Şamlı elatının mənəvi və mədəni  irsi...

 

( III məqalə)

 

...yüzilliklər ərzində Mərkəzi-Orta Asiyanın yovşanlı, kövşənli çöllərindən başlayaraq  Anadolu yaylasına, Zəngəzur, Göyçə, Qarabağ, Şirvan-Qobustan, Dərbənd, Borçalı, Cənubi Azərbaycan... mahallarına qədər yayılan zəngin irs-ağız  ədəbiyyatı, şifahi deyimlər, dini-irfani məclislərin hikmətləri-söyləmələri, xatunlarının incə əl işləmələri, İrfan və Söz yiyələrinin kəlamları... mənəvi dəyərləri ilə Şərq İntibahının (Sivilizasiyasının) bir qolunu təşkil etmiş, nəsildən-nəsilə mənəvi əmanət kimi saxlanılmış, elatın köç etdiyi məkanlarda daha da rişələnmiş və intişar etmişdir. Bu mənəvi hüdudsuz maddi-mənəvi xəzinənin XVIII əsrdən üzü bəri  yazıya köçürülməyən, lakin yaddaşlarda saxlanılanları da az olmamışdır, eləcə də Söz-Saz sənətində...

Qobustan mahalının sakral-ruhsal ocaqlarından olan Yavanı Baba ətəklərində və Pir Seyid çayı sahillərində halal bərəkət və mal-mülk (dövlət) yiyələri olan Şamlı elatının sinədəftər söz deyənləri, Haqq vergili şairləri çox olub-Cənnətalı Məhəmməd oğlu (1881-1961, el sənətkarı İzzətalı Zülfüqarovun böyük qardaşı), Cabbar Hacı Əzizli (yazı-pozu bilmədiyindən şerlərini dayısı Molla Hümbət qələmə almışdır), Məhəmməd Məmmədhüseyn oğlu (1881-1966, böyük qardaşı aşıq Ağa (1878-1928) vəfat etdikdən sonra aşıq Bilal Şamlı-Muxtar kəndinə toya gəlməyib), Xankişi Ağakişi oğlu (1878-1953)...

Şamlı elatının Dini-İrfan yiyələrindən olan Hacı Xankişi Nağı oğlu (1857-1937) söyləyirdi ki, Məkkəni-Mədinəni gəzib dolaşmışam aşıq Ağa yaraşığında, qamətində adama rast gəlməmişəm...

1945-ci ildə müharibədən şikəst qayıdan Xankişi Ağakişi oğlu Şamaxı şəhərində yaşayıb-yaratmışdır-

Vaqif gəzən yeri gəzdim/Gül üstündə gülü üzdüm/Bir də görsəm, heç ölməzdim/Bu dünyaya vurulmuşam.

Onlardan Abdulla Süleyman oğlu XVIII əsrin II yarısında, XIX əsrin əvvəllərində yaşayıb-yaratmışdır:

-Səbəbkar Allahdır, yoxdur arxası/Kafər dinə gəlmir, danışır asi/Yerin-göyün, ərşin-kürşün binası/Nə gecə yapıldı, qaldı sərasər.

Abdulla Süleyman oğlunun dini-irfani Haqq mövzulu şerləri-minacatları yazıya alınmadığından el şairinin ədəbi irsini küll halında toplamaq çətinlik yaratsa da, bəzi nümunələri yaddaşlarda hələ də qorumaqdadır:

Yetişməz elmimə gəlsə min alim/Nəbilər məqamı bazar-dükandır/Eyləməyin dini-İslamı kənar/Abdulla sağ ikən cənnət məkandır.

Çoban, naxırçı olan Cabbar Hacı Əzizlinin poetik yaradıcılığının bir bəndinin "sehri":

Bir gözəlin    sevdasına düşmüşəm,

Gözləri şux, yanaqları gül kimi.

Hər baxanda şövqü düşür canıma,

Dili şəkkər, dodaqları bal kimi.

Haqqa uz tutan, ruhaniliyini çöhrəsinin nurunda, şirin danışıq ləhcəsində pərdələyən, Kəlam sahiblərindən biri də  şair Rəhim Hacı Əzizli (1860-1940) Şamlı-Muxtar kəndində və Xanalı obasında yaşayıb, şerlərində insan ömrünün fəlsəfəsi və təbiət qəza-qədəri (duyumları ) nəzm dilinə çevrilib:

Qazanquzanam, Qarakürədir dalım,

Çox şairlər gəlib, bilməyib halım.

Yeddi sicim boyu dərəyə düşdün,

Novruzun tonqalı hələ yanmamış.

və yaxud-

Allah versin Navahının elinə,

Gürgüt vurub Qazanquzan belinə,

15 gündür qoyun çıxmır çölünə,

Gözüm olsun, belə qışı görməsin...

