“Oyun
dövrəsi”nin tilsimi
"Sirli
gedişlər" romanının
müəllifi tanınmış
vəkil Lətifə
Orucun "Oyun dövrəsi" adlı
yeni romanı dedektiv siqlətli bir əsərdir. Əsərdəki hadisələr
iki zaman kəsiyində:
1990-cı illərdə və günümüzdə
cərəyan edir. Yazıçı
əsərdə maraqlı
obrazlar qalereyası yaratmağa nail olmuşdur.
Romanda üç qumarbazın və bir prokurorun
həyatı fonunda insanın günahdan keçən ömür yolu təsvir edilir. Tərlanın,
Məşdinin, Natiqin
və özünü
"Vəli" adı
ilə təqdim edib onlarla bir
masaya oturan prokuror Rüstəmin qumar masasından
1990-cı illərdə başlayan
"oyun"u 2020-ci ildə
yekunlaşır. Gəlin
Lətifə Orucun yeni qəhrəmanları ilə yaxından tanış olaq. Kimdir onlar?
Zəhmətkeş bir ananın yeganə oğlu olsa da pis
vərdişlərə yiyələnərək
nəinki öz həyat yoldaşı Məryəmə zülm edən, hətta anası Natəvanın ölüm yatağında
gözlərini yolda qoyan, anasının dəfnində iştirak əvəzinə toya gedib qumar oynayan,
həyat yoldaşına
qarşı amansız
rəftarına görə öldürülən
Tərlan;
Öz təmiz alim adını rüşvətlə
ləkələyən, epilepsiya
xəstəsi olan qızı Zeynəbin müalicəsi üçün
pul qazanmaq niyyətilə dolayısı
ilə də olsa Məryəmin atasının və anasının ölümünə,
özünün isə
ali təhsil arzusu ürəyində qalıb süpürgəçi
işləməsinə bais
olan, qumara qurşanıb Məşdiyə
çevrilən, pul hərisliyindən şantaja
əl atıb öldürülən Həsən;
Vaxtilə idmançı olan,
sonradan asan qazanc niyyəti ilə qumara qurşanan, oğlu Raminin və psixi pozğunluq əlamətləri olan həyat yoldaşı Şahanənin problemləri
fonunda uçuruma yuvarlandığının fərqinə
olmayan, sonradan Rüstəmin dəstəyi
ilə bisnesmenə çevrilsə də ailə xoşbəxtliyini
dada bilməyən Natiq;
Daim ədalət tərəzisinin
tarazlığına çalışan,
keçmiş cinayətin
sirrini açmağa çalışarkən özü
də mistik bir şəkildə həmin cinayətin və gələcəkdə
törəyəcək cinayətlərin
halqalarından birinə
çevrilən, bir
övladı oğurlanan,
digəri qətl şübhəsi ilə həbs olunan, bir övladının
digərini mühakimə
etməsinə şahid
olan prokuror Rüstəm.
Prokuror Rüstəm
və ailəsi ilə bağlı olayların əsərin əsas xətlərindən
birini təşkil etməsi həm də müəllifin maarifçi ideyası ilə bağlıdır. Prokuror Rüstəm və onun həyat yoldaşı Sevili öz
sənətlərinin vurğunu
olan, daim ədalətin yanında olan mütəxəssis kimi təsvir edən Lətifə Oruc bu ailənin
timsalında həm də sağlam ailə modelini ortaya qoyur.
"Oyun dövrəsi"
qumar oyununun qurbanları və fəsadları fonunda insan və cəmiyyət,
maddi və mənəvi dünya, ideya və əməl
kimi mövzulara işıq salmaqla yanaşı sələflər
və xələflər
mövzusuna da toxunur. 1990-cı illərdəki
hadisələrin qəhrəmanları
2000-ci illərdə fərqli
reallıqda yenidən
oxucu qarşısına
çıxırlar. Bu dəfəki oyunun qəhrəmanları Natiqin
oğlu Ramin, Tərlanın oğlu (əslində prokuror Rüstəmin oğurlanmış
oğlu) İsmayıl,
Məşdinin qızı
Zeynəb və Rüstəmin
oğlu Mehmandır. Lakin ilk baxışdan kənarda qalan bir oyunçu daha var. Prokuror illərlə aça bilmədiyi cinayətlə
bağlı qarşısında
divar kimi duran bir tapmacanın
açmacasını intuitsiya
ilə hiss edir. Rüstəm
illər boyu bu kələfə dönmüş işdə
dörd oyunçudan əlavə beşinci oyunçunun da olduğunu təxmin edir. İlqarın qətli ilə
bağlı məhkəmədə
beşinci oyunçu
- süpürgəçi Fatma
ortaya çıxır.
Həyatın gözəgörünməz
tellərlə bu
dörd nəfərə
və onların həyat yoluna bağladığı, yetimxanadan
böyüyən, gənckən
prokuror Vilayətin toruna düşüb ismətini itirən, daha sonradan onu
bətnindəki qızı,
gələcəyin ginekoloqu
Qumralı qətlə
yetirmək istədiyi
üçün zəhərləyib
öldürən, Məryəmə
zülm edən Tərlanı öldürən,
Tərlanın ölən körpəsini
prokurorun yeni doğulan oğlu ilə dəyişən, ömrü boyu süpürgəçiliklə yaşayıb kimsəyə
möhtac olmaq istəməyən,
İlqarın qatili
olan Vilayətin nənəsi Fatma! Fatma obrazı müəllifin
tapıntısıdır. Yazıçı bir obrazın
simasında həm saflığı, həm də hiyləgərliyi, həm mərhəməti,
həm də cinayəti, həm insanı, həm də yırtıcı xislətli varlığı
birləşdirərək təzadlı
bir obraz yaratmağa nail olmuşdur.
