"Azərbaycanın sakral coğrafiyası"  silsiləsindən

 

Şərqi Zəngəzurun-Süsən meşələrinin Ruh müqəddəsliyi...

 

(XXVI yazı)

 

Orta əsrlərin tarixində görkəmli yer tutan, Yaxın Şərqin məşhur şairi, tarixçisi, 

coğrafiyaşünası Həmdullah ibn Əbu Bəkr Mustafa Qəzvini (1281-1339)

"Qəblərin əyləncəsi" ("Nüzhətəl-qulub") əsərində (1340) səyahət etdiyi Aralıq,

Qara və Xəzər dənizi hövzələrinin ölkələri sırasında ... Bütöv Azərbaycan ...

haqqında da tarixi-coğrafi bilgilərə yer vermiş və yazmışdır ki, ... Zəngilan

yaşayış məntəqəsinin əsası hicri 15-ci ildə (miladi 637-ci il) qoyulmuşdur, 

əhalisi Türk-Müsəlman mənşəlidir...

Zəngilan nahiyəsinin tarixi Zəngəzur bölgəsinə mənsubluğu bu toponimlərin etnocoğrafi mənşəyinin eyniliyi ilə (hər iki orotoponim "zəng", "zəngin" söz kökü mənsubiyyətindən yaranıb) sübut olunur. Etno-milli mənşəyi ilə yanaşı, coğrafi, inzibati-idarəetmə ərazisi olmaqla Zəngəzur-Zəngilan minilliklərlə xalqımıza mənsubluğu ilə yanaşı bölgənin sakral zənginliyi də bir daha sübut etmişdir ki, istər Şərqi, istərsə də Qərbi Zəngəzur beynəlxalq iqtisadi-ticarət yollarının qovuşduğu yer kimi həm də XIV-XV əsrlərdə Cənubi Azərbaycanla sıx tarixi-coğrafi, milli, etnoqrafik-etnodemoqrafik əlaqələri özündə yaşatmaqdadır.

Şərqi Zəngəzurun Oxçuçay, Bazarçay, Bərgüşad və Həkəri çayları yataqları və əhatələrindəki, Mehri, Qapan, Qarakilsə, Gorus, Qubadlı və Zəngilan nahiyələrinin yaşayış məntəqələri ərazilərindəki milli-sakral mədəniyyətimizin tarixi irsi qədimliyi və zənginliyi ilə fərqləndiyi kimi, həm də tarixi-coğrafi faktlarla öz təsdiqini tapmışdır, milli sakral dünyagörüşümüzün, irfani-ruhani təlim ocaqlarımızın Vətənimizin Tarixinə bərabər keçmişini də yaşatmaqadır.

Çünki, Tarix faktlarla təsdiq edilir, Faktlar isə əsaslı olmalıdır.

Bu baxımdan Şərqi Zəngəzurun Zəngilan nahiyəsi özündə zəngin dini-irfani irsimizi (tarixi məbədləri, müqəddəs ziyarət ocaqlarını, əski, epiqrafik yazılarla, qəbirüstü abidələrlə örtülü qəbirstanlıqları, dini-irfani tikililəri, məscid-mədrəsə şəbəkələrini, ruhani təlim ocaqlarını...) qoruyub saxlamışdır, hər bir yurdunda, hər bir ocağında.

Haqqın İlahiliyinə, Yolunun Müqəddəsliyinə tapınan Zəngilan nahiyəsinin tarixi yaşayış məskənlərindəki (Ağkənd, Günqışlaq, Leyfaz, Məmmədbəyli, Şərifan, Məlikli, Pir Veyis, Şamlı, Sobu, Vejnəli, Şəfibəyli, Yeməzli... kəndlərində) dini-ziyarət, irfani-ibadət ocaqları, etnik, milli maddi-məbədləri...sakral mədəniyyətimizin bütövlüyüdür, yazılı səhifələridir.

