Şəhid qardaşıma məktub

 

"Bu hekayəmi mənim şəhidlik zirvəsinə ucalan qohumlarımın, müharibə iştirakçısı olan dayımın və onun yolunu gözləyərkən vəfat edən babamın timsalında bütün şəhidlərimizə, Vətən müharibəsi iştirakçılarımıza, qəhrəman oğullar yetişdirən valideynlərə ithaf edirəm."

Mənim şəhid qardaşım! Bu məktubu sənə bir yaz səhəri şəhid bacısı kimi yazıram. Sən şəhidlik mərtəbəsinə ucalan gündən mən də şəhid bacısı adını fəxrlə daşıyıram. Qardaşım, adınla həm el-obamızı, həm bizi, həm də özünü şərəfləndirdin. Bacın səni hər gün yad eləyir, səninlə danışır, səninlə həmsöhbət olur. Cənnətə yollandığın gündən aylar keçdi. Sən gedən gündən sonra hətta bayramlar da oldu, lakin əvvəlkindən fərqli idi bu bayram. Novruz xonçanı, səməni payını da gətirdim müqəddəs məkanına - çiçəklərlə bəzənmiş Şəhidlər xiyabanına. Hətta cənnətdə ilk doğum gününü də qeyd etdin, yeni yaşına girdin. Biz də doğum gününü qeyd etdik sənsiz. Sən cəbhəyə yeni yollanmışdın. Hələ ordumuzun ilk qələbə xəbəri gəlirdi. Atam o zaman şumlatdırdığı tarlamıza buğda səpdi. Alın təri ilə suvarırdı tarlanı atam. Sanki cücərən taxıl zəmisi ilə sənin gəlişinə olan ümidlərini cücərdirdi. Qoca atam sənin həsrətini qəlbində yaşadayaşada, göz yaşını qəlbinə axıda-axıda hər gün tarlaya gedirdi. Nəzərlərini tarlanın göz işlədikcə uzanan ən əlçatmaz nöqtəsinə zilləyər, dərin fikrə dalardı. Bu payız atam tarlamıza daha çox bağlanmışdı. Tarla sanki atamın həmdəmi, dərd ortağı idi. Televizorda bütün cəbhə xəbərlərini həyəcanla izləyər, daha sonra tarlamıza yollanardı. Dərd ortağı sandığı tarlamıza. Atam tarlaya dərdini, qəm-qüssəsini basdırıb ümid göyərdirdi. Əslində, sənin gəlişinə olan ümid idi bu. Divarda sənin hərbi geyimdə olan şəklinə baxdıqca gözləri dolardı. Göz yaşlarını qoca anamdan gizlədərdi hər zaman. Anam ağladıqca "Mən oğlumu Allaha əmanət etmişəm." - deyərdi. Cəbhədən gələn qələbə xəbərləri onu hədsiz sevindirirdi, amma yaşlı, xəstə qəlbi müharibənin dəhşətlərini duyurdu və bu həyəcana tab etmədiyi avazımış çöhrəsindən hiss olunurdu. Artıq atamın addımları bir qədər yavaşımışdı. Şax yerişli atamın yerişi əvvəlki şaxlığını itirmişdi. Sözünə baxmayan xəstə ürəyinin ümidi dərmanlara qalmışdı. Sanki atam sağalmırdı və ya sağalmaq istəmirdi. Bəlkə də, mənə elə gəlirdi. Nəhayət, noyabrın 8-i. Ali Baş Komandanın verəcəyi növbəti şad xəbəri hamımız süfrə başında səbirsizliklə gözləyirik. Cənab Ali Baş Komandan çıxışa başladı. "Şuşa, sən azadsan!" cümləsini dövlət başçımızın dilindən eşidərkən sevincdən hamımız əl çalıb alqışladıq. Atam hər zaman fəxrlə izləyirdi Ali Baş Komandanı. Deyirdi: "Əsl dövlət başçısı belə olar. Təmkinli duruşu, savadlı danışığı, aydın nitqi. Yoxsa mənfur düşmənin rəhbəri iki sözü yanaşı qoyub danışa bilmir". 8 Noyabr günü sevindi atam. Noyabrın 10-u, səhər tezdən müharibənin bitməsi xəbərini eşidərkən də sevindi. Hətta anam sevincindən ağladı. Bəlkə də, bütün ailəmizlə birgə son sevincimiz idi. Eşidəcəyimiz dəhşətli xəbərdən xəbərsiz sevinirdik. Sənsiz sevinirdik... ...

