Nizami Gəncəvinin “İsgəndərnamə” və Aligyeri

Dantenin “İlahi komediya” əsərlərində su arxetipi

 

Tarix boyu arxetipik motivlərdən   bədii  ədəbiyyatda geniş istifadə olunmuşdur. Arxetiplər mahiyyətcə ümumbəşəri olsa da fərqli milli ədəbiyyatlarda əksolunma tendensiyaları, işlənmə tezlikləri və modifikasiyaları ilə fərqlənirlər. Bu baxımdan eyni bir arxetipin fərqli mədəniyyətlərdə və ədəbiyyatlarda interpretasiyası maraqlı məqamlarla müşayiət olunur.

 

Dünya ədəbi irsində xüsusi işlənmə tezliyinə görə fərqlənən  və fərqli interpretasiyalara malik arxetiplərdən biri də su arxetipidir. Mövcudiyyətin əsasını təşkil edən dörd ünsürdən biri olan su ümumdünya mifologiyasında geniş yayılmış mifik elementlərdən biridir. Bir çox xalqların mifologiyasında su həyatın ilkin mənbəyi, səbəbi, xaosun ekvivalenti kimi təsvir olunur. Bir çox hallarda su yaradanın-tanrının yardımçısı, yaradılış üçün material rolunu oynayır. Andrew Lang "Myth, Ritual and Religion" adlı  tədqiqatında yazır: "Yerin bir qayda olaraq mifik şəkildə ilkin maddədən - ya sularda üzən bir yumurtadan, və ya suyun altından götürülmüş palçıqdan əmələ gəldiyi göstərilir."

Azərbaycan şairi Nizami Gəncəvi də dünyanın dörd ünsür üzərində qurulduğunu qeyd etmişdir:

Dörd ünsür yaratdı o pərvərdigar

Hərə öz yerində oldu bərqərar.

Qatdı bir-birinə onları həyat,

Yaratdı bunlardan bitki, nəbatat.

Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində su: ümumtürk mifologiyası ilə bağlı məqamlar. Nizami Gəncəvinin əsərlərində  su arxetipi geniş işlənmişdir. Nizami yaradıcılığında geniş əks olunan su arxetipi azərbaycan xalqının   inancları, qədim ritualları, folkoru və ədəbi mətnləri ilə əlaqədardır. Azərbaycan xalq inanclarında da su mühüm yer tutur. İnanclarımızda suya salam vermək, ona xüsusi varlıq kimi hörmətlə yanaşmaq tövsiyə edilir, bu tövsiyəyə əməl olunmazsa baş verə biləcək təhlükə xətərlər barədə xəbərdarlıq edilir. Atalar sözləri və məsəllərdə də suyun əhəmiyyətindən, güc, saflıq simvolu olmasında bəhs edilir:

Kitabi-Dədə Qorqud" dastanında da su ilə əlaqədar bir çox deyimlərə, atalar sözlərinə rast gəlinir. "Kitabi-Dədə Qorqud" dastanının görkəmli tədqiqatçılarından biri olan K.Abdullayev "Gizli Dədə Qorqud" əsərində  Qazan xanın suya müraciətinin səbəbsiz və təsadüfi olmadığını bildirərək yazır: "Dünya mifoloji sistemlərində su, çay, dəniz gizli və müqəddəs mahiyyətə malikdir. Müqəddəslər, qəhrəmanlar, padşahlar çox zaman sudan keçib niyyətlərinə çatırlar. Qədim yəhudi, yunan, Misir əfsanələrində suyun bütün yaranışın əsası olması barədə kifayət qədər yazılıb. Dastanda da su müqəddəs və gizli bir məna daşıyır, belə ki, su xaosdan ayrılmağın ilkin əlaməti kimi simvollaşa bilir. Su ilk növbədə axmaq prosesi ilə, dəyişkənliklə, bir haldan digər hala keçmə ilə bağlıdır və bu mənada eyni zamanda xaosdan - yəni dəyişməzlikdən aralanmaya işarə edir. Xaosdan aralanma da ilk növbədə təbiətdən aralanma prosesi kimi, mədəni hadisə kimi qəbul edilə bilər."

