"İskəndərnamə"nin türk dünyası"

 

"İskəndərnamə"də türklük anlayışının əksi o baxımdan xüsusi önəm kəsb edir ki, Nizami  "Xəmsə"nin bu son əsərində bəşəriyyətin taleyi ilə bağlı daha qlobal problemlər qaldırmış, "Sirlər xəzinəsi"ndən başlayaraq onu maraqlandıran mövzulara məhz həmin poemasında daha geniş (ümumbəşəri!) miqyasda baxmağın kifayət qədər mükəmməl təcrübəsini vermişdir. Görkəmli nizamişünas Y.E.Bertelsin fikrincə, qarşısına qoyduğu möhtəşəm məqsədə çatmaq üçün "Nizamiyə elə qəhrəman lazım idi ki, onun hakimiyyəti bütün dünyaya yayılsın, elə qəhrəman ki, yalnız İran tərəfindən yox, bütün xalqlar  tərəfindən qəbul edilə bilsin... Aydındır ki, belə şəraitdə Nizami heç də İskəndərin tarixi simasını tam dəqiqliyi ilə canlandırmağa cəhd etməyəcəkdi. Bunun üçün Nizaminin sərəncamında həm lazımi material yox idi, həm də belə bir İskəndər ona heç maraqlı görünmürdü. Odur ki şair tam şüurlu surətdə İskəndəri öz dövrünə gətirib çıxarır".qədim  dövrün dahi yunan (Makedoniya) sərkərdə-fatehinə məhz bu cür məhrəm yanaşmağın nəticəsidir ki, Nizami onu heç bir tərəddüd etmədən "rum papaqlı (taclı)" türk adlandırır.

 

"İskəndərnamə"nin baş qəhrəmanının "türklüy"ünün bir əlaməti də onun müxtəlif dinlər içərisində islama üstünlük verməsidir ki, Y.E.Bertelsin bu barədəki mülahizələri maraq doğurmaya bilməz: "Şairin məqsədi məhdud islam dininin yerinə, fəlsəfi özül üzərində genişləndirilmiş islamı qoymaq və onu dünya dininə çevirməkdir. Nizaminin İskəndəri dindardır, lakin o, heç də bütün çətinlikləri "Allah dərgahının ağıl çatmazlığı" ilə həll etməyə cəhd göstərmir. Hər bir təbiət hadisəsini o, hər şeydən əvvəl, elmi yollarla izah etməyə çalışır. "Allahın sirləri"nə yalnız o vaxt əsaslanır ki, dövrünün elmi bu suallara dəqiqi cavab verməkdə aciz qalır". Əlbəttə, İskəndərin həmin "fəlsəfi islam dindarlığı"nın əsas cizgilərini təsəvvür (və təsvir)  edərkən Nizamiyə türk-müsəlman cəmiyyətlərinin, yaxud dövlətlərinin XI-XII əsrləri əhatə edən ideoloji təcrübəsi əhəmiyyətli təsir göstərməyə bilməzdi.

 

Nəhayət, istər "İskəndərnamə"dəki, istərsə də ümumən "Xəmsə"dəki türklüyün miqyasını müəyyənləşdirməyə cəhd edətkən Y.E.Bertelsin belə bir qənaətinə də əsaslanmaq lazım gəlir ki, Nizami "dövrünün bir çox qabaqcıl adamlarını çox cəhətdən geridə qoymuşdu. Əgər onu bədii söz  sahəsində ən böyük sələflərindən biri ilə - İran epopeyasının yaradıcısı Firdovsi ilə müqayisə etsək, görərik ki, bütün əzəməti ilə birgə Firdovsinin üzü ehya etmək istədiyi keçmişə doğru yönəlmişdir. Onun uğursuzluğu keçmişi diriltməyin qeyri-mümkünlüyündədir. Nizami onun tam əksidir, o, öz dövrü zəminində durur, lakin üzü gələcəyə doğru yönəlmişdir".

