Qarabağ, Zəfər, Şuşa
bu gün bizim
ədəbiyyatın ən aktual
mövzularıdır
Yazıçı
Tural Cəfərlinin ədəbiyyatşünas
Elnarə Qaragözova ilə müsahibəsi
Xoş gördük,
Elnarə xanım. İşləriniz necə gedir?
-Xoş gördük.
İstərdim ədəbi
tənqidlə bağlı işinizdən bir
az danışasınız. Ümumi prosesin sxemi və planlarını necə müəyyən
edirsiniz?
-Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi kimi ədəbiyyatımızın bu gününü, dünya ədəbi prosesindən gələn meylləri və milli yaddaşdan gələn məqamların təzahürlərini araşdırır, gəldiyim qənaətləri həm ədəbi mətbuatda, həm də elmi tribunalarda təqdim edirəm. Xüsusilə ədəbi cərəyanların ədəbiyyatımızda təzahürünün araşdırılması tədqiqatlarımın prioritet istiqamətlərindəndir. Mən ədəbi tənqid ixtisasını bitirməmişəm. Ədəbiyyat nəzəriyyəsi istiqamətində ixtisaslaşıram. Lakin əsas araşdırma obyektim müasir dünya və Azərbaycan ədəbi prosesi ilə bağlıdır. "XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında arxetipin yeni formaları" mövzusunda müdafiə etdiyim fəlsəfə doktorluğu dissertasiyamın nəzəri xətti - mifologiya və arxetiplər nəzəriyyəsi aspektində araşdırmalar da tədqiqatın da adından göründüyü kimi məhz cari ədəbi materiallar üzərində qurulmuşdu. Hal-hazırda institutun elmlər doktorluğu hazırlığı üzrə dissertantı kimi "Azərbaycan postmodernist ədəbiyyatının poetikası" mövzusu üzrə araşdırma aparıram. Bu tədqiqatım da müasir ədəbi proses üzərində kökləndiyindən daima çağdaş Azərbaycan və dünya ədəbiyyatını izləməyə çalışıram.
-Təhsillə
bağlı sırf "ədəbi tənqid"
ixtisasını bitirən kifayət qədər kadrlar var. Ancaq
ədəbi tənqidin yeni nəfəsini
hiss etmirik. Bunun səbəbini nədə görürsünüz?
-Bəli, qeyd etdiyiniz məqamı cari ədəbi proses üçün aktualdır. "Ədəbi tənqid" ixtisasını bitirmək ədəbi tənqiddə iştirak etmək, bu prosesin bir parçasına çevrilmək üçün mütləq faktor deyil. Əlbəttə, tənqidçi, araşdırmaçı üçün baza mütləqdir. Lakin əgər ədəbiyyata həvəs, sevgi və bunları mütləq şəkildə müşayiət etməli olan zəhmət yoxdursa, "ədəbi tənqid" ixtisasına yiyələnən şəxs mətninin enerjisini hiss edə bilmirsə, ədəbi prosesi duya bilmirsə o sadəcə "diplomlu kadr" olaraq qalır. Cari ədəbi mühitdə "diplomlu ədəbi tənqidçi" olmaq asandır, əsl araşdırmaçı-tənqidçi olmaq isə çətindir. Bu məqam bütün ixtisaslar üçün keçərlidir.
Bəlkə işin mahiyyətini dərk edib,
uzaq dururlar?
-Mən belə düşünmürəm. Ədəbiyyat və ədəbi mühit çox cəzbedicidir, özəl enerjiyə malikdir. Bir dəfə ədəbi prosesin enerjisini hiss edən, bunun üçün yola çıxanlar bu yoldan dönmürlər. Ədəbi tənqidin mahiyyətini dərk edənlər və onu sevərək seçənlər bu gün ədəbi prosesdə fəal iştirak edirlər. Uzaq duranlar sadəcə diplom almaq üçün üçün bu ixtisası seçənlərdir.
Bu gün Azərbaycan
ədəbiyyatında tənqidin rolu nədən
ibarətdir?
