İlhan
Aşkının AŞKI
İlhan Aşkın. 2000-ci ilin əvvəllərində
jurnalistikaya gəldiyim zaman eşitmişdim bu adı. Tomris Azəri,
Ayhan Dəmirçi, Mustafa Əlincə, Bilal Dündar kimi
diasporun ağır toplarından sayılırdı. Əslində
indi də elədir.
Sonradan
diaspora mövzusunda cızma-qara edəndə Onun fəaliyyəti
ilə daha yaxından tanış oldum. Niderland
Krallığında Azərbaycanın haqq səsinin Avropaya,
dünyaya çatdırılmasındakı fəaliyyətindən
tutmuş, bu ölkədə Xocalı soyqırımı
qurbanlarının xatirəsinə abidənin
ucaldılmasına, Niderlandda Qarabağ uğrunda haqq
davasına qədər, bütün proseslərdə İlhan
Aşkının misilsiz xidmətlərinin olduğunu
gördüm. Hətta bütün bu fəaliyyətlərə
görə, İlhan Aşkın erməni lobbisinin hədəfinə
də tuş gəldi. Uzun illər Niderlandın məhkəmə
qapılarında qaldı. Ancaq yenilmədi, başladığı haqq yoldan
dönmədi. Baxmayaraq ki, O erməni lobbisi ilə mübarizədə
meydanda tək buraxıldı, ən primitiv dəstəkdən
belə məhrum oldu. Ən çox mənəvi dəstək
umduğu müvafiq dövlət qurumu belə erməni lobbisi
ilə mübarizədə, Niderlandın məhkəmə
salonlarında İlhan Aşkına dəstək olmadı. Bir
sözlə ürəyi Vətən eşqi, Azərbaycan -
Türkiyə birlik və bərabərliyi,
qardaşlığı üçün döyünən bir
insanı ermənilər qarşısında mənən
sındırmaq istədilər.
Bir daha
qeyd edirəm, nə erməni lobbisinin hücumları, nə də
üzləşdiyi haqsızlıqlara baxmayaraq, İlhan
Aşkın yenilmədi, üzülmədi, mübarizəni yarı yolda
dayandırmadı. Nədən?
Çünki yazının başlığında da
vurğuladığım kimi İlhan Aşkını yenilməyə, mübarizəni yarı yolda
dayandırmağa qoymayan Vətən eşqi idi.
Elə bu
Vətən eşqidir ki, İlhan Aşkın uzun illərdir
gözəlim Azərbaycan, onun qardaşı Türkiyə
üçün əlindən gələni əsirgəmir,
bütün mümkün vasitə və imkanlardan istifadə
edətək öz xeyirxahııq missiyasını davam
etdirir. Elə bu günlər də İlhan Aşkın eyni missiya
ilə Vətəndə, Azərbaycan eşqi ilə ölkədədir.
Necə ki, koronavirus pandemiyasının birinci
dalğasının geniş yayıldığı vaxtlarda
öz xeyirxahlıq missiyasını həyata keçirərək
kimsəsiz, çarəsiz insanların yanında oldu, onlara zəruri
ərzaq və digər yardımlar etdi, Necə ki, İkinici
Qarabağ savaşında ürəyi burada, gözləri və
qulağı cəbhədən gələn xəbərlər
də oldu, əlinə silah alıb torpaqlarımızı
düşməndən azad etmək kimi tarixi missiyada
iştirak etməyə həvəsləndi, eləcə də indi İlhan
Aşkın eyni missiya ilə buradadır, respublikanı qarış -
qarış gəzir, onlarla,
yüzlərlə insanda, ailədə yaşamaq
ümidini yenidən alovlandırır, onlarda sabaha inam hissi
formalaşdırır. Məlumat
üçün qeyd edim ki, artıq bir neçə həftədir
ki, İlhan Aşkın rəhbərlik etdiyi Niderland Azərbaycan
Türk Mədəniyyət Dərnəyi, eləcə də
Niderlandda fəaliyyət göstərən digər diaspor təşkilatlarının
dəstəyi ilə adıçəkilən ölkədən
Azərbaycana gətirilən əlil arabalarının sahiblərinə
paylanmasında iştirak edir. Xüsusilə, qeyd etmək
lazımdır ki, fiziki qüsurlu şəxslər
üçün nəzərdə tutulan həmin əlil
arabalarının mütləq əksəriyyəti Qarabağ
savaşında iştirak etmiş qazilərimizə, eyni zamanda şəhid ailələrinə
paylanıb. Hansı ki həmin ailələrdə də fiziki
cəhətdən məhdudiyyəti olan insanlar yaşayır.
Təqdiredici hal ondan ibarətdir ki, bu nəcib missiya
respublikanın hər bir bölgəsini əhatə edir və
hər rayonda ən azı 1-2 fiziki qüsurlu vətəndaşımız
bu sevinci yaşayır. Müxtəlif fiziki qüsurlu insanlara
həmin əlil arabaları təqdim edilərkən
onların gözlərində olan sevinc, həyat eşqi
İlhan Aşkına bu dünyada cənnəti
qazandırmış olur.
