MÖHTƏŞƏM ZƏFƏR
SALNAMƏSİ:
Naxçıvan ədəbi mühitində
Naxçıvan Azərbaycanın
həm qədim yaşayış-sivilizasiya, həm də mədəniyyət
mərkəzlərindən biridir. Ən qədim
dövrlərdən Naxçıvan zəngin folklor və ədəbi
mühitə malik olmuşdur. Bu
gün yaranan ədəbiyyat da çoxəsrlik ədəbi ənənələrin
davamıdır. Bu gün yaranan ədəbiyyatın
özünəməxsus səciyyəsi vardır.
Bugünkü ədəbiyyat müstəqillik dövrü ədəbiyyatımızın
davamıdır, lakin onun ən səciyyəvi olanıdır.
Quruculuq və inkişaf dövrünün xüsusiyyətlərini əks etdirən ədəbi inkişafın zirvəsini məhz bu gün formalaşan yeni ədəbi epoxa təşkil edir. Bu ədəbi inkişaf müstəqillik dövrü ədəbiyyatımızın Zəfər dövrünü təşkil edir. Xalqımızn 30 illik kədər, nisgil və ümid duyğuları üzərində yaranan ədəbi prosesdən zəfər duyğularını tərənnüm və əks etdirən yeni bir ədəbiyyat yarandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusunun şanlı qələbə müjdəsindən sonra yeni coşqulu bir dönəm təşkil edən bugünkü ədəbiyyatımız yeni Zəfər tariximizi yazır, onun sevinc, qürur, qəhrəmanlıq və s. motivlərini əks etdirir. Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev demişdir: "Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. ...Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi". 2020-ci il noyabrın 8-də elan edilmiş Qələbə böyük bir epoxaya, ədəbi inkişafa təkamül verdi. Xalq, Ordu və Lider birliyi milli tariximizin ən yaddaqalan dövrünü təşkil edərək Azərbaycanın qələbəsinə vəsilə yaratdı. Bu möhtəşəm Qələbə və Zəfər epoxasını Naxçıvan ədəbi mühiti də çox coşqu ilə ədəbiyyata gətirdi. Vaxtilə "Döyüş əmri ver mənə, Ali Baş Komandanım" deyən naxçıvanlı sənətkarlar da artıq qələbə və zəfər duyğularını ədəbiyyatın nüvəsinə, pafoslu təqdiminə çevirirdilər. İndi artıq ədəbiyyatın əsas məzmununu sevinc, qürur, məğrurluq, qələbə ruhu təşkil edir, əsas qəhrəmanlarını isə uzaqgörən zəkası, qətiyyəti və vətənpərvər mövqeyi ilə yeni mərhələ yaradan Müzəffər Ali Baş Komandan, vətənimizin və ümumən, dünyanın hərb tarixinə yeni, qızıl səhifələr yazan, böyük bir tarix yaradan qəhrəman, rəşadatəli Azərbaycan Ordusu, Azərbaycan əsgəri və zabiti, bir də bütün ruhu ilə lideri və ordusuna bütün ruhu ilə inanan və ona şübhəsiz dəstək olan Azərbaycan xalqı təşkil edir.
