“Azərbaycanın sakral
coğrafiyası” silsiləsindən
Laçın-Xankəndi yolunun
müqəddəsliyi...
(XXVII yazı)
Qərbi
Azərbaycanın Qapan-Gorus nahiyələri
civarından, Qaragöl yüksəkliyindən
başlayan Laçın-Şuşa yolunun bir qolu
Xəlfəli kəndi və Xəlfəliçay
yatağının yamacında, sal
qayalı "Zəfər divarı"nın önündə
ayrılaraq Xankəndi şəhərinə istiqamətlənir. Tarixən Turan dövlətlərindən keçən
qədim "İpək yolu"nunun bir tirəsi bu coğrafi məkanlardan
uzandığından Haqq dərgahının
halal payı da əsrarəngiz,
füsunkar-Milli Təbiətimizin
payına düşüb, İrfani
Ziyarət ocaqları, zikr edilən İman kəlamları, Tutiya
torpaq-su sərvətləri ilə...Halallığı
Torpağında, Suyunda, Havasında və
Göy üzünün
aydınlığında yoğrulub bu yerlərin-Müqəddəs Əmanət olaraq...
Şuşa şəhərinə (rayonuna) Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın nahiyəsindən başlayan yol ("Beynəlxalq Ticarət-Səyahət dəhlizi"nə qovuşan yol) Həkəri çayının sol qolu olan və Qarabuğ dağından (2142 m) qaynaqlanan Yağlıdərə çayı yatağından başlayır (el arasında Laşın-Qala yolu da deyilir). Oroqrafik relyef strukturu kimi "Qarabağ dağlıq silsiləsi" (ən uca zirvəsi Qız qalası, 2843 m) adının morfogenetik mənşəyi də çox güman ki, bu "Qarabuğ" toponimi ilə bağlıdır. Mistik İlahi Ruhun hökmünə boyun (baş) əyən Qarabağ təbiətinə qovuşan coğrafi məkan və Ruhani duyğulu ocaqdır bu yerlər (bəlkə ona görədir ki, Qarabağ iqtisadi rayonu buradan başlayır Doğuya sarı).
Bu yolun üstündə, Qaladərəsi kəndi, Sarıbaba və Qırxqız dağlarının ətəklərində Dəlmələr yurdu olmuşdur, XIX əsrin sonuna qədər. Bərəkətli dəmyə əkin yerləri, xırman talaları qalırdı, yalçın, sərt qayaları, dərin dərələri, bulağı-şəlalələsi gözəl mənzərə yaratmışdır.
Qızlarqayası (Qız qalası) silsiləsinin güneyini tutan Torpağı da, Suyu da, Havası da, Göy üzü də Hallalıqdan Nur əmib-Keçəldağ aşırımının qərb ətəkləri və Qozlubulaq hövzəsi boyunca. "Qızlarqayası" orotoponimi Ruhun və Cismin Paklığın, İrfani Kamilliyin yolunda (İşığında) Canı-Nəfsi qurban verməyin timsalıdır, İlahi-Dualar yetişən məqamın sorağında Şəhid olanlara Şahidlik edibdir-2000 il əvvəl, yadların və kafirlərin ayağı bu müqəddəsliyə toxunmazdan, nəfəsi Zikr dolu havasına qarışmazdan qabaq.
Eynən Kəlbəcər və Laçın rayonları arasında uzanan Buzluq dağı (2528 m) misalında, yəni Su müqəddəsliyini seçdiyindəndir ki, bu dağın alt yapısında-qayalarındakı mağaralarda, zağalarda, kahalarda həm də İrfan yiyələri olub, ibadət mərasimləri keçirilib, Haqqın dərgahına dualar səslənib-yurdun uca yerlərindən... Buzluq dağının cənub-qərb yamaclarında-"Sarıyal yoxuşu"nda gecə-gündüz çağlayan-"zikr vuran" bulaqlardan biri də "Ocaq bulağı"dır.
Təsadüfidirmi...amma Haqq hökmünə şübhə yoxdur...
Bilinən odur ki, Qarabağ torpağında (başqa bölgələrimizdə olduğu kimi) da paklığın qorunması naminə müqəddəs ünvanlar seçilib hər dağ üçün, hər yaşayış yurdu üçün, meşəsinə, talasına görə.
Eləcə də bu cür oxşar, eyni mənalı yer adları digər doğma Türk ellərində də geniş yayılmış toponimlərə çevrilmişdir, onlardan biri də Laçın-Xankəndi yoluna bir qolu ilə qovuşan, Buzluq dağından keçməklə yetməsi mümkün olan Kəlbəcər elatının "Sarıyer yaylağı"dır. Bu yer Azərbaycanın Halallıq və Bərəkət rəmzidir. Dini-İrfani ocağı və Haqq işığı (yükü) bərəkətli sürülərinin yurdu-binəsi olub. Respublikamızın Küraltı rayonlarının (14-15-ə qədər) sürüləri hər il (1988-ci ilədək) bu yerlərdə yay mövsümünü keçirib, gül-çiçəyinin sanı qədər, ot örtüyünün sıxlığı qədər "bərəkət seli"nə bürünən vaxtları olmuşdur-İlahi payı ilə...
