VƏTƏN OĞLU...

 

Müharibənin nə olduğunu, necə davam etdiyini  filmlərdə görmüşdü. Birinci Qarabağ müharibəsinin iştirakçılarından, qazilərindən eşitmişdi ki, müharibənin alovu, şiddəti ilə yaşayanlar onun qan qoxusunu bir ömür özləri ilə daşıyırlar.

Qulaqlarında top-tüfənf səsi, gözlərinin önündə atəş qığılcımı, ürəklərində şəhidin son istəyi olan müharibə iştirakçısı bu həyatın hər cür gərdişinə tab gətirir, əyər-əskiyini görməməyə çalışır, ya da həmin çətinliyin üzərinə  gedir. bütün bunlar bəzən ona reallıqdan uzaq görünürdü. Bəzən də ona elə gəlirdi ki, bu deyilənləri, sanki, ruhunda daşıyır. Bəlkə də bu ondan irəli gəlirdi ki, uşaq yaşlarından ürəyində bir müharibə səhnəsi qurmuşdu. Haçansa onun reallaşacağına inanmışdı. Böyüdükcə hiss edirdi ki, həmin səhnə ürəyində yuva qurmaqla yanaşı,  həm də yaddaşına hopub. Hərdən  yaddaşındakı bu səhnəni silməyə çalışsa da mümkün olmurdu. Özü uydurmuşdu, axı. "Bəs, nə zaman müharibə başlayacaq? Düşmən üzərinə gedib torpaqlarımızı niyə almırıq? Görəsən müharibəyə başlayacağımız günü görəcəyəmmi?" kimi suallar hər zaman beynində dolaşıb, cavab gözləyib. Nəhayət həmin gün gəldi.  2020 - ci il sentyabrın 29-da suallarının cavabını aldı. Həmin gün müharibəyə yollandı...

Ağcabədi rayonunun Bədəlli kəndindən yola çıxan Samir Hüseynov Füzulidən Laçına qədər döyüş yolu keçdi. Bu yolda nələr görmədi?!  Bir vaxtlar ürəyində qurduğu müharibə səhnəsini real yaşadı, bu, artıq xəyalında qurduğu müharibə deyildi. Burada o, düşmənlə üz-üzə gəldi, səngərin soyuğunu canına hopdurdu, günlərlə yatmadı, qaldı, susuz qaldı, amma düşməni məhv etmək, torpaqlarımızı onların əlindən almaq istəyini bir an olsun unutmadı, ölümün gözünün içinə dik baxdı, qorxmadı. Samir artilleriya kəşfiyyatçı idi. O, deyir:

-Əsgər yoldaşlarıma doğru-düzgün məlumat verməsəydim bütün planlar alt-üst olardı. Bunun üçün qorxmazlıq nümayiş etdirmək gərəkdi.  Döyüşdə qorxu hissi, əlbəttə, olur. Amma kəşfiyyatçı bir an olsun belə həmin hissin altına düşməməlidi. Əks halda heç bir məlumat əldə edə bilməz. Elə olurdu ki, düşmənin lap yaxınlığında olurdum, az qala nəfəs-nəfəsə dayanırdım. Bu anlar çox təhlükəli olurdu. Bəlkə də həmin təhlükə idi ki, insan canavara dönürdü. Elə oradaca düşmənin üstünə atılmaq istəyirdim. Amma olmazdı. Kəşfiyyatçılıq görünməzlik deməkdi. Səssiz dayanmalısan, səbrli olmalısan. Yəni artilleriya kəşfiyyatçısı hər şeyi  görməlidir, amma iz buraxmamalıdır. Kəşfiyyat zamanı mümkün qədər silahdan uzaq dururdum. Baxmayaraq ki, bütün silah və texnikadan istifadə edirdim. O anda isə olmazdı. Düşmən mövqeyinin  lap yaxınlığında düşmənin özü ilə təkbaşına döyüşürsən. Məğlub olmaq haqqın yoxdu. Ona görə də düşmən bizim silahımızdan çox, kəşfiyyatçıdan qorxurdu.