Qazanquzan və Qarakürə dağları Xanalı qış otlağının yaxınlığındadır. Şairin poetik dilindən də məlum olur ki, keşən sərin əvvəllərində (elə 70-ci illərinədək) indi quraqlıqdan qovrulan Qobustan çöllərində dağdibi ərazilərdə qar uçqunları, qar yığınları (gürgüt) o  qədər boy verirmiş ki, hətta dəvələr də o uçqunlara düşürmüş...

1920-1930-cu illərdə Şamlı elatından olanların bir qismi Navahı kəndindən dəvə yükü küləş-saman daşıyıb Şıx girəcəyində, "Qurd qapısı" girişində satarlarmış...

Keçən əsrin 30-cu illərində Şamlı elatının Xanalı obasında yaşayan qadınların (Gövhər İsmayıl qızı, Zeynəb Rəhim qızı, Nişanxanım Mustafa qızı, Xanımbacı Mütəllim qızı, Səlmi Molla Əziz qızı, Narxanım Babalı qızı...) uşaqların təhsil almasında, oxuyub-öyrənmələrində (dərslər zağalarda lampa işığında keçirilirdi, 20-yə qədər öyrənən olmaqla)) şair Rəhimin də səyi və əməyi olmuşdur.

Şamlı elatının  "söz boxçalı", ağzı dualı ağbirçəklərinin bayatıları da şirinliyi və fəlsəfi yükü ilə hələ də yaddaşlarda qalmışdır:

Kəkliyin dizi qanlı/Topuğu, dizi qanlı/Bir iş Allahdan olsa/Qovarlar, bizi qanlı...

Şirvan aşıq məktəbinin inkişafında xidməti olanlar sırasında Şamlı elatının saz-söz sənətinə vurğun olan, aşıqlıq fəaliyyəti ilə seçilən sənətkarlardan biri də Şamlı-Muxtar kəndində Adıgözəllilər tayfasında doğulmuş Süleyman Mütəllim oğlu Abdullayevdir (1926), bölgənin ustadlarından Mirzə Bilal Mustafa oğlu Mikayılovdan (1872-1937) və Tağlabiyan kəndindən aşıq Şamil Mustafa oğlu Piriyevdən (1902-1985) dərs almış Xanbala Əbdürrəhim oğlu Dəmirovla (1880-1950) yanaşı.

1941-1942-ci illərdə Xanalı obasında ibtidai təhsilini başa vura bilməyərək, ancaq tərəkəmə həyatını yaşamalı olub Süleyman Mütəllim oğlu.

Başqa ailələr kimi elatın ağır illərində,1943-cü ildə Göyçay nahiyəsinə üz tutan Mütəllim Adıgözəl oğlunun (1869-1944) ailəsi  Ərəbşahverdi kəndində məskunlaşıb (Şamlı camaatı 1936-cı ildə də nahiyənin "Arvana dərəsi"nə də köçmüşdür-Ərəbcəbirli kəndinin 1 km-də), təsərrüfat işləri məşğul olub (V.Molotov adına kolxozda süd-əmtəə fermasında işləyib), Süleyman da həmçinin. Həmin kənddə gəzərti həyatı sürən qaraçı Cəlil xırdavat əşyalar, ələk düzəldib satırdı, arada özü düzəltdiyi sazı da ifa edirdi, çalırdı, Süleyman həmin sazı pulla ondan alıb, müstəqil olaraq saz çalmağı və aşıq Ələsgərin söylədiyi "Dəli Alı dastanı"nlı öyrənir.

Qaraçı Cəlil ona sazda simli-sədəfli kök tutmağı öyrətməklə yanaşı tövsiyəsini də əsirgəmir:

-Aşığın  üç gücü var: səsi şirin olmalıdır, sözü aydın, mükəmməl deməlidir və sazı kamil çalmalıdır...

Bu tövsiyələri hələ də unutmayan qocaman sənətkar ilk el şənliyini sinəsində saz 1952-ci ilin fevral ayında Qoyunlu Şıxlı kəndində keçirdiyini də yaddan çıxarmayıb. Həmin toyda ona qiymətli bir hədiyyə verirlər-latın qrafikası ilə Qəndəhar şəhərində çap edilmiş "Dastanlar"  kitabını (27 xalq dastanı əhatə olunmaqla).

Bu məslisdən əvvəl o, 1950-ci ilin aprel ayında Ərəbşahverdi kəndində Şamlı camaatından olan Hacıbaba Əhməd oğlunun toyunda məslis aparan aşıq Əhməd Ədil oğlu Rüstəmovun (1920-2008) qarşısında "imtahan" verərək yüksək qiymət-"təşəkkür" almışdır, amma Ustad tövsiyyə etmişdir ki, utanmağı, sıxılmağı "yığışdırsın", məclisdə özünü sərbəst aparsın.

