Şamlıların halal
və
bərəkətli həyat səhifələri...
Geniş coğrafi əraziləri əhatə
etməklə zəngin tarixi keçmişə, milli-etnik irs ənənələrinə,
duyğusal və dünyəvi-dini dünyadərkinə,
qutsal-sakral maddi, mistik gələnəklərə malik
Şamlıların tərəkəmə həyatının
özəllikləri Təbiət və İlahi Ruhla
bağlı olmuşdur. Ruhların uyuduğu müqəddəs ziyarətgahların
kölgəsi düşən Küdrü
Şirvanın-Qobustanın yovşanlı düzlərinin bərəkəti,
Haqqın dərgahına "əl açan"
yüksək dağların-Babadağın və Dəliqayanın "xalı ilməli"
çəmənliklərinin (subalp və
alp qurşağında),
başı qarlı ucalıqlarının hallalığı
Şamlı camaatının-tayfasının yurd-ocaq,
öyüd-irfan, təknə-bərəkət,
güzdək-binə mayası olmuşdur.
Şamlı tərəkəmə elatının yayıldığı, ilin doqquz ayını keçirdikləri Qobustan çöllərindəki qışlaq yurdları bərəkət ocağı, hallalıqla yoğrulan irfan məkanı olub. Ocaq yiyələrinin ibadətləri, ziyarətləri, zikrləri irfan məclislərinin məqama yetişən duaları şövqündə idi Əkin-biçin yerləri də halallığa və bərəkətə qovuşuq idi., müqəddəs Yavanı Baba yüksəkliyinin ətəklərindən Pir Seyid çayı yatağına qədər sallanan əkin-biçin zəmiləri, kövşənləri bərkətli olub, Məhəmməd Mirzəli oğlunun "əlinin duzu-dizinin tərəpi, zəmisinin də bərəkəti olub". Onun çaydakı "Qızıl dəyirmanı"nın təknəsindən aclıq illərində nəinki Şamlı elatına, külli Qobustan-Şirvan obalarına da pay çatmışdır.
1920-ci ilədək Şamlı-Muxtar kəndində yüzə yaxın ev olub, kəndin yüzbaşısı Məmmədhüseyn Əliskəndər oğlunun (1852-1931) da qışlağı "Uzundərə" idi, oğlu İbrahimxəlil (1871-1951) təsərrüfatla məşğul olub.
Tərəkəmələr gəzərti olduqlarından, yayı yaylaqda, qışı qışlaqda keçirdiklərindən Xıdır Zində-Baba dağ-Dəli Qaya yaylaqları, övliyalar məkanı Qobustan qışlaqları doğma ocaqları olub. Nesədir ki, yaşlaşanda da unutmayıblar o yerlərlə bağlı tərəkəmə həyatının xatirələrini...
Ömrünü binələrdə keçirən, qışlaqları-yaylaqları qarış-qarış "əriş-arğac" edən Əliseyran Əli oğlu (1928-2000) həyatının con illərində həmin yerlərə (Şamaxı və Quba rayonları arasında, Pirbəyli kəndi-Xaltan aşırımı (1620 m) hüdudlarındakı Xalvar meşəliyinin üstündəki Dəli Qaya yaylağına) ziyarət edərək, əski yurd-ocaq binələrinin qara daşlarını oxşamaqla, sığallamaqla, sacda bişən "qara yuxa"nın "ətrini" qoxulamaqla... ötüb keçən tərkəmə həyatının şirinliyindən doğan nisgilini səngidə bilmişdir...
Və yaxud, Əlixanlılar tayfasından olan (Şamlı elatında bir neçə tayfa olub: Hacı Əzizlilər, Sor-sorlular, Mollalılar, Xəlfəlilər, İsparlılar...).
Əlipaşa Həsənalı oğlu Həsənovun (1900-1991) Dəli Qayada 1927-ci ildə keçirilən toyu heç vaxt unudulmamışdır...
El şənliyini Şamlıların ustadı Xanbala Əbdürrəhim oğlu Dəmirov (1880-1950) idarə edib-aşıq Xanmusa Musaxan oğlu Musayevin (1922-2018) ustadı. Həmin yerlərin və illərin şahidi Məhəmməd Məmmədhüseyn oğlu (1887-1968) söhbət edib ki, Dəli Qayada açıq Mirzə Bilal Mustafa oğlu Mikayılov da (1872-1937) çox məclislər aparıb, el dastanları ilə yanaşı Füzulidən, Nəsimidən... də oxuyub.