Azərbaycan xalçalarında da su obrazlı motivlər üstünlük təşkil edir. Belə ki ən gözəl nümunələri Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və Qarabağ bölgələrində toxunan xovsuz xalçalarda - zili və vərnilərdə iri S hərfinə bənzər naxışlara təsadüf edilir. Bu naxışlar stilizə olunmuş əjdaha təsvirləridir. Əjdaha isə bildiyimiz kimi, qədim türk mifologiyasında suyu təmsil edir. Məhsəti İsmayıl bu barədə yazır: "Əjdaha və su həm nağıllarda, həm də əfsanələrdə åyni mîtiv üzərində vårilir. Dåmək, əjdaha su stixiyasının bilavasitə təmsilçisidir."

Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində su: islam dini ilə bağlı məqamlar. Bununla yanaşı su arxetipindən müraciət edərkən Nizami ilk növbədə dini motivi əsas götürür. Bildiyimiz kimi,  "Qurani - Kərim" də Mülk Surəsi-nin 30, Vaqiə Surəsinin 68-70, Nur surəsinin 45, Yasin Surəsinin 77, Tövbə surəsinin 72-ci ayələrində suyun Allah tərəfindən insan bəxş edilmiş nemət olmasından, bütün canlıların sudan yaradılmasından bəhs edilir. "Qurani - Kərim"də mömin bəndələrə bəxş ediləcək cənnətdəki gözəl çaylardan bəhs edilir.

Dünyanın sudan yaranması fikrini qəbul edən Nizami Gəncəvi yazırdı:

"Sudan bu kainat yarana bilməz"

Deyə inkar etmək istərsə hər kəs,

Nütfəni bir anlıq qoy salsın yada,

Sözümə sübutdur, dəlildir o da!

"Nütfəni bir anlıq qoy salsın yada" misrasında Nizami Gəncəvi Quranda insanın yaranması haqqında deyilmiş kəlama istinad edir.

Dantenin "İlahi komediya" əsərində də su arxetipi və yunan mifologiyası. Dantenin "İlahi komediya" əsərində də su arxetipi geniş işlənmişdir. İlahi komediyanın "Cəhənnəm" hissəsində  yunan mifologiyasından tanıdığımız Axeron çayı və Xaron obrazı  ilə qarşılaşırıq.

Çayı keçib gedirlər tələsərək birtəhər,

Allah hökmü onları o qədər sıxır fəqət,

Çevrilir bircə anda çağrışa qorxu, kədər.

Özəl missiyası olan Dante ölmədiyi üçün  Xaronun qayığına minmədən çayı keçə bilir. Cəhənnəmə səyahət zamanı Dante bir sıra çaylarla rastlaşır. Cəhənnəmdəki çaylar günahkarların axıtdığı göz yaşlarından yaranır, sellə axan qanlı çay günahkarları qaynadır:

Lakin  indi ora bax, axan sel  qızıl qandı,

Tökülərək yamacdan yandırır o kəsləri

Ki, daim zor işlədib onlar unutdu andı.

"İlahi komediya"da cənnətin girişində təsvir olunan iki çaya  Homerin "Odisseya" əsərində də rast gəlirik:

"Orda Kotsit Pirifleqeton çayı ilə Axeronta

Axıb gedir; Axerontsa bir qoludur Stiks çayın.

Bu iki çay bir qayanın lap yanında birləşirlər.

Sözlərimi yaxşı eşit: həmin yerə çatan kimi

Bir çala qaz, - düz bir dirsək olsun eni və uzunu.

Ölənlərin ehsanına orda içki carla yerə:

Birisi bal, biri baldan şirin şərab, biri də su;

Əvvəlcədən hər üçünə arpa unu qatarsan sən.