 

Şair dəri dilində yaratması (bu, həmin dövrdə böyük hünər  sayılırdı!) ilə fəxr etdiyi dastanda İskəndəri üç baxımdan təqdim (və tərənnüm) elədiyini deyir:

 

Birinci, onun padşahlıq qapısını döyərəm,

Onlarca ölkə üzərində şahlığından danışaram.

Sonra sözü hikmətlərlə bəzərəm,

Köhnə tarixləri təzələrəm.

Daha sonra qapısını peyğəmbər deyə döyərəm,

Tanrı da onu "peyğəmbər" deyə çağırır.

 

Yeri gəlmişkən, "İskəndərnamə"nin həsr olunduğu Mosul hökmdarı Nüsrətəddin Əbubəkr Cahan Pəhləvanı da Nizami İskəndərlə müqayisə etməkdən çəkinmir:

 

Ey kainatın həm Xızırı, həm də İskəndəri,

Sənin həm mülkün var, həm də həyat suyun.

 

Və maraqlıdır ki, İskəndər kimi Hüsrətəddin Əbubəkr də əfsanəvi İran hökmdarlarının varisi sayılır:

 

Onun adı dərhal Keyxosrova bərabər oldu,

Onun nəsəbini isə düz Keyqubada  bağladılar.

 

Bu isə o deməkdir ki, "boş qalmış" İran tac-taxtı (o tac-taxt ki, sehrkar Firdovsi qələmilə tarixi gerçəkliyə çevrilmişdi) öz yeni sahiblərini axtarırdı. Hətta türk Nüsrətəddin də belə bir irsin varisi olmaq iddiasına düşə bilərdi:

 

Taxtlar tutan Kəyumərsdən tac qaldı,

Cəmşiddən qılınc, Firidundan taxt,

Keyxosrovdan dünyanı göstərən o cam

Ki, ulduzların hökmü onda əks edib.

Gövhərlə bəzənmiş parlaq bir güzgü

İskəndərin tarixini əks etdirir.

O üzük ki ləl onun qaşındadır,

Süleyman möhürü onda parlayır.

Beləliklə, bu altı şey sənin ixtiyarındadır,

Adındakı (Əbubəkr) altı hərf buna şahiddir.

 

Lakin heç şübhə yoxdur ki, nə qədər qüdrətli, adlı-sanlı olsa da, heç bir məmduh Nizami əsərlərindəki baş qəhrəmanları əvəz edə bilməz, xüsusilə İskəndər kimi mübahisəsiz bir dühanı ki, şair-mütəfəkkirin yaradıcılıq axtarışlarının ən müdrik dövrünün  məhsuludur.

 

 

 

İskəndərin "türklüy"ü gəzib dolaşdığı coğrafiyalarda da konkret detalları ilə üzə çıxır. Əsərin başlanğıcında Nizami yazır ki, "Hindistandan Rumun  ucqarlarına qədər hər diyarda bir  şəhər bina etdi. Səmərqəndə zivər verən də o oldu. Tək Səmərqənddə yox, həmçinin, Çənddə də Həri (Herat) kimi şəhərin əsasını qoydu. Kim onun kimi qiymətli şəhərlər saldı?! Əvvəlki Dərbənd həm "dər", həm də "bənd" tapdı... Bulğardan öt, bu da onun işidir. Əslində, onun binası "boni-ğar"dadır"...

 

Əlbəttə, "İskəndərnamə" müəllifi öz qəhrəmanının həqiqi tərcümeyi-halını mövcud mənbələr əsasında nəinki dəqiq bilir, eyni zamanda bu böyük tarixi şəxsiyyət haqqındakı yanlış məlumatları da həmin həqiqi  tərcümeyi-haldan israrla kənarlaşdırır. Həqiqət isə bundan ibarətdir ki, "Rum tacidarlarının içində bu ölkədən biri cahanbəxt olmuşdur. Adı Feyləqus, özü şöhrətli şah idi. Həm Rum, həm Rus onun fərmanına tabe idi. Onun məskəni Yunanıstanda idi.  Onun əsl yeri Maqduniya idi... Hər diyarın rəvayətindən düz olan ancaq budur ki, şəhriyar (İskəndər) Feyləqusdan törəmişdir... Yunan padşahı Feyləqus cahan mülkünü gəlin kimi bəzədi, ağıllı fərzəndi ilə onun başı ucaldı. Çünki  ləyaqətli gövhər fəxr gətirər... Müdrik olan o Nekumaxos ki var, bilikli Ərəstu onun oğlu idi, ona bilik öyrətməkdə çox əziyyət çəkdi... Feyləqus padşah dünyanı tərk etməli oldu, dünyanı yeni şahənşaha tapşırdı..."