Fatma öz düşüncəsinin
dərinliyi, fikirlərinin
dolğunluğu və
həyata fəlsəfi
baxışı ilə
prokuror Rüstəmi heyrətə salır.
"Çirkabları süpürdüm" deyərək
həyatda qarılaşdığı
alçaq insanların
günahlarına dair özü hökm verib özü cəza kəsən Fatma oxucunun yadında təzadlı və güclü bir obraz kimi
qalır.
Əsərdə xələflər mənəvi
cəhətdən sələflərin
yolunu davam etdirirlər. Başı pul qazanmağa
qarışan Natiqin ailəsinə yetərincə
diqqət etməməsi
oğlu Raminin narkomaniyaya qurşanmasına,
həyat yoldaşı
Şahanənin əxlaqsızlıq
uçurumuna yuvarlanmasına
səbəb olur.
Fatma qızı Qumralı zəhmətlə
böyüdüb oxutsa
da nəvəsi Vilayət genetik olaraq babası Vilayətin zalımlığını,
insanlara qarşı laqeydliyini və kini
özündə təcəssüm
etdirir. Mehman atası Rüstəm
kimi ədalətli, mərhəmətli və
daim doğrunun yanında olan parlaq bir gənc
kimi yetişir. Zəhmətkeş Məryəmin böyütdüyü,
özünü Tərlanın
oğlu bilən əslində isə Rüstəmin oğlu olan İsmayıl daim haqqın yanında durur.
Əsərdə Vətən müharibəsi
ilə ilgili məqamlar da öz əksini tapıb. Roman Rüstəmin oğlu
Mehmanın və öz təmizliyi, qüruru və cəsarəti ilə oxucunun rəğbətini
qazanan Məhəmmədin
ordudan təxris olunması səhnəsi ilə bitir:
"... Mehman, ucadan, hamıya xitabən, yanındakı dostunu göstərib, dedi:
Bu gördüyünüz əsgər
Hadrut, Şuşa
fatehlərindən biridir.
Adı Məhəmməddir,
çox inad və amansız çavuşdur.
Məhəmməd hərbi xidmətini kəşfiyyat bölüyündə
çavuş kimi başa vurmuşdur. Vətən müharibəsi
başlayanda, o da Mehman kimi könüllü
cəbhəyə getmişdir.
Təsadüf, Hadruta hücum
zamanı onları görüşdürmüş, bu ana qədər
bir yerdə olmuşdular.
İndi camaatın içində Mehmanın onu tərifləməsindən utandı. Gülümsəyərək,
dedi:
Bunun özü
əsl qəhrəmandır.
İsmayıl gülərək, dedi:
Məhəmməd, ikinizdə, bütün
ordumuz, xalqımız,
Ali baş komandanımız,
bir sözlə, "dəmir yumruq" qəhrəmandır...."
Yazıçı bu iki təmiz mənəviyyatlı,
parlaq gəncin timsalında igid Azərbaycan oğullarının,
Şuşa fatehlərinin ümumiləşdirilmiş
obrazını yaratmıışdır.
"Oyun dövrəsi"
romanında da "Sirli gedişlər" romanında istifadə edilən fəsil texnikasından istifadə edilmişdir. Bu romanda da Lətifə Oruc hər fəslin əvvəlində
verdiyi aforizm xarakterli cümlələrlə
həmin bölümün
mahiyyəti, məramı
ilə ilgili həm oxucuda təsəvvür
formalaşdırır, həm
də yazıçı
ideyasının konturlarını
üzə çıxarır.
Lətifə Orucun yaradıcılığının
özünəməxsus cizgilərindən
biri yazıçının
həyatı və həyat hadisələrini
simvollaşdırmağa cəhddir.
Yazıçı "Sirli gedişlər"
romanında qəhrəmanların
həyatındakı olayları
şahmat taxtasındakı
gedişlərlə qarşılaşdırır.
"Oyun dövrəsi"
romanında isə əsər boyu həyat hadisələri, obrazların seçimi yol hərəkəti qaydalarına bənzədilir,
yaşamın yollarında
insanın rast gəldiyi ağ xətlər, xəbərdarlıq
işarələri, qadağa
simvolları, qırmızı
və yaşıl işıqların onu necə yönlədirdiyindən
bəhs edilir.
Lətifə Orucun "Oyun dövrəsi" romanında
vermək istədiyi əsas mesaj ailə və genetik mahiyyətin daim əsas olması, bütün fəsadların bu amillərin nəzərə
alınmamasından doğması
ideyası ilə bağlıdır. Bu səbəbdən
roman yalnız dedektiv janrında qələmə
alınmış maraqlı
bir əsər kimi deyil, gəncləri
tərbiyəsində önəmli
rol oyanayacaq bədii örnək kimi də diqqətəlayiq
və dəyərlidir.
Elnarə Qaragözova
Fil.f.d.
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi
Olaylar.- 2022.- 10-16 iyun.- S.19.