Qobustan-Gəmüstü qırğınları...

1918-ci ilin yazında-yayında...

 

Şamaxı qəzası hay daşnak-rus bolşevik nizamli, silahlı və hakim siyasi-hərbi  qüvvələrinin mərkəzləşdiyi Bakı qəzasına (Bakı şəhərinə) məsafəcə yaxın yerləşdiyindən və Böyük Qafqazın cənub hissəsindəki ərazilərə "Giriş qapısı" olduğundan 1918-ci ilin mart-iyun aylarında soyqırım faciələrinin qanlı səhifələri məhz  bu bölgədə yazılmışdır-"Əngəxaran faciəsi",  "Pirəşirvan soyqırımı", Qobustan-Gəmüstü (Gəmalatı) qırğınları", "Dilman- Suraxanı qətliamları, Alpout-Qəşəd hücumları...

Pirsaatçay və Qozluçay-Cəngi hövzələri əhatəsini tutan Gəmüstü yaylası, Yavanı dağı, Gicəki yüksəkliyi və alçaq təpəlilki, parçalanmış dərələri tutan Qobustan bölgəsi Şirvan mahalının qədim, zəngin maddi-tarixi irsini yaşatdığı kimi Dövlətimizə və Xalqımıza qarşı birləşmiş düşmən qüvvələri tərəfindən son əsrlərdə törədilən amansız qətliamların, qırğınların da şahidi olmuş, neçə-neçə Şəhid Onun  qoynunda İlahi Haqq mərtəbəsinə yüksəlmişdir... 

Son bir əsrin soyqırım faciələri, həmin hadisələrin tarixi gedişatı hələ də Şahidlərin xatirələrində, yaddaşlarında, eləcə də Qobustanın çılpaq qayalarla, quru qobularla, yövşanlı çöllərlə örtülü sinəsində yaşamaqdadır. Bu vuruşlarda el igidlərinin mərdliyi də unudulmayıb, düşmən dəstələrinin xəyanəti, hiyləsi, məkri, rəhmsizliyi də...

1918-ci ilin may ayında Mərəzə kəndində (Azərbaycan Türk-Müsəlman əhalisinə qarşı soyqırım qətliamlarının törədilməsində mərkəzi hərbi-siyasi təşkilat olan Bakı Xalq Komissarlarının rəhbəri S.Şaumyanın səlahiyyətli nümayəndəsi daşnak A.Mikoyanın qərgahlarından biri burada olub) yaşayan rusların keşişi tərəfindən Gəmüstü, Sündü, Cəyirli, Cəmcəmli, Gəmaltı (Dərəkənd), Ərəbqədim, Poladlı... kəndlərinin ağsaqqalları Şamaxı qəzasının hayları ilə  barışıq üçün məşvərətə dəvət edilib. Rus-hay ilişgilərinin hiyləsini başa düşən Poladlı kənd sakini Hacı Rüstəm Hacı İsmayıl oğlu (1860-1943) bu dəvətdən imtina edir, düşmən hiyləsinə özünün ağıllı tədbiri  ilə cavab verir.

Bilir ki, rus-hay quldurları ondan intiqam almaq üçün kəndə hücum edəcəklər. Elə də olur.

Bir neçə gündən sonra düşmənlər Bədəlli kəndi yüksəkliyində (kənddən 4-5 km aralıda) mövqe tutub Poladlı kəndinə girmək istəyəndə, uzaqdan onlara tərəf "tuşlanmış top lülələrini" görürlər, elə biliblər ki, Hacı Rüstəm Azərbaycan Milli Ordusunun Udulu-Qarasu-Muğan cəbhə xəttindən top gətirib, müdafiə olunur, hücum zamanı atəş açacaqdır, ona görə də kəndə girmədən qayıdırlar düşərgələrinə. Geri çəkiləndə Aralıq kəndinin (sonralar Sədəf adlanıb) cənub-qərbindəki "Qalacıq" deyilən mağaradan uşaq səsi eşidirlər və mağaraya girib 22 nəfər dinc kənd sakinini amansızlıqla qətlə yetirirlər.

Hacı Rüstəm isə əslində kəndin cənub-qərbindəki Kolanı yüksəkliyində öküz arabasının qoşqu dirəyini (2-3 m uzunluğunda) yuxarı qaldırıb üstünü keçə ilə örtübmüş.

Poladlı kəndindən Mirzə Məşədi Alı oğlu, İbad Nəzər oğlu Azərbaycan Milli Ordusunun əsgərləri olmuşlar, Mirzə Bakı şəhərinin azad olunmasında, İbad isə Əsgəran qalası uğrunda döyüşlərdə iştirak ediblər, sonuncu 1919-cu ildə Şəhid olub, Qarabağ torpağında dəfn edilib.

Hacı Rüstəmin oğlu isə 5-ci Qafqaz İslam Ordusunun tərkibində döyüşmüşdür.