Vaxt olub bu yaylaqlarda (Qaratəpə, Gülyataq, Canyataq, Gəmiqayası, Gəlinqayası....) dəvə qatarları, sivri yallı at ilxıları olub, heyvanlar arana düşəndə quyruqlarını ("yüklərini") çəkə bilmirmiş, ot örtüyü boyca qısa və yağlı olduğundan Binələrin Bərəkəti aşıb-daşırmış. Hər gün səhər süpürülən küzü ocaqda şam kimi yandırıb-tərəkəmə elatı.
"Sarıyal yalağı"na bitişik "Sarıbulaq dağı" (3005 m) Su (Tərtər çayı burdan başlayır), Torpaq ("Qədim meşəliyi"nin Məşədi Tanrıverdi binəsi və yaxud 400-500 illik qoz ağaclarının qayaları əriş-arağac "kəsib-doğrayan" kökəri), Od (ətəyində Çıraq kəndi salınıb)...Müqəddəsliyinə bu qədər yaxınlığı Mistik hökmü kimi qəbul edilımişdir.
İlahi dərgahının hikmətindən, Mistik hökmündən söz düşmüşkən, 230-250 il əvvəl ticarət-karvan yolu üstündə (Borçalıdan Arazboyu mahallara uzanan bir yol burdan keşir) salınan Lolabağırlı Məşədi Tanrıverdi Məşədi Əliverdi oğlunun babası Bağır Pəhləvanın adınadır. Və onun yurdunda (qurşaq tutduğu meydanda) indi Laşın Beynəlxalq Hava limanı tikilir ...
"Sarıyer" adı Türkiyə Cumhuriyyətinin İstanbul şəhəri yaxınlığında bir kəndə də verilib.
Ümumiyyətlə, milli etimoloji toponim kimi geniş yayıaln "Sarıyal", "Sarıyer","Sarıbaba", "Sarıqaya"... adları dini-irfani məna kəsb etməklə, həm də xalq inancının məkan yeri, ziyarətgah ocağı kimi də qəbul edilmişdir. Bu amil dini təriqət sisteminin (xüsusilə Sufiliyin) yayılması, Bütöv Azərbaycanda geniş coğrafiya əhatə etməsini əsaslandırmış olur. Belə ki, Qərbi Azərbaycanın Qərbi Zəngəzur və İrəvan mahallarında Sarıbaba dağı, eləcə də eyni adlı ziyarət ocağı, Gümrü nahiyəsində Sarıbaş kəndi, Sürməli nahiyəsində Sarıbulaq kəndi, Basarkeçər nahiyəsində Sarıqaya dağı və Sarı Yaqub kəndi, Qaraqoyunlu dərəsində Sarıkənd...məhz etimoloji məna baxımından dini uyarlığı nəzərə alınmışdır.
Şuşa-Saryer yaylağı istiqamətində, Laçın rayonu, Lolabağırlı kəndinin quzey hissəsində, 200 m aralıda əski (ən azı 2000 illik tarixə malik) "Qəbirli qəbirstanlığı"nda müqəddəsləşdirilmiş heyvan təsvirli (at, qoç, buğa, dağ kəli...) başdaşları var idi, keçən əsrin 90-cı illərinədək... Həmin kəndin "Göl yeri" və Kalafalıq dərələrinin üstündə isə e.ə. II-I əsrə aid qədim Alban yaşayış məntəqəsinin 30-40 yurd yeri qalırdı.
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Bütöv Azərbaycanın hüdudlarında müqəddəs ziyarət ocaqları, ibadət və xanəgahları yerləşən məkanlarında beynəlxalq əhəmiyyətli ticarət yolları keçmiş-ibadət ocaqlarında İlahi duaları ilə Haqqdan xeyir-bərəkət diləmək niyyətinin ünvanı olmaqla.
Təsadüfi deyil ki, belə yolların biri də Qobustan nahiyəsinin (Bakı şəhərinin 60-70 km-də) "Qırxlar piri" deyilən yerdən-Qayıblar-Şayıblar dağı hövzəsində (40-a qədər müqəddəs ocağın yayıldığı ərazidə) keçmişdir.
Qarabağda Qırxqız dağının morfogenetik-toponimik mənşəyi ilə "Qırxlar piri" teotoponimi eynilik təşkil edir.
Qarabağın Sarıbaba dağının (2296 m) şima-şərq yamacları (2100 m hündürlüklü) boyunca axan bulaqların suyundan yaranan, Şuşa və Xocalı nahiyələrindən keçməklə (70 km uzunluqda) Qaraqar çayına soldan qovuşan Xəlfəliçay yatağının sahilləri, Xəlfəli və Qaybalı kəndləri sakral-irfani dünyadərkinə sahib çıxan İmanlıların zikr ocağı olmuşdur. İlahi hökmün mistik zəruriliyidir ki, dualar-zikrlər məkanı olan Sarıbaba-Xəlfəli-Qaybalı-Kərkicahan...bir Ruhani qurşaq üzrə yerləşmiş, minilliklər-yüzilliklər boyunca Halal-Bərəkət yolu olmuşdur.