Ertəsi gün. O müdhiş gün. Tanımadığımız zəng. Bütün dünyamızı alt-üst edən xəbər. Bir anda bütün həyatımızın qaraldığı an. "Qarşıla oğlunu, ata, ana! Oğlun Şuşa uğrunda qəhrəmanlıqla həlak olub, ata. Başını dik tut, ata." Üçrəngli bayrağa bükülmüş nəşin gəldi, qardaşım. Atam çiçəklərə qərq olmuş məzarın qarşısında üçrəngli bayrağı bağrına basaraq diz çökdü. Onsuz da taqəti qalmayan ürəyinin son gücü ilə hönkürdü. Hiss olunurdu ki, qəddi əyilmiş ata oğul dağına dözməyəcək... ...Ruhu ilə, qəlbi ilə atam sənə, yeganə oğluna qovuşdu. Qardaşım, Cənab Prezidentimiz Vətən üçün canından keçən oğulları çox şərəfləndirdi. Bu qələbədə payı olan oğullarımız kimi sənin də mükafatların var. "Azərbaycan bayrağı" ordenin, "Vətən uğrunda", "Füzulinin işğaldan azad olunması uğrunda", "Cəbrayılın azad olunması uğrunda", "Şuşanın işğaldan azad olunması uğrunda" aldığın orden və medallar bir şəhid bacısı kimi mənim fəxrimdir, başucalığımdır. Yüzlərlə şəhid ana-bacılarının, şəhid övladlarının təsəllisidir sizin ad-sanınız, müqəddəs iqamətgahınız. Qardaşım, indi yazdır. Tarlalara əkilən sünbüllərin böyüyüb, biçiləcəyi günlərə az qalıb. İndi həm sənin, həm də atamın əvəzindən çalışmalıyam, sənin yarımçıq qalan arzularını yerinə yetirməliyəm. Hər gün qaş qaralanda sənin və atamın yolunu küçə qapısında gözləyən ağsaçlı anamın qəlbinə təsəlli olmalıyam. Sənin qanınla qazandığın bütün torpaqlara getməliyəm. Uğrunda şəhid olduğun Şuşaya, Cıdır düzünə getməliyəm. Sənin və neçə-neçə döyüş yoldaşının min bir əziyyətlə keçilməz səddləri, qayaları, meşəlikləri necə dəf etdiyinizi öz gözlərimlə görməliyəm. Tarlamızın sarı sünbülünü minlərlə şəhidimizin, qazimizin qanı ilə suvarılmış torpaqlara səpməliyəm. Qoy bu qədim yurdumuzda bolluq, bərəkət boy atsın. Müqəddəs şəhidlərimizin qanı ilə suvarılan torpaqlar tezliklə cənnətə dönsün. Əziz qardaşım, rahat uyu. Şuşaya, digər işğaldan azad olunan yurdlarımıza gedərkən qəlbimdə fəxarətlə gedəcəm. Çünki, minlərlə şəhid və qazi qardaşımız alnımızdakı ləkəni silib qalibiyyət bayrağını doğma Vətənin göylərinə ucaltmışlar. Buna görə də biz sizə minnətdarıq, əziz qardaşlarım. Ruhunuz şad olsun!

 

Günay  Vəlizadə    

  

Olaylar.- 2021.- 24-30 sentyabr.- S.20.