Cəmcəmli kəndinin ağsaqqalları Hacı Həmid bəy Xanməmməd  bəy oğlu (1854-1921) və Hacı Ədil Sofu Abdulla oğlu (1876-1939) düşmən dəstələrinin hücumundan qorunmaq üçün camaatı "Qılınc qaya"da, "Qalağın altında"kı, Zəngi çayının yatağı boyunca mağaralarda, zağalarda gizlənməyi təşkil ediblər, Gəmaltı (Dərəkənd) kəndinə xəbər göndəriblər, onlar da Qara qayadan keçib "Şəfi qışlağı"nda sığınacaq tapıblar. Buna baxmayaraq quldurlar Cəmcəmli kəndində 5 nəfəri, Gəmaltı kəndində 7 nəfəri, Ərəbqədim kəndində isə 10 nəfər qətlə yetirmiş, evləri qarət etmiş, Cümə məscidlərini yandırmış, heyvanları sürüb aparmışlar. Hay quldurları Cəmcəmli kəndinə daxil olub 1883-cü ildə kəndin yüzbaşısı Qoçəli Zülfüqar oğlu (1830-1914) tərəfindən inşa etdirilmiş məscidi (minarəsi taxtadan idi) yandırdıqdan sonra Hacı Həmid bəyin evində yerləşiblər. İkinci mərtəbənin taxta döşəməsində ocaq çatıb tikilini yandırmaq istəyiblər, quldur dəstəsinin bir neçə üzvü etiraz edib ki, bu evi biz tikmişik, sahibi bizə hörmət edib.... və yağı olsalar da fikirlərindən daşınıblar...

Barışıq məşvərəti hiyləsinə inanaraq gedən Qobustan nahiyəsinin 60 nəfərə yaxın el ağsaqqalını isə rus-hay quldurları "Qarabulaq dərəsi"nin üstündə (Bakı-Şamaxı avtomobil yolunun 91-ci km-də, sağa 1,5 km aralıda), Mərəzə kəndindən qərbə 1,5 km məsafədə qobulu-yarğanlı ətəkdə güllələyərək, orada da torpaqlamışdılar...

Həmin yer sonralar el-camaat arasında "Qanlı qobu" adlanmışdır.

Cəmcəmli kənd sakinlərindən Qədir Şəmil oğlu (1900-1970) 1918-ci ilin iyun ayında 5-ci Qafqaz İslam Ordusunun heyətinin düşərgəsinə, Mərəzə kəndinin "Xırman yeri"nə gəlib könüllü olaraq xidmətə qoşulub, Bakı şəhərinin düşmən qüvvələrindən azad edilənə kimi (1918-ci ilin sentyabr ayının 15-dək) Türk ordusunda xidmət etmişdir.

Qədir Şəmil oğlu Nuru paşa ilə görüşlərini xatırlamaqla yanaşı, həm də deyirdı ki, Türk Ordusunda 40 nəfər dəvə saxlanılması, otarılması ona həvalə olunmuşdu, bir gün necə olursa, dəvənin biri itir. Türk zabiti üzümə bir şillə vurdu, gözümdən od çıxdı..., başqa söz demədilər, çünki, Albay buyurmuşdu:

-Subaya dəymək olmaz...

Qədir babanın bacısı Nurşərəf Şəmil qızı (1897-1982) qardaşının Türk əsgəri geyimində (qotazlı, qırmızı papağı, parıltılı çəkməsi, gümüşü kəməri, əlində təsbeh..) kəndə gəlməyindən qürurlandığını heç vaxt unutmazdı.

Türk əsgərlərinin təlim və döyüşlərdə oxuduqları marşın bir beyti tez-tez xatırlanırdı:

Haydı igidlərim gedəlim,

Şərqi azad edəlim...

Ağ dəvəsindən qalma bürünc zınqırov (1 kq ağırlığında) Cəmcəmli kənd orta məktəbində 1970-ci illərədək zəng çalınmasında istifadə olunub...

Qeyd etdiyimiz kimi, rus-hay silahlı birləşmələrinin bir qəragahı da Hilmilli kəndində (Qozluçayın sağ sahilində, Bakı qəzasının ruslar yaşayan Altıağac kəndinə yaxın) olub. Ordan isə Gəmüstü (Mərəzə) yaylası boyunca yerləşən kəndlərə də (Qurbançı, Sündü, Nabur, Cəyirli, Ərəbşalbaş, Bəklə...) hücumlar edilib.

1918-ci ilin mart soyqırımına hərbi-siyasi hazırlıqlar görən Bakı Xalq Komissarlarının İcraiyyə Komitəsi, Hərbi-İnqilab Komitəsi hücum əməliyyatları üçün əvvəlcədən Bakı, Şamaxı və Quba qəzaları barədə məxfi məlumatları yerli rus və hay icmalarından aldığı kimi, həm də onlardan canlı qüvvə kimi də istifadə etmişdir.