XIII-XIV əsrlərdə Zəngəzurda təşəkkül tapmış Sufiliyin ocaqlarından biri Məmmədbəyli kəndində olmuş, Qarabağ ocaqları ilə sıx əlaqəli şəbəkə yaratmışdır. Bu kənddəki Yəhya ibn Məhəmməd türbəsi həmin təriqətin yerli Şeyxinin adını daşıyır, kəndlə bağlı antrotoponim onun adını yaşadır. Türbə və Şeyx Qədriyyə xanəgahı ətrafındakı əski qəbir daşlarının (sənduqə, at və qoç  heykəlli qəbirüstü baş daşları) Sufi mürşidlərinə, müridlərinə və xəlfələrinə aid olduğu bildirilir.

Qoç təsvirli qəbir daşlarına Orta Yeməzli kəndinin 1 km-də, açıq, düzən sahədə da olub, ziyarətgah kimi müqəddəsləşdirilib.

Şərqi Zəngəzurun bir sıra teotoponimləri (Sobu, Şamlı... kəndləri) də Sufiliyin yayıldığına coğrafi nişanədir.

Şamlı kəndinin (min ildən çox yaşa malik) irfani-ziyarət məkanlarından Seyid Mahmud Ağa (1898-1988) və Seyid Həbib Ağa Xudayar oğlunun (1904-1989) ocaqları elin, obanın sakral dünyagörüşünü formalaşdırmışdır. Eləcə də kəndin günçıxanında, 200-300 m aralıda, "Güneyin başı"nda, "Camal armudu"nun yaxınlığındakı "Şəhid daşı" müqəddəs, camaatın inanc-iman ünvanı idi. Orada torpağa batmış ağ daşlardan (hündürlüyü 1,5 m, eni 40-50 sm) ibarət çoxsaylı qəbir daşları yaz-yay aylarında nərgiz gülləri ilə əhatələnirdi. Süsən meşəliyinin ətəyində yerləşən Şamlı kəndinin 45-50 evi və iki Seyid ocağı olduğundan əhali arasında pis vərdişlərə yol verilməyib, kəndin Müqəddəsliyi həmişə qorunub saxlanılıb.

Mistik İlahiyə tapınmanın və dünyadərkinin təlqini ilə "Şəhid daşı"nın qırıntısını dualayıb yanan ocağa və ya suya salanda (pak və imanlı şəxs tərəfindən, bu işi daha çox Gülüstan nənə (1885-1979) yerinə yetirirdi) yağış yağırdı, "Şəhid daşı" müqəddəs and yerinə çevrilmişdi, insanlar arasında İnancın yaranmasına, İlahi Haqqa tapınmağa vəsilə idi:

-"Şəhid daşı" Haqqı!

-"Şəhid daşı"na and olsun!

1800-ci illərə aid 6 nəsil qəbri (Nurələmli tayfasından) "Şəhid daşı" yaxınlığında salınmışdı, 1980-ci illərin əvvəllərində dəmir çərçivəyə alınmışdılar (Qapan nahiyəsinin Acıbac kənd sakini, həmin nəsilin xələfi Adış Xudaverdi oğlu Səfərov (1890-1995) tərəfindən, o, əslən Ağbis kəndindən idi, Acıbac yaylaqlarında (Qazangöl ətrafında) tərəkəmə həyatı yaşayıb, 1905-1906-cı illərdə hay-daşnak quldurlarının basqınları zamanı könüllü el müdafiəçilərindən olub).

İlboyu ibadət edilən Seyid ocaqları Şamlı kəndində sınanılmış kəramət gücünə malik idi, ürəklərində Haqqdan imdad diləyənlər üz tutardı bu ocaqlara və naümid geri qayıtmazdılar. Kənd sakini Bəhlul Məhəmməd oğlu Baxışovun (1931-2019) ailəsində dünyaya gələn uşaqlar qalmırdı, qısa zamanda vəfat edirdilər. Bu ailədə 1962-ci ildə doğulan uşağı Seyid Həbibin qucağına qoydular, salamatlığı üçün xeyir-dua, rəhm-səna aldılar, Nazim Bəhlul oğlu hazırda Sumqayıt şəhərində yaşayır.