Bütöv Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biri olan Böyük Daş qış otlağında (hazırda Qobustanın Milli Tarix-Bədii qoruğudur) Hacı Əziz Məmmədhüseyn oğlu, Kiçik Daş qışlağında isə kiçik qardaşı Hacı Balacan düşərgə salıb (o, növbəti Məkkə ziyarətində orada vəfat etmiş və müqəddəs məkanda dəfn edilmişdir), Qum qışlağında Hacıxan Nağı oğlu, Xanalı yatağında Hacı Zülfüqar Məhəmməd oğlu, Məhəmməd Məmmədhüseyn oğlu (1880-1965), Süleyman Qırtış oğlu (1850-1936), Güleyman Süleyman oğlu (1870-1948), Mehralı Güleyman oğlu (1907-2006), Uzundərə otlağında Məmmədhüseyn Əliskəndər oğlu,...yaşayıb, bərəkətli təsərrüfatla məşğul olublar.
Böyük Daş obasından günçıxana 300-350 m aralıda əski qəbirstanlığın baş daşları (60-70-ə qədər) torpağa batmış halda qalmaqdadır.
Kiçik Daş qış otlağı "Qaratlı piri" hüdudundadır, üzü Ələt tirəsinin qurtaracağına kimi (317 m). Ziyarətgahın ayaq tərəfində Şamlı qəbirstanlığı salınıb, 1918-ci ildən sonra. Bir cəhəti qeyd etmək lazımdır ki, Şamlı qəbirstanlığında məzar baş daşlarının yuxarı hissəsində xüsusi işarə-"möhür" nəqş edilir-"Türk damğası" adlanır- dairə və aşağıya üç çıxıntılı təsvir dini təriqətin inancına bir nişanə kimi dünyadan köçənlərin Ruhlarına tapşırılır...
Həm də bu nişanə agah edir ki, şamlılar üç qitəyə-Asiya, Avropa və Afrikaya yayılıb, dini inancları və təriqət inamları ilə birlikdə.
Tərəkəmə həyatı həm də müdrik həyat tərzinin sınaqdan keçmiş tədbirlərindən mayalanan, gör-götür dünyasının sınağına sinə gərən düşüncənin yaşandığı bir məktəbdir, bir ömürdür. Belə deyirlər ki, bir gün Hacı Əziz qardaşı Balacana qışlağdan tərpənib, yaylağa köçməyin vaxtı çatdığını bildirir və birlikdə köç etmək üçün obada yır-yığış tədarükünə başlamağı tapşırır. Hacı Balacan gəlir binəyə, Kiçik daş yatağına, arvadı məsələdən agah edir. Arvad cavab verir ki, tələsmə, hələ bir az gözləmək lazımdır, "torpağa isti hopmamış tərəkəmə tərpənməsin" deyib-aqillərin sözünü xatırladır. Hacı böyük qardaşına söz verdiyi üçün arvada etirazını bildirir. Arvad bir daha dediyi sözə əmin olmaq üçün aparır Hacını bir mamırla örtülü parça daşın yanına, daşı qaldırır, bağa yuvasını ona göstərir və bildirir ki, bağa hələ yuvadan çıxmayıbsa havanın istiliyi torpağa çatmayıb, hələ soyuqdur, yaylağa köç vaxtı deyil...
Hacı çar-naçar külfətin bu müdrik qənaəti ilə razılaşmalı olur və Hacı Əzizə xəbər göndərir ki, siz gedin, biz də arxanızça gəlirik (bu hadisə ən azından 250 illik tarixə malikdir)...
Nə isə, Hacı Əziz obasının tərəkəmələri, mal-heyvan, naxır-ilxı, dəvə-öküz... sürüsü ilə Böyük Daşdan aralanır, Torağay-Arab yolu ilə 10-15 km hərəkət edir, Qonçu qışlağından keçib Nardərən və Ərəbqədim kəndləri yaxınlığında görünməmiş bərk qasırğaya-fırtınaya, tərəkəmə dili ilə-tufana düşürlər, mal-dövlət, sürü-naxır hamısı məhv olur...
Hacı Əziz o amana qalır ki, güc-bəla ilə arvad-uşağı bir keçə alaçığa yığa bilir, bu arada bir öküz də başını soxur içəri, alaçığa...və əyan-çobanla yanaşı tək bu öküz salamat qalır o qədər var-dövlətdən...