Bu baxımdan həmin ərəfədə Şamaxı-Hilmilli-Ağdərə-Cəngi istiqaməti üzrə (beynəlxalq əhəmiyyətli tarixi karvan yolu) hərəkət edən silahlı dəstələr (onların düşərgələrindən biri də bu yolun üstündə "Xallı tava" deyilən yerdə olub, Cəyirli kəndinin şərqində 3-4 km aralı) yol boyu Türk-Müsəlman kəndlərinə hücum etməkdən çəkinməmişlər, Sündü kəndində 100-ə yaxın dinc sakini qətlə yetirmişlər, Cəyirli və Ağdərə kəndlərində  isə güclü müqavimətlə üzləşərək geri çəkiliblər.

Kənd sakini Mələknisə Heydər qızının (1900-1990) dediyinə görə Cəyirli kənd əhlinin qırğından qurtarmasının tarixi səbəbi var, o vaxt 70-80 evi olan kəndə Mərəzə kəndinin sakini Mixail Lukyanoviç (1842-1937) xəbər göndərib ki, hücum olacaq, kəndi tərk edin. Camaat  kəndin qərbində, 2-3 km aralıdakı "Körpü dərə" deyilən yerdə gizlənib, hücumdan qurtula biliblər.

M.Lukyanoviç haqsız hücumları, amansız qətliamları, faciəvi soyqırım qurbanlarının dəşhətlərini gördükdən sonra dinini-adını dəyişərək Kərbəla ziyarətinə getmiş, Kərbəlayi Məcid kimi vəsiyyət etmişdir ki, onu Cəyirli kənd qəbirstanlığında dəfn etsinlər. Kərbəlayi Məcidin Rusiyada yaşayan nəvələri 1998-ci ildə babalarının qəbrini ziyarət etmiş, onun ruhuna ehsan vermiş və dualar oxunmuşdur.

Qəbrin üstündə kiçik gümbəz inşa edilib.

Ağdərə kənd sakinləri Balababa Atakişi oğlunun (1888-1978), Xalıq Qurban oğlu Nağıyevin (1870-1978) yaddaşlarında daha amansız qətllər barədə məlumatlar olub:

-Şamaxı qəzasından əsir götürülən qadınları hay quldurları Qozluçayın yuxarı hissələrinə (Qızmeydan kəndindən şərqə 4-5 km aralı "Taxta yaylağı" deyilən yerə) apararaq mənən təhqir etdikdən sonra ağır işkəncələr verib, döşlərini və başlarını kəsmişlər...

1918-1920-ci illərdə Qobustan nahiyəsində 15-dən çox kənddə (Ərəbqədim, Gəmüstü, Dərəkənd, Cəmcəmli, Qaracüzlü (Çayqovuşan), Nabur, Sündü, Cəyirli...) 500 nəfərə yaxın dinc sakini qətlə yetirən rus-hay birləşmiş silahlı dəstələrinin üzvləri sonrakı mərhələdə həmin illərdə onlara qarşı döyüşən müdafiə qüvvələrinin yerləşdiyi kəndlərdə intiqamlarını almaq üçün fürsəti heç vaxt əldən buraxmayıblar. Qaracüzlü kənd sakinləri Nəbi Niyaz oğlu (1909-1992), Tərlan Balabəy oğlu (1925-2015) yada salırdılar ki, 1936-cı ildə kənddə 20 alça ağacının qurumasına görə Şamaxı rayon İstintaq idarəsinin hay mənşəli müstəntiqi sakinlərin əmlakının müsadirə edilməsi, özlərinin isə Sibirə sürgün edilməsi barədə hökm verdi. Kənd sakinlərindən bu ağır hökmə etiraz edənlərə onun cavabı (4 barmağı üzülmüş sol əlini uzadaraq):

-Bu əlimi sizinkilər şikəst edib 1918-ci ildə...

R.S. 1960-cı illərin ortalarında əksəriyyəti ruslardan ibarət olan Mərəzə qəsəbəsində baş verən bir hadisə 1918-1920-ci illərin Qobustan qətliamlarını yadda saxlamaq üçün ibrət dərsidir. Belə ki, məhəllələrin birində rus uşağının döyüldüyünü görən rus uşağının atası hücum çəkir Azərbaycanlı anaların üstünə və əlini silkələyə-silkələyə coşur:

- Ey tatarlar, tatarlar, kaş ki, olaydı 1918-1920-ci illər, onda biz sizə göstərərdik ki, rus uşağını vurmaq nə deməkdir...

(Qobustan-Şirvan mahalında Azərbaycan türklərinə  ruslar "Tatarlar" deyib həmişə-Q.Y.)

(Yazının hazırlanmasında həm də Qobustan rayonunun Poladlı kənd sakini Nurəddin Səməndər oğlu Bəndəliyevin (1936), Cəyirli kənd sakini Mürsəl Balababa oğlu Kərimovun (1944), Cəmcəmli kənd sakini Balaseyid Zaman oğlunun (1951) və Qaracüzlü kənd sakini Kamal Nəbi oğlu Kamilovun (1968) məlumatlarından da istifadə edilmişdir).

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2022.- 1-7 aprel.- S.17.