Ad gününün ŞƏHADƏTİ...

 

Müharibədən 2 il ötür...

Kaş, bu yazını yazmaq üçün səbəbim olmasaydı. Ancaq... Hər zaman dediyim bir söz var. "Qazandıqlarını qələmə almağa var, bacarırsan, itirdiklərindən yaz"

Mənim isə yazacaqlarım itirdiyim yox, itirdiklərimizdir.

Elə bu yaxınlarda evdən qəzet parçası tapmışam. Anamın da bir xasiyyəti var, üstündə adam şəkli olan heç bir qəzet parçasını atmır. Yığıb saxlayır. Tanımasa belə. Müharibədən sonra formalı gənclərə qarşı yaman həssas olmuşam ki, həmin qəzet parçasını gözüm tez "aldı".

Gənc, yaraşıqlı bir oğlan. Yaxası da medalla dolu. Əslində yaraşığından anlamalı idim, nəysə...

Qəzeti oxuduqca artır həvəsim. Gənc yaşda adam yetəri qədər nailiyyət əldə etmişdi. Ancaq oxuduqdan sonra fərqinə vardım ki, qəzet parçası bir qədər köhnədir. yazılar həmin zamana uyğun qələmə alınıb. Axı, Vətən müharibəsində yetəri qədər qabiliyyətli gənclərimizi itirmişik... Artıq əminəm ki, bu hiss məni bir saniyə olsun rahat buraxmayacaq. Mətnin sonuna çatanda bəlkə şəhid olub düşüncəsi belə, əl-qolumu soyutmuşdu artıq...

Hisslərimdə yanılmadım...

Əslən Naxçıvanın Şahbuz rayonundan olan Qəşəm Səfərov Vətən müharibəsinin qəhrəmanlarındandır. Naxçıvan mənə hər zaman doğmalığl həsrəti xatırladır. Vətənindən ayrı düşən bir parçadır Naxçıvan. Anasından ayrı düşən baladır Naxçıvan.  Amma  qovuşacaq  yaxın  günlərdə  anasına...  Naxçıvanın Vətən müharibəsində şəhid olan çoxlu sayda hərbçiləri var.

Qəşəm Səfərov da onlardan biridir. Qəşəmin simasına baxanda həmin əzmi sevgini görməmək mümkün deyil. Bir gənc üçün qürur olar yəqin ki, Hərbi Liseyin, sonra isə Ali Hərbi Məktəbin məzunu olsun. Ən başından yolunu bəlli edənlərdən olub  Qəşəm. Hərbiçi olmaq yolunda addımladığın zaman artıq hər şeyi gözə almış olursan.

Mənə ən çox təsir edən məqamlardan biri həmin yazının Qəşəmin şəhid olmadan öncəki dönəmə aid olması idi. Ancaq yazını oxuduqca hansısa şəhidə aid olduğu hissi yaranırdı məndə. Ümumiyyətlə, şəhidlərə aid olan demək olar ki, bütün yazılarda onların yoldaşlarından fərqli olmasından bəhs edilir. Sanki qısa ömürlərinə 70 illik həyatı sığdırırmış kimi...

Qəşəmin maraqları da fərqli olub. Oxuduğu Ali Hərbi Məktəbi kross qaçışında  birinci yerə sahib olub. Hələ sağ ikən öz müəllimlərinin dilindən bu cür tərif eşitmək hər gəncə qismət olmur. Vətəninə bu qədər bağlı  hərbiçi Vətən müharibəsinə yollanır doğulduğu gün həm şəhadətə yüksəlir. Qəşəm düşünürdü,görəsən? Öz doğum günündə əlində silah düşmənə qarşı vuruşarkən ağlından keçdimi heç şəhadətə yüksəlmək? Bəlkə elə bu arzu ilə gözlərini açmışdı o sabah.. Mən təsadüflərə inanıram. Onun doğulduğu gündə şəhadətə qovuşması sevdikləri üçün bir işarədir.Qəşəmin özəl olmasına dair bir işarə...

Dünya itirdi bilmirəm. Ancaq bir ana övladını, biz qardaşımızı, bütöv Azərbaycan istedadlı bir zabitini itirdi. Qazanan yenə Cənnət oldu...   bir   ZƏFƏRƏ  qovuşan  VƏTƏN!

 

Əfsanə

 

Olaylar.- 2022.- 15-21 iyul.- S.19.