Şamlı kəndinin aşağı hissəsində, 150 m aralı "Cidalı pir"    ziyarət ocağı idi, üstündə də Dağdağan ağcı bitmişdi.

XII-XIII əsrlərdə Cənubi Azərbaycanda (Təbriz, Ərdəbil, Xoy, Salmas... şəhərlərində) təşəkkül tapan Nəqşibəndi-Sufiliyin Ustadları tərəfindən Naxçıvanda, Göyçədə, Qarabağda, Borçalıda, Dərbənddə, Şirvanda və Zəngəzurda yayılması dini-irfani təlimlərin Kamilliyinə, Ruhaniliyinə... səbəb olmuş, İnanclı din xadimlərinin İlahi dünyagörüşünün Paklığına Nur saçmışdır. Həmin Nurlu ocaqlardan Sufi adından yaranan, yerli şivə-dialekt təlləfüzünə uyğun fonetik dəyişikliyə uğrayaraq Sobu kimi adlanan yaşayış məntəqəsi, Orta və Aşağı Yeməzli kəndləri arasında ziyarətgah kimi ibadət-ziyarət edilən Sufilər piri (daş hörgülü tikilisi və içərisində 3-4 ağac dirəkləri qalırdı həm də  təriqət təlimlərinin yadigarı idi. "Sufilər piri"nə nəinki Zəngilan və Qubadlı rayonlarının yaxın kəndlərindən, həm də Qapan, Qarakilsə, Mehri nahiyələrindən də İnanclılar gəlib Ruhani dualarını Haqqa çatdırırdılar...

Hər kəlməsində və aldığı nəfəsdə İlahi Haqqın adına zikr dediyi və Qarabağ bölgəsində də Sufiliyin Ustadlarından sayılan, əslən Diyabəkir sufilərindən olmuş Hacı Qaraman Əhməd Cələbi (XVI əsrin sonu-XVII əsrin əvvəllərində yaşayıb, dini təriqətin Şeyxi) bu ocaqların müridlərinin-mürşidlərinin, xəlfələrinin  mənəvi Sahibi olub, nahiyənin and yerinə çevrilib:

-Hacı Çələbi ocağı haqqı! (Bu cür and Qubadlı nahiyəsinin Ballıqaya kəndində də çəkilirdi, çünki Hacının burada Sufi ocaqları olub).

Ağbis kənd sakini Diləfruz Dadaş qızının (1927-2005) da yuxularında tez-tez görünüb Hacı Çələbi və həmişə tapşırıb ki, kəndin içindəki bulağı  təmiz saxla...

Bu bulağın üstü, ətrafı müqəddəs Dağdağan ağacları ilə örtülü idi, mistik-ruhani dünyadərkinə inanclılar bu ağacları xüsusilə qoruyurdular, bulağın üstündə növ və uzunluğu 8-10 m çatan tağvari gümbəz tikilmişdir, Azad və Ziyad Mehdi oğulları tərəfindən, 1966-cı ildə.  Bulağın yuxarı hissəsində üzərində isə ərəb əlifbası ilə yazılı daç-qaya parçalarına rast gəlininirdi.

1978-ci ilin yay aylarında Qapan nahiyəsinin Gığı kəndində yaşayan Əcəb İmamqulu qızının (1913-1984) dili tutulur, Sufi ocaqlarına ümidi qalır, gəlir Ağbis kəndində yaşayan bacısı oğlu Şəfayət Allahverdi oğlu Əsədovun (1932-2006) evinə və bir ay onlarda qalır. Həmin günlərdə Hacı Çələbi Diləfruzun yenə də yuxusuna girib ona buyurur ki, Şəfayət həyətindəki çil xoruzu aparıb qurban kəssin Sufilər pirinin üstündə, xalası da getsin, amma Ocağa yaxın dikdirdə ayaqlarını çıxarsınlar...