Bütövlükdə ölkəmizdə olduğu kimi, Naxçıvanda da ötən 2020-ci ildən etibarən ruhumuza sevinc və qürur duyğuları təlqin edən Zəfər ədəbiyyatı yaranmışdır. Məlumdur ki, bəzən ədəbiyyat illərlə ciddi bir mövzu üzünə həsrət qalaraq ictimai funksiya yerinə yetirə bilmir, mövzusuzluqdan əziyyət çəkir, sadə, kiçik məsələlərin ətrafında dönüb-dolaşır. Bəzən isə elə mühüm bir hadisə baş verir ki, nəinki poetik inikas təlatümü baş verir, hətta onun mövzusu illərlə ədəbiyyatın başlıca məsələsinə çevrilərək ətrafında ciddi və əsl bir ədəbiyyat formalaşır. 2020-ci ilin noyabr ayında xalqımızn çoxillik vətən tarixində baş verən Qələbə - Vətən Müharibəsi Zəfəri də məhz belə bir hadisə oldu. 44 gün çəkən Vətən müharibəsi noyabr ayının 10-da Azərbaycanın Qələbəsi və Ermənistanın kapitulyasiya aktına qol çəkməsilə nəticələndi. Azərbaycan xalqı üçün xüsusi mənəvi əhəmiyyət kəsb edən, müqəddəs rəmzi bir məna daşıyan Şuşanın noyabrın 8-də işğaldan azad edilməsilə Azərbaycan xalqının sevincinin həddi-hüdudu olmadı. Xalqımızın Zəfər bayramı ədəbiyyatın məhvərinə çevrildi və ədəbiyyatımızın yaradıcılıq təlatümünə səbəb oldu. Buna görə də ötən illər ədəbiyyatımız üçün başlıca mövzu xalqımızın Vətən müharibəsindəki qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi, eləcə də xalqımıza bu sevinci bəxş edən Müzəffər Ali Baş Komandan və xalqımızın qürur mənbəyinə çevrilən igid, qəhrəman Milli Ordumuz, şəhid və qazilərimiz oldu. Bu ədəbi hadisəyə fəal qoşulan Naxçıvanın şair və yazıçıları yeni əsərlərlə gündəmə gələrək ədəbi prosesə rövnəq verdilər. 2020-ci ildən etibarən Naxçıvan ədəbi mühitində çoxsaylı qiymətli bədii əsər və kitablar ərsəyə gəldi. Bu illərdə Naxçıvan ədəbi mühitində çap olunan bir sıra kitablarda əsas, başlıca mövzu xalqımızın qələbəsi idi. Xanəli Kərimlinin "Tanrı müjdəsi", İbrahim Yusifoğlunun "Mənə bircə gilə göz yaşı bəsdi", Ramiz Babayevin "Salam, Şuşa", Əbülfəz Ülvinin "Mən səni içimdən qovmamışm ki", Güllü Məmmədovanın "Şuşa Fatehlərin zəfəri. Xüsusi təyiantlılar", "Oğurlanmış Zəngəzur", Hüseyn Bağıroğlunun "Nə yaxşı göydədir hələ göy üzü", Təranə Arifqızının "Qarabağda 44 gün", "Sözün bayatı rəngi", "İçimdəki səs", Alməmməd Eldaroğlunun "Niyə belədir dünya", "Dağlar qartalı", "Vətən harayı", Safi Abdullanın "Mərmidən xatirələr", Şükür Qafarın "Savaş zəfərlə bitdi", Natiq Əlisoyun "Müharibənin görünməyən qəhrəmanları", Sabrina Gültəkinin "Şəhid Vüsalın dastanı", "Mahnın da, adın da dastana döndü", Rəqsanə Nəcəfovanın "İşğaldan qələbəyə 44 addım", Sərdar Zeynalın "Vətən, döyüşə başla" və başqaları kimi çap olunan kitablar məhz xalqımızın Zəfər tarixi və duyğularını uğurla əks etdirən əsərlərdirlər. Şair və yazıçılarımızın bu münasibətlə yazdıqları ayrı-ayrı şeir və ya digər əsərlərdə də zəfər duyğuları poetik əlvanlıqla ifdə edilmişdir. Elxan Yurdoğlunun "Zəfər himni", Qafar Qəribin "Mən Şuşanı gülən gördüm" kimi şeirləri məhz belə əsərlərdəndir.
