Din və vicdan azadlığı,

tolerantlığın qorunduğu məkan

 

Azərbaycan günümüzdə bir çox müsbət keyfiyyətləri, fərqlilikləri ilə dünyada  seçilir, nümunəvi ölkə kimi göstərilir. Bu fərqliliklər içərisində daha çox diqqət çəkən və beynəlxalq səviyyədə təqdir olunan tendensiya ölkədəki dini durum, Azərbaycan dövlətinin və xalqının dini cəhətdən tolerant olmasıdır. Əslində tarixən Azərbaycan öz dini tolerantlığı, qeyri-islam dininə, həmin dinlərdən olan insanlara, vətəndaşlarına hörmətlə yanaşması ilə seçilib.

Müstəqillik illərindən sonra qeyd etdiyimiz istiqamətdə daha çox müsbət yanaşma, tendensiya müşahidə edilməyə başlanılıb. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda hər bir sahə kimi, dini sahəyə də diqqət-qayğı artmış, ölkə ərazisində olan dini məkanlar, məscid və digər ibadət yerlərinin təmir edilməsi, yenidənqurulması prosesi sürətlənmişdir. Paralel olaraq Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-islam dininə xas ibadət məkanlarına dövlət tərəfindən diqqət və qayğının göstərilməsi prosesinə məhz Heydər Əliyevin zamanından start verilmişdi. Ümummilli liderin din xadimləri ilə müntəzəm olaraq keçirdiyi görüşlər, Ramazan aylarında təşkil etdiyi iftar süfrələrinə Azərbaycanda fəaliyyət göstərən qeyri-islam dininə məxsus din rəhbərlərinin dəvət edilməsi dövlətimizin nə dərəcədə dini dözümlü, tolerant olduğunu, din, vicdan azadlığının ölkəmizdə ən yüksək səviyyədə qorunduğunu sübuta yetirirdi. Elə vaxtilə Roma Papası ikinci  İohan Pavelin Azərbaycana səfər etməsi də, məhz ölkəmizin dini və vicdan azadlığını ən yüksək səviyyədə təmin etməsinə verilən qiymət sayıla bilərdi. Etiraf etmək lazımdır ki, istər Vatikan rəhbərləri, istərsə də dünyanın digər nüfuzlu din xadimləri bir qayda olaraq dini və vicdan azadlıqlarının ən yüksək səviyyədə təmin olunduğu ölkələrə səfər edirlər. Dini baxımdan tolerantlığın olmadığı, ərazisində yaşayan digər dinlərin nümayəndələrinə hörmətlə yanaşılmadığı dövlətlərə bir qayda olaraq bu kimi səfərlər edilmir. Bu baxımdan Azərbaycanın müstəsna əhəmiyyətə malik, yerləşdiyi coğrafiyada dini durum baxımdan seçilən bir ölkə olduğunu əminliklə söyləyə bilərik.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət onun siyasi varisi  Prezident İlham Əliyevin zamanında da uğurla davam etdirilir.

İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 19 il ərzində bu sahədə atılan addımlar, görülən işlərin bir qismini sadalamaq kifayət edər ki, dini və vicdan azadlığı, dini dözümlülüyün ölkəmizdə hansı səviyyədə olduğu aydın şəkildə özünü göstərsin. Sadəcə bir neçə faktı sadalamaq kifayətdir. Bakıda Katolik kilsəsinin açılması, əyalətlərdə qeyri-islam dininə məxsus olan ibadət yerlərinin Azərbaycan dövləti hesabına təmir olunması, erməni işğalından azad edilmiş şəhər və rayonlarımızda mövcud olan xristian  və alban abidələrinin də məscidlərlə paralel şəkildə təmir olunması və s. Azərbaycanda dini tolerantlığın və dözümlülüyün ən bariz nümunəsi isə Bakıda erməni kilsəsinin zamanında təmir edilməsi və onun mühafizə olunmasıdır. Baxmayaraq ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindəki məscidləri özlərinin donuz fermasına çevirmiş və dini ibadət məkanlarımızı vəhşicəsinə daşıtmışlar,   buna baxmayaraq  Azərbaycan düşmən olmasına baxmayaraq Bakıdakı erməni kilsəsini nəinki dağıtmış, əksinə onu təmir etmişdi. Təkcə bu faktın özü Azərbaycanın dini dəyərlərə, dini inanclar, İslam dini ilə yanaşı, qeyri-İslam dinindən olan məkanlara da hörmətlə yanaşdığını, sayğı göstərdiyini sübuta yetirir. Bu isə öz növbəsində tolerantlığın, dini dözümlülüyün əyani sübutudur.

İlham Əliyev də ümummilli liderin siyasətinə sadiq qalaraq Azərbaycanda yaşayan qeyri-islam dininin nümayəndələrini, rəhbərlərini onların müqəddəs bayramları münasibətilə davamlı olaraq təbrik edir, Ramazan ayı ərəfəsində təşkil etdiyi oftar süfrələrində ölkədəki bütün dini konfessiyaların rəhbərləri iştirak edir.  Bu günlərdə ölkəmizdə yaşayan xristian dini icması liderlinin Hadruta səfərinin təşkil edilməsi də bu siyasətin məntiqi davamıdır. Məlumat üçün qeyd edək ki, ölkənin xristian dini icmaları nümayəndələri Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə gəliblər. Səfər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən qarşıdan gələn Pasxa bayramı münasibətilə təşkil olunub. Xristian icmaların nümayəndələri Hadrutda bir sıra dini məbədləri ziyarət ediblər. Elə bu səfərin özü də ölkəmizdə din və vicdan azadlığının ən yüksək səviyyədə təmin edilməsinin göstəricisidir.

Onu da etiraf etmək lazımdır ki, Azərbaycan bu yüksək nailiyyətə heç də asanlıqla nail olmayıb. Zaman-zaman, illərlə həyata keçirilən dini maarifləndirmə sonucda Azərbaycan insanını fanatizmdən, heç bir dini mənası, məzmunu olmayan addımlardan çəkindirə bilib, onu müasir dünyanın insanı kimi düşünməyə, addımlar atmağa istiqamətləndirib. Əgər müstəqilliyin ilk illərində insanlarımız  daha çox fanatizmə, dinin əslinə heç bir bağlılığı olmayan hərəkətlərə üstünlük verirdilərsə, ölkədə hər bir sahədə olduğu kimi, dini sahədə də həyata keçirilən uğurlu dövlət siyasəti bu istiqamətdə mövcud olan mənfi vəziyyəti tədricən müsbətə doğru dəyişə bildi. Bu mənada Azərbaycanda fəaliyyət göstərən İlahiyyat İnstitutu prosesdə əsas lokomotiv rolunu oynayır desək yanılmarıq. Məhz bu institutun artıq məzun kimi yetişdirdiyi gənclərimizdir ki, Azərbaycan cəmiyyətini dini mövzularda kifayət qədər məlumatlandırır, onu xarici dini təsirlərdən uzaq tutur. 4 il əvvəl  Prezident İlham Əliyevin imzaladığı müvafiq sənəd əsasında fəaliyyətə başlayan instituta bu gün də dövlət qayğısı var və bu qayğı nəticəsində ali təhsil ocağı daha da inkişaf edir, yeni-yeni nailiyyətlərə imza atır. Bir neçə gün əvvəl dövlət başçısının iştirakı ilə institutun yeni binasının açılış mərasiminin keçirilməsi də məhz bu diqqət və qayğısının əyani sübutu idi.

 

Məhəmməd

 

Olaylar.- 2022.- 15-21 aprel.- S.13.