 

Nizaminin yaradıcılıq qüdrətinin (metodunun) çox mühüm göstəricisidir ki, İskəndərin mənşəyini elmi dəqiqliklə müəyyənləşdirdikdən sonra onun "türk keyfiyyətləri"ndən söhbət açır. Çünki özü demiş, "azacıq doğruya bənzəyən yalan yaxşıdır yalana bənzər doğrudan".

 

İskəndərin Daranı məğlub edib İranı zəbt eləməsi, atəşpərəst məbədlərini dağıtdırması tarixi faktdır. Və tarixin bu gerçəkliyini Nizami, demək olar ki. bütün təfsilatı ilə qələmə alarkən öz qəhrəmanına bir neçə baxımdan haqq qazandırsa da, onun qələbəsinin əsas səbəbini şəxsi iradəsindən daha çox çərxi-fələyin hökmündə görür... Şübhəsiz, bir turanlı olaraq İrana münasibətdə İskəndəri açıqca müdafiə etməklə yanaşı, düşmənin keçmişinə də müəyyən ehtiram göstərir. "İskəndərnamə"dəki İran-Rum  münaqişəsi, əslində, İran-Turan münaqişəsinin yeni tarixi (və ideya-estetik) şəraitdə davamıdır.

 

Dara İskəndərə məktubunda ona belə hərbə-zorba gəlir:

 

And olsun o yanan atəşə, "Avesta"ya, "Zənd"ə,

O parlaq Xurşidə, o uca Çərxə!

And olsun Yaradana ki, düşməni Əhriməndir!

And olsun Zərdüştə ki, Əhrimənə düşməndir!

Nə Rumdan, nə rumludan nişan qoymaram,

Hər ikisinin də başına od yağdıraram!..

 

Və əvəzində belə bir cavab alır:

 

And olsun bizim əcdadlarımızın getdiyi yola

Ki, bizim dinimizin peyğəmbərləri idi.

And olsun Tanrı tanıyan İbrahimin kitabına,

O din üçün mən Tanrıya şükür edirəm,

Əgər iranlılara əl taparsam, mən

Zərdüşt dinini aradan götürəcəyəm!

Nə atəş, nə atəşgədə qoyacağam...

 

Daranın rumlular (yunanlar) deyil, öz sərkərdələri (iranlılar) tərəfindən öldürülməsi İskəndərin  qələbəsindən öncə Daranın məğlubiyyətinin səbəbləri üzərində düşünməyə təhrik edir... Maraqlıdır ki, bir zamanlar ("Şahnamə"də göstərildiyi kimi) şahlarla belə hesablaşmadan İranın müdafiəsi üçün əlahiddə məsuliyyət daşıyan pəhləvanlar bu dəfə nəinki işğalçıya qarşı çıxırlar,  əksinə, İskəndərin məclisinə gəlib onun hədiyyələrini həvəslə qəbul edirlər.

 

 

 

Rumlularla iranlılar Mosulda döyüşürlər, İskəndər qələbədən sonra Azərabadgana gəlir. Və şair yazır ki, " hər yerdə atəş görərkən fövrən odu söndürürdü, "Zənd"i silirdi. O yerdə daş hasar içində bir atəş yanırdı, atəşpərəst onu "özündən yanan" adlandırırdı. Ona qızıl boyunbağılı yüz hirbud pərəstiş edərək qulluq göstərirdi. Əmr etdi o qədim yanan atəşi söndürdülər   külə döndərdilər".