Döyüş yolu çox təhlükəli və qorxulu yoldu. O yolda addımlayanların ürəyində Vətən sevgisi, torpaq məhəbbəti, millət eşqi  daim yanmalıdı, sönməyən alov kimi igid oğulların önünü işıqlandırmalıdı.  Samir də həmin igidlərdəndi. Onun uşaq vaxtlarından ürəyində bəslədiyi qığılcım Vətən Müharibəsində alov oldu. O, müharibəyə yollananda evdə iki körpəsini qoymuşdu. Yolunu təkcə valideynləri deyil, həm də həyat yoldaşı ilə birlikdə qızları Leyla, Jalə də gözləyirdi. Samir övladarını bir an olsun yaddan çıxarmırdı. Bilirdi ki, Azərbaycan Ordusunun  əldə edəcəyi Zəfər onun  övladarının gələcəyi üçündü. Qızlarının xoşbəxtliyində işğaldan azad olunmuş torpaqlarda gəzmək, yaşamaq kimi bir üstünlük olacaq. Samir bunun üçün döyüşürdü, bunun üçün ölməməyə çalışırdı. Samir deyir ki, Vətən yolunda şəhid olmaq xoşbəxtliki. Müharibə bitir, sən isə heç bir zaman yaddan çıxmırsan, şəhid  ruhun Vətən səmasında dolaşır, əziziərinin başı üzərində onlara keşik çəkirsən, sanki. Ama mən şəhid olmadım. Bu da Allahın mənə verdiyi lütfdü. Ömrümün sonunacan balalarımın gözünün içinə dik baxacam, onların fəxr və qürur yeri olacam. Mən bunu bilirəm.

Həmin günlərdə 30 yaşlı Samir  üçün  Ali Baş Komandanımızın "Qarabağ  Azərbaycandı!" deyimi Vətən şüarı idi. Beynində, zehnində kök atan bu sözlər onu döyüşdən döyüşə apardı, qələbədən qələbəyə ruhlandırdı. Bu gün böyükdən kiçiyə - hər kəsin dilində əzbər olan bu şüardakı "Qarabağ" və  "Azərbaycan" sözlərindən qiymətli, sevimli, gözəl bir söz varmı?  Məncə, yoxdu. Dünyanın bütün nöqtələrində yaşayan  soydaşlarımız belə həmin günlərdə  bu iki kəlmənin sehrində idilər.  Nə qədər möcüzəli, cazibəli sözlərdi, deyilmi?! Sair  də bu sözlərin  cazibəsi, Vətən sevgisi və düşmənə nifrət hissindən doğan bir gücün təsiri ilə qorxmaz, cəsarətli, döyüşkən ruhlu Azərbaycan oğlu olaraq mənfur düşməni torpaqlarımızdan "iti qovan kimi" qovanlardan biri oldu. Müzəffər Azərbaycan Ordusunun əsgəri olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, cəsarətindən və mərdliyindən ilhamlanan bu DÖYÜŞÇÜ oğlan öz adını Vətən Müharibəsi tarixinə yazan minlərlə Azərbaycan oğlundan biridi.

Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad olunmasında Samirin payı var. Necə deyərlər, son dayanacaq yeri  Laçının Güləbird kəndi oldu. Ordan evə - ailəsinin yanına qalib Vətən Oğlu olaraq  döndü. Bu Vətən Oğlu "Qubadlının azad olunmasına görə" və  "Cəbrayılın azad olunmasına görə" görə medalları ilə təltif olunub.

Samir mebel ustasıdı. 40 ilin ustası qədər peşəkardı, dəqiqdi.  Onunla söhbət edərkən Çanaqqala qazisi Əli Dəmirəl yadıma düşdü. Əli Dəmirəl mebel ustası idi. Savaş vaxtı türk əsgərlərinin tüfənginə ayna (güzgü) düzəldib qoyurmuş. Həmin tüfənglər aynalı tüfəng adlanıb. Samir Hüseynovla Əli Dəmirəli birləşdirən ortaq nöqtə təkcə mebel ustası olmaları deyil, həm Vətən aşiqləridi. Bu gün Samir Hüseynovun eyni sevdasının yanında qürurla daşıdığı başqa bir ad da var:

Vətən  Oğlu!

 

Züleyxa NADİR

 

Olaylar.- 2022.- 4-10 fevral.- S.14.