Böyük tarixçi

 

Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər salsaq görərik ki, dövlətçilik, azərbaycançılıq, milli məfkurə uğrunda mübarizə aparan, milli dəyərləri üstün tutan, bu yolda inamla irəliləyən, xalqın mənəvi tərbiyəsində önəmli mövqe tutan şəxsiyyətlər hər zaman aparıcı rola malik olublar. Milli dəyərlərimizin inkişafı və qorunması işində xalqımız görkəmli şəxsiyyətlər yetişdirə bilib. Belə görkəmli şəxsiyyətlərdən biri ömrünün yarıdan çoxunu Azərbaycan tarix elminin inkişafına həsr edən Yaqub Mikayıl oğlu Mahmudovdur.

Yaqub Mahmudov 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 1962-ci ildə Tarix fakültəsi Elmi Şurasının xüsusi qərarı ilə orta əsrlər tarixi ixtisası üzrə aspiranturada saxlanılıb. O zaman sovet dövrü tarixinin öyrənilməsi populyar idi. Lakin buna baxmayaraq, Yaqub müəllim "Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Elmə mühüm yeniliklər gətirdiyinə görə Elmi Şura ona birbaşa tarix elmləri doktoru elmi dərəcəsinin verilməsini qərara alıb. Amma buna qısqanclıqla yanaşan bəzi tarixçilərin təzyiqi ilə bu qərar BDU-nun Böyük Elmi Şurasında təsdiq edilməyib və o, universitetdə işlə də təmin olunmayıb.

Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini vəzifələrində çalışıb. O vaxt Azərbaycanın öz xəritə fabriki yox idiSSRİ-nin, demək olar ki, bütün xəritə fabrikləri ermənilərin inhisarında idi. Ona görə də Yaqub müəllim Azərbaycanın ilk tarix xəritələrini Xalq şairi Rəsul Rzanın yaxından köməyi ilə SSRİ-də ermənilərin təsiri altında olmayan yeganə xəritə fabrikində - Kiyev Xəritə Fabrikində nəşr etdirib. Xəritələrin nəşrindən sonra - 1972-ci ildə Azərbaycan Ensiklopediyasının Baş redaksiyası tərəfindən "Azərbaycan SSR xəritələri" atlası çap olunub. Belə bir vaxtda "Azərbaycan SSR xəritələri" atlasının işıq üzü görməsi Azərbaycan elminin çox mühüm uğuru idi. Atlasa daxil edilmiş Azərbaycanın ilk tarix xəritələri - Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və digər Azərbaycan dövlətlərinin xəritələri isə sovet dönəmi üçün görünməmiş yenilik idi. Sonralar həmin xəritələr ilk "Azərbaycan tarixi atlası"na (2007) və "Azərbaycan Respublikasının Milli Atlası"na (2014) da daxil edilib.

Yaqub müəllim Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində, o cümlədən qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak edib. Hələ 1991-ci ildə - Azərbaycanda fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu dövrdə onun rəhbərliyi ilə orta ümumtəhsil məktəbləri üçün ilk "Azərbaycan tarixi" proqramı nəşr olunub. O, 1991-1992-ci illərdə Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Müstəqillik dövrünün ilk "Azərbaycan tarixi" və "Orta əsrlər tarixi" dərsliklərinin (orta ümumtəhsil məktəbləri üçün) yaradılması da onun adı ilə bağlıdır.

Yaqub Mahmudov 2004-2021-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru olub. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. Onun Tarix İnstitutunun direktoru olduğu dövrdə Azərbaycan tarix elminin təhriflərdən və saxtalaşdırmalardan təmizlənməsi sahəsində mühüm uğurlar qazanılıb.

O, tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb. Onun rəhbərliyi ilə "Azərbaycan tarixi ilk mənbələrdə" layihəsi reallaşıb və respublikaya Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Böyük Britaniya, Almaniya, Hindistan və digər ölkələrdən on minlərlə arxiv sənədi gətirilib. Bu sənədlər nəticəsində sübut edilib: ermənilər Azərbaycana çar Rusiyası tərəfindən XIX əsrdə köçürülüb, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb, Stepan Şaumyan "Daşnaksütyun" partiyasının Bakı komitəsinin üzvü olubo, "26 Bakı komissarı" sırasında güllələnməyib. 2013-2018-ci illərdə Yaqub Mahmudovun təşəbbüsü və dünyanın görkəmli alimlərinin iştirakı ilə Bakı, Quba, Şamaxı, Lənkəran və Qusarda 5 beynəlxalq soyqırımı konfransı keçirilibbu konfranslara Prezident İlham Əliyev müraciətlər ünvanlayıb. Onun yüksək ixtisaslı tarixçi kadrların yetişdirilməsi sahəsində də mühüm xidmətləri var. O, diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb. Onun elmi rəhbərliyi ilə 65 nəfər fəlsəfə və elmlər doktorları yetişib.

Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın "böyük alimi", "böyük tarixçisi" adlandırıb.

Yaqub Mahmudov Azərbaycan Respublikasının "Şöhrət" (1999), "Şərəf" (2009) və 1-ci dərəcəli "Əmək" (2019) ordenlərinə layiq görülüb. O, Azərbaycanın Əməkdar elm xadimi və Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, "Yusif Məmmədəliyev", "Rəsul Rza", "Qızıl qılınc", "Qızıl qələm", "Samir Əsgərxanov", "Humay", "Gənclərin dostu" və "Ekologiyanın dostu" mükafatları laureatıdır.

O, təkcə Azərbaycanda deyil, həm də dünya miqyasında tanınır. Onun əsərləri indiyədək 15 dilə - türk, ingilis, rus, alman, ərəb, fars, fransız, gürcü, ibri, ispan, italyan, polyak, ukrain, urdu və rumın dillərinə tərcümə edilib. Beynəlxalq Sokrat Komitəsi 2012-ci ildə onu dünya elminə verdiyi töhfələrə görə "Elmdə ad" ("The Name in Science") fəxri titulu və "Dünya elminə töhfə" ("For contribution to world science") medalı ilə təltif edib. Bununla da, o, XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilib.

Yaqub Mahmudov bu gün də - yaşının müdrik çağında qələmi yerə qoymur, böyük iradə nümayiş etdirirelm yolunda üzüağ, alnıaçıq irəliləyir. Yaqub müəllim, Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuruq. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirik. Var olun!!!

 

Məqalənin müəllifləri:

 

tədqiqatçılar Emin Məlikov,

Nazim Xəlilov və Elnur Nəciyev

 

Olaylar.- 2022.- 4-10 fevral.- S.19.