Mollacümənin xoruzu
Felyeton
Mollanın Ərdəbildə
kasıb vaxtları idi. Evində dişə
vurulmalı bir şey qalmamışdı.
Hamısını satıb sovurmuşdu.
Həyətdə gözünün ağı-qarası, bir-birinə
bənzəyən iki
xoruzu, bir dənə toyuğu vardı. Ha fikirləşir
ki, bu gün
evimə necə ruzi gətirim. Eyvana çıxıb həyətdə
yer eşən toyuğu və xoruzları görəndə
ağlına heyrətamiz
fikir gəlir. Əvvəlcə toyuğu tutub
"Bismillah" demədən
başını kəsib
arvadını haraylayır.
Arvadı eyvana çıxıb başı
kəsilmiş toyuğun
atdanıb düşdüyünü
gördükdə əlini
atır üzünə,
qışqırır:
- Vay, evin yıxılmasın,
neylədin? Heç olmasa bu toyuq gündə bir yumurta verirdi,
onunla dolanırdıq.
Molla tövrünü pozmadan dillənir:
- Kəs səsini, tünbətün qızı!
Deməli bir məqsədim
var ki, bu
toyuğu kəsmişəm.
- Arvad səsini çəkir içinə.
- Sən belə et, get qonşulardan bir az düyü
al, bir az da yağ. De ki, kişi
gedib bazara, axşama qaytaracam.
Arvad kişinin
kələyini başa
düşür. Onlar Ərdəbilə gələndən hələ
bir dəfə olsun əri əlini ağdan qaraya vurmamışdı,
amma nə yollasa dolanırdılar.
Tez qaçır qonşuya, getməyi ilə gəlməyi də bir olur. Əlində də bir kasa düyü,
bir nimçə də yağ.
- Hə, gətirdim, sonrası? - Arvad səbrsizcəsinə soruşur.
Molla özündən razı halda şəvə kimi qara saqqalını
tumarlayıb cavab verir:
- Hə, bu yaxşı
oldu. Sən belə elə,
- yerdə daha çabalamayan toyuğu göstərir, - bu toyuğu yolursan, düyünü dəmləyib
günortaya yaxşı
bir toyuq plovu bişirirsən.
Qonağımız olacaq.
Arvad nəsə
başa düşüb
gülümsünür.
- "Baş üstə"
- deyir.
Molla arvadına təlimat da verir:
- Bax, arvad! Mən həyətə
girən kimi qışqıracam ki, ay arvad, xoruz evə
gəlib çıxdımı?
Sən də deyərsən ki, əlbəttə, uça-uça gəldi,
sifarişlərini də
çatdırdı. Toyuq
aşı da hazırdır.
Arvad qəhqəhə çəkib
dedi:
- Ay kələkbaz! Sənin bu oyunların
bitib tükənmək
bilmir. Bildim neyləmək istəyirsən.
Ancaq Həsən, kələyinin üstü
açılsa necə
olacaq? Burdan da bizi sürgün etsələr,
batdıq.
Molla baş barmağını
dodaqlarının üstünə
aparıb deyir:
- S... sus, arvad. Elə bilirsən
Ərdəbildə məndən
ağıllısı var?
Əgər bu kələyim baş tutsa, elə hesab et ki,
şəhərin İmamcümə
təyinatı məndədir.
Nə isə, get işinlə məşğul
ol!
Arvad gözdən
itdikdən sonra molla ayağa duraraq gedib xoruzun
birini tutur. Vurur qoltuğuna,
gəlir şəhərin
ən bərkgedən
adamının evinin qarşısında durur.
Bu adam elə
bərk gedənmiş
ki, hətta ölkə başçısına
təvəqqe edər,
söz çatdırarmış.
Görür ki, ağa evdən bayıra çıxır, özünü
salır onun yanına.
- Ağa, bir dəqiqə
olar, - deyir.
Ağa bu adamı namaz vaxtı tez-tez görərdi, ona bəzi suallar verərdi, özünü
onun tərəfdarı
kimi göstərərdi. Ayaq saxlayıb təəccüblə
soruşdu:
- Həsən, bu xoruzu qoltuğuna vurub mənim qapımda niyə durmusan? Ərdəbildə xoruzla gəzirsən.
Lotular səni düz başa düşməzlər,
dalına vedrə qoşarlar.
Molla keyfini pozmadan, əlüstü cavab verdi:
- Ağa, o lotular bilsələr ki, bu xoruz nə
xoruzdu, əlimdən alıb özləri gəzdirərlər.
Ağanı maraq götürdü:
- Bu xoruz nə xoruzdur
ki, belə tərifləyirsən?
Həsən anlayır ki, ağa düşdü təkərə. Odur ki, cavab verdi:
- Ağa, qurban olum sənə! Qumda yaşayanda ordakı ağam mənə bir elm öyrətdi.
Quşların dilini bilmək
elmini. Orda dərsimi tamam
eyləyib gəldim Ərdəbilə. Bir
az pulum
vardı, - xoruzu göstərir, - bu xoruzu alıb başladım ona təlim keçməyə.
