ROMANTİK SÖZÜN QÜDRƏTİ

- HÜSEYN CAVİD 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2022-ci il tarixli "Hüseyn Cavidin 140 illiyinin qeyd eilməsi haqqında" Sərəncamında mütəffəkkir şair, görkəmli dramaturq Hüseyn Cavidin şəxsiyyəti və ölməz irsinə ehtiramın ifadəsi olaraq  deyilir: "Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində "Cavid teatrı" kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur".

Azərbaycan ədəbiyyatında xüsusi mövqeyi olan Hüseyn Cavidin dram əsərlərinin dili çox zəngindir. Dram əsərlərinin dilinin ahəngdarlığı, axıcı ifadə tərzinin asanlığı, musiqililiyi diqqətəlayiqdir. O, canlı xalq dili qaynaqlarından bəhrələnməklə ədəbi dilimizi yeni-yeni söz və ifadələrlə leksik-semantik vahidlərlə zənginləşdirən qüdrətli söz sərrafıdır. Şairin poeziyasında onun öz dilinə xas olan sinonim, omonim, antonimlər silsiləsinə təsadüf edilir. Belə leksik, semantik vahidlər öz üslubi imkanları ilə poetik dilimizi zənginləşdirir.

H.Cavid əsərlərində bədii ifadə və bədii təsvir vasitələrindən məharətlə istifadə etməklə, dramlarının dilinin təsir gücünü birə-beş artırmış, oxucunun hər bir obraz, üzərində dəfələrlə düşünməyə vadar etmişdir. "İblis" əsərində İblisin dilindən deyilən bir parçaya diqqət yetirək:

Dəryalara hökm etmədə tufan,

Səhraları sarsıtmada vulkan,

Sellər kimi axmaqda qızıl qan,

Canlar yıxar evlər yıxar insan...

H.Cavidin mənzum dramlarının dili səslərin ardıcıl düzümü, səsləşməsi, sözlərin məna tutumu, morfemlərin sırası, sözlərin birləşməsi sıralanması baxımından çox zəngin dərindir. Burada bədii təyin xitabların üslubi-poetik rolunun da qabarıq olduğunu qeyd etmək lazımdır.

Yenə "İblis" əsərində Arifin dilindən deyilən bir parçaya nəzər salaq:

Dünyaları yoxdan yaradan, ey ulu tanrı,

Ey xaliqi-hikmət,

Duyduqca, düşündükcə olur qəlbimə tarı,

Min şübhəli hillət...

H.Cavidin dili, daha doğrusu leksikası Türkiyə türkcəsiylə zəngindir. Dramaturq bütün əsərlərində bu leksikadan istifadə etmişdir. Buna misal olaraq "İblis" faciəsindən bir parçaya diqqət yetirək:

Həp rəqs ediyor qanlı günə, qanlı üfüqlər,

Həp rəqs ediyor hala qəmər, pənbə şəfəqlər,

Rəqs etmədə hər şerü dəha, hüsni lətafət,

Rəqs etmədə yıldırlı fəra, ruhi təbiət.

Bundan başqa "Uçrum" faciəsindən bir parçaya diqqət yetirək:

Eşq atəşi can yakıyor,

Ürəkdən kanlar akıyor,

Tale mənə yan bakıyor,

Həm gülümsər, həm ağlarım.

Könlüm həp sızlar, həp inildər,

Xəzan fəryadını dinlər,

Alışdıqca keçən günlər,

Həm gülümsər, həm ağlarım.

H.Cavidin mənzum dram dili tək leksik cəhətdən deyil, həmçinin tələffüz norması, morfoloji sintaktik quruluşu, lüğət tərkibi ilə türkcəyə uyğun gəlir.

Dramaturqun mənzum dram dilini bədii intonasiya daha da təsirli edir.

eşq olaydı, aşiq, nə nazlı afət olaydı,

xalq olaydı, xaliq, nə eşqi-həsrət olaydı,

dərd olaydı, nə dərman, nə şur olaydı, nə matəm,

aşiqayeyi-vüslət, bari-firqət olaydı.

Yaxud

Atəşsiz, inan, nur olmaz sabitü qaim,

Atəş, günəş atəş, bəşəriyyət bütün  atəş,

Hər bir hərəkət, məbdəi-xilqət bütün atəş...

Zərdüştü düşün fəlsəfəsi, fikri, dühas.

Yüksək pafos, hiss-həyacan ifadə edən sözlərdən, söz birləşmələrindən istifadə, təkrarlara meyl və s. H.Cavid dilinin keyfiyyətini müəyyənləşdirən əsas əlamətdir:

Ah, Xavər, Sana kim qıydı gülüm.

