“ Ənənəvi media hər zaman
aktuallığını
saxlayıb, saxlayır və saxlayacaq...”
Mətanət
Ağamirli: "Oxuduğum məktəbi ziyarət etmək
istədim. Heç nə yox idi, hər şey
dağılmışdı"
Jurnalist yazmağı bacarmalıdlr ki,
yazdığını da danışa bilsin
"Bizimkilərlə söhbət"
rubrikasının budəfəki qonağı əməkdar jurnalist Mətanət Ağamirlidir.
Fikrimizcə xüsusi təqdimata ehtiyac
yoxdur.Adı və
soyadı hər şeyi
deyir.
- Mətanət xanım, həm
yazılı, həm də audiovizual mətbuatda fəaliyyət
göstərmisiniz. Sizcə, niyə yeni nəsil jurnalistlər
yolunu televizyalardan salmağa çalışır? Bir peşəkar
kimi tövsiyyəniz maraqlı olardı, birinci haradan
başlamaq lazımdır: yazılı, yoxsa efir
mediasından?
- İstənilən
sahədə peşəkar olmaq üçün öncə həmin
işin bünövrəsini qurmaq lazımdır.
Bünövrəsiz ev tez
çokər. Doğrumu? Təcrübə deyir ki, hər
şeyə sıfırdan başlamaq lazımdır. Mən məşhur
bir fikir adamının əsərində oxumuşdum ki, tez,
sürətli yaranan dostluqlar tez də bitir. Tez alınan bir
iş də elədir, tez dağılma ehtimalı daha
çoxdur. Düşünürəm ki, zərrə-zərrə
qurulan iş daha effektiv olur, cəmiyyətin yaddaşında
möhürlənir. Çox aparıcının adını
sadalaya bilərik ki, efirlərə
də çıxıblar, jurnalist kimi
çalışıblar. Amma çox da davam gətirə
bilməyib, müəyyən müddət sonra müxtəlif
şəkillərdə uzaqlaşıblar. Ancaq diqqətlə incələsək
görərik ki, jurnalistikada
işləməyə əlifbadan
başlayan həmkarlarımız
hətta, indi jurnalist kimi
çalışmasalar da imzaları bu sahə ilə əks-səda verir. Jurnalistikada uğur qazanmaq istəyən
şəxs sıfırdan başlamalıdır. Əgər
başqa bir məqsədlə "təşrif buyurubsa",
bu artıq başqa məsələdir.
- "Jurnalist mütləq yazı
yazmağı bacarmalıdır" fikri ilə
razısınız?
- Əlbəttə.
Birincisi, yazı yazmaq insanın özünü mükəmməlləşdirir,
beynini, yaddaşını inkişaf elətdirir.
Jurnalist
yazmağı bacarmalıdlr ki,
yazdığını da danışa bilsin. Düzdür,
günün trendi bir az fərqlidir, amma bugünkü qarışıqlığın
içərisində jurnalistikanın hörmətini,
nüfuzunu, dəyərini
qorumaq da vacibdir. Bunu isə yalnız peşəkarlıq və
peşəkarlar, peşəsinə vurğunlar bacarar. Gənc
bir jurnalist kimi sizin fikriniz də mənə maraqlıdır:
sizcə bu gün müvafiq sahədə
çalışanların
neçə faizi jurnalistikanın təəssübkeşidir?
- Olduqca çox az hissəsi...
- Eyni
düşüncəni bölüşürük. Bəli,
sözə qiymət verən, sözün dəyərini bilən,
yazmağı bacaranlar bu sahənin təəssübkeşi
ola bilər. Yazmağı
bacaranlar jurnalistikada qala bilir. Tanınmaq, populyar olmaq,
"ulduz xəstəliyi", hamısı müvəqqətidir.
Əslində son illər dünyanı ağuşuna alan
pandemiya bizi elə bir imtahanla
üzbəüz qoydu ki... Hər
kəs özünü yalnız qorumaq, yaşamaq, xəstələnməmək,
ölməmək uğrunda
mübarizə aparmalı oldu. Qoy indi həmin "ulduzlar"
düşünsünlər ki, onlar qlobusun üzərində
qarışqa boyda da görünmürlər.
- Sosial şəbəkələrdə telefonla çəkilişlər
edib, özünü jurnalist
sayanlar da az deyil. Peşəkarlıq
isə arxa planda qalıb. Ən dəhşətlisi isə
odur ki, onlar ictimai rəyə təsir göstərə bilirlər...
-
Bilirsiniz 90-cı illərdə
jurnalistikaya başlayanda biz ətrafımızda
sayılıb-seçilən jurnalistlər
görürdük, onlara bənzəmək istəyirdik. İndi vəziyyət fərqlidir.
Faktdır ki, siz dediyiniz kimi sosial şəbəkələrdə video çəkib paylaşmaqla
özünü jurnalist sayanlar
da var. Bu kəslər şəxsi intriqaları ilə, kiməsə böhtanlar- şərlər atmaqla gündəmə də gəlirlər.
