“Biz başqa dövlətlərin əleyhinə
yox, öz
xalqımız
üçün birləşməliyik” – Babaxan Şərif
Müsahibimiz
özbək yazıçısı, tədqiqatçı,
Beynəlxalq Antik Dünya Elmi Akademiyasının doktoru,
professor Babaxan Məhəmməd Şərifdir. Müsahibədə
yazıçı-publisist Yunus Oğuz da iştirak edib.
1949-cu il may ayının 1-də Özbəkistanın Xarəzm vilayətində anadan olan professor orta məktəbi qızıl medalla bitirdikdən sonra 1971-ci ildə Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1989-cu ildə Daşkənd İdarəetmə və Politologiya İnstutunu bitirib.
Babaxan Məhəmməd Şərif "Muştum" jurnalı və " Daşkənd axşamı" qəzetində müxbir, Özbəkistan nəşriyyat evində bölmə müdiri, Özbəkistan Mətbuat Nazirliyi baş editor- məsləhətçi, Qafur Qulam Nəşriyyatının baş direktoru, Özbəkistan Prezidenti yanında Dövlət və Cəmiyyət Quruluşu Akademiyası nəşriyyatının müdiri vəzifələrini icra edib.
"Şair və Cəmiyyət adamı", "Atəşli sənətçi", "Damcıda yansıyan günəş", "Türkçə danışaq!", "Özbəkçə danışaq", "Azadlıq və mənəviyyat", "Haqdan xalqa", "Türkcə-özbəkcə danışıq kitabı", "Ağıl oyunları", "Mən gedirəm eşq yoluna", "Özbəkcə-azərbaycanca lüğət" kitablarının və bir sıra türkcədən özbək dilinə, Azərbaycan dilindən özbək dilinə və özbək dilindən türkcəyə tərcümə əsərlərin müəllifidir.
- Babaxan müəllim, Azərbaycan və Özbəkistan arasındakı ədəbi əlaqələr bu gün hansı durumdadır?
- Bu münasibətin kökü çox
köhnə zamanlara dayanır, Nizamidən başlanır.
Nizami dünyada fars dilində "Xəmsə" yazan ilk
şairdir. Türk olmasına baxmayaraq, fars dilində yazıb.
Çünki, sifariş elə idi. Nizami sadəcə türk
dünyasına deyil, bütün dünyaya ədəbiyyat sahəsində
böyük təsir göstərdi. Nizami 1209-cu ildə rəhmətə
gedəndən illər sonra - 1441-ci ildə Əlişir Nəvai
dünyaya gəldi. Çox
böyük şair idi. O zamandan sonra "Xəmsə"
yazan oldu? Bəli, türk əsillilər də, fars əsilli Əbdürrəhman Cami də
"Xəmsə" yazdılar. Nəvai Nizamiyə
çox böyük dəyər verirdi. Onun haqqında
deyirdi: "Bu meydanda sanma kolaydır durmak, Nizami ile pençe
pençeye vurmak". Yəni, Nizami ilə bəhsləşmək,
onun kimi yazmaq çətindir. Amma türk
dilində ilk olaraq "Xəmsə" yazan Nəvaidir.
Buna görə Nəvainin ətəyində
namaz qılmaq olar, böyüyümüzdür.
Bu yaxınlarda Əlişir Nəvai "Xəmsə"-si
özbəkcədən Azərbaycan dilinə çevrildi. Bu Ramiz Əsgərin
böyük işi idi. Bilirsiniz, keçən il həm Nizaminin, həm Nəvainin anma ili idi. Bu böyük adət-ənənələr həm
Azərbaycanda, həm Özbəkistanda qeyd edilmişdir.
Biz bununla çox qürur duyuruq. Daha sonra Füzuli yolu ilə getsək, Füzuli Nəvaidən
təsirlənmişdir. Çox
böyük şairlər var.
XIX əsrdə bizdən öncə Azərbaycanda
realistik ədəbiyyat formalaşdı. Bunun da bizə
təsiri oldu. Bizim yazarlarımız da Azərbaycan
yazarlarından təsirlənmiş, milləti maarifləndirmək,
elmləndirmək üçün
çalışmışlar. İlk
növbədə xalqı maarifləndirmək lazımdır.
Çünki elmli adam hər şeyi
başa düşər. Buna görə bu təsirlənmə
işi uzun müddət davam etmişdir.
Daha XX yüzilliklərə gəlsək, Azərbaycan və
Özbəkistan arasındakı ədəbi əlaqələr
bu dövrdə daha da sürətləndi, şəxsi
dostluqlar yarandı.
1950-ci illərdə Azərbaycana Qulamhüseyn gəldi,
hazırda rəhmətə gedib. Onun bir qızı var
idi, Özbək-Azərbaycan əlaqələri haqqında
çox gözəl bir tədqiqat aparıb, dissertasiya
yazdı və daha sonra kitab çap etdi. Bu
çox böyük hadisə oldu. Bu bir
körpüdür, sevgi körpüsü. İnsanları sevə bilərsiniz, sevmək
çox önəmlidir, bu ayrı. Amma
sevdirmək başqadır.
