«Biz vətən üçün
doğulduq»
Yevlax şəhidlərinə həsr olunmuş kitabın təqdimatı
Aprelin 8-də yevlaxlı şəhid
ailələrinin və şəhər ictimaiyyəti nümayəndələrinin
iştirakı ilə Əməkdar jurnalist, "Kür"
qəzetinin baş redaktoru Əminə Yusifqızının
44 günlük Vətən müharibəsində qəhrəmancasına
şəhid olmuş 65 yevlaxlı igidin keçdiyi
ömür və döyüş yoluna həsr etdiyi
kitabın təqdimat mərasimi keçirildi. Yevlax Şəhər
İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunan
ikinci kitab "Biz Vətən üçün
doğulduq" adlanır və yüksək səviyyədə
təşkil olunan tədbiri Şəhər İcra Hakimiyyəti
həyata keçirirdi. Dövlət himnimizin səsləndirilməsi
ilə başlayan tədbirdə iştirakçılar vətənimizin
azadlığı uğrunda canından keçən şəhidlərimizi
bir dəqiqəlik sükutla yad etdilər.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev şəhid ailələrini, qaziləri, müharibə veteranlarını və rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dahi sərkərdəliyi ilə şanlı qələbə qazandığımız 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşən yüzlərlə yevlaxlı igiddən danışdı: "İlk gündən döyüşlərə atılan yüzlərlə yevlaxlı oğullarımızdan 65 nəfəri qəhrəmancasına şəhid olub, onlarla yaralı qazilərimiz və veteranlarımız var. Bu gün keçirilən kitab təqdimatı həmin qəhrəman şəhidlərimizə həsr olunub. Böyük əmək və zəhmət hesabına başa gələn bu kitabın hər səhifəsini vərəqlədikcə o gəncin yaşadığı qısa ömür yolu və qəhrəman döyüş yolu böyük bir məktəb kimi göz önündə canlanır. Bu qiymətli abidə gələcək nəsillərimizə dərslik kitabıdır, tariximizin şərəfli səhifəsidir, örnəkdir. Oxuduqca üzülsək də, iftixar, qürur hissi keçiririk. Yurdumuzun işğaldan azad edilməsində onların müəllif kimi imzası var. Onlar elə böyük qəhrəmanlıqlara imza atıblar ki, xalqımız əsrlər boyu bu igidlərin adını yaddaşlarda saxlayacaq, daim nümunə götürəcəklər. Yevlaxın və yevlaxlıların qürur mənbəyi olacaq "Biz Vətən üçün doğulduq" kitabını oxuduqca aydın olur ki, müəllif hər şəhidə ana kimi yanaşıb, ağır zəhmət və göz yaşları ilə ərsəyə gələn bu kitabla Əminə xanım rayonumuzun tarixinin ən qürurlu tarixini yazıb".
Milli Məclisin deputatı İlham Məmmədov Əminə Yusifqızının "Biz vətən üçün doğulduq" kitabını şəhidlərimizə həsr olunmuş ən qiymətli kitab -abidə adlandırdı. Bildirdi ki, bu cür yüksək keyfiyyətli nəşrlər, həm Yevlax Şəhər İcra Hakimiyyətinin nəşri olan "Zəfər fədailəri", həm də "Biz vətən üçün doğulduq" kitabları hər bir məktəblinin stolüstü kitabı olmalıdır. Bir gəncin sağlam, yüksək əxlaqi keyfiyyətli yetişməsi üçün bu kitabda hər şey var. Çağdaş dövrümüzün müharibə səlnaməsini özündə əks etdirməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliğində xüsusi rol oynayır. Bu kitabda bir cümlə belə şablon cümlə yoxdur, hər yazıya fərdi yanaşılmış, can yanğısı ilə yazılmışdır. Əminə Yusifqızının "Biz vətən üçün doğulduq" kitabını hər şəhidin ana laylası adlandırmaq olar. Eyni zamanda bu kitab öyrədəndir.
Şəhid kapitan Kamran İsmayılovun ansı Şərafət Mehdiyeva Vətən müharibəsində qazanılan qələbənin xalqımız üçün əhəmiyyətindən, gənc nəslin vətənpərvər ruhda böyüməsində bu kitabın əhəmiyyətindən danışıb müəllifə və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıq etdi.
Sonra kitabın müəllifi, Əməkdar jurnalist Əminə Yusifqızı çıxış etdi: -Bu da son deyib "Biz vətən üçün doğulduq" adlı kitabıma nöqtə qoyarkən çox şey haqqında fikirləşdim. Öncə tariximizin 2020-ci ilin 27 sentyabrında başladığımız 44 günlük azadlıq savaşı haqqında düşündüm. Çünki o tarix dirilişimizin və oyanışımızın başlanğıcı idi. Mən də qələmimlə, varlığımla bu mücadiləyə qoşuldum. Yevlaxa ilk şəhidimiz gələn gündən mən də şəhid anası oldum, hər şəhidin anası. Qələmə sarılıb şəhidlərimizin şərəfli həyat və döyüş yolunu yeni tariximizin səhifəsinə yazmaq üçün yola çıxdım.
Yadımdadır 2015-ci ildə Çanaqqala zəfərinin 100-illik yubileyi münasibəti ilə Türkiyədə keçirilən bayram tədbirlərinə mən də dəvət olunmuşdum. O möhtəşəm günlərdə yaddaşımda ən çox qalan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüm və hər kəsin dilindən eşitdiyim "Çanaqqala keçilməz" ifadəsi oldu. Çanaqqala keçilsəydi bu gün Türkiyə olmayacaqdı. Fikirləşirdim, kaş biz də bir gün Qarabağ keçilməz, Qarabağ Azərbaycandır deyib hayqıraydıq. Zəfər günümüzü qeyd edərdik.
