"Nizami əsərlərinin akademik nəşrinə
5 il lazımdır..." - İsa Həbibbəyli
Prezident İlham Əliyevin sərəncamı
ilə 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi
İli" elan edilib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli mövzu ilə bağlı sualları cavablandırıb.
- İsa
müəllim, bu il "Nizami Gəncəvi
ili" elan edildi. Öncə bu barədə
fikirlərinizi öyrənmək istərdik.
- Azərbaycan
Prezidenti İlham Əliyevin 2021-ci ili
"Nizami Gəncəvi ili" elan etməsi ölkəmizdə
klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın
və mədəniyyətimizin görkəmli
simalarının tanıdılmasına müstəqil Azərbaycan
dövlətinin göstərdiyi xüsusi diqqətin və
böyük qayğının əməli ifadəsidir. Bu, həm də Prezident İlham Əliyevin Azərbaycan
tarixinə, mədəniyyətinə və ədəbiyyatına,
adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə
yenidən qayıdış istiqamətində
apardığı ardıcıl siyasətin növbəti təzahürüdür.
Bundan əvvəl, 2019-cu ilin "Nəsimi ili"
adlandırılması bu görkəmli şair və mütəfəkkirin
Azərbaycan və dünyaya yenidən tanıdılması
sahəsində mühüm addımların atılmasına,
ciddi dönüşün baş verməsinə şərait
yaratdı. Hesab edirəm ki, Azərbayanda və dünyada kifayət
qədər tanınan və böyük şöhrət
qazanmış Nizami Gəncəvinin zəngin bədii irsini də
müasir dövrdə azərbaycançılıq və
müstəqil dövlətçilik işığında
yenidən tədqiq və təbliğ etməklə bu
görkəmli sənətkarı daha dərindən kəşf
etməyə və bütün parlaqlığı ilə
tanıtmağa ehtiyac var.
"Nizami
Gəncəvinin nəsil şəcərəsi",
"Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq",
"Nizami Gəncəvinin dövlətçilik idealları və
müasir dövr", yaxud "Nizami Gəncəvi və Azərbaycan
renessansı" və sair kimi problemlər məhz indi,
müstəqilliyimizin inkişaf etdiyi bizim günlərdə
daha çox aktuallıq kəsb edir. Prezidentin
"Nizami ili" haqqındakı sərəncamı Nizami Gəncəvinin
həyat və yaradıcılığını bütün
istiqamətlər üzrə yeni təfəkkür əsasında
tədqiq və təhlil etməyə geniş imkan yaradan
tarixi sənəd kimi mühüm əhəmiyyətə
malikdir.
- Azərbaycan
elmi Nizamişünaslıq üçün nələr edə
bilib?
-
Nizamişünsalıq dünya elmi olsa da, Azərbaycan
dünya Nizamişünaslığının mərkəzidir.
Dünya ölkələrində Nizami Gəncəvi
haqqında yazılanlar tərəzinin bir gözünə, Azərbaycanda
aparılan tədqiqatlar, çap olunan kitablar və tərcümələr
tərəzinin o biri gözünə qoyulsa, Azərbaycan
Nizamişünaslığı ağır gələr.
Qədim dövr və orta əsrlərdən
başlamış Nizami haqqında yazmış təzkirəçilərin
əksəriyyəti - Əhdi Bağdadi, Sadiq bəy
Əfşar, Lütvəli bəy Azər, Hüseyn Əfəndi
Qayıbov, Mir Möhsün Nəvvab və başqaları azərbaycanlı
idilər.
XX əsr ərzində də Azərbaycan elmi
Nizamişünaslığa böyük töhfələr verib. Firudin bəy Köçərli,
Mirzə Məhəmməd Axundov, Həmid Araslı, Mir Cəlal,
Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov,
Azadə Rüstəmova, Mikayıl Rəfili, Xəlil Yusifli,
Zümrüd Quluzadə, Çingiz Sasani və
başqaları Nizami Gəncəvi irsinin tədqiqi işinə
sanballı elmi töhfələr veriblər.
Nizami Gəncəvinin "Xəmsə"yə daxil
olan əsərlərinin və şeirlərinin Azərbaycan
dilinə tərcümə və nəşr olunması ilə
yanaşı, xarici dillərdə yayılması və təbliğində
də Azərbaycan həmişə aparıcı mövqeyə
malik olub.
- Nizaminin
əsərlərinin tərcüməsi vaxtaşırı tənqid
olunur. "Xəmsə"nin yenidən tərcüməsi
mümkündürmü?
-
Prezidentin "Nizami ili" ilə əlaqədar
imzaladığı sərəncam vaxtıilə ümummilli
lider Heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan
şairi Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə
və nəşr edilməsi haqqında qəbul etdiyi qərar
əsasında həyata keçirilmiş tədbirlərə
yenidən qayıtmaq, başlanmış mühüm işləri
daha geniş miqyasda və əhatəli şəkildə,
yaradıcılıqla davam etdirmək üçün də
geniş meydan açır. Bu baxımdan Nizami Gəncəvinin
əsərlərinin dünya dillərinə tərcüməsi,
"Xəmsə"nin akademik nəşrinin
hazırlanıb çap olunması, görkəmli sənətkarın
haqqında xarici dillərdə tanıtma kitablarını
yazılıb nəşr etdirilməsi baxımından da
qarşıda mühüm vəzifələr durur.