Xəlfəli kəndindən Xankəndi yurduna getmək, çay üstündən keçmək üçün 1800 və 1831-ci illərdə tağlı iki daş körpü tikilmişdir, uzunluğu 6 m, eni 2-2,5 m, körpülərin yazısı da olub, amma haylar 1945-1950-ci illərdə yazılı daş lövhələri çıxardıb məhv etmişdilər.
Qaybalı kəndinin üst hissəsində isə qədim Alban məbədi olmuşdur, 1989-cu ildə Özbəkistanın Fəranə vilayətindən hay-daşnak sürüsünün fitnəsi ilə qovulan Məhsəti türklərinin bir neşə ailəsi Qaybalı kəndində məskunlaşmışdılar...
Dini-sakral düşüncənin və İlahi dərkin hökmü ilə bu ətrafda hətta kiçik obalar belə Ruhani məna daşıyıb, yəni Xəfəli və Qaybalı kəndləri arasındakı Xudaverdilər kəndi kimi, Şuşa şəhərindəki Mərdinli məhəlləsi ("Mərd imanlı" yozumunda) kimi...
Kərkicahan yaşayış məntəqəsi kimi həm də təbii-müdafiə, səngər kimi ətrafında meşə zolaqları ilə əhatələnib, qədim gözətçi ocaqları-kurqanlar tikilmişdir. Müdafiə qurğularının inşasında nadir dəmirqara ağacından (bərk oduncağa malik) istifadə olunmuşdur.
Şuşa şəhərinədək 8 km-lik məsafədə (Qarqar çayını keçməklə) qədim mədəniyyət-arxeoloji abidələrin axtarışı üçün zəngin tarixi-maddi mənbələr vardır. Qəsəbənin cənubundakı qəbirstanlığın tarixi 250-300 ildən çoxdur. Orada Bahadur Heydər oğlu İbrahimov (1913-2010, baytarlıq elmləri namizədi), Həsən Nurəli oğlu (1898-1960)... dəfn edilmişdir.
Göründüyü kimi, Laçın-xankəndi istiqamətindəki sayca azlıq təşkil edən coğrafi məkanların timsalında dini-sakral, maddi-mədəni və tarixi irs zənginliyi əski tarixi-coğrafi mənbələrlə yanaşı, yazıya alınması baxımından da kifayət qədər tarixi yükə malikdir.
...İstər-istəməz Şuşa nahiyəsinin 37 kəndinin irfani-ruhani zənginliyi, dini-iman bütövlüyü və Torpağının, Suyunun, Havasının, İşığının Haqqa tapınması və duyğusal zikrlə uyuması bir daha onu isbatlayır ki-
Azərbaycan oyaqdır,
Sərvətinə dayaqdır...
Çünki, bu Sərvət əcdadlarımızın əmanət payı olduğu kimi, həm də Haqqın klütfündən doğub, Dərgahından enib, İllah da ki, Şəhidlərimizin müqəddəs Al qanından yoğrulub...
P.S. Kəlbəcər rayonu ərazisindəki "Sarıyer yaylağı" uğrunda kafir-dinsiz hay-daşnak quldurlarına qarşı 05 avqust 1991-ci ildə aparılan döyüşlərdə əslən Cəbrayıl rayonu, Balyand kəndindən olan Akif Abbas oğlu Əkbərov (1952-1991) Şəhid olmuş və ölkə Prezidentinin 08 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
P.S.S. Dini-sakral dünyadərki və həqiqi imanlı müridlərin şərəfinə adlanan Xəlfəçay üzərindəki körpü (Şuşa şəhəri ilə Ağdam rayonuna gedən yolu birləşdirən) 07 oktyabr 1989-cu il tarixdə hay-daşnak terrorçusu Artur Artaşesoviç Amramyan tərəfindən partladılmışdır.
P.S..S. S. Qərbi Azərbaycanın Gümrü nahiyəsinin Sarıbaş kəndinin adı hay kilsəsi tərəfindən 1948-ci ildə dəyişdirilərək-"Haykasar", Qaraqoyunlu dərəsindəki Sarıkənd-"Sartyuk"...adlanır.
(Yazının
hazırlanmasında həm də Kəlbəcər rayonu, Lolabağırlı kənd sakini Hacı Bayram Paşa oğlu Verdiyevin (1936), Şuşa
şəhər sakini Rafael
Cümşüd oğlu
Ağayevin (1959) və Xankəndi şəhəri,
Kərkicahan qəsəbəsinin sakini Sabir Həsən oğlu
Əliyevin (1931) məlumatlarından istifadə
edilib).
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
Olaylar.- 2022.- 23 dekabr-5 yanvar.- S.17.