Ancaq təəssüf
hissi ilə onu da qeyd edərdim ki, diaspor fəalımızın
bu nəcib, nümunəvi və xeyirxah missiyasına da bir
qısqanclıq hissinin olduğu müşahidə edilməkdədir.
Xüsusilə də bütün diaspor təşkilatları
kimi Niderland Türk-Azərbaycan Dərnəyi ilə
yaxından əməkdaşlıq etməli olan müvafiq
dövlət qurumundan. İlhan Aşkının Azərbaycanda
olduğu müddət ərzində Diasporla İş üzrə
Dövlət Komitəsinin saytında
gündəlik yer alan xəbərlərə nəzər
yetirdikdə də bu qısqanclıq hissinin mövcudluğu
açıq şəkildə özünü büruzə
verir. Təsəvvür edin, diaspor fəalı, bu sahədə
sözü və nüfuzu olan biri on min kilometrlərlə məsafə
qət edib Azərbaycana gəlir, burada 1 ay müddətində
xeyirxah işlə məşğul olub, insanları sevindirir, ən
əsası Vətən müharibəsi qazilərinin müəyyən
bir qismini əlil arabaları ilə təmin edir, lakin
sözügedən dövlət qurumunun saytında bu nəcib
missiya barədə 1 cümlə belə məlumat verilmir. Həmçinin,
dövlət qurumunun rəhbərliyi də Onunla
görüşməyə lüzum görmür. Hər halda
belə bir görüş olubsa da, mətbuat xidməti bu barədə
məlumat yaymayıb. Səbəb? Təbii ki, yuxarıda qeyd
etdiyim kimi qısqanclıq.
İlhan Aşkına olan qısqanc, biganə münasibət mənə Rusiya Azərbaycanlıları İttifaqının prezidenti, məşhur iş adamı Fizuli Məmmədovu xatırlatdı. Eynilə Fizuli Məmmədov da bir neçə il əvvəl İlhan Aşkın kimi biganəlik, qısqanclıqla qarşılaşdı. Adam Rusiya Federasiyasına səs salan, şimal qonşumuzdakı erməni lobbisində təşviş yaradan təşkilat təsis etdi, Vətən müharibəsindən əvvəl onlarla müharibə iştirakçısı, şəhid ailəsinə öz şəxsi hesabına mənzil hədiyyə etdi, lakin adına çıxarılmayan söz olmadı. Əksinə dediyim kimi Rusiyadakı erməni lobbisini təşvişə salan Rusiya Azərbaycanlıları İttifaqında parçalanma yaratmaq üçün dəridən-qabıqdan çıxıldı, min oyun oynanıldı. Bütün bunlar azmış kimi Onun guya prezident seçkilərində Cənab İlham Əliyevə alternativ olacağı barədə absurd fikirlər dövriyyəyə gətirildi, gözdən salınmağa cəhd edildi. Ancaq bütün bunlara baxmayaraq Fizuli Məmmədov da İlhan Aşkın kimi edilən haqısızlıqlara rəğmən Vətən müharibəsi zamanında da Ordumuza öz əlindən gələn köməkliyi göstərdi. Bu gün Fizuli Məmmədov işğaldan azad edilən ərazilərə sərmayə qoyub orada onlarla infrastruktur layihələri həyata keçirməyə potensialı, maddi imkanı olan biridir. Lakin müəyyən insanlar onun Azərbaycana yoluna əngəl olub, bu yoıu bağıayıblar. Bu baxımdan ehtiyyat edirəm ki, İlhan Aşkın da eyni aqibəti yaşaya və hətta onun da növbəti prezident seçkilərində iştirak edəcəyi barədə cəfəng, absurd fikirlər dövriyyəyə buraxıla. Səbəb?
Səbəb dediyim kimi, İlhan Aşkın, Fizuli Məmmədov, Ayhan Dəmirçi kimi diasporamızın ağır toplarının sözün həqiqi mənasında bu sahədə iş görmələridir. Adlarını çəkdiyim şəxslər kafe, restoran, otel diasporu ilə məşğul olmadığı və real iş gördükləri üçün bəzilərinin içində bir qorxu var. Postlarını itirmək qorxusu. Aşkınlar, məmmədovlar, dəmirçilər fəaliyyətləri ilə daha çox etimad qazanıb birilərinin yerini dar edər, kreslolarını laxladar. Ona görə də bütün mümkün vasitələrdən istifadə edib Azərbaycan adına iş görən diaspora fəallarını ləkələmək, onlara biganə münasibət bəsləmək, lazım gələrsə gözdən salmaq lazımdır. Nə yazıq ki, reallıq bundan ibarətdir.
Süleyman
İsmayılbəyli
Olaylar.- 2022.- 4-10 fevral.- S.22.