Ədəbiyyatın dərin dünyası
"Kitab oxumayan, ədəbiyyata yaxın durmayan insanlıq kobud və ibtidai dilləri ucbatından dəhşətli ünsiyyət
problemləri olan sağır-dilsizlər topasına,
söz yaratma qabiliyyətindən tamamilə
məhrum cəmiyyətə
çevrilir. Eyni şey
fərdlər üçün
də keçərlidir.
Qəti oxumayan, az oxuyan, ya da
ancaq bayağı şeylər oxuyan insan şikəstdir: çox danışsa da, az şey
deyir, çünki söz dağarcığı
özünü ifadə
etməyə yetərli
deyil".
Mario Varqas Lyosa
Sürətlə dəyişən dünya
sisteminin fonunda ədəbiyyatın işığı
öləziyir. Yeni nəsil üçün
kitab oxuma mədəniyyəti formalaşmır,
inkişaf etmir. Əvəzinə "yutuber"lik, "tik-toker"lik, "vayn"erlik
kimi tendensiyalar gündəmdə qalır.
Bu dırnaq arası
peşələrin insanlığq
nə dərəcədə
uğurlu olacağı
isə böyük sual daşıyır.
Kitab sərgilərində,
təqdimatlarda oxuculardan
kitaba nə qədər zaman ayırdıqlarını soruşmuşdum. Əksəriyyəti
eyni cavabı vermişdi: Vaxtım olduqca. Bu cavab
odur ki, kitabı göstəriş
üçün alıram.
Qoy, kənardan cəmiyyət desin ki, bərəkallah kitab oxuyan, ziyalı
şəxsdir. Biz hələ də kitabı göstəriş
üçün alırıq.
Hələ də kitabla
münasibətimiz alınmır.
Sadəcə ona toxunur, üz qabığına baxır, səhifələrini
vərəqləyib bir
yerə qoyuruq. O
isə bizdən küsür və tozlanır rəflərdə.
Kitab, bəzən
insanın özünün
özünə etirafıdır. İçində topladığı, hamıdan,
hətta özündən
belə gizlətdiyi sirləri faş etməyə qadirdir kitab. Özü ilə barşıq
olmayan insan, güzgüyə baxanda belə başını sağa-sola çevirərək
özündən qaçmaq
istəyir. Həqiqətləri ilə üzləşməyə
ürkür, cəsarəti
çatmır. Kitab o həqiqətləri
insanın içində
əzizləyir, yumşaldır
sonra ehmalca bizə göstərir.
İncitmədən, dərd etmədən.
Bəzən insan özü
ilə barışa da bilir.
Ədəbiyyat, əsərlər, hekayələr,
romanlar, şeirlər,
pyeslər, personajlar, kiçik qəhrəmanlar
- bütün bunlar bizə insanı, həyatı sevmək sənətini aşılayır.
İnsanoğlu doğulduğu mühitin nizamına, ehtiyaclarına,
stereotiplərinə və
qanunlarına uyğun
bir həyat sürmək üçün
uzun illər sərf edir. Onun üçün
kəsilmiş bu naxışlı həyat
bəzən heç də yaşamaq istədiyi həyat olmur. Mövcudluğunu
hiss etmədiyi bu həyatın xoşagəlməzliyi
ilə yanaşı, əslində tənhalaşmağa
və çox şey axtarmağa başlayır. Bu axtarışın bir nöqtəsində insan
"yaşadığın dünya sənin üçün deyilsə"
anlayışı ilə
paralel olaraq yeni bir dünya
qurma prosesinə qoşulmağa çalışır
və ədəbiyyatın
qapısını aralamağa
cəhdlər edir.
Bu kontekstdə ədəbiyyat
təkcə estetik ehtiyacları ödəyən
bir məfhum deyil; Bu, qaçış,
axtarış və möhlət formasıdır. İnsan
ədəbiyyat vasitəsilə
ən böyük aşiq, ən zəngin insan, müdrik ola
bilər; O, həm də ən qəddar menecer, hətta ən qəddar seriyalı qatil və ağlını
itirmiş bir dəli də ola bilər. Axtarışda olan insanlara
fərqli aləmlərdə,
rollarda bu cür müxtəliflik təqdim edən güc ədəbiyyatın
gücüdür.
Ədəbiyyat insanların xəyal etdikləri dünyaları,
nail olmaq istədikləri
rolları və məqsədləri reallaşdırmaq
üçün istifadə
edə biləcəyi
yeganə yoldur.
Ədəbiyyatın dərin dünyası məni də ədəbiyyata bağlayan
ən önəmli xüsusdur. Həyatımı yaşamaq üçün
mənə biçilən
rolları oynamaq üçün məcburiyyətində
və ehtiyac içində yaşadığım
dünyadan qaçışı
ədəbiyyatın mistik,
sirli qapıları ilə aşa bilirəm. Ədəbiyyat
sayəsində, "bir
kafedə çinar ağacının kölgəsində
oturub, yetmiş yaşlarında, üzərində
qalın jaket və başında papağı uzaqlara baxan ağ saqqalı
bir baba" ola bilərəm.
Yaxu da zibil qutularında
artıq yemək axtaran evsiz bir
adama çevrilə bilərəm. Onun beyninə girib əzablarını, xatirələrini
öyrənə, keçimişinə
səyahət edib yaşadıqlarına şahid
ola bilərəm.
Bəlkə bu sizə xeyli valeh edici,
sehrili gələ bilər, amma empatiya, fərqində olmaq tamamilə unikal hislərdir.
Oğuz Ayvaz
Olaylar.- 2022.- 8-14 aprel.- S.21.