Nizaminin
"Xəmsə"sinin dünya ədəbiyyatının
böyük sərvəti olduğunu nəzərə alaraq
hesab edirəm ki, Nizaminin poemalarının akademik nəşrinə
ehtiyac var. Bu, əlbəttə, bir ilə ərsəyə gələcək
iş deyil. Çünki burada Nizaminin hər əsərinə
aid olan, dünyanın müxtəlif ölkələrində
saxlanılan, Azərbaycan Əlyazmalar İnstitutunun
fondlarında olan bir neçə əlyazmanı
tutuşdurmaqla dəqiqləşdirilmiş elmi nəşr deməkdir.
Akademik nəşrlərin hər birinə də elmi tənqidi
şərhlər, mətnlər yazılmalıdır. Bu, elmi qurumun 5 il və daha artıq müddətə
hazırlaya biləcəyi nəşrdir. Hazırda
Azərbaycanda Nizami Gəncəvinin əsərlərinin
akademik nəşri hazırlanmalıdır. Bunun üçün akademiyanın institutlarında
kifayət qədər kadr potensialımız var.
-
AMEA-nın bu illə bağlı hansı planları var?
- Azərbaycan Milli Elmlər Akademiyasının humanitar və
ictimai elmlər bölmələrini əhatə edən elmi tədqiqat
institutları müstəqillik dövründə yeni tarixi mərhələnin
yüksək tələblərinə cavab verən elmi əsərlər
yazıb nəşr etdirməyi də özlərinə şərəfli
borc hesab edirlər. Artıq ölkəmizdə yeni
Nizamişünaslar nəsli yetişib formalaşıb.
Akademik Teymur Kərimli, müxbir üzv Nüşabə
Araslı, filologiya elmləri doktorları Mehdi Kazımov, Məhəmməd
Qocayev, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli,
filologiya üzrə fəlsəfə doktorları Zəhra
Allahverdiyev, Siracəddin Hacı, Vəfa Hacıyeva, Xuraman
Hümmətova, Əzizağa Nəcəfzadə, Xanəli
Babayev, Təhminə Bədəlova, Yelena Teyer, Xədicə
İskəndərli, Gülgün Babayeva, doktorantlardan
Hürnisə Bəşirova, Samirə Əliyeva, Məsumə
Rzayeva və başqaları Azərbaycan
Nizamişünaslıq elmini müstəqillik
işığında ciddi elmi problemlərin və yeni
yanaşmaların əsasında meydana çıxmış
elmi əsərləri ilə zənginləşdirməkdə
davam etməkdədirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami
ili" elan olunması Nizamişünaslıq elminin daha da
inkişaf etdirilməsinə böyük stimul verir. Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən
"Nizamişünaslıq" şöbəsinin əməkdaşları
son üç il ərzində üzərində
çalışdıqları, ilk mənbələrə,
orijinal mətnlərə istinad etməklə yazılmaqda olan
"Nizami Gəncəvinin həyatı və
yaradıcılığı", "Nizami Gəncəvinin
elmi tərcümeyi-halı" mövzularında
monoqrafiyaları daha da təkmilləşdirərək
tamamlayıb ictimaiyyətə təqdim edəcəklər.
Bundan
başqa, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına
Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə
2017-2020-ci illərdə həyata keçirdikləri
"Nizami Gəncəvi və Şota Rustaveli"
monoqrafiyasının da 2021-ci ildə Bakıda və Tbilisidə
Azərbaycan, gürcü və ingilis dillərində kitab
halında nəşr edilməsi nəzərdə tutulur. Ədəbiyyat İnstitutunun əməkdaşları
"Nizami Gəncəvinin görkəmli davamçısı
Əmir Xosrov Dəhləvi" adlı monoqrafiya üzərində
tədqiqat işlərini davam etdirirlər.
Bundan
başqa, uzun illərdən sonra nəşri yenidən bərpa
edilmiş "Nizami Gəncəvi almanaxı"nın ikinci sayı bu il oxuculara
çatdırılacaq. Eyni zamanda, Ədəbiyyat
İnstitutunun əməkdaşlarından Zəhra
Allahverdiyeva, Vəfa Hacıyeva və Siracəddin
Hacının Nizami Gəncəvinin həyatı və
yaradıcılığının aktual problemlərinə həsr
olunmuş doktorluq dissertasiyalarının müzakirəyə
çıxarılacağı da gözlənilən
mühüm yeniliklərdən biri olacaq.
Böyük Azərbaycan şairi Nizami Gəncəvi
haqqında sərəncam yeni nəsillərdə milli iftixar,
azərbaycançılıq, vətənpərvərlik
duyğuları aşılamaq, milli-mənəvi
özünüdərk proseslərini daha geniş şəkildə
təbliğ etmək üçün də
qarşımızda yeni perspektivlər açır. Bu istiqamətdə
ümumtəhsil məktəblərindən başlamış
elm və mədəniyyət müəssisələrinə qədər
hər yerdə, o cümlədən kütləvi informasiya
vasitələrində düşünülmüş təbliğat
işləri aparmaq hər bir ziyalının borcudur.
