Xalq romanı –
“Çığır”
“Ədəbiyyat
və incəsənət” portalı tanınmış tənqidçi
Vaqif Yusiflinin yazıçı, tarixi romanlar ustadı Yunus
Oğuzun yeni çapdan çıxmış
“Çığır” romanı barədə qeydlərini
oxucularının diqqətinə çatdırır
ƏNƏNƏ
YAŞAYIR
Azərbaycan
tarixi romanlarından söz açanda deyə bilərik ki, Məmməd
Səid Ordubadidən başlayan tarixi roman ənənəsi bu
gün də uğurla davam etdirilir. Və hər
bir romançı Azərbaycan tarixinin müxtəlif qütblərini,
həm işıqlı, həm də qaranlıq səhifələrini
canlandırarkən məhz Balzakın dediyi kimi katiblik
missiyasını yerinə yetirirlər. Onlar
təzədən tarix yaza bilməzlər, ancaq tarixi hadisələrə
və tarixi şəxsiyyətlərin həyat yoluna yenidən
nəzər yetirib onları bədii şəkildə
canlandıra bilərlər. Bu əksetdirmədə
tarixi reallıqlarla bədii təxəyyüldən doğan
məqamlar bir-birilə vəhdət təşkil etməlidir,
V.Q.Belinski demişkən: "Tarixi romana uydurma, hər
şeydən əvvəl, şəxsi həyatı,
ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə
daxil olur və tarixlə bağlı hadisələr tək-tək
adamların taleyi ilə qaynayıb qarışır". Amma dəxli yoxdur, istər tarixi reallıqlar, istərsə
də yazıçı təxəyyülündən
doğan hadisələr, olaylar, obrazlar...bütün bunlar təsvir
olunan tarixi dövrün özünün obrazını
yaratmalıdır.
Bizim ən
sanballı tarixi romanlarımızda, istər Ordubadi, istər
Y.V.Çəmənzəminli, istər Ə.Cəfərzadə,
istər Y.Səmədoğlu, İstər Elçin, istər
F.Kərimzadə, istər Ə.Nicat və istərsə də
digər tarixi roman müəlliflərimiz bu prinsipə həmişə
əməl etmişlər. Son iyirmi ildə də
tarixi roman öz inkişafından qalmamış,
yazıçılarımız mövcud ənənəyə
sədaqət göstərərək yeni əsərlər
yazmışlar. Sabir Rüstəmxanlının,
Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun,
Mustafa Çəmənlinin tarixi romanları bu janrın
inkişafında yeni bir dönəmin
başlandığını sübut edir. Bu
romançılar sırasında son iyirmi ildə ən
çox məhsuldar işləyən bir
yazıçını - Yunus Oğuzu artıq bu janrın
müməsili (təmsilçisi) kimi tanıyırıq, yəni,
o, ancaq tarixi romanlar yazır. "Nadir şah", "Təhmasib
şah", "Sultan Alp
Arslan", "Əmir Teymur", "Atabəy Eldəniz",
"Uçurum" tarixi romanları, həmçinin bir
neçə tarixi pyeslər onun qələmindən
çıxıb.
Yunus
Oğuzu tarixi roman
və pyeslər yazmağa vadar edən səbəb
nədir,-deyə düşündüm. Birincisi, belə
güman etdim ki, əsas səbəb onun heç də tarixçi
olmasında deyil, illər boyu ürəyində mürgüləyən,
sonrasa birdən-birə ayılan yazıçı
şövqünün get-gedə şiddətlənməsidir.
Necə ki, bəzi aktyorlar dönüb
istedadlı bir rejissora çevrilirlər. Bu məqamda mən
Yunus Oğuzun əksər romanlarına dəyərli müqəddimələr
yazmış Nizami Cəfərovun bir fikrini xatırlayıram:
"Yunus Oğuzun çox zəngin elmi-tarixi
düşüncəsi var, tarixə dərindən bələdliyi
var, tarixlə işləmək mədəniyyəti, eyni
zamanda, çox müasir və güclü bədii təfəkkürü
var. Tarixdən yazan yazıçı üçün
bunların hər ikisi mühüm məsələdir".
