Müştəri axtaranlar
Felyeton
Əvvəllər bazara girəndə səsdən qulaq tutulurdu. Elə bil qarğa bazarı idi. Çənə döyməkdən yorulmurdular. Satıcı qiymətini deyir, alıcı qiymət salırdı. Ən çox da alıcılar qabağa düşürdülər. Satıcılar da hərif deyildi. Alıcıları gendən tanıyırdılar. Sözləşib bir sırada eyni qiymət qoyur, sonra isə lazım gələndə guya alıcı ilə razılaşıb qiymətdə aşağı düşürdülər. Yəqin ki, məşhur "Alma almaya bənzər" filmini görmüsünüz. Bax bütün Azərbaycan bazarları o filmdəki bazar epizod idi keçən əsrin 60-70-ci illərində. Bazarda bir neçə bərkgedən satıcılar var idi ki, çox qışqırmazdılar. Arada yaxşı müştəri gələndə səsləri gələrdi:
-Gəl ay müştəri!
Qızıldandı dişləri! (Onlar "dişləri" əvəzinə "dişdəri" deyirdilər).
O zaman ağıza qızıl diş qoymaq həm dəb, həm də zənginlik əlaməti idi. Deməli bazara pul xərcləyən gəlib. Bu deyimdən sonra bərkgedən satıcılar dərhal hərəkətə keçir, həmən müştərini özlərinə cəlb etmək üçün mallarını tərifləməyə başlayırdılar.
Belə satıcılardan biri də bizim qonşumuz idi. Hər şeyi də vardı; daşdan tikilmiş ikimərtəbəli evi, "Jiquli 04" ü, qapıda qoyun-quzusu, toyuq-cücəsi, bir sözlə doqquz uşağı böyütmək üçün bütün şəraiti vardı.
Uzun yay gecələrinin birində domino oynaya-oynaya soruşdum ki, qonşu, bazarda dediyin o sözlərin mənasını aç da, nə olar?
Mənə mənalı-mənalı baxaraq gülə-gülə bircə kəlmə dedi:
-Müştəri "tuturam" özümçün. - Gördü ki, heç nə anlamadım əlavə etdi. - İmkanlı adam həmişə bazara gəlmir, çənə vurmur, hansı qiyməti deyirsən, razılaşır. Sonra da xəbər göndərir ki, filan bazarlığı elə, bizim evə çatdır. Bax, müştəri "tutmaq" budur.
İndi o günlərdən 50-60 il keçib, hətta müstəqil də olmuşuq, otuz ildən sonra mənfur ermənini də əksər torpaqlarımızdan "iti qovan" kimi qovmuşuq. Qürurumuz da yüksəlib, amma müştəri "tutmaq" xasiyyətindən əl çəkməmişik.
İndi hamı -"məmə
əməndən, pəpə yeyənə" qədər
müştəri axtarır. Südəmər körpə
anasının döşlərində süd,
pəpə yeyənlər isə müştəri axtarır.
Hər şey alınır, satılır,
Alan kim, aldadan kim? Satan kim, satılan
kim? Özünü cəmiyyətə dürtüşdürən
kim, dürtüşdürülən
kim? Bütün bunlardan bezən kim, bezdirilən
kim?
O gün fikrim "Aladağ"da olanda telefonuma zəng gəldi. Telefonun o biri tərəfində bərkgedən dostumun səsi eşidildi, elə bil nədənsə
sarsılmışdı:
-Neyləyirsən? - Salamsız-kəlamsız
soruşdu. - Yazmırsan,
Mirzə?
Elə mən də salamsız-kəlamsız cavab
verdim:
-Yazmağa o qədər məsələ var ki, heç nə yaza bilmirəm,
itib qalmışam ortada. Bilmirəm COVİD-dən, kəlləçarxa
qalxan dərman qiymətlərindən, yoxsa
müharibə vaxtı
xalq yardımı satan məmurlardan, ya da televiziyada
müharibə vaxtı
az qala unudulan,
indi isə qırışları açılmış
müştəri "tutan"
müğənnilərdən yazım. Hələ mən bu bərkgedən televiziya aparıcılarını demirəm.
O aparıcılardan biri
canlı yayımda deyir ki, valideynlər
də məxluqdur.
