Tanrının
lütfü - ana dilimiz
Ana dili hər bir millətin
varlığının əsas şərtlərindən,
göstəricilərindən biridir. Azərbaycan
xalqının varlığını yaşadan Azərbaycan
dili neçə yüz illərdir ki, onun milli, mənəvi
varlığını, mövcudluğunu qoruyub saxlayır.
Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir.
Ana dilimiz
dövlət rəmzlərimiz olan himn, gerb və bayraq kimi
müqəddəsdir. Tarix boyu başı min cür bəlalar
çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz
qalsa da öz ana dilini qoruyub saxlaya bildi. Müxtəlif illərdə
Azərbaycan xalqı bütün istilalara, təzyiqlərə
baxmayaraq, reallığının, ruhunun, həyatının
təzahürü olan bu müqəddəs sərvətimizi
qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil,
mükəmməl dil səviyyəsinə qaldıra bildi. O da
faktdır ki, tarixin müxtəlif mərhələlərində
dilimizə qarşı təzyiqlər olub, doğma dilimizi
sıxışdırıb sıradan çıxartmaq cəhdlərində
bulunub. Lakin bütün təzyiqlərə baxmayaraq Azərbaycanın
mərd oğulları ana dilimizin qorunub saxlanması istiqamətində
fədakarlıq nümayiş etdiriblər. Xatırladaq ki,
ötən əsrin 70-ci illərin ortalarından başlayaraq
SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında
dil məsələsi yenidən gündəmə gətirildi.
SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin
sıxışdırılması prosesi daha da gücləndirildi.
Belə bir şəraitdə ana dili məsələsinin təbliği
ilə məşğul olmaq cəsarət tələb edirdi.
Hətta milli respublikaların rəhbərləri də ana
dili məsələsini gündəmə gətirməkdə
aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan
Respublikasının rəhbəri olan Ulu Öndər Heydər
Əliyev dil məsələsində öz mövqeyini
çox cəsarətlə, qətiyyətlə
bildirmişdi. Belə ki, 1978-ci il aprelin 2-də IX
çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan
Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və
onun ümumxalq müzakirəsinin yekunlarına həsr
olunmuş VII sessiyasında məruzə ilə
çıxış edən Ulu Öndər Heydər Əliyevin
təklifi ilə 73-cü maddəni aşağıdakı
redaksiyada vermək təklif olunmuşdur: "Azərbaycan
Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan
dilidir." Heydər Əliyevin bu təşəbbüsü
1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR
Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan
dilinə dövlət dili statusunun verilməsi Ümummilli
Lider Heydər Əliyevin xalq qarşısında ən
böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər
bununla gələcək müstəqil dövlətçiliyin
milli rəmzlərindən birini məharətlə
qorumuşdur.
Dövlət
dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli
Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi
yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək
bütün qüvvələri səfərbər etmişdir.
Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi
məsələsinə xüsusi önəm yetirən
Ümummilli Lider Azərbaycan dilinin adını
özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan
Respublikasının Konstitusiyası hazırlanarkən dövlət
dilinin necə adlandırılması ilə bağlı
müxtəlif təkliflər irəli
sürülmüşdür. Bu təkliflərin çox
böyük əksəriyyətində ana dilimizin Azərbaycan
dili adlandırılması dəstəklənirdi. Geniş
müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi
yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində
Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan
dili olması öz əksini tapmışdır. Bundan sonra ana
dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Milli Məclisin
üzvü Sahib Alıyev qeyd edib ki, düz 44 il bundan öncə,
aprelin 21-də qəbul edilən Azərbaycan SSR-in yeni Konstitusiyasının 73-cü maddəsində
yazılmışdı: "Azərbaycan Sovet Sosialist
Respublikasının dövlət dili Azərbaycan dilidir".
Bu dəyişikliyin arxasında ulu öndər Heydər Əliyev
dururdu. O zaman çoxları, bəlkə də, fərqində
deyildi. Amma bu gün işğaldan qurtarılan
torpaqlarımızda kritik infrastrukrurun qurulması oradan didərgin
düşən soydaşlarımızın yurd-yuvalarına
qayıtmaları üçün nə anlam
daşıyırsa, həmən dəyişiklik də Azərbaycan Xalq Cümhuriyyəti
dönəmindəki müstəqilliyimizin bərpası
üçün eynisi demək idi: "Bu da Tanrının bir
lütfü idi ki, aradan 12 il keçdikdən sonra 1990-cı
il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali
Sovetinin həmən Heydər Əliyevin sədrliyi altında
keçən sessiyasında Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli bayrağı
yenidən dövlət rəmzi olaraq
təsdiqləndi. Sessiyanın qərarında qeyd
edilirdi: "İlk Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli Dövlət bayrağı
Naxçıvan Muxtar Respublikasının Dövlət
bayrağı kimi təsis edilsin. Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli Dövlət bayrağının
bütövlükdə Azərbaycan SSR-in Dövlət rəmzi
kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü
qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş
edilsin". Elə də oldu, 1991-ci il fevralın 5-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadəti
təmin edildi, üçrənglimiz
bütün Azərbaycanın dövlət bayrağı kimi
təsdiqləndi. Əminəm ki, necə müstəqilliyimizi
bərpa etdiksə, eləcə də işğaldan
qurtardığımız torpaqlarımızı əvvəllər olduğu kimi canlandıracaq, abadlaşdıracağıq. Və
bugünkü Azərbaycan
yüz il öncəki Azərbaycandan nə qədər fərqlənirsə,
ağıllı kəndlərin, şəhərlərin
salınacağı Qarabağla Şərqi Zəngəzur da
işğaldan əvvəlki vaxtlarından bir o qədər fərqlənəcək,
yəni daha da gözəl, yaşamaq üçün ən
rahat, əlverişli bölgələrimizə çevriləcəklər".
A.
Hüseynli
Olaylar.- 2022.- 22-28 aprel.- S.9.