İkincisi, qəti əminəm ki, ən yaxşı,
sanballı tarixi romanlarımız böyük vətənpərvərlik
duyğusu ilə qələmə alınır və vətənpərvərlik
duyğusu istənilən tarixi romanın məzmununa da, bədiiliyinə
də təsirsiz qalmır. Yunus Oğuzun tarixi romanlarında da
bunu hiss edirik. Mətləbi uzatmaq
istəmirəm və Yunus Oğuzun lap bu yaxınlarda
çapdan çıxan "Cığır" romanı
haqqında söz açmaq istəyirəm.
SÖHBƏTƏ
CIĞIRDAN BAŞLAYAQ.
Romana niyə "Cığır"
adı qoyulub? Bunun iki mənası var. Birincisi: Məlumdur ki, Şuşa 1752-ci ildə Qarabağın ilk hakimi
Pənahəlli xanın qurduğu, yaratdığı bir
şəhərdir. Təbii ki, ilk dönəmdə
şəhərin qurğusunda bir sıra çətinliklər
meydana çıxdı, bunu biz yeddi "Qarabağnamə"də
də izləyə bilərik. Amma Yunus Oğuz belə
bir versiya irəli sürür: gələcəkdə
düşmən Şuşaya hücum edərsə, şəhər
mühasirəyə alınarsa, hansı yolla bu mühasirədən
qurtulmaq olar- xalqın nümayəndəsi-çoban
olmasına baxmayaraq çox ağıllı bir insan olan Nəsrəddin
kişi onu heç kimin tanımadığı, bilmədiyi
bir cığıra gətirir. "Bu yolu heç kim bilmir,
dağ keçilərindən başqa...Bu sirri yalnız bir neçə nəfər
bilməlidir, yoxsa gələcəkdə tikəcəyin şəhər çox keçməz, bərbad
olar" - deyir Nəsrəddin kişi. Əlbəttə,
bunu real bir versiya hesab etmək olar. Çünki Şuşa bu 270 il ərzində dəfələrlə
hücuma, mühasirəyə məruz qalıb, amma onu təkcə
cəsur və qəhrəman Şuşa sakinləri deyil, həm
də yenilməz dağlar, qayalar, cığırlar müdafiə
edib.
İkincisi:
CIĞIR həm də simvolik məna
daşıyır.Cığırın lüğəti mənası
kiçik yol və yaxud dar, balaca yol deməkdir, amma yolun
özü deyil. Elə cığır var ki,
yola çevrilmir, amma yola gedib çıxan və yola
çevrilən, yolun tərkibinə qatılan
cığırlar olur. Bu prosesi təbiət
özü tənzimləyir. Lakin Yunus
Oğuz buna simvolik məna verir. Deyək
ki, Birinci Qarabağ müharibəsində
torpaqlarımızın iyirmi faizi işğal olundu,
cığırlar (ayrı-ayrı dəstələr,
döyüşən qüvvələr) birləşə
bilmədi, Yola çevrilmədi. Ancaq
İkinci Qarabağ müharibəsində bütün
cığırlar VAHİD YOLA çevrildi.
Romanın
son səhifələrinə boylanaq: "Cığır
bitdi, Azərbaycan yola çıxdı. Dövlətini
dünyaya tanıdan Böyük YOLa. Müharibənin nəticəsi
olaraq 10 noyabrda Ermənistan təslimçilik aktını
imzaladı". "Şuşanın
işğaldan azad edilməsi xalqı birləşdirdi, erməniləri
isə parçaladı. Şuşa bütöv ruhumuzu
özümüzə qaytardı, çünki
parçalanmış ruh torpağı da, xalqı da
parçalayır. Şuşa CIĞIRI Zəfər
yoluna çevirdi. CIĞIRın Zəfər
yolu isə davam edir".