 

İskəndər Daranın qızı Rövşənəklə evlənir, eyni zamanda başına hökmdarlıq tacını Kəyumərs və Keyqubadın paytaxtı olmuş İstəxrdə qoymaqla bütün dünyaya  nümayiş etdirir ki, o, qəsbkar yox, İran hakimiyyətinin rəsmi varisidir... İranın çökməsi (daha doğrusu, bu ölkənin əsrlər boyu dünya harmoniyasını pozmasına son qoyulması) ilə İskəndər Cahan şahına çevrilir... Belə ki, "dünya mülkünü İskəndər tutarkən öz kamı dalınca heç vaxt qaçmadı. Öz ədli ilə dünyanı aram görmək istədi, dünya da ona yardım göstərdi. Cahan istəyirsən? O şah kimi ol! Onu et ki, o  etmişdi. Sözü uzatma!"

 

Nizaminin vətən təəssübkeşliyinin, görünür, ən parlaq təzahürü İskəndəri Azərbaycana gətirməsidir. "Azərbadgan  hökmdarından azadələr kimi bir qasid gəldi" sözlərilə başlayan hadisələr - Bərdə hökmdarı Nüşabənin dəvətilə İskəndərin Qafqaza gəlməsi, onun coğrafiyası (Əlburz dağından  Xəzəran dənizinə qədər) ilə tanışlığı, Nüşabənin göstərdiyi alicənablıq müqabilində onu müttəfiq olaraq tanıması, eləcə də, Şirvandan "şir kimi yüyürüb keçərək" Dərbənd qalasını alması, xəzərlərin rahatlığı üçün "vəhşi xasiyyətli qıpçağ"ın qarşısını kəsməkdən ötrü tədbirlər görməsi və s. hər nə qədər şairin uydurması olsa da, "İskəndərnamə"nin ideya-məzmun strukturuna onun üzvi tərkib hissəsi kimi daxildir.

 

Hər dəfə Ruma qayıtmaq məqsədilə yola çıxsa da, dünyaya gələndən taleyinə yazılmış qəzavü qədər İskəndərin yolunu bir-birinin ardınca müxtəlif ölkələrə salır. Və həmin ölkələrdən biri də Çin Türküstanıdır ki, Nizami bu səfəri qədim türk eposunun dünya fatehinə münasibətinin klassik ideya-estetik məntiqi ilə izah edir:

 

Xaqana xəbər gəldi ki, çöl və dağ

Polad geyimlilərin nallarından bezdi.

Iran torpağından bir sel açıldı,

Nə Çini yerində qoyacaq, nə də xaqanı.

 

Xaqan onun üzərinə gələn qüvvənin gücünü yaxşı təsəvvür etsə də, özünü itirmir:

 

Hə bir mərzibana qanla məktub yazdı

Ki, bizim ölkəmizdə qan torpağa qovuşur.

Xəta şahından Xütən xanına qədər

Hamıya göndərdi, məclis çağırdı.

 Bir də ordu gəldi Siləncabdan, Fərqanədən,

Ağıllı naiblər hər bir hüduddan -

Xırxızdan, Çaçdan və Kaşğardan

Zərrin kəmər pəhləvanlar çağırdı.

Ordu dəstələri birləşən zaman

Xanlar xanının ürəyi toxtadı.

...Dünya padşahına bu xəbər çatdı

Ki, Çin türkləri bayraq qaldırdılar.

 