Əlbəttə, bu hallar
çoxluq təşkil edərsə, yeni nəsilin diqqətini
çəkməsi qaçılmaz olar. Hər kəs öz səviyyəsinə
uyğun özünü təbliğ edir.
Qarşısıalınmaz bir prosesdir.
Deməli,
cəmiyyətə yararlı olan təbliğat səviyyə tələb edir. Səviyyəni
isə təhsil, savad, bilik, intellekt formalaşdırır. Bu
baxımdan cəmiyyətin ziyalı, savadlı insanları
sosial medianı qeyri-ciddiyə almamalı, hər zaman müsbət
nümunələr təbliğ olunmalıdır.
- Bir neçə gün öncə Bakının mərkəzində
gecə klubunda partlayış baş verdi. Bu mövzu geniş
müzakirəyə səbəb oldu:
tənqidlərin də, təhqirlərin də şahidi
olduq. O şəxslərə münasibətiniz necədir?
-
Heç kim heç bir hadisədən, faciədən
sığortalanmayıb. Gecə klubunda baş verən hadisələrə
ancaq üzülmək olar.
Biz orda dünyasını dəyişən,
yaralanan insanları yaxından
tanımırıq. Hesab edirəm
ki, hər bir insanın etdiyi günahlar onunla
yaradan arasında olan bir məsələdir. Üçüncü tərəf
qınaqla, qarğışla sadəcə özünə
günah qazana bilər.
Günün trendi də, gənclərin zövqü də,
əyləncəsi də fərqlidir. Məncə
başqasını qınamaqdansa, özümüzü
başqasının yerinə qoymağı bacaraq: "Allah
qorusun, mənim də övladım orda ola bilərdi", deyə
düşünmək də olar.
Bacaraq və susmağı, dua etməyi, gözəl
düşünməyi öyrənək. Bumeranq fəlsəfəsi
saat kimi işləyir. Bu baxımdan orda dünyasını dəyişən
gənci qınamaqdansa, bizə o insanın ailəsinə səbr
diləmək yaraşar. Dahilərin, ariflərin fikirlərində
də belədir: Çalışın bəraət
qazandırın, qınamayın..." Başqa bir tərəfdən də
kiminsə necə yaşaması, nəyi seçim etməsi,
necə öləcəyi ilə bağlı Tanrı ilə müqavilə
bağlamamışıq ki...
- Elə bir dövrə gəlmişik
ki, xəbəri birinci sosial şəbəkələrdən
oxuyuruq. Ənənəvi media, onlayn media, hətta TV-lər də
rəqabətdə uduzur...
- Əvvəla
sosial şəbəkədə bir video çəkib,
ağına-bozuna baxmadan onu yayımlamaq jurnalist olmaq demək
deyil. Bu adından da bəlli olduğu kimi sosial şəbəkədir. Onlayn mediada sizin kimi gənc
jurnalistlər, jurnalist peşəsinə yiyələnmək
istəyən insanlar çalışır və öz
potensiallarını realizə edirlər. Yəni bizim internet
mediamız başdan ayağa dezinformasiya deyil ki. Vicdanı, zəhməti
ilə normal saytlar idarə edən, çalışan nə
qədər jurnalistlərimiz var. Bunu qiymətləndirmək,
etiraf etmək lazımdır. Bu baxımdan sosial şəbəkə
fərqli anlamdır. O, jurnalistika deyil, subyektivdir. Jurnalistika
kollektiv işin bəhrəsidir. Kollektiv fəaliyyət isə bilavasitə cəmiyyətə,
jurnalistikaya töhfə vermək deməkdir. İlk
baxışda onlayn medianın ənənəvi medianı
üstələdiyi görünə bilər. Amma dünyada
müharibələrin getdiyi, pandemiyanı
yaşadığımız çağdaş dövrdə ən etibarlı informasiya mənbəyi
kimi hara fokuslanırdı?
Ənənəvi mediaya...Dünya ən etibarlı informasiya mənbəyi
kimi "EuroNews", "CNN", "Əl-cəzirə"
telekanallarına göz dikdi,
istinad etdi. Bu o deməkdir ki, ənənəvi
media hər zaman aktuallığını saxlayıb,
saxlayır, saxlayacaq. Əslində fərq də
aydındır. Çünki o peşəkarların ərsəyə
gətirdiyi, peşəkarların
sərgilədiyi fəaliyyətidir.
Facebook-da heç kimin tanımadığı biri nəyisə
çəkib paylaşırsa, bu şəxsi münasibətdir,
etibarlı informasiya mənbəyi deyil. Pandemiya əslində
dünyanın qida kimi, dərman kimi, informasiyasız yaşaya
bilməyəcəyini möhürlədi.
- Xaricdəki aparıcı media
resurslarında səsimizin eşidilməsi və ya dünyanın milli
mediamızı izləməsi üçün nə etməliyik?