İndi bu xoruz bizim
dili bilir. Nə desəm onu eyləyir.
Ağa yenə təəccüblə
soruşdu:
- Yəni əməlli-başlı
dil bilir?
- Bəli, ağa!
- Həsən, sən mənimlə şuxluq (məzələnmək) edirsən,
xoruz da dil bilər? Yoxsa...
Molla tez onun sözünü
yarımçıq kəsdi:
- Ağa, nəkarəyəm
ki, səninlə şuxluq edim? İnanmırsan, gəl yoxlayaq.
- Gəl yoxlayaq, - Ağa tez razılaşdı.
- Yoxlayaq, ağa, əlbəttə yoxlayaq, amma bir şərtim
var.
- Nə şərt?
Molla yaltaq niqabını üzünə çəkdi:
-Ağa, sənin əbanın ətəyi çox uzundur, haralara gedib çıxır, bir Allah
bilir. Bax, əgər mən
deyən olsa, sən məni Ərdəbilin mollacüməsi
edirsən, mən də bu dil
bilən xoruzu verirəm sənə, amma çəkdiyim xərci qaytarmaq şərtilə.
Ağa bir qədər fikirləşib deyir:
- Yaxşı, sübut elə.
- Baş üstə, ağa! - Molla qoltuğundakı xoruzu dodağı bərabərinə
qaldırır. - Hə,
çil-çil xoruz,
uça-uça gedirsən
bizə. Arvadağaya deyərsən toyuq
plovu bişirsin, günortaya çox hörmətli qonağımız
olacaq.
O bu sözləri deyib xoruzu buraxır
havaya. Xoruz dörd-beş metr
göydə uçub
qonur yerə. Bir azdan gözdən yox olur.
-Hə, ağa gedək, amma bir az ləng gedək ki, biz evə çatana arvad da biş-düşü tamamlasın.
Nə isə vaxt, vədə tamam olur. Ağa ilə
Həsən həyətə
girir. Ağa baxır ki,
həmin xoruz həyətdə eşələnir.
Molla arvadını səsləyir:
- Arvad! - Arvad tez bayıra çıxır, onu görən kimi molla soruşur. - Xoruz gəldi evə çıxdı?
- Gəldi, ay kişi,
gəldi. Ona nə demişdin
hamısını çatdırdı.
Toyuq plovu da hazırdı.
- Qonağa baxıb deyir. - Xoş gəlmisən, qardaş.
Əlqərəz, bunlar oturub plovu yedikdən sonra ağa Həsənə deyir:
- Sözümüz sözdü
də.
- Əlbəttə ağa,
sözümüz sözdü. Sən mənə
mollacüməsi vəzifəsini,
bir miqdar da para verirsən,
mən də sənə xoruzu bağışlayıram.
-Yaxşı, dur get, o xoruzu tut ver mənə.
Molla bir neçə dəqiqə
sonra xoruzu tutub gətirir verir ağaya. Ağa xoruzu əlinə alıb ona baxır,
sonra deyir:
- Hə, çil-çil xoruz, uç bizim evə, arvadağaya söylə ki, mollacümə ilə gəlirik evdə döşəmə
plov yeməyə. Di, uç - Quşu
buraxır göyə.
Quş da çəpərin üstündən uçub
gözdən itir.
Bir azdan ağa Həsənlə gəlib çıxır
evə. Ağa dərhal arvadını
səsləyir. Səsə arvad
bayıra çıxır.
Əri soruşur:
- Arvad, xoruz ismarıcı
çatdırdımı?
Arvad təəccüblə
soruşur?
- Nə xoruz, nə ismarıc?
- Bəs çil-çil xoruz bura gəlmədimi?
Arvad hirslənir:
- Deyəsən başınız
xarab olub. Çil-çil xoruzun bu həyətdə nə işi var? - bu sözləri
deyib əsəbi şəkildə evə girir.
Ağa üzünü bozardır,
səsini qaldırır:
- Həsən, bu necə olur? Xoruz bizə gəlib çıxmayıb.
Molla tövrünü pozmadan soruşur:
- Ağa, sən bu xoruzla ismarıc
göndərəndə evin
ünvanını demişdin?
- "Yox" cavabını eşidən
kimi əlini yaxasına atıb vay-şüvənlik eləyir.
- Vay, çil-çil
xoruzum ünvanı səhv salıb, getdi mənim dil bilən xoruzum.
Ağa görür ki, mollanın səsinə qonum-qonşu yığışacaq,
onu sakitləşdirir:
- Həsən, sakit ol! Sözümüz sözdü. Xoruzdu da, ünvanı
səhv salıb, salıb da...
Bir müddət
keçdikdən sonra
molla Ərdəbil imamcüməsinə təyinat
alır, amma deyirlər ki, xoruz şakərindən əl çəkə bilmir.
YUNUS OĞUZ
Olaylar.- 2021.- 24-30 sentyabr.- S.13.