“Qərbi Azərbaycanın
qurucuları” silsiləsindən
Dağ Borçalının qaynar
həyatı
Qədim
Türk yurdları olan
Cavahirli-Məhsəti, Aran və Dağ Borçalı, Ağbaba-Pəmbək,
Dilican-Qaraqoyunlu mahallarının əski
tərəkəmə elatının bir
parçası olan bölgənin məşhur
Hacı Xəlil Baba dini-sakral
məkanına bitişik yerlərdə yaranan XVII- XVIII əsrlərin daimi
məskunlaşma
ocaqlarından-Dəmirçilər, Soyuqbulaq,
İlməzli, Molla Eyyubluy,
Sarıyal, Qarapapaq, Qaraisa,
Qızıldaş, Keşəlli, Qamışlı....kəndlərinin
ictimai-siyasi, tarixi-mədəni həyatı
Qərbi Azərbaycanın keçmişi
ilə sıx bağlı olmuşdur.
Təbii-coğrafi şəraitinin (relyef-iqlim amilləri, torpaq-bitki örtüyü baxımından) əlverişli olması Dağ Borçalı və ona bitişik Ağbaba-Şirəel, Pəmbək, Göyçə, Qaraqoyunlu-Dilican bölgəsi tarixi beynəlxalq ticarət yolu, hərbi-siyasi mübarizələrin mərkəzi olmaqla Qərbi Azərbaycanda əhalinin sıx məskunlaşdığı, iqtisadi-ictimai təsərrüfat, dini-sakral mədəni irs, dünyəvi elm ocaqlarının təşəkkül tapdığı ərazi kimi qiymətləndirilir. Üç minillik tarixə malik qədim yaşayış məskənlərinin hələ də qalması bölgənin antik dövr mədəniyyətinin saxlancıdır.
Bu tarixi-coğrafi məkanın üstün təbii-coörafi və ictimai-iqtisadi, hərbi-siyasi möbqeyi düşmənlərin hədəfindən yayınmadığı üçün XIX əsrin I yarısında çar Rusiyasının Mərkəzi Volqaboyu quberniyalarından (əsasən Tambov, Saratov, Voronej) köçürülən rusların, I Dünya müharibəsindən sonra Avropadan gətirilən hayların, yunanların, kürdlərin bu ərazilərdə yerləşdirilməsi ciddi milli-etnik və demoqrafik dəyişikliklərlə nəticələnmişdir.
Çar Rusiyasının məkrli Qafqaz və hay kilsəsinin hiyləgər Türk-Müsəlman siyasətinin müştərək niyyəti və əməli idi ki,1970-ci illərədək Qərbi Azərbaycanın bu bölgəsinin idarəedilməsində-təsərrüfat təşkilində iştirak edən soydaşlarımız barmaq sayı qədər olub...
Amma, XX əsrdə Qərbi Azərbaycanın ictimai-iqtisadi, sosial-mədəni və təsərrüfat quruculuğunda, eləcə də 1939-1945-ci illərin II Dünya müharibəsinin qələbə ilə başa çatmasında kökənli Türk-Müsəlman əhalisinin xidmətləri daha çox olmuşdur.
Onlardan biri də doğma elinə-obasına qəlb yanğısı, milli Vətən yanaşması ilə xidmət edən Şəmistan Əbdüləziz oğlu Kazımov (1925-1994) olmuşdur.
Cəvahirli mahalının Dəlidağ ətəklərindəki Soyuqbulaq kəndinin (Dağ Borçalının qərbi hissədə ən ucqar kəndi-Şirəyel yaylası istiqamətində) dini-irfani Oruclular tayfasının müridi olan Paşa Kazım oğlu (1846-1932) ocağına şəcərə-soy bağlılığı olan bu ailəni dini-sakral irsi haqqında bölgənin məşhur ruhani-irfani məbədi olan Hacı Xəlil Əfəndi-Sufilik təriqəti şeyxinin bir kəlməsi kifayətdir:
-Ay cammat, əliniz mənə çatmayanda Paşanı ziyarət edin...
Paşa Kazım oğlunun qəbri Hacı Xəlil ziyarətgahı (İlməzli kənmdindən 5 km cənub-qərbə tərəf) məqamındadır.
Bu yerlərin dini-irfani ruhu Qafqaz canişini, qraf M.S.Vorontsovun (1782-1856) səfərindən sonra qarışıb, 1834-cü ildə dini pərdə altında köçürülən ruslar (onlar 1805-ci il 12 iyul tarixdə-Kürəkçay müqaviləsindən 28 gün sonra çar Aleksandr Pavloviçə (1777-1825) müraciət ediblər) yerləşdirilən kənd Vorontsovka, sonra isə, 1937-cı ildə Kalinino (SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalininin (1875-1946) şərəfinə) adlandırılıb, 1983-cü ildə şəhər (rayon) mərkəzi olub, 1991-ci ildən hay kilsəsi "Taşir" adlandırır..