KEÇMİŞLƏ
MÜASİRLİYİN VƏHDƏTİ
Yunus Oğuzun "Uçurum" romanında olduğu
kimi "Cığır"da da hadisələrin əksəriyyəti
yaşadığımız illərdə baş verir. "Uçurum"
haqqında yazdığım bir məqalədə qeyd
etmişdim ki, Yunus Oğuz hər hansı bir romanında tarixlə müasirliyi
vəhdətdə götürür, yəni "tarixdə bu
gün, bu gündə tarix" (Nizami Cəfərov) prinsipinə
əməl edir. "Üçurum"da o, XVI əsrdə-Şah Təhmasibin
hakimiyyəti dövründə baş verən hadisələrlə
XXI əsrin narkobizneslə bağlı olaylar arasında
kommunikasiya-əlaqə bağları yaradır. "Cığır"da
isə XVIII əsr-Qarabağ xanlığının ilk illəri-Pənahəli
xanın Şuşanı inşa etməsi və burada baş
verən ilk Cığır axtarışları ilə XXI əsdə
Birinci və İkinci Qarabağ müharibələri
dövrünün hadisələri paralelləşir. Hər iki əsərdə bəzi oxucular etiraz edib
deyə bilərlər ki, "tarixi roman" istilahı nəyə
lazımmış? Amma Yunus Oğuz
"tarixdə bu gün, bu gündə tarix" prinsipini əsas
götürür. "Tarix təkrar
olunur" -xüsusilə Azərbaycan tarixinin elə dövrləri
və mərhələləri var ki, hadisələrin
gedişatı və inkişafı bir-birilə səsləşir.
Məgər XVI əsrdəki erməni xisləti
dəyişibmi? Məgər Azərbaycanın
parçalana-parçalana belə vahidliyə,
bütövlüyə can atması (xanlıqlardan üzü
bəri) əsrlərdən bəri milli düşüncəyə
təkan verməmişdimi? Yəni tarix spiralvari xətt üzrə inkişaf
edir-xəttin əvvəli ilə sonu arasında bir-birini
tamamlayan hadisələr mövcuddur.
"Cığır"da da Məhəmmədhəsən
Qacarın Şuşaya uğursuz hücumu təsvir olunur, eyni
zamanda Şuşa uğrunda
döyüşlərdən və şəhərin
işğaldan azad olunmasından söhbət gedir.Əslində,
müəllifin mövqeyi məlumdur: Azərbaycanın
müstəqilliyi, Cığırı Yola çevirmək
idealı... Və sonda: "Qarabağ-Azərbaycandır-nida!"
REALLIQLAR
VƏ BİR DƏ BƏDİİ TƏXƏYYÜLÜN
ROLU
Yazıçı üçün tarixi roman qələmə
almaq çox məsuliyyətli bir işdir və burada ilk
növbədə, əsl istedadla yanaşı, bu istedadı
şərtləndirən bir çox arqumentlər də nəzərə
alınmalıdır. O arqumentlər
sırasında yazıçının müraciət etdiyi
tarixi dövrü, haqqında söz açdığı
tarixi şəxsiyyəti nə dərəcədə dərk
etməsi birincidir. Deyim ki, Məmməd Səid Ordubadi Nizami
dövrünü və Nizami şəxsiyyətini dərk etməsəydi,
kifayət qədər (hətta tarixçilərin bildiyindən
də artıq!) məlumatlı olmasaydı, necə deyərlər,
təpədən-dırnağa nizamiləşməsəydi...
Yunus Oğuz da "Cığır"da təsvir
etdiyi hadisələri və real obrazları dərindən
müşahidə edib, əslində, bütün bu hadisələr
onun gözləri qarşısında baş verib və o,
özü də bu hadisələrin içində olub. Təbii ki, Yunus Oğuz sənədli roman yazmaq
iddiasında olmayıb və onün digər romanlarında da
sənədlilik üslubi mahiyyət daşımır. Lakin məlum hadisələrin təsviri bədii
informasiya vasitəsilə oxucuya çatdırılır.
Bəzi məqamlarda tarixi faktlar da qısaca nəzərə
çatdırılır və bu da vacibdir.
Romanda təsvir
olunan reallıqlar
(məlum hadisələr və insan obrazları)
üç xətt üzrə diqqəti cəlb edir.
Birinci xətt- siyasi hadisələr və bu hadisələrin
mərkəzində qərarlaşan real obrazlar. İlk
növbədə, Azərbaycan prezidenti, Ali Baş Komandan
İlham Əliyev.
"Prezident
ayağa durdu, saatına baxdı, Təhlükəsizlik Şurasının
iclasına hələ on beş-iyirmi dəqiqə
qalırdı...İçində
bir qalxınma vardı. O özü də Azərbaycan
üçün yeni bir
CIĞIR açırdı. Bu yeni CIĞIRı
yola çevirmək istəyirdi".Bütün roman boyu
-xüsusilə, İkinci Qarabağ müharibəsi ilə
bağlı hər səhifədə biz Ali Baş
Komandanın qüdrətini və ağıllı, son dərəcə
tədbirli və son dərəcə diplomatik dəst-xəttini
hiss edirik. Ali Baş Komandanın Tovuz döyüşləri
zamanı əsl sərkərdəlik
məharəti üzə çıxdı və Yunus Oğuz
təxminən 7-8 səhifədə bunu oxucuya çatdıra
bilir.