Lakin xaqana gün kimi aydın idi ki, bütün dünyanı özünə tabe etməkdə olan İskəndərlə döyüşə girmək çox böyük bir məsuliyyətsizlikdir. O, elə bir qeyri-adi axındır ki, qarşısına çıxmaq xalqı bada vermək deməkdir, sadəcə, elə etmək lazımdır ki, bu axın az itki ilə ötüb keçsin... Və təsadüfi deyil ki, İskəndər özü də xaqana əvvəl-əvvəl kifayət qədər saymazyana münasibət göstərərək ona yolladığı məktubda deyir: "Əgər sizin ölkənizdən uca günəş məşriqdən məğribə sitab eyləyirsə, mən o günəşəm ki, indi bu yolla məğribdən qoşunu məşriqə çəkmişəm... Ey Çin türkü, beynində nə varsa boşla, axı sən tufan qarşısına çıraq tutursan..." İskəndərin məktubunda "mənim türk qulamlarım əlinə yay alsa, onların oxundan tam bir ordu məğlub olar" kimi təhdidlər də vardır ki, bu, onun türklüyə münasibətini ifadə edir... "Əfrasiyab mülkünün varisi", heç də təsadüfi deyil ki, İskəndərə vaxtında güzəştə getmək qərarına (əlbəttə, bu qərarın əsl müəllifi Tarix yox, Nizamidir) gəlir: "Fil sümüyündən olan taxtını filin belinə qoysam, o saat Hindistandan mənə xərac gələr... Lakin şahlıqda və şövkətdə səninlə bəhsə girmək niyyətim deyil... Qonaqpərvər olmaqdan savayı, çarəm nədir?.." Xaqanın müdrik vəziri də ona belə bir ağıllı məsləhət verir ki, "az-çox bir ay vaxt var, onunla keçin, biganə hər yerdə çox uzun qalmaz".

Lakin türk hökmdarı (və ondan da böyük türk Nizami!) İskəndər qarşısında türkün kimliyini nümayiş etdirmək imkanını da əldən vermir. İskəndərə qarşı qoşun çıxaran xaqan onun üzünə deyir: "Bilirsən ki, mən belə dəsgahla ulduzlara qədər qoşun yığaraq o qədər də aciz və kor deyiləm ki, qol zoru göstərmədən döyüşdən dönəm. Dağ boyda qoşunu və bu qədər əsləhəni görürsən, qaynayan dənizdən belə qorxmuram. Lakin bəxtin sənə həmişə yardır. Yer sənə kölədir, asiman bəndə. Tale sahibi ilə döyüşə girmək döyüşənin başını dara çıxardar"... Və xaqandan yeddi ilin xəracını tələb edən Cahan hökmdarı axırda ümumiyyətlə xəracsız ötüşmək qərarına gəlir... "Onlar çalğı, badə məclisini bir yerdə qurur, bir yerdə olarkən aram tapırdılar... Heç biri təklikdə badə içməzdi, hər azadə şəxs öz işində tam azad idi"... Beləliklə, Nizami Rum-İran, Rum-Rus münasibətlərindəki amansızlıq, barışmazlıq və ciddi daxili ziddiyyətləri Rum-türk münasibətlərində qətiyyən görmür. Və onun dərin inamına görə, bu münasibətlərə qarşılıqlı anlaşma, sülh, mehribançılıq hakimdir.

 

 

 

"Türk şahı öz diyarının məşhurları ilə" İskəndərin yanına gedib onu qonaq dəvət edir. Nizami bu qonaqlığı belə təsvir eləyir:

 

Musiqi çalmağa hər bir ölkədən

Seçilmiş oxuyan və çalan gəlmişdi.

Heyrətəngiz nəğmə oxuyanlar

Sözləri ozan qanunları üzrə oxuyurdular.

İpək tellərdə soğd nəğmələri çalanlar

Rudun səsini gərduna qaldırmışdılar.

Pəhləvi nəğmələri oxuyanlar

Nəğmələri ilə havalara yenilik verirdi.

Bir də kəşmirli rəqqasələr

Sanki burulğan yel idi, məəlləq vururdu.

Ərğənun çalan yunanların çoxu

Hamının ürəyinin huşunu alırdı.

Çinlilər rumlularla birlikdə xidmət edirdilər...

 

Və xaqan Cahan hökmdarını lazımi ədəb-ərkanla yola salır... "Elə ki şahənşah bir az yol getdi, Çin xaqanına işarət etdi ki, o öz diyarına geri dönsün, atını türklərin iqliminə sürsün. Həmin türk, hökmdarla vidalaşdı".