Zəfər isə fədakarlıq istər, dözüm istər, sinəsini yurduna sipər edə bilən rəşadətli oğul istər. İlham Əliyev kimi ağlı, düşüncəsi ilə döyüşən bacarıqlı Müzəffər Sərkərdə, Ali Baş Komandan istər. Şuşaya sıldırım qayalarla qalxa bilən fatehlər istər. Arxalı köpəklərə meydan oxuyan qurd ürəklər istər. Bir də dəmir yumruq istər. Bu arzularımın hamısı gerçəkləşdi. Dünyanı heyrtə salmağı bacardıq. 44 gün içində kimliyimiz, nəyə qadir olduğumuz aləmə bülənd oldu. O günlər cənab Prezidentimizin "Qarabağ Azərbaycandır!" ifadəsi Ordumuzu hər gün zəfərə aparan şüara çevrildi. Bu misilsiz zəfərdə payı olan 65 yevlaxlı şəhidin evlərini birər-birər, dəfə-dəfə gəzdim. Günlərlə o igidlərimizin müqəddəs ruhu ilə söhbət edir, döyüş yoldaşlarını tapıb onların şəhidimiz haqqında xatirələrini dinləyir və hər biri haqqında yazarkən sanki özləri ilə danışırdım. Onların həyat və döyüş tarixini səhifələdikcə acı göz yaşı tökdüm. Bəzən ürəyi qan ağlayan, gözünün yaşını ürəklərinə axıdan qara donlu şəhid analarından, qara yaylıqlı gəlinlərindən, beli bükülsə də dik durmağa çalışan şəhid atalarından zəyifliyimə, acizliyimə, kövrəkliyimə görə utandım, gücsüzlüyümü hiss etdim. Hələ də unuda bilmirəm. Bu ailələrdə hər gözdən mənə yanan bir ürək baxırdı. Bəzən şəhid ailələrində olarkən danışmırdıq, susurduq. Ancaq bu lal baxışlarla bir-birimizə çox şey söyləyirdik.
Mən hər şəhid anasıyla, hər şəhid atasıyla, qardaş-bacısıyla görüşəndə şanlı Zəfərimizin onlarda yaratdığı əhval ruhiyyəni, bəxş etdiyi ovqatı da görürdüm. Bax, bu gün bu zalda əyləşənlərin hər biri, şəhid ailələri "Şəhid qanının düşdüyü yer Vətəndir" deməyi bacardılar. Hər biri şəhidini qarşılayanda "Vətən sağ olsun" deməyi bacardılar. Hər biri ağrılardan qıvrılsa da, oğulsuzluqdan nəfəsi tıncıxsa da, "Oğul şəhid olmaq üçün doğulub" deməyi bacardılar. Sizlərdə, bu şəhid ailələrində, nə böyük mətinlik, nə böyük vüqar, nə böyük dözüm varmış. Bax, həmişə belə dik, məğrur dayanın. Övladlarınız sızlamağı heç birimizə bağışlamaz. Şəhidlər xiyabanını ziyarət edərkən göz yaşı axıtsanız da iftixarla "mənim burada oğlum uyuyur" deyin, "o həyatdan köçməyib, həmşəyaşardı, şəhidlər ölmür", söyləyin. Şəhidlər xiyabanındakı onların şərəfinə ucaldılmış Zəfər çələngi abidəsinə qürurla baxın əziz iştirakçılar, şəhid ailələri. Çünki şəhid balalarımızın ruhuna layla çalır bu abidə. Onu da qeyd edim ki, "Biz vətən üçün doğulduq" kitabını ağlımla, zehnimlə deyil, ruhumla yazdım, jurnalist kimi deyil ana kimi yazdım. Yazdım ki, hər kəs bu kitabı gözü ilə deyil ruhu ilə oxusun. Yazdım ki, gələcək nəsillər şəhidlərimizi ağlayaraq deyil sevərək yaşasınlar və ürəklərində yaşatsınlar. Onların millətimizə açdıqları işıqlı yolun izi ilə getsinlər. Bizə əmanət etdikləri Vətən torpağında Ali Baş Komandanımız İlham Əliyevin təbirincə desək "Aslan kimi" döyüşən igidlərimizə layiq şəkildə yaşasınlar. Biz şəhidlərimizə çox şey borcluyuq. Bu kitabın ərsəyə gəlməsində mənə hər cür dəstək göstərən, fəaliyyətinə başladığı ilk gündən "Mən artıq yevlaxlıyam" deyən və bunu bacaran Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevə dərin minnətdarlığımı çatdırmaq istəyirəm.
Bir daha şəhid ailələrinin qarşısında baş əyir, uca yaradan mənə də bir daha şəhid kitabı yazmağı nəsib etməsin, deyirəm.
Tədbirdə Yevlax məktəbliləri və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları ədəbi-bədi kompozisiya nümayiş etdirdilər. Sonra müəllif şəhid ailələri, qazilər, veteranlar və tədbir iştirakçıları ilə görüşüb onlara "Biz Vətən üçün doğulduq" kitabını təqdim etdi.
Vaqif ƏLİYEV,
Yevlaxda çıxan "Kür" qəzetinin müxbiri
Olaylar.- 2022.- 15-21 aprel.- S.18.