Romanda Ermənistan
rəhbərliyinin- Baş
nazir Paşinyanın, müdafiə
naziri Tonoyanın, keçmiş prezidentlər-Sarkisyanın,
Koçaryanın, Paşinyanın arvadı Anna Akopovanın və
bunlara dəstək olan xarici qüvvələrin obrazları
da yaradılıb və Yunus Oğuz
fəhmlə (həm də
məlum informasiyalarla)
onların söz-söhbətlərini, Azərbaycanla
bağlı açıq və gizli niyyətlərini nəzərə
çatdırır. Yunus Oğuz
üçün erməni xislətini bütün mahiyyəti
ilə əks etdirmək o qədər də problem deyil.
Paşinyanın siyasi aləmdə uğursuz gedişləri,
Moskvadan və Parisdən onu müdafiə edənlərlə
nökərcəsinə yardım diləməsi, dünya erməni
lobbisi ilə münasibətləri, Ermənistanın öz
daxilində müxalifətlə "düşmənçiliyi"
hamıya məlumdur, amma bütün bunlarla bir sırada
antitürk mövqeyi hər bir düşmən erməni kimi
onun da qanına hopub. İstər o, istərsə
də məlum düşmən qüvvələri Azərbaycanın
44 gün ərzində qələbəsini heç gözləmirdilər.
Yunus Oğuz gah
ciddi ironiya, gah da açıq bir tövrlə,
heç bir lağa qoymadan paşinyanların bütöv
ERMƏNİ xtslətini canlandırır. Əsrlər
boyu bu ERMƏNİ XİSLƏTİ dəyişmir. Ancaq 44 günlük Qarabağ zəfəri "Dənizdən
dənizə böyük Ermənistan" xəyallarını
puç elədi.
İkinci xətt- "Cığır"ı həm də müharibə romanı adlandırmaq olarmı? Axı, müharibə romanlarında döyüş səhnələri olur, ya da müharibə gedən illərdə arxa cəbhə təsvir olunur ki, bu da az əhəmiyyətli deyil. "Cığır"da genişliyilə olmasa da, bir neçə döyüş səhnəsi təqdim edilir. "Erməni əsgərləri arasında vahimə yarandı. "Kölgə əsgərlər" sözü onları elə qorxuya salmışdı ki, hara gəldi, gülləni atırdılar..Bir azdan qaçaqaç düşdü. Kimisi Xankəndinə, kimisi Laçın dəhlizinə, kimisi də dağa-daşa, meşəyə üz tutdu. Texnikaların hayına isə qalan yox idi. Erməni əsgərlər qaçır, özləri özlərinə atəş açır, ölür, öldürürdülər. Yol yaralılar və meyitlərlə dolmuşdu. Səhərə yaxın Şuşa yolunda daha heç kim qalmamışdı". Ümumən roman bütünlüklə müharibədən danışır, müharibənin bütün gedişatından xəbərdar oluruq, biz müharibənin insan talelərinə necə ağır zərbələr vurduğunu da izləyirik.