Aşıq Əhmədin hüzurunda ilk dəfə  oxuduğu "Qara gözlər" xalq mahnısı olub (Sona vurdum gölə düşdü/Qara gözlər, qara  gözlər/Dağlardakı  əsən yellər /Yarım məndən küsən yerlər/Qara gözlər, qara gözlər...). Ustadın təklifi ilə Xəyyat Mirzədən bir aşıq ifası da səsləndirib   aşıq Əhməd razı qalıb, ona xeyir-dua verib...

Hərfləri tanımayan Süleyman Mütəllim oğlu gecə-gündüz (amma gündüzlər işə getməklə bərabər), lampa işığında Dastanları ("Şah İsmayıl", "Novruz və Qəndab", "Valeh və Zərnigar", "Abbas və Gülgəz","Aşıq Qərib","Əsli və Kərəm"...) öyrənir və özünü aşıq kimi yetişdirməyə cəhd göstərmişdir.

1953-cü ilin əvvəllərində Qobustan mahalına qayıdan Süleyman Mütəllim oğlu Xanalı obasında məskən salır, Böyük Daş yatağında "çappa daş" qırıb-satmağla, həm də sənətkar həyatı yaşamışdır.

Haqqın və Həyatın yazılmış hökmü ilə 1954-cü ilin may ayının 1-2-də Duvannı qəsəbəsində aşıq Əhməd Ədil oğlu, İzzətalı Məhəmməd oğlu və xanəndə Eynulla Eynulla oğlu Cəbrayılov (1935-1992) Süleymanın toyunu izdihamlı el şənliyinə çevirmişlər. Ustad aşığın dəstəsindəki qoşanağara çalan Şakir Məhəmməd oğlu, dəmkeş isə Xanlar idi.

1954-cü ildən sonra aşıq Süleyman Şamaxı (Kürdəmic, Sündü, Bəklə... kəndləri...), Göyçay (Ərəbşahverdi, Qoyunlu Şıxlı, Mallı Şıxlı, Qarabağlar..), Quba (Xınalıq, Alpan, Susay, II Nügədi, Amsar, Ərməki, Digah...), Xaçmaz (Çarxı, Xırdaoymaq...) rayonlarında, daha sonralar Qazaxıstan (Cambul, Çimkənd vilayətlərində), Qırğızıstanda (Bişkek şəhəri yaxınlığında) və Özbəkistan Respublikalarında (Fərqanə vadisində) sinəsində saz, dilində xalq dastanlarını dilləndirməklə el məclisləri, sazlı-sözlü yığnaqlar keçirmişdir.

1957-ci ildə Azərbaycan Radiosunun "Qızıl Fondu"na yazdırdığı "Xan Çobanı" aşıq mahnısı indi də xatırlayır aşıq Süleyman, eləcə də həmin verilişdə məşhur klarnet ustası Şəmsəddin (Şəmsi) İbad oğlu İmanovla (1930-1997) etdiyi şirin söhbətləri, çünki həmin müsiqi ixtilafında saz, tar, klarnet, nağara....sədalarına Aşıq Sözü də qovuşmuşdu.

1958-ci ilin noyabr ayında Xırdaoymaq kəndində apardığı məclidən bir həftə sonra Duvannı qəsəbəsinə bir "elçi"-kənd ağsaqqallarının nümayəndəsi ("Çarxı" sovxozunun direktoru Piri kişi) gəlir, cammat xahiş edib ki, aşıq Süleyman köçüb Çarxı kəndində yaşasın, onun üçün hər bir şərait yaradılacaqdır. Təbii ki, Şamlı elatına mənəvi, ruhi, irfani və köklü bağlılığı hər şeydən üstün tutan Aşıq bütün Azərbaycana məxsusluğundan doğma ocağında qalmalı olur...

Onun sənətinə 1965-ci ilin may ayında Qaradağ rayonu, Şıxlar kəndində el məclisi aparan Şirvan aşıq məktəbinin ustadlarından biri aşıq Şakir Hacıyev də yüksək dəyər vermişdir:

-Məni səni mükəmməl və kamil aşıq kimi qəbul edirəm.

Aşıq Süleymanın bir hikmətli kəlamı ilə yazıya son qoyuram:

-Nə qədər kamil ovçu olsa da, bir dəfəyə bərədən əli qanlı qayıtmaq çətindir...

 

(ardı var)

 

R.S. Aşıq Süleyman Mütəllim oğlu 95 illiyi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin rəhbərliyi (direktor Ə.Quliyev) tərəfindən 28 apel 2022-ci tarixli Fəxri Fərmanla təltif edilmişidir.

(Yazının hazırlanmasında həm də əslən Qobustan rayonu, Şamlı-Muxtar kənd sakini Qaraoğlan İbrahimxəlil oğlu Hüseynovun (1942)  məlumatlarından istifadə edilib).

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi                                                 

 

Olaylar.- 2022.- 9-15 dekabr.- S.17.