Ölənlərə sonra rəhmət oxuyaraq vəd elə ki,

İtakaya çatan kimi balaverməz inək kəsib

Yandıracaq və tonqala çox nəzirlər atacaqsan.

Sürüdəki ən qiymətli, qara rəngli bir qoyunu

Tiresinin şərəfinə dərhal qurban kəsəcəksən.

Ölənlərin pak nəslinə xeyir-dua verdinmi sən,

Qara qoçla qoyunun kəs başlarını o çalada.

Erebə tut yönlərini kəsəndə o heyvanları,

Özün isə Okeana tərəf çevir üzünü sən.

Onda baxıb görəcəksən ruhlar gəlir axın-axın."

"İlahi Komediya"da bəhs edilən  iki çay cənnətin girişində yerləşir.  "Odisseya"da  bəhs edilən iki çay isə biri dünyaya - Aidin hökmran olduğu ölülər aləminə açılan qapının yerləşdiyi yerdə birləşir. "Odisseya"da, ümumən yunan mifologiyasına uyğun olaraq  cənnət  və cəhənnəm anlayışı yoxdur. Yunan mifologiyasında  insanların yaşadığı dünya, allahların məkanı Olimp və Aidin ölülər  səltənəti var. Ümumən diqqət yetirdikdə aydın olur ki, mifologiyada çay bir çox hallarda iki dünya arasında sərhəd funksiyasını yerinə yetririr. M.Y.Kravtsova da çay obrazından bəhs edərkən onun ömür, ölümlə bağlı olduğunu  yazır: "Fikrimizcə su ilə əlaqədar anlayışlardan ən maraqlısı çaydır. Çay həm məhsuldarlığın, həm də keçilməz sərhəddin simvoludur. Və nəhayət, çay insan həyatının sürətlə tükənməsini simvolizə edir: bütün çaylar labüd olaraq dənizə töküldüyü kimi, insanın həyatı da mütləq sona çatacaq."

Dantenin "İlahi komediya" əsərində su: xristian dini ilə bağlı məqamlar:

Dante cəhənnəmə və ərafa səfərində ona yoldaşlıq edən Vergili ilə Cənnətin qapısına gəlir. Bu zaman onun Cənnətə girməsi üçün təmizlənməsi gərəkir. Dante yalnız Ərafla Cənnətin arasında axan iki çayda - Evnoy və Leta çaylarında yuyunub təmizləndikdən sonra cənnətə girmək hüququ qazanır :

Mən qayıtdım geriyə, o müqəddəs ləpələr

Aşılayıb ruhuma canlı həyat axarı

Yaşıl bitkilər kimi mən olmuşdum təzə-tər,

Pak və ləyaqət ilə görməkçün ulduzları.

Vergili  Danteyə Cənnətdə yoldaşlıq edə bilmir. Bir sıra tədqiqatçıların fikrincə, Vergilinin cənnətə daxil ola bilməməsinə səbəb onun xristian olmaması ilə bağlıdır. Bu səbəbdən Ñənnətə yolçuluqda Danteyə yol yoldaşı olacaq olan  Beatris gəldikdə Vergili yoxa çıxır.

Nizami Gəncəvi  yaradıcılığında su arxetipinin kökü türk mifologiyası ilə bağlıdır. Aligyeri Dante yaradıcılığında isə bu arxetipin yunan mifologiyası ilə bağlı olduğu diqqəti cəlb edir. Hər iki mütəfəkkirin əsərlərində su arxetipin əksi mifoloji motivlərlə yanaşı dini mənsubiyyətlə də bağlıdır. Bu səbəbdən Nizami Gəncəvi yaradıcılığında bu arxetip islam fəlsəfəsi, Aligeri Dantenin yaradıcılığında isə xristian fəlsəfəsi ilə çulğaşır.

 

Qaragözova Elnarə

Aparıcı elmi işçi, fil.f.d.

AMEA, Nizami Gəncəvi

adına Ədəbiyyat İnstitutu

 

Olaylar.- 2022.- 15-21 aprel.- S.19.