- Qeyrət Məcid (Özbəkistan
Yazıçılar birliyinin müdür müavini- red.)
müsahibəsi zamanı bildirdi ki, ortaq türk dilinin
yaranması üçün özbək əsərlərin
Azərbaycan dilinə, Azərbaycan əsərlərinin
özbək dilinə tərcümə olunması
lazımdır. Siz necə
düşünürsünüz, ortaq türk dövlətlərinin
yaranması üçün başqa nələr etmək
lazımdır?
- Bunu həm
siyasi, həm iqtisadi, həm də mədəniyyət
baxımdan inkişaf etdirmək lazımdır. Hazırda
inkişaf da etmişdir. Bilirsiniz, Türk Dövlətləri
Təşkilatları qurulub...
Yunus Oğuz:
- Babaxan
müəllim ilə Daşkənddə akademiklərin
yanına gəlmişdik. Mən deyirəm,
Əmir Teymur türkdür. O deyir, yox, özbəkdir. Dövlət səviyyəsində keçirilən
tədbirdə aləmi bir-birinə vurmuşduq. Adam özü yazıb ki, mən türkəm.
Biz onu türk edə bilmirdik. İndi Allaha şükür, hamısı deyir biz
türkük, Turan bizik.
Babaxan
Şərif:
- Bizim
damarımız birdir. Dilimiz, adət-ənənələrimiz,
dinimiz birdir, tək millətik. Amma illər
boyu müstəmləkəçilər bizi ayırdılar.
Bir-birini anlamaz hala gəlsinlər deyə,
türk dövlətləri arasına divar hördülər.
1926-cı ildə Birinci Türkoloji Qurultay keçirildi
və orda ortaq türk dünyasının liderləri, alimlər
iştirak edib, ortaq əlifba çıxartdılar. 1929-cu ildə türk
dövlətləri latın əlifbasına
keçdi, çox gözəl əlifba idi. Biz təxminən
10 il bundan istifadə etdik. Stalin
gördü ki, türk dövlətləri bir-birini
anlamağa, birləşməyə başladı. Bunu Moskvaya parçalamaq lazım idi. Amma sadəcə türk dövlətlərinin əlifbasını
dəyişdirdi. Bu əlifbanı elə
bir hala gətirdi ki, kiril əlifbası ilə bir-birini anlamaz
hala gəldilər. Latınca çox
yaxşı başa düşürdülər. Məsələn, azərbaycanlılar "gəl",
türklər "gel", biz "kel" oxuyurduq.
Latın əlifbası dövründə Azərbaycanda
çox yaxşı münasibətlər var idi. Məsələn, başqa
dövlətlər arasında problemlər
çıxmış ola bilər. Amma Azərbaycan
ilə Özbəkistan arasında heç vaxt problem
yaşanmayıb...
Yunus
Oğuz:
- Özbəkistan
3 ölkədən biridir ki, Azərbaycana görə Ermənistanda
hələ də səfirlik açmayıb.
Babaxan
Şərif:
- Özbəkistan
hər zaman Azərbaycanın yanında olub. Birinci
Qarabağ savaşında Özbəkistan BMT-dən 4 əsas
çıxartdı. Ərazi bütövlüyü və
işğalçı əsgərlərin ordan
çıxarılması haqqında 4 əsas var. Özbəkistan
bunu belə dedi, ərazi bütövlüyü
saxlanılmalıdır. Özbəkistan tək
türk ölkəsidir ki, Ermənistanda səfirlik
açmayıb. Ümumilikdə 3 ölkə
- Pakistan, Özbəkistan və İsrail Ermənistanda səfirlik
açmayıb.
Biz bir ananın, bir atanın övladlarıyıq. Birimizə Azərbaycan,
birimizə türkmən, birimizə özbək adı
qoyulub. Amma zaman keçdikcə tək
Türküstanı 1925-də parçaladılar.
Yunus
Oğuz:
-
1936-cı ildə Basmaçılar hərəkatı var idi. Onlar da sovetlərin əleyhinə olan dəstə
idilər. Biri gəlir, partiya qəbul
olunur. Soruşurlar, Basmaçı olmusan?
Deyir, yox. İkinci gəlir, soruşurlar nə
dedin? Deyir, yox. Üçüncü
gəlir, deyirlər, Basmaçı olmusan? Deyir, hə. Çıxır çölə,
soruşurlar nə dedin? Deyir, dedim Basmaçı olmuşam. Deyirlər deməyəydin. Deyir,
necə deməyim? Birinci katib özü mənim
kur başçım olub.
Babaxan
Şərif:
- Bizim ədəbi
münasibətlərimiz çox gözəl inkişaf
etmişdir. Məsələn, Azərbaycan dilindən
çevrilən kitabları deyə bilərik. Günümüzdə 100-dən çox azərbaycanlı
yazıçının kitabları özbək dilinə
çevrilmişdir. Azərbaycan dilinə
böyük məhəbbət var.