- Nizaminin
əsərlərinin hamısının filoloji tərcüməsi
varmı və onlar yenidən nəşr oluna bilərmi?
- İlk dəfə Nizami Gəncəvinin əsərləri
5 cilddə şairin anadan olmasının 800 iliyində 1941-ci
ildə çap olunub. Müharibə ilə əlaqədar təxirə
salınan yubiley 1947-ci ildə keçirilib. Burada "Xəmsə"yə daxil olan 5 poema və
şeirlərin Azərbaycan dilinə tərcüməsi kitab
şəklində çap olunub. Şeirlərin tərcümə
olunmasında Azərbaycanın ən görkəmli şairləri
Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd
Rahim və Abdulla Şaiq iştirak ediblər.
Sonrakı dövrlərdə Nizami Gəncəvinin əsərləri
müxtəlif vaxtlarda bir neçə dəfə Azərbaycan
dilində çap olunub. Eyni zamanda, şairin əsərləri bir
neçə xarici dillərə də tərcümə
olunaraq yayılıb.
Bundan
başqa, Azərbaycanın görkəmli dövlət xadimi
Heydər Əliyevin 1979-cu ildə Nizami irsinin tədqiqi və
təbliği işinin daha da
yaxşılaşdırılması üçün tədbirlər
haqqında qəbul etdiyi mühüm tarixi əhəmiyyətə
malik olan sənəddən sonra Nizaminin əsərləri
yenidən fars dilindən Azərbaycan dilinə
dəqiq şəkildə sətri tərcümələr
edilib. Elə bu tərcümələr əsasında
"Xəmsə"yə daxil olan poemaların yenidən nəşri
təmin olunub.
Bu zaman
şairin "Sirlər xəzinəsi", "Yeddi gözəl"
və "İsgəndərnamə" əsələrinin
Azərbaycanın xalq şairi Xəlil Rza poetik tərcüməsini
hazırlayıb. Onun qələmində bu əsərlər
yenidən tərcümə olunub.
Müstəqillik illərində də Nizaminin əsərlərini
kommersiya məqsədi ilə bir çox nəşriyyatlar
çap edib, yayıblar. AMEA-da Nizami Gəncəvinin "Xəmsə"sinə
daxil olan 5 poema 3 ildir ki, yeni Azərbaycançılıq
işığında, müstəqillik əsasında
yazılmış elmi müqəddimələrlə birlikdə
çap olunması istiqamətində iş aparılır. Artıq böyük formatda "Sirlər xəzinəsi",
"Xosrov və Şirin", "Leyli və Məcnun" əsərləri
kitab halında çapdan çıxıb. Bu kitablara akademiyanın tanınmış alimləri
tərəfindən elmi şərhlər və müqəddimələr
yazılıb.
Eyni zamanda Nizami Gəncəvinin əsərləri ilk dəfədir
ki, akademiyanın nəşrində klassik miniatürlərlə
yox, müasir dövrdə yaşamış rəssamların
çəkdiyi yeni miniatürlərlə çap olunub. Miniatürləri
Əlyazmalar İnstitutunun əməkdaşı,
tanınmış rəssam Fəxrəddin Əli çəkib.
Bu il Nizaminin "Yeddi gözəl",
"İsgəndərnamə" poemalarını yeni
müqəddimələr və çoxsaylı yeni
miniatürlərlə çap edib, bu silsilənin başa
çatdıracağıq.
- Bu
gün Nizamişünaslıq üçün əsas
araşdırma mövzuları hansılardı?
- Nizami Gəncəvinin həyat və
yaradıcılığı daha çox sovet dövründə
öyrənilib. Ən böyük tərcümə əsərləri
sovet dövründə üzə çıxıb. Sonradan da tədqiqatlar var.
Hesab edirəm ki, Nizami bütövlükdə,
kökündən, bütün sahələr üzrə yenidən,
müstəqillik işığında
araşdırılmalıdır. Əsaslı şəkildə
araşdırılıb, tədqiq olunub, bu günkü
müasir Azərbaycan, dünya elminin tələblərinə
uyğun sanballı kitablar yazılmalıdır. Amma elə mövzular var ki, onu bizim dövlət
müstəqilliyimiz diqqət mərkəzinə çəkir.
Nizami Gəncəvi yaradıcılığında Azərbaycançılıq,
Nizaminin dövlətçilk idealları və müasir
dövr, Nizaminin humanizm idealları və müasirlik -
bütün bunlar Nizaminin dünyada sülhün, əmin-amanlığın,
ədalətin, insanpərvərliyin bərqərar olmasına
aid bəşəri çağırışlarının
daha dərindən öyrənilib, dünyaya
çatdırılmasına kömək edər.
Aysel Azad
Olaylar.- 2021.- 8-14 yanvar.- S.4.