Mən dururkən sənə layiqmi ölüm?

Onlar, ey vah, o səfil insanalr,

Qəlbi, vicdanı sönük qaplanlar...

Yaxud

Ya sirr.? Ey insanlığı təhqir edən,

Duyğusu, vicdanı sönüklər...

H.Cavidin dil-üslub xüsusiyyətləri öz dövrünün romantik şairlərinin dil üslubundan çox fərqlənir. Əgər Cavid öz əsərlərində Türkiyə türkcəsindən istifadə etmişdirsə, Hadi ərəb və fars dilinə meyl edən şair kimi qarşımızda canlanır. Hadinin yaradıcılığında mənası anlaşılmayan sözlərə rast gəliriksə, Cavid türkcədən istifadə edərək sadə, el dilində mənası başa düşülən ifadələr işlətməklə öz əsərlərinə müəyyən şirinlik, musiqililik gətirmişdir. Cavidin yazdığı fikirlərdə bir oynaqlıq, axıcılıq duyulur. Bu da oxucuya yüksək hisslər aşılayır.

H.Cavidi özündən əvvəlki sonrakı məsləkdaşlarından fərqləndirən cəhət onun əsərlərinin dil-üslub xüsusiyyətləridir. O, canlı xalq dilinin ifadə tərzində yazıb-yaradn sənətkar kimi diqqəti cəlb edir. Bədii dil nümunəsi şairin əsərlərinin hamısında eyni səviyyədə öz əksini tapmışdır. Ədib daramlarında bədii sualdan məharətlə istifadə etmişdir. Sual cümlələrini cavab almaq məqsədiylə deyil, nə isə demək məqamında işlədilməsi, nəqli cümlələrin emosional ekvivalenti kimi istifadə edilməsi ədəbi, bədii dilin, xüsusən, onun  bədii üslubunun inkişafı ilə bağlıdır. H.Cavid dili üçün isə bu adi haldır. H.Cavid sual cümlələrinin  bütün formalarından bu məqsədlə istifadə edir, həm də təsadüftən-təsadüfə deyil, tez-tez istifadə edir:

Gəldin,de, neçün pənbə buludlar kimi axdın,

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Şimşək kimi çaxdında, de neçün könlümü yakdın,

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Ah, bilək ki, bu aləm nərəsi?

Mana bir söylə, cəhənnəm nərəsi?

Şu sönük qəlbimə atəş dilərim,

Ağlamaq istərkən həp gülərim.

H.Cavid "Iblis" faciəsində insanın daxilində olan xeyirlə şər qüvvələrin mübarizəsi çılğın ehtiraslara qarşı mübarizə, hakimiyyət, şəhvət və zülm kimi qorxunc hisslər bədii ifadə vasitələrinin köməyilə böyük ustalıqla verilmişdir:

Dəryalara hökm etmədə tufan.

Səhraları sarsıtmada tufan,

Sellər kimi axmaqda qızıl qan,

Canlar yıxar, evlər yıxar insan...

Misal gətirdiyim bu parçada "Dəryalara hökm etmədə tufan" - metafora, "Sellər kimi axmaqda qızıl qan" - teşbehdir.

Cavidin dramlarının dili yüksək inkişaf mərhələsində olan mükəmməl ədəbi dildir. Sözlərin dəyişməsi, sözlər arasındakı əlaqə vasitələri, söz yaratma üsulları tam sistem halındadır. Leksik sinonimlər, semantik cərgələrdə səsləşən sözlər, əsasən, bir ümumi məram bildirən eynicinsli vahid sözlər və s. kimi dil faktlarının işlənmə məqamları Hüseyn Cavid yaradıcılığına səciyyəvilik qazandıran əsas elementlərdir.

Bir sözlə, H.Cavid Azərbaycan şerinə başaq bir hava gətirdi. Bu haqda Rəfiq Zəka Xəndan yazırdı ki, elə buna görədir ki, ona qədər Cavid üslubunda yazan sənətkara rastgəlinmirdi.

Nəticə olaraq onu vurğulamaq lazımdır ki, Cavid yaradıcılığı istər şəkil, istər məna baxımından, şeirimizdə açdığı inqilab bu gün belə təsirini saxlamaqdadır. Səslənmə ifadə deyilişi baxımından təzədir, yaddaqalımlı oxunaqlıdır, oxucu üçün hər oxuduğunda yenidir.

 

ZÜLFİYYƏ İSMAYIL

dosent,

AMEA Naxçıvan Bölməsi

 

Olaylar.- 2022.- 23 dekabr-5 yanvar.- S.18.