanın tezliklə təxliyə olunmasını tələb edir. Bir azdan onun gözləri tutulur, qulaqları eçitmir.O güclü kəllə-beyin travması almışdı. Orxan Şəmkir qospitalına, ordan da Mingəçevir xəstəxanasına göndərilir. İki gündən sonra Orxanın gözləri açılır, bir həftədən sonra isə qulaqları eşidir. Orxan oktyabrın 24-də yenidən döyüşlərə qatılır. Bu müddət ərzində ordumuz əhəmiyyətli dərəcədə irəliləsə də Murov yüksəkliyində gərginlik qalmaqda idi. Bu dəfə Orxan uşaqlıqdan arzusunda olduğu kəşviyyat qrupunda idi və onlar Murovdakı adsız yüksəklikləri azad etməli idilər.
Son zəng, son görüş
Həmin günü, oktyabrın 30-u Orxan imkan edib anasına zəng vurur. Döyüşdə olduğunu yaralandığı zaman anası artıq öyrənmişdi. Danışıqları qısa olur. Heç biri bilmirdi ki, bir daha bir-birilərinin səsini eşitməyəcəklər. "Salam,Ana!" "Salam oğlum, neylirsən, hardasan." "Ana, eyvana çıx, gör nə görürsən, bax, ora gedirik. Salamat qal, ana!" Ana tez eyvana çıxır. Qarşısında zirvəsi ağ qarla örtülü Qafqaz dağlarını görür. İndi anlayır, anlayır ki, oğlu Murovdadır, döyüşə gedir. O gecə ana səhərə kimi dua edir. Nə etmək olar, bəzən dualar da aciz qalır. Orxan və 6 kəşviyyatçı dostu lazımi məlumatları toplamış və hərbi hissəyə ötürə bilmişdilər. Geri dönmək lazım idi. Lakin təəssüf ki, bu mümkün olmur. Düşmən onların olduğu yeri müəyyən edə bilmiş və ora mərmi atmışdı. 6 şəhidimiz var idi düşmən atəşi altında. Iki gün onların nəşini götürmək mümkün olmur. Lakin noyabrın 1-dən 2-nə keçən gecə igid əsgərlərimiz cəsədləri götürmək üçün öz həyatlarını təhlükə qarşısında qoysalar da buna nail olurlar. Onlar cəsədləri kürəklərinə sarıyaraq 8 saat yol gəlirlər. Əsgərlərin bu igidliyi bir film ssenarisini bəzər. Azərbaycan əsgəri şəhidinə belə sahib çıxırdı. Noyabrın ikisi artıq Orxanın və şəhid yoldaşlarının cənazəsi torpağa tapşırılır.
Rahilə ananın içində bir çırpıntı, bir təlatüm sakitlik tapa bilmirdi. Üç həftə sonra o hərbi hissəyə getmək qərarına gəlir. Əslində ora nə üçün getdiyini heç özü də bilmirdi. Orxanın bölük komandiri Ayaznan qarşı-qarşıya oturur, komandir bilmir ki, anaya nə desin, heç ana da bilmir ondan nə soruşsun. Oğlunun son sözünü, yoxsa onun nəşini düşürən əsgərimi. Birdən sanki dili açılır. "Mən sizə minnətdarlığımı bildirməyə gəlmişəm,-deyir. Oğlumun cənazəsini düşürərək öz həyatını təhlükəyə atan o əsgərə minnətdarlığımı bildirməyə gəlmişəm." Komandir bəlkə də o qanlı döyüşdə keçirmədiyi bir sarsıntını yaşayır. "Anaya bax, oğlu şəhiddir, amma başqasının qəhrəmanlığından danışır. Bu necə olan bir işdir." Bəli, bizim analarımız sadəcə Ana deyillər, onlar analığın simvoludurlar, ucalıqdırlar, müqəddəs varlıqdırlar. Rahilə ana oğlu ilə son döyüşdə vuruşan əsgərlərlə çəkdirdiyi şəkli əzizləyə saxlayır. İndi onların hər biri onun oğludur.
"Vətən uğrunda" medalı ilə təltif olunan Orxan Cumayevin qısa, lakin şərəfli həyatının hekayəsi belədir. Rahat yat, şəhidim, unutmaz bu el, oba səni!
Elmira Mehdiyeva
Olaylar.- 2021.- 17-23 sentyabr.- S.19.