Naxçıvan yazıçılarının ağsaqqalı, tanınmış şair Asim Yadigar qələbədən əvvəl "Döyüş əmri ver mənə, Ali Baş Komandanım" - deyə ümumxalq rəyini dilə gətirir, şərəf, ləyaqət döyüşünə çıxmağı arzu edirdi. Çünki xalqımızın işğal edilmiş torpaqlar, Xocalı soyqırımı kimi kədəri, dərdi var idi. Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərdən sonra isə şair müqəddəs yaşayış yerimiz olan Şuşaya getmək münasibətilə "Zəfər yolu" lirik poemasını ərsəyə gətirmişdi. Poemada Azərbaycan xalqının qələbə sevinci və qazanılan nailiyyətləri açılan Zəfər yolunun timsalında ümumiləşdirilərək ifadə edilirdi:
Ali
Baş Komandanım, yaşa, var ol, yüz yaşa!
Saldığın
Zəfər yolu tamaşadır, tamaşa,
Bu yolu
tutmalıyıq başdan-başa qumaşa.
Bu yol ata
arzusu - bu yol Öndər yoludur,
Bu yol
Şuşaya gedir, bu yol Zəfər yoludur!
Naxçıvan
ədəbi mühitinin istedadlı nümayəndələrindən
olan şair Xanəli Kərimli vaxtilə "Vur, əsgərim,
haqq sənin, həqiqət də sənindir" şeiri ilə
qələbə ümidlərini ifadə etmişdisə,
artıq "Bayrağını uca qaldır, ana vətən!"
poeması ilə Vətən müharibəsində
qazanılmış Zəfər duyğularını coşqu
ilə əks etdirirdi. Şair poemada Azərbaycan
xalqının mənəvi aləmində Qarabağın
müqəddəs yerinə diqqət çəkərək
onun itirilməzliyini poetik şəkildə ifadə etmiş,
onu Azərbaycan övadının "iftixarı, şərafəti,
qeyrəti, baş tacı" olaraq qiymətləndirmişdir.
Qeyd edək
ki, Zəfər mövzulu ədəbiyyatımızın
başlıca obraz - qəhrəmanları arasında ilk yeri Azərbaycanın
Müzəffər Ali Baş Komandanı İlham Əliyev
tutur. Əsərlərin bir çoxunda Müzəffər Ali
Baş Komandanın vətənpərvərlik
duyğuları, xalqına, vətəninə olan məhəbbəti,
ata vəsiyyəti qarşısındakı məsiliyyətli,
əzmkar fəaliyyəti, uzaqgörən, müdrik siyasəti
və s. tərənnüm və ya əks olunmuşdur. Bu
baxımdan şair Alməmməd Eldaroğlunun "Azərbaycan",
"Baş Komandan, Milli Ordu", "Günəşdən
bir zərrə", "Haqq yolu", "Vətən
oğlu" kimi şeirlərində Azərbaycan
xalqının qələbə sevinci, zəfər məğrurluğu,
milli qeyrət və qürur duyğuları yüksək
poetik pafosla əksini tapmışdır:
Qartalların
vurur halay,
Dağda-daşda
bir samuray.
Düşmən
salıb imdad, haray,
Baş
Komandan, Milli Ordu!
Bayraq uca,
uğur zəfər,
Qələbədi
yürüş, səfər.
O, müzəffər,
bu, müzəffər,
Baş
Komandan, Milli Ordu.
Müəllif
Azərbaycana uğurla rəhbərlik edən, hər sahədə
böyük qələbələr qazanan, 44 günlük Vətən
müharibəsində Böyük Zəfər əldə edən
Müzəffər Ali Baş Komandan İlham Əliyevə və
hünəri, döyüş məharəti və
bacarığı ilə tarixdə böyük ad
qazanmış Müzəffər Milli Ordumuza zəfər nəğmələri
qoşmuş, vətəndaş minnətdarlığını
ifadə etmişdir.
