Kimsən sən Laokoon?

 

Kamal Abdullanın "Laokoon....Laokoon..." romanı haqqında düşüncələr

 

Postmodernizm cərəyanının çağdaş ədəbi prosesdə ən parlaq təmsilçisi olan Kamal Abdullanın 2021-ci ildə işıq üzü görən "Laokoon... Laokoon..." romanı Azərbaycan postmodern roman estetikasında tam yeni etapdır. Bu roman müzakirəsi ilə də Azərbaycan ədəbiyyatşünaslığında da bir ilkə imza atmışdır.

Belə ki, ədəbiyyatşünaslığımızda  ilk dəfə  bir roman çap olunmadan öncə müzakirəsi keçirilmişdir. "Ədəbiyyat" qəzetinin "Müzakirə saatı"nda Kamal Abdullanın  postmodern  "Laokoon, Laokoon..."  romanının müzakirəsi keçirilmiş, qəzetin ardıcıl iki (23.04.2021; 30.04.2021) sayında romanla bağlı filologiya elmləri doktoru Elnarə Akimovanın (moderator), xalq şairi Ramiz Rövşənin, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidin, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubovanın, yazıçı Vaqif Nəsibin,  şair-esseist Qismətin və filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın mülahizələri işıqlandırılmışdır.

Kamal Abdullanın yeni romanının adı bizi dərhal yunan miflərinə, Yunan-Troya müharibəsinə, Homerə, İliadaya yönləndirir. Troyalılar Apollonun kahini olan Laokoonun Troya atının şəhərə bədbəxtlik gətirəcəyi barədə öncəgörməsini dinləmir və bunun necə nəticələndiyini miflər bizə xəbər verir. Bu öncəgörmənin cəzasını Laokoon çox ağır bir şəkildə ödəməli olur. Bəzi miflərə görə Apollonun, bəzilərinə görə isə Heranın göndərdiyi ilanlar onu və oğullarını dəhşətli əzablarla öldürür. Bəzi mifik mətnlərdə isə Laokoonun sağ qalaraq ömrünün sonunadək ilanların öldürdüyü oğullarının dərdini çəkməyə, bu ağrı ilə yaşamağa məhkum edildiyi iddia olunur. Bəs Kamal Abdullanın "romanabənzər" adlandırdığı əsərində Laokoon kimdir? Vaqif yoxsa Firəngiz? Vaqifin mətnindəki qəfildən peyda olan, dəyişən yad adlar, sözlər məhz həmin Troya atına bənzəyir. "Həyatda hər şeyi gözəl anlayan, başa düşən Vaqif öz mətninin içində artıq çaş-baş qalmağa başlamışdı. Anlamadığı məqamlar get-gedə artır, çoxalırdı. Buna belə də demək olardı: hansısa sonsuz lüğət ondan öz intiqamını almağa başlamışdı". Firəngizin bənövşəyi şərfi, bənövşəyi əl yaylığı öz mental mənası ilə diqqəti cəlb edir. Bənövşəyi rəng qırmızı rənglə göy rəngin  vəhdətindən yaranır. Mental yaddaşımızda qırmızı sevinci, göy kədəri ifadə edir. Firəngiz də özündə həm sevinci, həm də kədəri daşıyır, əksliklərin vəhdəti kimi təzahür edir. Amma bənövşəyi rəng həm də nakam bir çiçəyin simvoludur. Oxucu romanın mətni boyu irəlilədikcə Vaqifin artıq öz mətninin əsirinə çevrildiyinə şahid olur. "Şəbəkə" adlı retoranın daimi müştəriləri gözəgörünməz bir labirintin içindədirlər.Mətn Vaqifi ahənrüba kimi özünə çəkir. Bu halda əsl Laokoon rolunda çıxış edənin Firəngiz olduğu qənaəti yaranır. Adının mənası "yaradan, doğuran, işıq saçan" olan  Firəngiz  Vaqifi daim Troya atından-mətndən qorumağa çalışır.

Romanda Vaqifin daim təkrar etdiyi təkərləmə - sadalama da maraq doğurur. Həmin sadalama romanda  bu şəkildə verilib:

Bir, iki - daşaltı,

Beş, altı- Firəngiz,

Doqquz,on - qapını ört,

Yeddi, səkkiz - qırmızı don,

Üç-dörd - bizimki

Əslində isə həmin təkərləmə-sadalama aşağıdakı kimidir:

Bir, iki - bizimki,

Üç, dörd - qapını ört,

Beş, altı - daşaltı,

Yeddi-səkkiz - Firəngiz,

Doqquz-on - qırmızı don.

Əgər Kamal Abdullanın versiyasında "səhv" yazılmış  təkərləmə-sadalamanın sağ tərəfindəki sözləri orijinal mətndəki sözlərin yerinə qoysaq belə bir mətn alınar:

Daşaltı-bizimki,

Firəngiz - Daşaltı,

Qırmızı don - qapını ört,

Firəngiz - qırmızı don,

Qapını ört - bizimki.

Əsərdəki I  Qarabağ savaşı ilə bağlı məqamlar, Ağdamdakı hərbçilər üçün dərman tapıb çatdırmaq qayğısı romanda məlum təkərləmənin təsadüfən bu şəkildə verilmədiyinin xəbərçisidir. Təkərləmənin simbioz variantı "bizimki" sözü ilə başlayıb "bizimki" sözü ilə də bitir. I Qarabağ savaşında itirdiyimiz bizimki Vətən müharibəsi ilə yenidən bizimki oldu.

Fikrimizcə, bu roman özündə yalnız postmodern deyil, həm metamodern elementlər ehtiva edir. Beləliklə, "Laokoon..Laokoon" postmodernlə metamodernin sərhəddində dayanan sinkretik, polifonik roman kimi ədəbiyyatımızda doğulmaqda olan yeni cərəyanın müjdəçisi rolunda çıxış edir.

 

Elnarə Qaragözova

Fil.f.d.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutunun aparıcı elmi işçisi

 

Olaylar.- 2022.- 4-10 mart.- S.19