-Müstəqillik dövrü ədəbiyyatı çoxaspektli, çoxşaxəlidir. Bədii material həddindən çoxdur. Ədəbiyyatımızın daha öncəki dövrləri ilə müqayisədə bu günkü ədəbi prosesin nəhəngliyi daha çox nəzərə çarpır. Buna əsas səbəblərindən biri yazıçılar, şairlər üçün tribunaların çox və rəngbərəng olmasındadır. Digər tərəfdən ədəbiyyata əbədiyyət kimi baxıb öz düşüncələrini burada həkk etməyin asan olduğu qənaəti cəmiyyətdə yayğındır. Bu baxımdan çağdaş Azərbaycan ədəbiyyatında tənqidin rolu öncəki dövrdən də böyük əhəmiyyət kəsb edir. Bu gün ədəbi tənqidin görməli olduğu iş həm çox ağır, həm də məsuliyyətlidir. Bir tərəfdən qeyd etdiyim kimi bədii materialın bolluğu və rəngarəngliyi, tribuna azadlığı ədəbi mühitdə xaotik bir vəziyyətin yaranmasına səbəb olur. Digər tərəfdən bizim ədəbi tənqidin yeni etapı formalaşma prosesini keçir. Çağdaş ədəbi tənqid sovet ədəbiyyatşünaslığından miras qalan ənənələrdən bu günə uyğun olanları saxlamaqla dünya ədəbi prosesinə, ədəbiyyatşünaslığına inteqrasiya etməlidir. Lakin bu proses kor-koranə olmamalı, azərbaycançılıq ideologiyasına uyğun həyata keçirilməlidir. Hal-hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademiyanın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə 10 cildlik Azərbaycan Ədəbiyyatı Tarixi hazırlanır. Yeni dövrləşdirmə konsepsiyası və azərbaycançılıq ideologiyasına əsaslanan bu layihə artıq yekunlaşmaq üzrədir. Bu fundamental layihədə həm daha öncəki dövrlərdə yaşamış görkəmli alimlərin, həm də müasirimiz olan, elmdə öz sözünü demiş, tanınmış ədəbiyyatşünaslarımızın tədqiqatları yer almşdır. Təqdirəlayiq haldır ki, yeni ədəbiyyat tarixi layihəsində gənc nəsli təmsil edən ədəbiyyatşünaslara da etimad göstərilmiş, onların yeni baxışı özündə ehtiva edən araşdırmaları da on cildliyə daxil edilmişdir. Bütün bu amillərə görə ədəbiyyatımızın bütün dövrlərinə yenidən və yeni baxışı özündə əks etdirən bu oncildlik nəinki ədəbiyyatımızın inkişaf yolunun, həm də bugünkü ədəbi tənqidin də obyektiv güzgüsü rolunu oynayacaq.
Müqayisə aparsaq ötən əsrin ədəbi tənqidi
və çağdaş dövrümüzün
ədəbi tənqidi arasındakı fərqləri və
oxşarlıqları necə göstərə bilərsiniz?
-Ötən əsrin ədəbi tənqidi SSRİ-nin tətbiq etdiyi ideoloji klişelər, məhdudiyyətlər üzərində formalaşmışdı. Lakin bununla belə həmin dövrdə faliyyət göstərən ədəbiyyatşünaslarımız imkan daxilində kökü M.F.Axundovdan gələn, sırf Azərbaycan ədəbi tənqid məktəbini yaratmağa çalışırdılar və buna nail oldular. Müasir dövrdə ədəbi tənqidin üzərinə düşən vəzifələr daha çətindir. Lakin indi ədəbi tənqidçinin meydanı da daha genişdir.
Bəs "tərif"
yazısını "tənqid" kimi
təqdim edənlərə münasibətiniz necədir?
-Əslində sözün əsl mənasında ƏDƏBI TƏNQİDDƏ nə tərif, nə də tənqid olmamalıdır. Bu söz birləşməsindəki "tənqid" araşdırma, incələmə, qiymətləndirmə meyarıdır. Yazıçının şəxsiyyəti, mövqeyi yox, bədii mətnin ədəbiyyata gətirdiyi məqamlar əsas götürülməlidir. Tənqidçi əsəri oxuyanda müəllifinin kimliyini unutmalıdır, obyektiv olmalıdır. Yazar da əsəri haqqında yazılan araşdırmanı tərif yaxud tənqid kimi yox, obyektiv qəbul etməlidir. Əgər bir əsər haqqında tədqiqat aparılırsa həmin tədqiqin mahiyyətindən, verilən qiymətdən asılı olmayaq artıq həmin əsər ədəbi prosesin subyektinə çevrilir və bu yazarın uğurudur.
