CİNQUŞ-ƏMZİK…
Felyeton
İşə təzəcə
gəlmişdim ki, qapı döyüldü. "Gəlin"
deyəndən sonra içəri otuz-otuz beş yaşlı,
üzü təraş edilmiş (indiki gənclərin
çoxu tənbəllikdən üzlərini qırxmırlar
ki, bəs indi belə dəbdir) gənc daxil oldu.
-Müəllim,
olar!
Müəllim
olmasam da, "buyurun əyləşin" dedim. Gənc əyləşdi.
Hiss etdim ki, bunun dərdi işsizlik, təqaüd dərdi
deyil. Geyimi-kecimi yerində idi. Aşıqlar demişkən,
bunun dərdi alayıdır.
Oturan kimi
üyüdüb tökdü:
-Müəllim,
mən ZAQS-dan (evlilik şəhadətnaməsi verilən qurumu
nəzərdə tutur) şikayətçiyəm.
Soruşdum:
-Neyləyib
sənə, toyuna icazə vermir, ya nədir?
Gənc
guya utanırmış kimi cavab verdi:
-Yox,
müəllim toyumu etmişəm, subaylarınıza qismət
olsun, bir həftədir buz baltası kimi bir oğlum da
dünyaya gəlib, problem də bundan sonra başlayıb. Mənim
dərdim oğluma ad qoymaq dərdidir. Ona ad verirəm, ZAQS-da
deyirlər, belə ad bizim siyahıda yoxdur.
Maraq məni
bürüdü, çünki redaksiyaya adqoyma məsələsinə
görə çox şikayətlər daxil olurdu.
-Adi ilə
böyüsün, nə ad qoymaq istəyirsən,
övladına?
-Cinquş.
Marağım
təəccübə çevrildi. Fikirləşdim ki, bəlkə
mən səhv eşidirəm. Dəqiqləşdirmək
üçün bir də soruşdum:
-Nə, nə
dedin?
Gənc
qızıl-qırmızı təkrar etdi:
-Cinquş.
İstədim
bir şaqqanaq çəkib güləm, özümdən
asılı olmadan quş kimi qıy vurdum... Ciy... cin...
qıy... quş..."
Yəqin
ki, səsimdən işçilər diksindilər, amma
büruzə vermədilər. Özümü toparlayıb
soruşdum:
-Niyə
bəs Cinquş?
-Bilirsən
müəllim, uşaqların anası danışır ki,
dönə-dönə üzr istəyirəm, uşaq bətndən
çıxandan sonra elə qışqırıb, elə
qışqırıb, elə əl-qol atıb, sanki cin
dünyaya gətirib. Düz bir həftədir
qısqıra-qışqıra hələ də əl-qol
atır. Öz-özümə fikirləşdim ki,
böyüyəndə bu gədədən nəsə
çıxacaq. Çörək qazanmaq üçün cin
kimi özünü oda vuracaq, közə vuracaq, quş kimi
hara gəldi qonacaq. Adı ömrünə uygun olsun deyə qərara
aldıq ki, elə "Cinquş" adlandırsaq
yaxşı olar.
Sol əlimi
alnıma vurub gözlərimi masaya dikib ürəyimdə
dedim: "Ayə, gör hansı zəmanəyə gəlib
çıxdın, Mirzə? Day bundan o tərəfi
yoxdur". Sual verdim:
-Adın
nədir, bəy?
-Yanardağ.
-Bəs
xanımının?
-Neştər.
Az
qaldım odlanım, ancaq başımı qaldırıb onun məsum
gözlərinə baxanda başa düşdüm ki, bu
gözlərdə cahillik və nadanlıq var.
Yenə səbrimi
basıb dedim:
-İndi
belə çıxır ki, sən də ömrünü məşələ
çevirmisən, Yanardağ kimi gecə-gündüz
yanırsan, xanımın da arı kimi hamını sancır.
- İstədim deyəm ki, bütün arılar bal(a) vermir,
ancaq sancmaqla məşğul olurlar, demədim. - Ə
zalım oğlu, zalım, uşaq dünyaya gələndə
qışqırar da. Qışqırmırsa, əl-qol
atmırsa, deməli ölü doğulub. Bax,- müdrik
görkəm aldım, - uşaq ağlayanda,
qışqıranda anası neyləyir?
Fikirləşmədən
cavab verdi:
-Döşündən
süd verir.
-Ay
sağ ol, yəni ananın döşündən süd əmir.
Elə isə gədənin adını "Əmzik" niyə
qoymursan? Özün demişkən cin kimidir. Bir az bicliyi, bir
az gicliyi. Böyüyəndə məmur olmağın yolunu
tapar. Sonra da dodaqlarını yapışdırar büdcə
borusuna, əmdikcə əmər. Hə necədir
"Əmzik", yoxsa "Cinquş?" Vallah bizdə bunun
başqa anlamı var. Ondansa "Alarvad" qoy. O da cinin...
