Xalqın qürur və güvənc

yeri-Azərbaycan Ordusu

 

Azərbaycan Silahlı Qüvvələrinin necə böyük qüdrətə malik olduğunun günbəgün, anbaan şahidi olmaqdayıq. Ordumuzun maddi-texniki bazasının möhkəmlənməsi, döyüş sursatları və digər müasir texnika ilə təmin olunması, o cümlədən əsgərlərin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən işləri göz önündədir.

2020-ci ilin sentyabr ayında düşmənin növbəti təxribatı nəticəsində başlayan 44 günlük Vətən müharibəsində həm təcavüzkar Ermənistan, həm də bütün dünya Azərbaycan Silahlı Qüvvələrinin gücünün şahidi oldu. Sözsüz ki, əldə edilən tarixi qələbədə uzun illərdir vətənpərvərlik ruhunda tərbiyə alan gənclərin rolu danılmazdır. Vətənpərvər gənclərin torpaqlarımızın azad edilməsində böyük rolunu müharibədə şücaət göstərərək, şəhid və qazi olanlar arasında gənclərin sayının çox olması da sübut edir. İyunun 26-da ürəyi Azərbaycanla döyünən, Vətən torpaqlarının müdafiəsində dayanan hərbçiləri, əsgər və zabitləri ilə qürur duyan hər kəs Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümünü qeyd edəcək. Bəli, bu gün Azərbaycan xalqı 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə-əlahiddə Azərbaycan korpusunun yaradıldığı həmin şanlı tarixi 104 il ötsə belə yenə də qürurla xatırlayır və təməli o vaxtdan qoyulan Azərbaycan Silahlı Qüvvələri ilə fəxr edir. Artıq o gündən bir əsrdən artıq tarixi bir yol qət etmiş Azərbaycanın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da mühüm addımlar atılıb, bu sahədə əsl inkişaf gedib və getməkdə də davam edir. Yarandığı gündən qarşısına işğal altında olan torpaqların azad edilməsi kimi müqəddəs və məsul vəzifə qoyulan Azərbaycan Ordusu bir əsrdən sonra əzəli düşmənə elə ağır zərbə vurdu ki, elə bir möhtəşəm Zəfərə imza atdı ki, bu gün xalqımız 26 İyun - Silahlı Qüvvələr Gününü fəxarət və qürur hissləri ilə bayram edir.

Məlum olduğu kimi, müasir dünyada ordu müstəqil dövlətin ən vacib atributlarından biri hesab edilir. Məhz bu faktoru əsas götürən Ümumilli Lider Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə gəldikdən sonra ölkəmizdə həm ordu qurculuğu, həm də silahlı qüvvələrə münasibətdə dönüş yaratdı. Sonrakı illərdə Silahlı Qüvvələrin daha da gücləndirilməsi yönündə işlər sürətlə davam etdirildi. Ulu Öndərin layiqli davamçısı İlham Əliyev prezident seçiləndən sonra orduya diqqət daha da artdı, hərbi xərclər Azərbaycanın dövlət büdcəsində birinci yeri tutdu. Hazırda Azərbaycanda bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu gün tam əminliklə deyə bilərik ki, Prezidentin fəaliyyətində ordu quruculuğu birinci yerdədir. Ölkəmiz məkirli düşmənlə qonşuluq şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Məhz bunu nəzərə alan ölkə başçısı Azərbaycanda ordu quruculuğunu daim diqqət mərkəzində saxlayır. Elə bunun nəticəsidir ki, bu gün orduda xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, hərbçilərin məişət problemləri də həll olunur. Ölkə rəhbərliyinin bu sahəyə olan yüksək diqqət və qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.

Azərbaycan xalqı öz ordusunun hansı potensiala qadir olmasının bariz nümunəsini  2016-cı ilin aprelində bir daha gördü və şahidi oldu. 2016-cı ilin Aprel döyüşlərində əldə olunmuş Lələtəpə zəfəri, eləcə də Cocuq Mərcanlının azad edilməsi ordumuzun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. 2018-ci ilin mayında Naxçıvanda qazanılmış Günnüt qələbəsi isə yüksək potensiala sahib olan Azərbaycan ordusunun əldə etdikləri zəfərlərin davamlı olacağını göstərdi. Ölkə başçısının da söylədiyi kimi, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etdik və strateji yüksəkliklərə çıxdıq. Nəhayət 2020-ci ilin sentyabr ayında düşmənin növbəti təxribatı nəticəsində başlayan 44 günlük Vətən müharibəsində Ermənistan ordusu darmadağın edildi, işğal altında olan torpaqlarımız azad edildi və Azərbaycan öz ordusunun gücü ilə ərazi bütövlüyünü təmin etdi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd edib ki,  otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır: "Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi".

Son illər ordu quruculuğu sahəsində əldə edilən uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Hər kəsə o da yaxşı məlumdur ki, dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır" prinsipi üstünlük təşkil edir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, Azərbaycan dövləti olaraq hər şeyi öz hesabımıza əldə etmişik. Vətən müharibəsinin başa çatmasından iki il ötsə də, bu gün Azərbaycan ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni yalın əl, bıçaq və yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və s. dövlətləri tərəfindən araşdırılmaqda, ətraflı şəkildə öyrənilməkdədir. Təkcə bu faktlar şanlı Azərbaycan ordusunun, bu ordunun Ali Baş Komandanı olan İlham Əliyevin gücündən, böyüklüyündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir.

 

Nurlan

 

Olaylar.- 2022.- 24-30 iyun.- S.13.