Azərbaycan oxucusunu ədəbiyyatdan uazalqaşdıran və yaxud yaxınlaşdıran səbəblər...
-Müasir dövrün reallıqları, elmi-texniki inkişaf nəinki Azərbaycan, ümumən dünya oxucusunu ədəbiyyatdan uzaqlaşdırıb. Ədəbiyyat uzun müddət ərzində didaktik-əxlaqi əhəmiyyətə malik olması ilə yanaşı həm də əyləncə mənbəyi olub. Qədim zamanlardakı nağıl məclisləri, daha sonralar toylarda dastanların dinlənilməsi buna bariz sübutdur. İndi ədəbiyyatın əyləncə funksiyasını televiziya, internet öz üzərinə götürüb, ədəbiyyata yönələnlər isə onun maarifçi yönünü seçənlərdir. Bu səbəbdən bu gün oxucuların azlığı tendensiyasını ədəbiyyatın çöküşü kimi yox, əksinə elitarlaşması kimi qiymətləndirirəm.
Niyə kitab oxumaq dəbdə deyil? Yaxud kitab
oxumağın populyarlığını necə artırmaq olar?
-Qeyd etdiyim kimi, bu gün əyləncə yox, əxlaq, mənəvi dəyər və bilik axtarışında olanlar ədəbiyyata maraq göstərirlər. Məncə yazıçılarımız da kəmiyyəti yox keyfiyyəti əsas götürməlidirlər. Kitabın nə qədər satılması yox, nə qədər oxunması önəmlidir. Kitab oxumağın populyarlığını artırmaq üçün əyləncənin yox biliyin populyarlığına nail olmaq lazımdır, yazıçı-kumirlər yaranmalıdır.
"Esse və felyetonda çağdaş müəllif xətti"
yazısında Yunus Oğuz
yaradıcılığından bəhs etmisiniz. Yazarın müşahidə qabiliyyəti,
mahiyyətə varma və ən önəmli
məqamları qabartmaq, vurğulamaq
qabiliyyətini oxucunun diqqətini çəkən
məqamlardan biri kimi qeyd etmisiniz. Oxucunu müəllif başqa
hansı keyfiyyətləri ilə maraqlandıra bilər?
-Milli məqamları müasir kontekstdə, ultramodern təqdim etmək bu günün oxucusunu maraqlandıra, mətnə çəkə bilər. Lakin bu qurama, kalka şəklində olmamalıdır. Bu sintezi təbii şəkildə təqdim edə bilən müəllif azdır. Mətnin lakonikliyinə, mobilliyinə də diqqət artırılmalıdır. Yunus Oğuzun yazıçı kimi uğurunu şərtləndirən əsas məqamlardan biri onun mətnin mobilliyini təmin etməsidir. Yunus Oğuz bu mobilliyi həm mətn daxili amil kimi, həm də fiziki olaraq təmin edir. O roman janrının imkan verdiyi qədər həm dinamik, lakonik mətn yaradır, həm də öz əsərlərini bir yazıçı kimi təbliğ edir, görüşlər keçirir, kitablarını oxuculara hədiyyə edir. Xaricdə nəşriyyatlar yazıçını brend kimi ədəbi cameəyə təqdim edir, bizim ədəbi prosesin bu günkü - yenidən formalaşma etapında isə yazıçı özü-özünü brend kimi yaratmalı və təqdim etməlidir. Gələcəkdə bizdə də yazıçıların nəşriyyatlar tərəfindən brendləşdirilməsi və təbliği baş verəcək.
İndi maraqlı müəlliflərə
az rast gəlinir. Çoxu "qalmaqalla"
gündəmə gəlmək istəyir. Ortada
ciddi mətnlər isə demək olar ki, çox
azdı..