 

Çin Türküstanından Ruma qayıdan İskəndər eşidir ki, ruslar Qafqazı tarac etmişlər, "Bərdə mülkünü yıxıb dağıtmışlar, var-dövlətlə dolu şəhəri boşaltmışlar. Nüşabəni əsir apardılar".

 

Rusları cəzalandırmaq üçün yürüşə gedən İskəndər Qıpçaq çölündən keçməli olur. Üzüaçıq qıpçaq qızlarını görən şah qıpçaq başçılarını yanına çağırıb onlara deyir ki, sizin qadınlar üzlərini örtsələr yaxşıdır. Başçılar isə belə cavab verirlər ki, "biz bəndəyik. Şahın fərmanına həmişə hazırıq. Lakin üzü örtmək əmr ilə olmaz, çünki qıpçağın xislətində belə adət yoxdur. Əgər sənin adətin üzləri bağlamaqdırsa, bizim adətimizlə gərək gözlər qapansın. Madam ki, yad üzə baxmamaq yaxşıdır, cinayət üzdə deyil, baxan gözdədir"...

 

Bununla belə, İskəndər qıpçaq qadınlarının üzlərini örtmələrinə hər halda nail olur... Ruslarla qarşılaşan İskəndər əminliklə deyir ki, "rus döyüşündən mənim qorxum yoxdur, çünki dağ başından çoxlu sel axar. Xəzər dağlarından Çin dənizinə qədər hər yeri türklərlə dolu görürəm. Türklər rumlularla qohum da deyil, ancaq ruslara rumlulardan daha çox kin bəsləyirlər".

 

İskəndər ruslara qalib gəlir, Nüşabəni azad edir, Rus hökmdarının tacını özünə qaytarsa da, ona xərac kəsir.

 

Yeddi ölkənin (yəni bütün dünyanın!) hökmdarı olan İskəndər əvvəl yeddi filosofla mükalimələrilə mütəfəkkir, sonra isə Tanrının hökmü ilə Peyğəmbər mövqeyinə yüksəlir. Və bir Peyğəmbər kimi ona əta olunan möcüzə ondan ibarət olur ki, "sənə kömək verən və yol göstərənin ilhamı ilə hər xalqın dilini biləcəksən, hər ölkədə hər dili bilən olacaqsan"...

 

Əvvəlki poemalarda olduğu kimi, "İskəndərnamə" də də "türk" sözü "igid", "cəsarətli", "gözəl", "ürəkaçan", "müdrik" və s. mənalarda geniş işlənir.   

Onun meraca çıxıb türk kimi at çapdığı gecə mələklər göylərdə bəzənmiş idi... İgidlərin ürəyi bu vurhavurda türkün neyi kimi inildəyirdi... Türk zurnasından elə şivən qalxdı ki, türklərin boğazı da cuşə gəldi... O hind nəjadlı, türk ruxsarlı ay şaha Hindistandan cənnət vermişdi. Yox, hidli deyildi, xətaylı türk idi... Qalalı türk gözəli saralan zaman o dünya gəlini qalaya girdi... Ey Çin üzlü türk, türklük etmə, gəl bircə saat qaşına sən çin salma... Qabaqda, arxada tovuztək türklər... Heykəltəraş onu gözəllikdə elə düzəltdi ki, türk gözəlləri ipəyə büründülər... Yenə də türk neyi şur qaldırmışdı, türklərin qoluna qüvvət vermişdi... Səhəri gün bu sultan cəlallı türk Çin dənizindən çıxıb dağ başına yəhər vuranda hər iki ordu qan deyə susadı... Türk kimi sərt olma, meylim sənədir, mən sənin türünəm, sənin hindinəm...

 

Nəticə etibarilə demək olar ki, İskəndər dirilik suyu tapıb əbədi (cismani) ölümsüzlüyə çata bilməsə də, Nizaminin qələmi ilə elə bir əbədi (mənəvi) yaşarılığa qovuşdu ki, burada türklüyün bütöv bir ideya-estetik konsepsiya olaraq rolu şübhə doğurmur. 

 

Nizami CƏFƏROV

Olaylar.- 2022.- 18-24 fevral.- S.12-13.