Magik realizmin povest
janrında təzahürü
Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatında magik realizm cərəyanının təzahürü
ilə bağlı 2019-cu ildə "Ustad"
jurnalında çap olunmuş
"Magik realizm cərəyanı Azərbaycan ədəbiyyatı
kontekstində: ilkin mənbələr, köklər"
adlı məqaləmizdə söhbət
açmışdıq. Bu məqalədə mövzunu davam
etdirərək povest janrı çərçivəsində
magik realizmin təzahürünə diqqət yetirəcək
və üç müəllifin -Mübariz Cəfərlinin,
Mübariz Örənin və Şəmil Sadiqin əsərlərinin
timsalında mövzunu yenidən araşdırma müstəvisinə
gətirəcəyik.
Müstəqillik
dövrü ədəbiyyatının diqqət cəlb edən
imzalarından olan Mübariz Cəfərlinin
"Şəklin arxasında" (2017) povestində Kamal yuxu
haqqında tədqiqatını tamamlaya bilməyən,
qeyri-adi hadisələri yaxından görmək istəyən
Əzizə kömək etmək adı altında onu mistik
hadisələrin baş verdiyi məkana göndərir.
Əslində isə o, fenomenal hadisələrlə
bağlı öz tədqiqatının növbəti
etapını tamamlayır. Əsər boyu Kamal daim bir kənarda
oturan, hərəkətsiz bir insan kimi təsvir olunsa da əslində
o, qeyri-adi gücə malikdir, baş verən mistik hadisələri
də məhz Kamal idarə edir. Əsər boyu oxucu nəyin həqiqət,
nəyin yuxu olması arasında tərəddüdlərlə
baş-başa qalır. Povestin dili və üslubu yeniliyi,
axıcılığı ilə diqqət çəkir.
Mübariz
Cəfərlinin digər povesti -
"Halə" (2015) isə kəndə məzuniyyətə
gələn bir gəncin sərgüzəşti kimi qələmə
alınıb. Əslində isə əsərin baş qəhrəmanı
həmin gənci xalası qızı ilə evlənməkdən
daşındıran falçı Xədicədir. Əsərin
əsas ağırlığı bu obrazın üstünə
düşür. Müəllif bəzi hadisələrin, məqamların
açarı kimi qaraçı köçünü də
povestə daxil edir. Xatirənin itkin düşmüş
qardaşının sonrakı taleyi barədə məlumat
verilmir. Əvəzində gəncin şəhərdəki
evinin yaxınlığındakı pivəxanada işləyən
Faxı adlı orta yaşlı kişi haqqında düşüncələri,
fikirləri verilir. Müəllif oxuucuya mətn içində
tapmaca təqdim edir. Oxucu Xatirənin qardaşını
Faxı ilə əlaqələndirə də bilər,
bunları tam fərqli süjet xətti kimi də qəbul edə
bilər. Maraqlıdır ki, Xatirənin özü ilə
bağlı nəql etdiklərində qəribə bir zaman
uyğunsuzluğu var, bəhs etdiyi, gördüyünü,
yaşadığını iddia etdiyi məqamlar
yaşından çox öncələr baş verən vaqiələrdir.
Bu da falçı Xatirənin obrazına mistik bir çalar gətirir.
" - Soyuq, çovğunlu-boranlı qış gəlib
qapını kəsdi. O ilin qışı küləyi,
qarı, şaxtası ilə bahəm, həm də
Kürün donması ilə yadımda qalıb. Yəqin sənin
də xatirindədir. - Ay Allah, Kürün donması mənim
qətiyyən yadıma gəlmir. Rəhmətlik babam deyərdi
ki, Kür 1924-cü ildə, Lenin ölən il donub, o da bizim
yaşımızdan çox qabaqkı müddətdir. Bəs
Xatirə nələr danışır, necə yəni
Kür dondu, necə yəni sənin də yadına gələr?"
Xatirənin həyat hekayəsi əslində bir kəndin sərgüzəştidir.
Bu hekayə fonunda XX əsrin 30-cu illəri, müharibə,
müharibədən sonrakı dövr, yenidənqurma, müstəqillik
illəri axıcı bir şəkildə oxucunu yormadan,
nağılvari, koloritli bir dillə Xatirənin xatirələri
kimi oxucuya çatdırılır.
Bədii
dilinin
axıcılığı və bədii zənginliyi ilə
oxucunu cəlb edən Mübariz Örənin "Ağ
buludlar" (2017) povestinin qəhrəmanı öz
keçmişini axtarır. Bu adsız qəhrəmanın
özü isə əslində mübhəm bir
günahın, əsrlər öncə baş vermiş
insestin daşıyıcısıdır. Əsər boyu qəhrəman
bu günahdan qaçmağa çalışır. Lakin
Çar Edip kimi ona da taleyindən qaçmaq nəsib olmur, o
uzaq qazax çöllərində, heç gözləmədiyi
bir anda taleyin qurduğu tora düşür və insestin son
halqası da tamamlanır. Nəslin ruhunu təmsil edən
"kor" Qocanın dediyi kəhanət baş verir: "Gərək
gəlməyəydin bura. Amma gəlməyə bilməzdin. Səni
bura gətirən səbəb var. Bu əzablı oyunda sən
də bir bəndsən! Çevrə qapanmalıdır və
o çevrəni sən qapamalısan."
Yuxu motivi
digər bir povestdə - Şəmil Sadiqin "Yuxu
maşını" povestində (2016) də
qabardılır. Povestdə Bilgə adlı alim kəşf
etdiyi yuxu maşını vasitəsilə insanların yuxusunu
lentə köçürüb onları film kimi satışa
çıxarır. Hətta "Oskar" mükafatı da
alan Bilgə bütün qazandığı vəsaiti milli
ideologiyanın təbliğinə xərcləyir. Lakin alim
öz yaratdığnın qurbanı olur. Öz yuxusu olan xəyanət
lentini həqiqət kimi ona təqdim edirlər. Nəticədə
dünyası yıxılan, özünü yoxluğa təslim
edərək bir adada guşənişin həyat keçirən
Bilgə həqiqəti öyrənmədən dünyadan
köçür. Qeyd etmək lazımdır ki, Şəmil
Sadiqin "Yuxu" povesti ilk baxışda daha çox
utopik-fantastik əsər təsiri bağışlasa da əsərin
əsas ideyasını fövqəlinsan konsepsiyası təşkil
edir. Beyninin gücü ilə yuxunu sirrini açıb ona
sahib olan Bilgə məhz fövqəlinsandır. Lakin fövqəlinsan
belə öz duyğularına məğlub ola bilər.
Ağılın idarə edə bilmədiyi məqamlar
insanın yalnız beyni ilə var olan bir robot kimi yaşaya
bilməyəcəyini, onun insan mahiyyətini məhz
duyğularla ağılın vəhdətinin təşkil
etdiyini göstərir.
Tədqiqata
cəlb etdiyimiz mətnlərdən də
göründüyü kimi müstəqillik
dövrünün povestlərində
əks olunan mifik-magik elementlər içərisində yuxu
motivinə xüsusi maraq diqqəti cəlb edir.
Elnarə Qaragözova
fil.f.d.
Olaylar.- 2022.- 15-21 iyul.- S.18.