Hacı Əziz qayıdır obaya, qardaşına acığı tutur ki, bəs, nəyə görə bilgisindən onu xəbərdar etməyib, Hacı Balacanın da cavabı gəmrəşovu selbələyib sürüsünü-naxırını yarıya bölməklə olur ki, qardaşının itkisinə şərik olsun...
Növbəti Həcc ziyarətinin birində Hacı Balacan Məkkə şəhərində dünyasını dəyişmiş və orada dəfn edilmişdir, Hacı Əziz isə Qobustan rayonu, Sündü kəndində torpağa tapşılıb. Hacı Əziz dini-irfani təriqət yolunun kamilliyini Şamaxı şəhərinin Cümə məscidində, eləcə də Avaxıl kəndində görüşdüyü Hacı Məcid Əfəndidən aldığı bilgilərlə zənginləşdirərdi.
Şamlı camaatının Xəlfə nəslindən olan tərəkəmələrdən Məhəmməd Abdulla oğlu (1828-1896), Baxşalı Məhəmməd oğlu (1856-1925), Əli Baxşalı oğlu (1880-1949)...Böyük Daş qışlağının gündoğan səmtində olublar, Səngəçal qəsəbəsi ətrafındakı "Təndir qışlağı"nda. Bu nəsildən olan Gülgəz Baxşalı qızı (1875-1951) isə müxtəlif çeşnili yaxşı sumağ-palaz ("Şamlı sumağı", "Qara göl", "Güllü sumağ"...), atın yəhərinin üstü üçün xalça, heybə... toxuyub, rəngi, ilməsi, naxışı, zərifliyi...göz oxşayıb, Xanzadə (1921-1996) və Mələk Əbdüləziz qızları da (1898-1968) sumağ toxuyan olublar.
Xəlfə nəslindən olan irfani-ruhani davamçıları-Pərizad Ağa qızı (1880-1946), Məhəmməd Musa oğlu (1890-1960), Şaməmməd Baba (1890-1972) Sufiliyin sadiqlərindən idilər. Xəlfə Məhəmmədin Xanalı yatağındakı zağası, Uzundərə qışlağında Məmmədhüseyn Əliskəndər oğlunun zağası...(uzunluğu 20-30 metrədək) Sufilərin məclis məkanı olub, qarda-çovğunda orda heyvan, dəvə saxlayıblar. Uzundərə zağasının daşını Sovet hakimiyyəti illərində söküb qoyun damı, çoban evləri, küzlər... tikiblər...
Tərəkəmə-Şamlı elatının dini-ruhani dünyadərkində mistik duyğuların, ruhsal duyumların təsiri əməllərinin halallığında, ocaqlarının bərəkətində, nəsillərə yadigar etdikləri maddi-irs nümunələrində sakrallığı ilə seçilir və yad edilir, qorunub saxlanılır. Bu baxımdan Xanalı qış otlağında Vahid Hacı Kərim oğlu (1818-1903) dünyadan cavan köçmüş qızı Saabxanımın şərəfinə su hodamı-kəhriz tikdirib, Böyük və Kiçik Daş qışlaqlarından axan yağış-qar suları bu "daş sucağa" yığılır, ətraf tərəkəmə obaları ondan istifadə edirlər... Badam Vahid qızı (1893-1973) isə bayatı nişanəsi deyib qız nəvəsi Aydınpaşa Alıpaşa oğlu üçün (1947):
Aydınpaşa yol üstədir,
Tüfəngi qol üstədir.
O, bir ceyran vurubdur,
Ceyranı can üstdədir.
Haqsızlıqla, ədalətsizliklə barışmaz olan, hətta əlinə silah alıb açıq savaşla meydana girən, amma Haqqa və İlahiyə qəlbi və əməli ilə sığınan Şamlı elatının dini-ruhani təriqət yolu ilə yanaşı incə, zərif rübab toxunuşuna həssas olan qəlb çırpıntılarının Yiyələri, hissləri duyğulandıran müdrik kəlam Ustadları da az olmayıb, onların yaradıcılığı nəşrlərdə, kitablarda, məclislərdə az işıqlandırılsa da, El yaddaşından, Xalq xəzinəsindən nə yaxşı ki, hələ silinməyib...
Bu barədə növbəti yazılarda.
(Yazının hazırlanmasında həm də əslən Qobustan rayonu, Şamlı-Muxtar kənd sakini Qaroğlan İbrahimxəlil oğlu Hüseynovun (1942) və Hacı Əlihəsən Əlipaşa oğlu Həsənovun (1962) məlumatlarından istifadə edilib).
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2022.- 2-8 dekabr.- S.17.