- Nəyə
əsasən düşünürsüz ki, xaricdəki
aparıcı media resurslarında səsimiz eşidilmir? 44 günlük Vətən
müharibəsində Azərbaycan
mediası dünyaya qalib
ordusunun zəfər xəbərlərini yaydı. 25-30 il əvvəl Qarabağda yaşanan faciələri dünyaya
yaymaq üçün nə bu qədər media orqanı,
internet resursları var idi.
Xarici dilli qəzetlər, saytlardan isə
danışmağa dəyməz. Bu gün isə Əlahəzrət
fakt tam əksinədir. İndi müxtəlif dillərdə
informasiya yayımlayan qəzetlər, saytlar, TV-lər bir-biri
ilə rəqabət aparır. Qüsurları görmək, tənqid
etmək olar. Amma müsbət dinamıkanın, dəyişikliklərin
üstündən xətt çəkmək mümkün
deyil. Yaxşıları görməzdən gələriksə
ədalətli ola bilmərik. Ruhumuzu müsbətə kökləmək
lazımdır və bu sadəcə 1-2 nəfərlə
olmur. Cəmiyyətin ruhu inkişaf etməlidir, gözəlliyi,
müsbətləri, inkişafı daha çox görmək istəməliyik. Rəhmətlik
Cabir Novruz dediyi kimi,
Tələsin,
insanlar, deyib-gülməyə,
Göz
yaşı tökməkdən bezikin bir az.
- İşğaldan azad olunmuş ərazilərimizdə
olmusunuz?
- Bəli,
Ağdamda oldum. Özüm elə Qarabağlıyam, Ağdamda
doğulmuşam, orta məktəbi orda oxumuşam. Ağdam
işğaldan azad olunanda şəxsi problemlərimdən
dolayı gedə bilmədim. Amma Allah nəsib etdi,
Ağdamın işğaldan azad edilməsinin bir illiyi ilə
bağlı keçirilən ağacəkmə aksiyasında
iştirak etdim. Getdim, ağac əkdim, Ağdam məscidini
ziyarət etdim. 28 il sonra Ağdama gedə bildiyim
üçün Allaha sonsuz şükrlərimi yolladım... Həyatımda
ən böyük xoşbəxtlik 28 il sonra Ağdama dönüşüm idi.
O başqa məsələ ki,
oxuduğum məktəbi, böyüdüyüm evi, küçəni görə bilmədim,hər
şey dağılmışdı... Sanki,
uşaqlığım, xəyallarım
dağılmışdı. Bu hissin
ağırlığını sözlə ifadə etmək çətindir. Bu hiss ancaq göz
yaşı ilə izah oluna bilər. Necə ki, Ağdama daxil
olan ilk andan barrikadaları, dağıntıları, düzənlikləri görüb göz
yaşımı saxlaya bilmədim. Ağdamı
gülü-gülzarlı qoyub çıxmışdım...
- Dağılmış ərazilər
bərpa edildikdən sonra orda yaşamaq istərdinizmi?
- Orda biz
yaşamaq istəməsək, kim yaşayacaq? Bir vaxtlar arzu
edirdik ki, torpaqlarımız işğaldan azad edilsin, öz
doğma torpaqlarımıza qayıdaq. Toplum arzuları qəbul
olunur, deyirlər. Şükür ki, biz xalq olaraq bu tarixi qələbənin
şahidi olduq, torpaqlarımıza
qovuşduq. Nə qədər şükr etsək,
azdır. İndi bizə
düşən həmin
torpaqları qucaqlamaq, bağrımıza basmaqdır. Dədə
Qorqud dediyi kimi,
"Torpağı
əkib-becərməsən, qorumağa dəyməz. Onu
qorumasan, əkib-becərməyə dəyməz." Məncə işğaldan azad
olunmuş torpaqlarda yaşamaq,
orda nəfəs almaq, həyatın yenidən
canlanmasının şahidi olmaq
bir zövqdür.
- Nə qədər şükür
etsək azdır, dediniz...
- Şükür edəcəyimiz şeylər o qədərdir ki. Kaşki fərqində olsaq. Sağlamlığımız, zəkamız, saymaqla bitməz ki. İnsan özü bir dünyadır, dünyasını kəşf edən insanlar çirkinliklərə, qırğınlara, cinayətlərə, müharibələrə yol verməz. İnsan varlığı, yaranışı ilə xoşbəxtdir. Gözəllikləri görürük, gəzirik, toxunuruq, hiss edirik, dad, iy bilirik və s. Bəzən insan bütün bunların fərqinə varmır... Əslində baxır, amma görmür. Xoşbəxt olmaq üçün mütləq brend geyinmək, villada yaşamaq, bahalı maşın sürmək şərt deyil. Bütün insanlar sevdiyi və sevildiyi üçün xoşbəxtdir. Çünki bu hissi heç bir villa, marka, maşın verə bilməz. Əslində şükürlü olmaq üçün İlahi qüvvə hər şeyi bərabər bölüb: iki ayaq, iki əl, iki göz və s. Hamıda eynidir. Amma insan bunu tam olaraq dərk etmirsə, bu başqa məsələdir artıq.
Röyalə Xəyal
Olaylar.- 2022.- 22-28 aprel.- S.18.