-Mən belə düşünmürəm. Yetəri qədər maraqlı müəllif , ciddi mətn var. Sadəcə olaraq yazarlar keyfiyyətli mətni ədəbi prosesə təqdim etməklə işlərini bitmiş hesab edirlər. Müasir dünya istehlak dünyasdır. Yalnız mahiyyət deyil forma da önəmlidir. Müəllif özü özünü brend kimi yaradıb təqdim etməyi bacarmalıdır. "Qalmaqal" da brend yaratmağın bir yoludur. Lakin ortada ciddi ədəbi mətn yoxdursa bu üsul heç bir işə yaramır.
Gənclərin
"iddialı" çıxışları fonunda zəif yaradıcılıq nümunələrini
necə təsvir etmək olar?
-Gənclik iddialı olmalıdır. Əgər belə olmasaydı inkişaf olmazdı. Zəif yaradıcılıq nümunəsi də ədəbiyyat faktıdır. Ədəbi prosesə nə isə yenilik gətirmək istəyirlər, alınmasa belə cəhd kimi təqdirəlayiqdir.
"Yazıçı
nəfəsi" əsərdə harda və necə duyulmalıdır
-Bu müxtəlif variantlarda təzahür edə bilər. Bəzən əsər elə
ancaq "yazıçı
nəfəsi"ndən ibarətdir.
Bəzən isə motiv
kimi, yaddaş kimi mətnə daxil edilir. Mənim fikrimcə isə əsl ustalıq "yazıçının nəfəsini
tuta bilməsi"dir.
Dünya ədəbiyyatının əsas klişeləri və Azərbaycan ədəbiyyatının bu
klişelərdən məhrum olduğu məqamlar...
-Mən bu cəhəti
ədəbi cərəyanların
təzahüründə görürəm.
Azərbaycan ədəbiyyatında müəyyən ədəbi
cərəyanlar ya əks olunmayıb ya da çox
gec təzahür edib. Fikrimcə, əgər ədəbiyyatımız
məcburən sosrealizmə
tabe edilməsəydi,
ədəbi proses öz qanunauyğun inkişafına uyğun olaraq bütün etapları keçə bilərdi və biz bu gün tam fərqli ədəbi mənzərəni müşahidə
edərdik.
Tərcümə ədəbiyyatı
haqqında nə deyə bilərsiniz?
-Müasir dövrdə tərcümə ədəbiyyatı
öz yüksəlişini
yaşayır. Amma bu daha çox kəmiyyət yüksəlişidir.
Buna baxmayaraq bu günkü tərcümə
ədəbiyyatının populyarlığını müsbət
qiymətləndirirəm. Tərcümədə keyfiyyət baxımından
naqislik olsa da mahiyyət daha önəmlidir. Bizim üçün yeni olan ədəbi nümunələrin öz
dilimizdə geniş auditoriyaya çatdırılması
gələcək ədəbi
prosesin, gələcək
intellektual oxucunun bazisini yaradır.
Müasir Azərbaycan ədəbiyyatı
nümunələrində zamanla
bağlı mövzu aktuallığının kasadlığını
müşahidə etmək
olar. Bu nə
ilə bağlıdır?
-Səbəb ənənədən,
klişeləşmiş mövzulardan
kənara çıxmaq
qorxusudur. Əbədi ədəbi mövzulardan kənara çıxmaq, mətnə və əks etdirilən həyat materialına müxtəlif aspektlərdən
yanaşmaq lazımdır.
Dəyişən dünyanın dəyişən
dəyərləri tam fərqli
bir zamanda yaşamağımıza səbəb
olub. Tarix və zaman çox sürətli və elastik bir formatdadır. Əslində bu kontekstdə
müasir ədəbiyyatımız
üçün aktual
mövzular çoxdur.
Qarabağ, Zəfər,
Şuşa bu gün bizim
ədəbiyyatın ən
aktual mövzularıdır.
Qarabağ mövzusu indi
tam yeni aspektdə - zəfər və qayıdış aspektindən
işıqlandırılmalıdır.
Zəfərlə bağlı
yazılan əsərlər
içində iki
ədəbi nümunənin
- Yunus Oğuzun "Çığır" romanını, Zahid Xəlilin "Dəmir Yumruq Dastanı"nı diqqət çəkdiyini
qeyd edə bilərəm.
Elnarə Qaragözova
Söhbətləşdi: Tural CƏFƏRLİ
Olaylar.- 2022.- 9-15 dekabr.- S.18.