Səhərisi gün Hacı Cələbinin dediyi kimi olur, Ocaqdan Şəfayətlə birgə qayıdan Əcəb artıq danışırmış...

Ağbis kəndinin inanclı kəslərindən biri də Zeynəb Həsənqulu qızı (1888-1984) namaz qılanda ətrafında, evin palıd atmalarından ilanlar sallanardı. 1977-ci ilin söhbətidir, belə ibadətlərin birində həyətdə olan uşaqlar qorxanda Zeynəb Ana and verib ilanlara:

-Sizi tapşırıram Süleyman peyğəmbərin üzüyünün qaşına, görünməyin, balalarım qorxur! Və üzünü çevirib uşaqlara deyərdi:

-Balalarım qorxmayın, onlar da səcdə edirlər...

O vaxtlar kəndin yaşlıları hamısı - Əmirxan Təhməz oğlu (1854-1974), Mehdi Balakişi oğlu (1872-1982),  Sələmə Abbas qızı (1862-1972), Sona Abdulla qızı (1850-1968)... dini mərasimlərə qatılır, Cümə namazlarını bir yerdə keçirirdilər...

R.S. Azərbaycan coğrafiyasında "Şamlı", "Sufi" teotoponimləri geniş yayılmışdır- Qərbi Azərbaycanın Qarakilsə nahiyəsində Şeyxlər (1940-cı ildən "Qızıl Şəfəq" adlanır) və Kəmərli nahiyəsinin Şıxlar (1968-ci ildən "Lusarat" deyilir) kəndləri, eləcə də Ərəş (Ağdaş) mahalında Şıxlı, Qarağan Şıxlar kəndləri, Qobustan nahiyəsində Şamlı-Muxtar obası, Şıxlar kəndi, Cəbrayıl rayonunun Sofulu və Şıxlar kəndləri, Cəlilabad, Qax və Goranboy rayonlarında Şıxlar kəndləri, Füzuli rayonu, Şıxlı kəndi, Göyçay rayonu, Ulaşlı Şıxlı, Şıxbəy, Şıxəmir, Mallı Şıxlı, Qubadlı Şıxlı kəndləri, Xaçmaz rayonu, Şıxhaput və Şıxlar kəndləri, Xocavənd rayonu, Şıx Dursun kəndi, Qazax rayonunun I, II Şıxlı və Sofulu kəndləri, Qəbələ rayonu, Şamlı  kəndi, Quba rayonu, Sofikənd kəndi, Laçın rayonu, Şamkənd kəndi, Masallı rayonunun Şıxlar və Xəlfə kəndləri, Babək rayonu, Şıxmahmud kəndi...

R.S.S. 1993-2020-ci illər ərzində hay kilsəsi və onun silahlı quldur dəstələri tərəfindən Zəngilan rayonu ərazisindəki Türk-Müsəlman dünyasının müqəddəs dini-ibadət ocaqlarının, maddi-tarixi abidələrinin dağıdılmış, yerlə yeksan edilmiş tam olmayan, qısa bir siyahısı:...Rəzdərə, Qırıq Muşlan, Zəngilan, Malatkeşin... kəndlərində XIX əsrə aid Cümə məscidləri... Ağkənd kəndində Ziya baba ziyarətgahı, Yeməzli kəndində V-VI əsr yaşlı Alban məbədi, Məmmədbəyli kəndində Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi...

(Yazının hazırlanmasında həm də Şərqi Zəngəzur, Zəngilan rayonunun Ağbis və Şamlı kənd sakinləri Sahib Dadaş oğlu Abdullayevin (1940), Ağaqulu Məhərrəm oğlu Ağaquluyevin (1955) məlumatlarından istifadə olunmuşdur.)

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi 

 

Olaylar.- 2022.- 25 fevral-3 mart.- S.17.