Gənc yazar Gülnaz Nağızadə

haqqında bir neçə söz

 

Bu yaxınlarda ustad tənqidçi Vaqif Yusifli mənə bir tələbə qızın yaradıcılıq yolunu əks etdirən üç kitab hədiyyə etdi. Bu kitabların müəllifi,  Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olan Gülnaz Nağızadə ədəbi cameədə ilk addımlarını atır. Onun yeniyetməlik illərindən başlayan  bu yolunda ilk addımı "Xoşbəxtlik qapını döyür" adlı povesti olub. 2017-ci ildə işıq üzü görən bu povest 14 yaşlı bir qızın öz dünyasının pəncərəsindən, öz yaşının imkan verdiyi qədər dünyaya baxışını, bu baxışın bədii təcəssümünü əks etdirir. Səma adlı qızın həyat yolunu izləyən yazar bu ilk qələm təcrübəsi ilə söz sevgisini reallaşdırmağa cəhd edir. Bu cəhddə hiss edilən  istedad işartıları Gülnaz Nağızadənin gələcəkdə təkrar qələmin   sehrinə düşəcəyi ehtimalını yaradırdı.

Gülnaz Nağızadənin ilk qələm təcrübəsini nəsrdə reallaşdırması faktı da maraq doğurur. Adətən ilk qələm təcrübələri poetik duyğular şəklində meydana çıxır. Daha sonralar bu ilkin poetik duyumların ifadəsi qələmi seçən insanı üç mümkün yoldan birinə gətirir. Bir çox hallarda bu şeir örnəkləri bir işartının inikası olur sonradan sönür, insan sonrakı ömür yolunda bədii yaradıcılıqdan gen düşür bu qələm təcrübələri gənclik xatirəsinə çevrilir. İstedadın güclü olduğu məqamlarda isə yazar digər iki yoldan birini seçir: ya poetik duyumun gücü onu poziyaya yönlədirir, yaxud da bu nümunələr gələcək nasirin "sandıq ədəbiyyatı"na daxil olur. Gülnaz Nağızadə isə oxucuların qarşısına birbaşa nasir kimi çıxmaq cəhdi ilə fərqli bir yol seçir.

Vaqif Yusiflinin redaktorluğu ilə çıxan ikinci povest - "Femidanın gözləri" əsəri Gülnaz Nağızadənin öz yazarlıq istəyində   iddiasında dönməz olduğunun  sübutu idi. Əlbəttə bu povestdə müəllifin yaşından asılı olaraq müəyyən elementlər diqqəti cəlb edirdi. Bu əsər "Xoşbəxtlik qapını döyür" povesti kimi gündəlik formatında oxucuya ünvanlanmışdı. Nargin adlı albinos qızın həyatının canlandırıldığı əsərdə gündəmə gələn əsas ideya insanların tolerantlığı ilə bağlı məqamlardır. Bəli Nargin fəqlidir, lakin bu fərq zahiridir, batinə fikir verən, mənəvi aləmə önəm verən kamil insan üçün bu heç bir önəm kəsb etmir. Müəllif əsər boyu Narginin həyatını izləyir, onun keçdiyi yolu işıqlandırmaqla önəmli mesajlar verir. Gözləri bağlı təsvir olunan, tərəfsiziyi, haqq-ədaləti təmsil edən  yunan ilahəsi Femidanın semantik yükünün povestin adında əks olunması da təsadüfi deyil. Hamını eyni görmək üçün, kimsəyə gözəldir, zəngindir deyə ədalət tərəzisini əymək istəməyən, gözlərini bağlayan Femida müəllifin axtardığı tolerantlığı  simvollaşdırır. Qərar verərkən, son sözü söylərkən zahirdəkinə deyil, batindəkinə yönəlməni, əsl həqiqəti meyar götürməyi insanlara gündəlik münasibətdə reallaşdırmaq arzusu, tolernatlığa çağırış povestin ana xəttini təşkil edir.

Gənc yazarın 2022-ci ildə çap olunmuş yeni romanı "Qordi düyünü" adlanır. Əvvəlki əsərlərindən fərqli olaraq bu əsər roman janrında qələmə alınmışdır. Əsərin dedektiv mövzuda yazılması təsadüf deyil. Gələcəyin hüquqşünası ustası olmaq istədiyi sənətin laboratoriyasına bədii güzgüdə baxmağa, bu güzgü vasitəsilə öz gələcək hüquqşünas  obrazını formalaşdırmağa çalışır. Qeyd etməliyiki ki, Gülnaz Nağızadənin dedektiv elementlərə müraciəti bu əsərlə məhdudlaşmır. Onun  ilk qələm təcrübəsi olan "Xoşbəxtlik qapını döyür" povestində dedektiv elementlər mövcud idi.

Əsas mövzusu uşaq ulduz Arzu Əfəndiyevanın qətlinin araşdırılması olan "Qordi düyünü"nündə  gənc müstəntiq Attila obrazı daha qabarıq verilmiş, ön planda işlənmişdir. Əsər boyu Attila cinayəti, oxucu isə Attilanı çözməyə çalışır. Onun adiliyində, sakitliyində gizlənənən mübhəmlik əsər boyu əsas xəttin fövqünə qaldırılır. Savadı, ədalətli olması, intuitiv qənaətləri ilə oxucunun rəğbətini qazananan bu gənc müstəntiqin faciəli keçmişi onun bu gününü formalaşdırır. Uşağın qətli ilə bağlı cinayət işinin gedişi boyunca Attilanın da öz uşaqlığı, həmin uşaqlıq illərində gizlənən ağrı - atası qardaşının  faciəli ölümü, anasının onu tərk etməsi, qətli ilə bağlı məqamlar üzə çıxır. Gülnaz Nağızadə bir epizodla Attilanın ağrılarının dərinliyinə enə, həmin psixoloji sarsıntıların mahiyyətini aça bilir: "O, gecə yatmayıb eləcə güzgüdə öz əksinə baxmışdı. Gözünə yuxu getməməsinin səbəbi beynində ona suallar verən birinin daha olması idi. Attilaya yad sima deyildi onu atası ilə Faiqi torpağa tapşdırdıqları gün tanımışdı".

"Qordi düyünü" digər iki əsərdən yalnız janrına mövzusuna görə deyil, təhkiyə tərzinə görə seçilir.  Bu romanda digər iki povestdən fərqli olaraq gündəlik formatından imtina edilib. Müəllif təhkiyəsinə birbaşa  müraciət etməsi gənc yazarın püxtələşməyə doğru addımladığının göstəricisidir. Bu məqam nəsrimizə yeni bir imzanın gəlməsini müjdələyir. Biz öz növbəmizdə Gülnaz Nağızadəyə uğurlar arzu edir, bundan sonrakı yaradıcılığında da qələmin sözün şərəfini daim uca tutmasını diləyirik.         

Elnarə Qaragözova

Fil.f.d.

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi

 

Olaylar.- 2022.- 10-16 iyun.- S.22.