Əbdüləziz Paşa oğlu (1885-1970) Soyuqbulaq kəndində doğulsa da, 1920-ci illərdə İrəvan şəhərində milis sistemində işləmiş, 1930-cu illərdə isə İlməzli, eləcə də ona yaxın olan Qarağalı və Qaraisa kəndlərində kolxoz təsərrüfatının təşkilini həyata keçirmiş, birliyin sədri kimi çalışmışdır.
Kolxoz heyvandarlıq-əkinçilik istiqamətində təşəkkül tapmış, geniş yay otlaqları, biçənəkləri südlük-ətlik maldarlığın zəngin təbii yem bazası olmuşdur. Bölgənin ixtisaslaşmış və dövlətə daha çox kartof satan təsərrüfatı "İlməzli" kolxozu olmuşdur.
Dağ Borçalı-Pəmbək bölgəsində təhsil-tədris və partiya-təsərrüfat quruculuğunda İlməzli kəndində doğulmuş Şəmistan Əbdüləziz oğlu Kazımovun (1925-1997) əməyi çox olmuşdur. Anası Aran Borçalının, Sarvan nahiyəsinin Kəpənəkçi kəndindən olan Məsmə Musa qızı (1904-1986) idi, rus dilində sərbəst danışırdı. Bu ailənin digər üzvü Bahar Musa qızı da (1878-1968) Tiflis Gimnaziyasının məzunu idi, "İlməzli" kolxozunda müxtəlif işlədə çalışmışdır.
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda 16 yaşlı, orta məktəbi hələ tam bitirməmiş Şəmistan Əbdüləzizi oğlu Aran Borçalı ("Borçalı çökəkliyi") bölgəsinin Sarvan nahiyəsinin (1929-cu ilədək bu cür adlanıb, 1927-1947-ci illərdə Borçalı, 1947-1952-ci illərdə isə Sərvan, 1952-ci ildən sonra "Marneuli" deyilir) Keşəlli kəndində (Bakı-Tiflis yolu üstündə, İlməzli kəndindən 90 km şimal-şərqə tərəf yerləşir) 8 illik məktəbdə müəllim işləyib.
İlməzli kənd orta məktəbi (1929-cu ildən) bölgədə təlim-tədris səviyyəsinin nümunəsi olub, xalqımızın bir çox görkəmli ziyalıları (dilçi alim-professor A.M.Qurbanov-1929-2009, xalq yazıçısı M.Süleymanlı-1943, kimyaçı professor Məmməd Mustafayev-orta məktəbi qızıl medalla, M.V.Lomonosov adına MDU-nin Kimya fakültəsini qırmızı diplomla bitirib, İstanbul Yıldız Texniki Universitetində Biomühəndislik fakültəsinin yaradıcısı...) bu məktəbdə təhsil almışlar.
Hay kilsəsi relyef mürəkkəbliyi və sərt iqlim şəraiti ilə seçilən bölgənin orta məktəbini qəsdən bu kənddə təşkil ediblər ki, Türk-Müsəlman uşaqları orta təhsil almaqda çətinlik çəksinlər, bu yoldan geri dönsünlər...
1947-1949-cu illərdə Dağ Borçalının Sarıyal kənd, 1949-1951-ci illərdə Molla Eyyublu kənd 8 illik məktəblərdə direktor kimi tədris, təlim-tərbiyə işlərini təşkil etmişdir. Sonra isə nahiyə mərkəzinə köçərək partiya-təsərrüfat rəhbərliyinin məsləhəti ilə kütləvi mədəni və istirahət tədbirlərinin təşkili ilə məşğul olmuş, 1953-1956-cı illərdə isə rayon Komsomol Komitəsinin I katibi vəzifəsini tutmuşdur. 1956-cı ildə İrəvan Ali Partiya məktəbinə qəbul olunmuş, 1957-ci ildə Bakı Ali Partiya məktəbinə köçürülmüşdür.
1961-ci ildə II buraxılış məzunu və savadlı-bacarıqlı, yetkin-təşkilatçı kadr kimi onu Saatlı Rayon Partiya Komitəsinin I katibi vəzifəsi ona təklif edilsə də, o, Qərbi Azərbaycanda işləməyi, doğma Vətəninin bu qədim bölgəsində xaıqa xidmət etməyi üstün tutur, kökənli yurduna-ocağına qayıdır.
Əvvəlcə, az bir müddət nahiyə mərkəzində rayon Partiya Komitəsində təlimatçı, sonra isə Mədəniyyət şöbəsinin müdiri olub. Nahiyənin milli-mədəni həyatının qorunmasında, inkişaf etdirilməsində, milli mədəniyyət xadimlərinin təbliğində var qüvvəsini sərf edir.
