Taleyimizin şərqiləri 

 

Elə bir yaş dövrünə çatırsan ki, artıq mahnılar sənin üçün yalnızca xatirə olur. Onu dinləyəndə arxa fonda xatirən boylanır. Hər insan bir nəğmədir. Qəmli, sevincli, yaxud da sakit. Şairin də dediyi kimi, sevdiyimiz nəğmələrin tayıyıq, vəssalam.

Elə mahnılar var ki, ömrümüzə yazılan nəğmə kimidir. Sanki bu mahnı bizim üçün yazılıb. O deyirlər e, bizim mahnı. Bax eynən o cür.

Xatirələrimiz kimi sevdiyimiz mahnılar da yaddaşımızda, ürəyimizin bir küncündə daim yaşayır.

Bu yazını yazarkən fonda sevdiyim sənətçilərdən Elvis Preslinin "İndi ya da əsla" mahnısı səslənir. Hər birimizin həyatında sevdiyimiz mahnıların bir həyat hekayəsi olur. Bu mahnının da öz tarixçəsi var.

Yağışlı bir gündə küçədə gəzirdim. Külək boş və kimsəsiz parklarda vurnuxurdu. Belə bir kədərli gündə yağışda islanan, saçlarına küləyin sığal çəkdiyi üşüyən qız dayanacaqda avtobus gözləyirdi. Uzun yaşıl plaşına elə bürünmüşdü ki, sanki sevgilisindən ayrılmışdı. Qulaqlarımda Elvisin səsi, qarşımda üşüyən bir qız. Yanına yaxınlaşdım. İstədim əllərindən tutub susum. İstədim plaşın yerində olam. Qız göz süzdürür, plaşına sarmaşıq kimi sarılırdı. Qulaqcığı çıxardım, Elvisin səsi yağışlı havaya qarışdı. Qızın həzin səsi gəldi:

- Nə gözəl mahnıdı...

- Evlis Presli oxuyur...

Araya sükut bombası düşdü. Elvisin "İndi ya da əsla" mahnısı hələ də öz hüznünün ömrünü davam etdirirdi. Bir yandan da yağış asfaltda gölməçələr yaradırdı.

Qız avtobusa mindi. Avtobusun pəncərəsindən baxışdıq. Elə baxırdı ki, deyirdi, əllərini uzat mənə (Yoldaşım oxuyub qısqanmasa yaxşıdır). Bu alovlu baxışlar məni də avtobusa apardı. Qızın yanında oturdum. Yenə susurduq. Yenə Elvis oxuyurdu. Beləcə qızla yol boyu baxışdıq.

Biz o gün gözlərimizlə danışırdıq. Fonda isə Elvis demək istədiklərimizi oxuyurdu.

Yəqin sizin də başınıza buna bənzər hekayələr gəlib. Bir mahnı içinizdən keçənləri söyləyib. Sizin üçün yazılıb. Mahnılar həmişə yanımızdadı. Sadiq dost kimi, səxavətli sevgili kimi, doğma adamlar kimi...

Atamı xəstəxanaya aparmışdıq. Həkim bir neçə saat ömrünün qaldığını demişdi. Anamın, qardaşımın, bacımın dünyası qaralamışdı. Evə getməli, dostlarına, qohumlara bu qara xəbəri verməli idik. Avtobusla qayıdırdıq evə. Sürücü elə bir o günün mahnısını bizim ailə üçün səsləndirirdi. Yaqub Zurufçunun "Ayrılıq" mahnısını. Anam bu səsin ağırlığından çökdü, ağlamağa başladı.

Həkimin dediyi kimi də oldu. Bir neçə saatdan sonra atam dünyadan köçdü. Amma "Ayrılıq" mahnsı o günün unudulmayan mahnısı oldu. İndinin özündə belə o mahnıya qulaq asa bilmirəm. Bir neçə saniyə bəsdi ki, Yaqub Zurufçunun səsi məni ağlatsın. Məhz bizi ağladan mahnılar daha ağırdı. "Ayrılıq" mahnısını hər dəfə eşidəndə atam yenə bizdən ayrılır. Dəfələrlə... Yüzlərcə...

Bu dəfə mahnı yox musiqidən söz açacam. Yapon bəstəkar Li Ru Manın adını unutduğum bir bəstəsi həyatımda vacib rol oynayır. Sevdiyim qızla bizi məhz Li Ru Ma birləşdirdi. Həyat yoldaşım və mənim üçün yapon bəstəkarın ayrı, xüsusi bir yeri var. Onun bəstəsi mənə cəsarət verib. Dənizlə ilk rəqsimizi ona borcluyuq.

İndi o yaşdayam. Mahnıların yalnızca xatirə yaratdığı yaşda. Qova bilmirəm xatirələri. O qədər çoxdur ki, mahnılı xatirələr. Hansı birini danışım? Məktəb vaxtında sevdiyim qızı görəndə hər dəfə eyni mahnının səslənməsindənmi? Biz disk dükanının qarşısında rastlaşırdıq. Və hər dəfə də eyni mahnı. Sezen Aksunun "Sen de biliyorsun" mahnısı. Qızın gözlərindən oxuyurdum misraları: "Sen de benim gibi gerçekleri biliyorsun... Beraber olamayız..."

Ya da Vaqif Səmədoğlunun sözlərinə yazılan mahnı. "Bir axşam taksidən düşüb payıza..." Qəribədir, bu mahnı mənə həmişə Tiflisi xatırladıb. Uşaqlığımı. Atamı, anamı, bir də bütün insanları...

 

Oğuz Ayvaz

 

Olaylar.- 2022.- 8-14 iyul.-S.23.