İstedadlı
qələm sahiblərindən olan Ramiz Babayevin "Mənim
qalib komandanım", "Ey Vətən, qələbə
günün mübarək", "Xoş gəldin,
Şuşam", "Sizi qovacağıq iti qovantək",
"Ağ atlı oğlan", "Haydı, irəli, qardaş",
"Əsgər marşı", "Əsgər məktubu",
"Şəhid anası", "Ölməz şəhidlər"
və digər şeirlər Vətənin bütövlük
və birlik ideallarından irəli gələn
duyğuları ifadə etmişdir. "Mənim qalib
Komandanım" şeirində Azərbaycan xalqına
uzaqgörənliyi ilə müzəffərlik, qalibiyyət bəxş
edən Azərbaycan Respublikasının Prezidenti, Qələbə
əzmli Ali Baş Komandan İlham Əliyevə həsr
olunmuş, ona olan ümumxalq sevgisi poetik ifadəsini
tapmışdır:
Vətənimin
vuran qolu,
Uzaqgörən,
məğrur, ulu!
Heydərimin
İlham oğlu,
Mənim
qalib Komandanım!
Naxçıvan
ədəbi mühitinin istedadlı qələm sahiblərindən
olan Əbülfəz Ülvinin "Əsl dostluğun rəmzi",
"Dəmir yumruq", "Xalqın bir xahişi var" kimi
şeirləri Qələbə əzmli Ali Baş
Komandanımız İlham Əliyevin rəhbərliyi
altında Milli Ordumuzun Vətən müharibəsində
düşmən üzərində qazandığı
şanlı qələbəyə həsr edilmişdir. Habelə
Təranə Arifqızının "Qarabağı ürəyimdə
gətirmişəm" , "İrəli, Ordum mənim",
"Zəfər nəğmələri yazılır
indi", "Əsgər qardaşıma",
"Gözün aydın, Qarabağım, qayıtdıq"
və başqa şeirlərində Azərbaycan
xalqının işğal edilən torpaqlarının həsrəti,
qələbə nigarançılığı ilə bərabər,
2020-ci ilin Zəfəri, Azərbaycanın Müzəffər
Ali Baş Komandanı və Milli Ordusunun şücaəti, qələbə
əzmkkarlığı və s. yer almış, poetik pafosla
tərənnüm edilmişdir. "Qarabağı ürəyimdə
gətirmişəm" şeirində Ali Baş Komandanın
döyüş əmri ətrafında birlik nümayiş
etdirən xalqın mübarizə həmrəyliyi uğurla
ifadə edilmişdir. İstedadlı şair və alim Sərdar
Zeynalın "Vətən, döyüşə
başla" kitabında şairin "Azad vətən,
qazanmışıq" şeiri Azərbaycanın 44
günlük Vətən müharibəsində Azərbaycan
xalqının qazandığı Qələbəyə həsr
olnumuş, otuz illik kədəri ürəklərdən silən
böyük Zəfər duyğuları tərənnüm
edilmişdir.
Bədii nəsrimizin nümunələrindən olan Güllü Məmmədovanın "Şuşa. Fatehlərin zəfəri. Xüsusi təyiantlılar", Safi Abdullanın "Mərmidən xatirələr", Şükür Qafarın "Savaş zəfərlə bitdi", Natiq Əlisoyun "Müharibənin görünməyən qəhrəmanları" kimi əsərlərdə xüsusilə Azərbaycan Ordusunda ləyaqətlə xidmət edən Naxçıvanın igid övladlarının döyüş yolu və xidmətlərindən bəhs edilmişdir.
Əlbəttə, hələ illər keçəcək, Zəfər coşqusu isə yaşayacaq və get-gedə alovlanacaq. Bu möhtəşəm tarixi qələbəmizi mövzu edən qiymətli əsərlər isə yaranmaqda davam edəcək, daha qiymətli əsərlər ortaya çıxacaq.
Ramiz QASIMOV
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə
fəlsəfə doktoru, dosent
Olaylar.- 2022.- 16 -22 dekabr.- S.19.