Hüseyn Cavidin əsərləri XX əsrin 20-ci illərində,
daha dəqiq, 1923-də Özbəkistan səhnə və
teatrlarında tamaşalara qoyulurdu. "İblis",
"Topal Teymur" və digərləri. Tamaşalara o
qədər adam gəlirdi ki, ayaqda izləyirdilər.
"Arşın Mal Alan" məsələn,
Özbəkistanda çox məşhurdur.
Çox önəmli bir məqamı demək istəyirəm. 1941-ci il
Əlişir Nəvainin 500 illiyi qeyd edilməli idi. Müharibə dönəmində hazırlıq
başlamışdı. Amma o zaman hələ
müharibə yox idi. Özbəkistandan öncə Azərbaycan
Nəvainin kitabını yayımladı...
Yunus
Oğuz:
-Babaxan əfəndi,
bizdə hələ sovetlərin vaxtından Nəvainin adına 2 qəsəbə var.
Babaxan
Şərif:
- Bizdə
də Nizami Universiteti var...Baxın, bizdə elə
şairlər, yazarlar var ki, milliyyətcə azərbaycanlıdırlar.
Bunlardan biri Məqsud Şeyxzadədir. Milliyyətci olduğuna görə repressiyaya
uğradı və Daşkənddə yaşamağa
başladı.
Biz bir-birimizi çox gözəl anlamışıq və
qismətimiz də bir imiş. 30-cu illərdə
yüzlərlə ziyalılar burada repressiyaya uğrayıb.
Bəlkə bir az kobud bənzətmə
olar, sürünü çobansız buraxdılar.
Deyə bilərəm ki, o dönəmlərdə də
festivallar, ədəbiyyat günləri olmuşdur. Amma istiqlaldan
sonra bambaşqadır. Bizim ölkə
başçılarının görüşməyi, ikisinin
dostluğu bizim üçün örnəkdir. Bizim
hörmətli Prezidentimiz Şavkat Mirziyayev ilə möhtərəm
Prezident İlham Əliyevin dostluğu və aralarında
yaratdıqları sevgi-məhəbbətin təsiri çox
böyükdür...
Yunus
Oğuz:
- Mən
ilk dəfə Daşkəndə İslam Kərimovun
vaxtında getmişəm. Mənə dedilər
ki, iki şeydən danışmaq olmaz - ikisi də İslama
aiddir. Bir islam dinindən
danışma, bir də İslam Kərimovdan. Qalan
nə istəyirsən danış. O vaxt İslam Kərimov
gah Azərbaycandan küsürdü, gah
barışırdı. Amma Mirziyayev necə yola
çıxıbsa, elə də davam edib. Çox gözəl siyasətçidir.
Babaxan
Şərif:
-
Prezidentlərin görüşməsi və bu siyasi
görüşlər çoxlu imkanlar yaradıb. Biz bunlardan istifadə edərək ədəbiyyatımızda,
mədəniyyətimizdə çox inkişaf etməliyik.
Dediyim kimi, bu günə qədər 100-dən
çox azərbaycanlı yazıçının əsərləri
Azərbaycan dilindən özbək dilinə tərcümə
edilib, yayımlanmışdır.
2007-2009-cu illərdə "XX əsr özbək
şeiri antologiyası" kitabı Bakıda
yayımlandı. Mən tərtib etdim, Ramiz Əsgər Azərbaycan
dilinə çevirdi. Bundan sonra madam ki, bu
Bakıda yayımlandı, biz də cavab verməli idik.
"XX əsr Azərbaycan şeiri antologiyası"-nı mən hazırladım, Daşkənddə
yayımlandı. Bu bizim mədəni həyatımıza
böyük təsir elədi.
Biz Azərbaycanla münasibətlərin qorunub,
inkişaf etdirilməsinə görə çox şadıq. Azərbaycan
bizə necə baxırsa, biz də Azərbaycana elə
baxırıq. Qardaşlar arasında mübahisə ola bilər. Amma sevgi varsa, həll
olunar. Bir azərbaycanlının
ayağına tikan batsa, mənim canım ağrıyar.
Biz Türk Dövləri Birliyini qurduq. Məqsədimiz
nədir? Ölkəmizi inkişaf etdirmək,
rifahı yaxşılaşdırmaq. Xalqımız
daha məsud yaşasın, dünya ölkələri
arasında öz yerini tapsın. Demək
istədiyim odur ki, biz başqa dövlətlərin əleyhinə
deyil, öz xalqımız üçün birləşməliyik.
BMT-nin
önündə türk dövlətlərinin
hamısının bayrağı dalğalansın... Biz bir olsaq, güclü olarıq. Çünki xarici qüvvələr var, bizim bir
olmamızı istəmirlər. Onlara
qarşı gəlmək üçün bir olmalıyıq.
Güc birlikdədir!
Röyalə Xəyal
Olaylar.- 2022.- 22-28 aprel.- S.8.