Bah, "gül dərib
gülab çəkdi".
Hamı müştəri axtarır,
müştəri tutur.
Bəzi TV aparıcıları var ki, adamı çağırır verilişə,
nə danışırsan
danış, fərqi
yoxdur. Verilişdən çıxanda cibinə
bir şey qoymasan, bir də
o verilişin bağlı
qapılarını da
görməyəcəksən. Bəs nə bilmişdin. Müştərini belə
axtarırlar; "tutar
qatıq, tutmaz ayran"...
Kişinin ürəyi dolu imiş. Sözümü yarımçıq
kəsdi:
-Qardaş, nə qoyub, nə axtarırsan? Bu televiziyalar
cəmiyyətin güzgüsüdür.
Axı mən necə uşaqlarıma narkomanın, cinsi azlığın nümayəndələrinin
verilişinə baxmaqlarına
imkan verim? Onlar müştəri axtarırlar,
ortada gələcək
nəsil korlanır.
Bax COVİD-ə görə
toy "tutmayan"lar,
indi gələcək
nəslimizə toy tuturlar.
Müharibə qurtaran kimi elə bil sözləşiblər
kimi, yenə guya bir-birlərini qırmağa başladılar.
Hələ mən demirəm
bəzi müğənnilər
qazilərlə televiziyaya
çıxıb müştəri
də tuturlar, guya vətənpərvərdilər.
Təki gözdə, üzdə olsunlar. Bilmir harada nə
bişib, deyir mənə də bir çömçə
çək.
Dilim dözmədi, zarafatla dedim:
Eybi yox, müharibədən sonra,
həm də karantindir deyə kasıblayıblar, müştəri
axtarırlar ki, toy tutsunlar.
-Qardaş, - yenə sözümü kəsdi,
- yaxşı bu müğənniləri bildik,
bəs bu siyasətçilərə nə
deyirsən? Bir-birlərini agent adlandırmaqla bunlar da müştəri
axtarırlar? Bəs o Milli
Şuraya nə ad qoyacaqsan?
Yenə
keçdim zarafata:
-Azərbaycanda bir qurum var ki,
ondan başqa hamı müştəri axtarır, müştəri
"tutur". O da bizim Tarif Şurasıdır.
O qiymət tutur. Di get.
Dostum sözünü
yekunlaşdırdı.
-Eybi yox, çox
çəkməz "Dövlət"
baba da belələrinə
bir toy tutar ki, gəl görəsən.
Saqollaşdıq. Düşündüm
ki,
müştəri axtarıb, tapmaq elə bilirsən "dım-dım" halvasıdır?
Buna da fərasət,
xüsusi bacarıq (lazım gəlsə elm də deyərəm) lazımdır. Bax, o gün
bir müğənni deyir ki, mənim
filan mahnıma görə mənə fəxri ad verin. Ağ eləmə də, müştəri axtarırsan,
axtar. Azərbaycanda hər iki nəfərdən biri oxuyur. Ona qalsa, hamıya
fəxri ad verilsin.
Bu ad üçün gərəkdir ki, bir qədər xərcə düşəsən.
Bunu bacarmırsansa,
get, o fəxri adı Şirazdan al. Gərəkdir
Aqil Abbasa fəxri ad hökmən verilsin, çünki
"Dolu" filmi çəkiləndə xalq
nə təhər qızışmışdısa, basıb təmas xəttini keçmişdi.
Müharibəni "Dolu" filmi
başladı. Elçin
Hüseynbəylinin Qarabağ
hekayələrinə görə
Dilqəmlə Şahbaz
sehrbaz kimi işğal olunmuş ərazilərdə göründülər
və bədəl olaraq səkkiz il qapalı
məkanda qaldılar.
Onlar müştəri
axtarmırlar deyə ən ali
adları ala bilmirlər.
Mən də müştəri axtarmıram,
müştəri olmaq
istəmirəm, yoxsa bu qədər tarixi romanlar yazandan sonra, qışqırmağa nə
vardı ki? Qoy bu barədə müştəri "tutan"lar dərd çəksin. Bizimsə dərdimiz başımızın
altındadır.
08.01.21
Yunus Oğuz
Olaylar.- 2021.- 15-21 yanvar.- S.8.