Geniş elmi dünyagörüşü və ictimaiyyət arasında artan nüfuzu nəzərə alınaraq Şəmistan müəllim 1967-1973-cü ilədək "İlməzli" ətçilik-südçülük (heyvandarlıq) sovxozunun direktoru işləmiş, təsərrüfat quruculuğunu genişləndirmişdir. Onun zəngin təşkilatçılıq-təsərrüfatçılıq təcrübəsini qiymətləndirən Ermənistan SSR Nazirlər Kabinetinin sədri M.Papyan tez-tez İlməzli kəndinə gələr, işgüzar söhbətlər aparmaqla yanaşı, ailəsi ilə bu ailənin qonağı olardı.
Təsərrüfat ərazisinin ot örtüyü ilə zəngin biçənək yerləri (kəndin şərqində, 2 km aralıda), yay otlaqları (qərbdə "El yeri", cənubda "Çapıq yeri", şimalda "İsfananlı yeri", "Göytəpə yaylaqları") heyvandarlığın təbii yem bazası ilə təminatında böyük rol oynamışdır, məhsuldarlığının qorunması məqsədi ilə təbii mühitin qorunub saxlanımasına daha çox diqqət yetirilmişdir.
İqlim şəraitinin əlverişli olması bu otlaqların məhsuldarlığını 2-3 dəfə artmasına səbəb olmuşdur (oktyabr-aprel ayları ərzində qar örtüyü əskik olmazdı, yağıntının miqdarı 700-900 mm düşürdü).
Qonur-qəhvəyi dağ meşə torpaqlarında meyvə bağları salınmışdır (həyətyanı sahələrdə), bostan-tərəvəz bitkiləri (kartof, vələmir) becərilirdi.
Tarixi faktlar göstərir ki, İlməzli kəndinin bərəkətli torpaqlarının (biçənək, örüş yerlərinin) istifadəçiliyində XX əsrlərin əvvəllərində alman şirkətləri südçülük heyvandarlığı ilə məşğul olmuşlar, südün emalı-pendir istehsalı müəssisələri inşa etmişlər (tikili yerləri 1980-ci illərədək qalırdı, kənddən 2 km aralı, şərqə tərəf).
Ş.Kazımovun zəhməti sayəsində İlməzli kəndini nahiyə mərkəzi ilə birləşdirən 10 km-lik məsafədə hamar qrunt-yol çəkilmişdir (Qərbi Azərbaycanda Türk-Müsəlman əhalisi yaşayan kəndlərə haylar asfalt yolu salmırdılar). "Hacı Xəlil baba ziyarətgahı" yerləşən dağdakı bulaqların suyundan kəndə 7-8 km uzunluğunda su kəməri çəkdirə bilmiş, kəndə əhalinin istehlak ehtiyaclarının ödənilməsi üçün bir neçə xidmət ocaqları inşa etdirmişdir.
1968-1969-cu illərdə nahiyə mərkəzində Azərbaycan dilli orta məktəbdə "erməni" dilində dərs demişdir.
Molla Eyyublu kəndində işləyərkən Tamam Abdulla qızı Hüseynova (1930-2006) ilə ailə həyatı qurmuş Şəmistan müəllimin ocağında 4 qızı, 2 oğlu boya-başa çatmış, onlar da təsərrüfat və təlim-tərbiyə sahəsində çalışmışlar.
Oğulları-Rövşən (1956) və Tariyel (1964) 1970-1980-ci illərdə Rusiya Federasiyasının Pskov vilayətinin Velikiye Luki şəhərində Kənd Təsərrüfatı İnstitutunda təhsil almışlar, sonra isə Qərbi Azərbaycanda doğma nahiyənin Meşə Təsərrüfatında işləmişlər.
Şəmistan müəllim 1985-ci ildə infart olmuş, 1997-ci ildə 2-ci dəfə təkrar olanda Bakı şəhərində vəfat etmiş, bakıxanov qəsəbəsində Ərəblinski qəbirstanlığında dəfn olunmuşdur.
R.S. 1989-cu ildə Bakı şəhərindən İlməzli kəndinə köçməyə hazırlaşan haylar bu yerləri görəndə heyrətlə deyiblər:
-Bura Qarabağdır, Qarabağdır...
(Yazının hazırlanmasında həm də
Qərbi Azərbaycanın Dağ
Borçalı mahalının İlməzli kənd sakinləri
İsmayıl Mustafa oğlu
Osmanlının (1948) və Tariyel Şəmistan
oğlu Kazımovun (1964) məlumatlarından istifadə olunub.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2022.- 3-9 iyun.- S.17.