Üçüncü xətt- "Cığır" həm də Xalq romanıdır. Əsərdə- əksər səhifələrdə Xalqın iradəsi, otuz illik həsrətə son qoymaq, doğma torpaqlara qayıtmaq, qovuşmaq arzusu səslənir. "Çünki otuz il idi ki, elə bir yer yox idi ki, bu barədə danışılmasın, arzu-istək bildirilmıəsin. Xüsusən, xeyir-şər məclislərində bütün söhbətlər Qarabağla bitirdi. İnsanlar Allaha dua edirdilər ki, bu qisas qiyamətə qalmasın". Yunus Oğuz romanda Xalqla hakimiyyət, Xalqla Ordu arasında vəhdəti xüsusilə nəzərə çatdırır və doğrudan da, Lələtəpə və Tovuz döyüşlərində bu vəhdət daha artıq hiss edildi. "Elə müharibənin birinci günündən xalq orduya çevrildi. Əsgər həm də arxa cəbhədə olanlardan böyük dəstək görürdü. Bunun üçün ölməyə yox, öldürməyə gedirdi".Azərbaycan ordusu isə artıq dünyanın ən güclü, ən müasir bir ordusuna çevrilmişdi və 44 günlük müharibədə qazanılan qələbələr də bunu sübut etdi" Müəllif Tovuza tələsən, orduya yazılmaq istəyən minlərlə azərbaycanlının intiqam hissini qələmə alır, əslində, bütün bunlar bizə tanışdır, amma bədii əsər bu təsirli səhnələrdən yan keçə bilməz. "Baxın: bir atanın dilindən nə eşidirik: "Üç oğlumdan biri dövlətə, Vətənə qurban olsun!- Yanındakılara baxıb fəxrlə əlavə etdi.- Amma demişəm: Kürəyindən güllə dəyib ölsən, heç qəbrinin üstünə də gəlməyəcəm. Belə ölümlə rayonda biabır olaram. Qonum-qonşu deyər ki, ə, sən niyə kişi olursan? Oğlun erməninin qabağından qaçanda ölüb də. Ətrafdan səslər gəldi:
-Halal olsun!
-Afərin!"
Yunus Oğuz milli dəyərlərə bağlı yazıçıdır və "Cıjğır"da da bu dəyərlər, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəvi ucalıqları hərarətlə vəsf olunur. General Polad Həşimovun simasında təkcə sərkərdə obrazını deyil, həm də milli -ailəsinə, əsgərlərinə və ən başlıcası Vətəninə bağlı milli-mənəvi dəyər meyarı ilə qarşılaşırıq. Müharibə-xalqın taleyini, ölüm-dirim savaşını həll edən psixoloji bir məqamdır. Müharibə insanları sınaqlardan keçirən məhək daşı deyilmi? Əgər su satan balaca bir uşaq satdığı suyun pulunu almırsa, bu da milli-mənəvi dəyərin kiçik də olsa, bir detalıdır. "Əmi, ağzında deyirsən, kişi oğluyam. Bu pulu ala bilmərəm". Beşinci sinif şagirdi Aybənizin əsgərə məktubu da o detallardan biridir. Romanda Əzizənin (onlarla Azərbaycan qadınlarından biri) əri Farizin ölümündən sonra keçirdiyi hisslər, mağazadan aldıqlarının pulu ödəniləndə etiraz etməsi bir azərbaycanlı qadına xas olan mənəvi keyfiyyətdir. Ancaq müharibə dövrü qadınları içərisində Nargül kimiləri də var ki, şəhid ərinin ölümündan sonra hərbi paltar geyinir, cəbhəyə yollanır. Qəbələnin Tüntül kəndində yaşayan Gülbala kişinin üç oğlu-Elgün, Elkin, Turan Vətən müharibəsində iştirak edirlər, belə ailələr Azərbaycanda az deyildi. Ədliyyə işçisi olan Kamran birbaşa hərbi komissarlığa gəlir ki, cəbhəyə yollansın, o, Suqovuşanda böyük hünər göstərir.Bəs Cəbrayıl Dövlətzadə necə( Əslən Zəngilandan olan Cəbrayıl Sumqayıtda-Corat qəsəbəsində doğulmuşdu. O, əliyalın olsa da, bir erməni polkovnikini bıçaqla, bir generalını isə əliylə boğub öldürür, özü də həlak olur. "Cığır"da belə misallar az deyil və Yunus Oğuz bu səhnələrlə Xalqın mənəvi qüdrətini əks etdirir. Qarabağ müharibəsi də təklərin, fərdlərin böyük axında - Orduda, "torpaq uğrunda ölən varsa, Vətəndir" məramında birləşməsi, cığırların böyük Yola çevrilməsini əks etdirdi.
"Cığır"
romanı son otuz ilin ictimai-siyasi mənzərəsini
canlandırmaq, bədii-publisistik yolla bu mənzərəni əks
etdirmək, "Qarabağ-Azərbaycandır!"
nidasının Qələbə, Zəfər ahənginə
çevrilməsini, Azərbaycan tarixinin misli görünməmiş
səhifələrini yaratmaq, böyük Azərbaycan və
Azərbaycanlı obrazlarını dünyaya tanıtmaq
baxımından Yunus Oğuzun uğurlu əsəridir.
Vaqif Yusifli
Olaylar.- 2022.- 5-11 avqust.- S.8;9.