Sözümü
kəsdi.
-Müəllim
"Alarvad" keçmir, e, o adda arvad sözü var,
tay-tuşu məsxərəyə qoyar.
Baxdım
ki, cahil, nadan bunun yanında toya getməlidir. Ciddi-ciddi dedim:
-Onda
uşağın adını qoy ya "Fürsətçi",
ya da " Güdükçü". Sən istədiyin
işə yarayar.
Gözlərini
üzümə dikib, nəsə soruşmaq istədi , amma cəsarət
etmədi.
-Bax-dedim-deyirsən
ki, istəyirəm övladım cin kim özün ora-bura
vursun, mən yaşadığım həyatı
yaşamasın, yüz kişidən biri olsun,eləmi?
-Müəllim,
lap elə bil ürəyimi oxudun. Elə mən də bayaqdan
bunu demək istəyirəm.
-Hə,
lap yaxşı, -onu həvəsləndirdim,
-"Güdükçü", "Fürsətçi"
kimi adlar pis deyil. Böyüyəndə "adam" olmaq
üçün fürsət gözləyir, lazım olan vəzifəli
adamları güdər. Onların vəziyyəti yaxşı
olanda "dədəm-anam sənsən" deyər, təndirin
qırağında, ocaq başında özünə yer eləyər,
gün ağlayar. Hər yerdə sayılır. TV-lər,
saytlar, qəzetlərin dilindən düşməz, hörmətli
kişilərdən biri olur. Elə ki, bu vəzifəlinin vəzifə
ömrü bitir, yəni ayağına daş bağlayıb
atırlar quyunun dibinə, o da həmin daşdan da
böyüyünü götürüb atır quyunun
içinə. Həm də deyir "Di get". Sonra da əlinə
balta alıb həmin vəzifəlini gecə-gündüz
arxasınca baltalayır. "İt əl çəkir, motal əl
çəkmir". Yazıq can verir, o isə uf demədən
yenə baltalayır. Bunu ona görə edir ki, güdsün,
fürsət düşən kimi yenə bir vəzifəlini girəvələsin.
Hə necədir bu adlar; "Güdükçü, ya da
"Fürsətçi"?
-Müəllim,
yaxşı sözlər danışırsan, bəlkə
ehtiyatda başqa adlar da var.
Baxdım
ki, bu lap zır nadandır. Dedim:
-Hə
bir-iki ad da var. Amma onlar da qoy sonraya qalsın.
Əl
çəkmədi.
-Sən o
adları söylə, mən gedim arvadla hamısını
"optovoy" (topdan) məsləhətləşim.
-Əşi,
səndən yaxşı oğlana bu adları ərmağan
etməyəcəm ki, halal xoşun olsun, götür apar.
İkisini də deyim, gör hansı ağlına batır.
"Dibçək", ya da "Parnik" (istixana), ancaq mənasını
uzun-uzadı soruşma. Qısa deyim ki, dibcəyin kökü
torpağa bağlı olmur, kökü torpağa dəymədiyindən
keçmişini, ata-anasını unudur, bəzən onlardan
imtina edir, ancaq məmurluğa-zada yarayır, hər yerdə
ona yaşıl işıq yandırırlar. Elə istixana da
onun kimi. Bunun fərqli cəhəti ondadır ki, bu uşaq nə
gün, nə də soyuq-qar görsün. Onun
üçün temperatur eyni olmalıdır. O da çörək
qazananlar sırasına aid edilir.
Yanaqdağ
gözləmədiyim halda etiraz etdi:
-Yox
müəllim, sonuncu bu iki addan imtina edirəm.
Ömrümü Yanardağ kimi ona sərf edim, o da sonradan məndən
imtina etsin. - Başını buladı, - Yox istəmirəm.
Gedim evdə məsləhətləşim.
Təşəkkür
edib ayağa durdu, şəhər telefonumu da istədi, verdim.
Üç
gündən sonra mənə zəng etdi:
-Salam
müəllim,-sevinclə dilləndi, - uşağa sayənizdə
ad tapdıq. Razı olmasalar, məhkəməyə verəcəm.
-Hə, nə
yaxşı, hansı adın üstündə
dayandınız?
Fəxrlə
dilləndi:
-Cinqus-əmzik,
qoy məmur olsun... Hə, di sağ ol!
Düd...
düd... düd...
Özüm-özümə
bircə kəlmə deyə bildim:
-Dəlinə
şükür, ilahi!
02.02.2022
YUNUS OĞUZ
Olaylar.- 2022.- 4-10 fevral.- S.13.