VƏTƏNƏ KEŞİK ÇƏKƏN

GÖZÜNDƏN ÖPSƏM DƏ AZ!

 

2000-ci il iyulun 13-də Yevlax şəhərində İkram kişinin oğlunun  doğulduğu xəbərini gətirən qohuma muştuluq da verilmişdi, sevinə-gülə. Yeni doğulan körpənin evə gəlişinə qurban kəsilib paylanmışdı. Axı, İkramla Nailə xanım ailə qurduqdan 7 il sonra qızları Arzunun, 14 il sonra isə oğlunun dünyaya gəlişi ailəyə gözəl bir ab-hava gətirmişdi. Oğul övladı ailəni muradına cat­dırmışdı, buna görə ana oğluna Murad adı vermişdi. Bütün ailə üzvləri, qohumları Muradı məhəbbətlə, qayğı ilə əhatə edib əzizləsələr , o, heç vaxt ərköyünlük etməyib, hamının  sevimlisi olmuşdu. Onu ilk dəfə dərsə yola salanda necə sevinmişdilərsə,  təhsilini müvəffəqiyyətlə başa vuranda da fəxr etmişdilər. Murad həm nizam-intizamı, həm idmana həvəs göstərməsi ilə secilirdi məktəbdə. İdmanın cüdo növünə həvəs göstərməsi onun respublika yarışlarına vəsiqə qazanmasına səbəb olmuş yarışlarda qazandığı uğurlara görə layiq görüldüyü fəxri fərmanlar, kuboklar bu gün Ağazadələr ailəsinin evini bəzəyir.

2018-ci ildə hərbi xidmətə cağırılan Ağazadə Murad İkram oğlu 2020- ci ildə həqiqi hərbi xidmətini başa vuraraq, evlərinə dönür.

Bacısı Arzu Tovuz döyüşləri zamanı Muradın Aprel döyüşlərini necə həyəcanla izlədiyindən danışır: "Tovuz döyüşləri Murada necə pis təsir eləmişdisə, deyirdi ki, torpaq bizim ola-ola mənfur düşmən, yurdumuzda necə at oynada bilər axı?! Görəcəksən bacı, tezliklə torpaqlarımız özümüzə qayıdacaq, mən   qoşulacam döyüşə gedənlərə".

Elə bu vətən, torpaq  sevgisi ilə müharibəyə yollanan könüllülər sırasına ilk yazılanlardan olub Murad. 13 iyul 2020-ci ildə səfər­bərlikdən 2 ay əvvəl, bacısı Arzu qardaşı Muradın ad günü münasibəti ilə  şəklini sosial şəbəkədə paylaşmışdı, Murad isə: "Bacı, təbri­kə görə  cox sag ol, amma  xahiş edirəm, sil bu statusu. Mən necə ad günü qeyd edə bilərəm axı, gör bizim neçə igid oğullarımız şəhid olur.

beləcə günlərin birində ailədən xəbərsiz, ilk könüllülər dəstəsinə qoşularaq torpaqlarımızı müdafiəyə gedir 20 yaşlı Murad. Yola düşməzdən əvvəl bacısıgilə dönür, onun övladlarını bağrına basır, amma müharibəyə getdiyini bacısına, valideynlərinə bildirmir. Xəbər tutanda ata-anası həyəcanlanır, amma bir söz demirlər, oğul vətən üçündür, bu gün vətənimiz dardadır, torpaqlarımızı azad etməyə məhz oğullar getməlidir, deyirlər. Evlərinə tez- tez zəng vururmuş. Nailə xanım hər dəfə oğlunun səsini eşidib kövrəlib ağlayırmış. O da:- Ay ana, niyə ağlayırsan, şükür sağ-salamatam, inşallah qələbə çalıb gələcəm. Gec-tez bu müharibə olmalıydı, oldu da, narahat olma zəfər bizimdi, deyirmiş.

Sentyabrın 30-da qızgın döyüşlər gedirdi. Sanki ürəyinə dammışdı şəhid olacağı, yenə evə zəng edir: "Ana, məndən nigaran olmayın, hər şey yaxşıdır, özü­nüz­dən muğayat olun", deyir. Muradın son zəngi son sözü. Ana ömrü boyu o zəngin səsini, bala­sının son səsini unutmayacaq. Döyüş yoldaşları 20 yaşlı Muradı cansız olduguna görə döyüş meydanında çox irəli buraxmırdılar, bir görürmüşlər ki, döyüşlərin ən qızğın yerindədir: - Od kimi oğul idi-, deyir döyüş yoldaşları, torpaq uğrunda öz evinin divarı üçün vuruşurmuş kimi vuruşurdu. 

Cəmi 20 il ömür, insan ömrünün ən çiçəkləyən yaşı, qönçə ömrü, çiçək ömrü, fidan ömrü. Tərtəmiz qanını torpağa axıtdı ki, orda da çiçəklər bitsin, ora da bizə vətən olsun. Lakin dünya dürduqca qəlbimizdə yaşayacaq, and yerimiz olacaq.

Ana ürəyi oğlunun yoxluğunu hamıdan əvvəl hiss edir canının, ciyərinin yanmasından, ürəyinin narahatlığından. Tam 70 gün Muradın nəşi neytral zonada uyudu, ruhu balasına  lay- lay deyən ananın başı üstündə fırlanaraq, fəryad edən anayla birgə alışdı, yandı.

70 gündən sonra böyüyüb, boya-başa çatdığı, canından artıq sevdiyi torpağa qovuşdu Murad. 21 sentyabr 2020-ci ildə qoşaraq getdiyi müharibədən, 9 dekabr 2020-ci ildə, üçrəngli bayrağa bürünərək çiyinlərdə gəldi ata evinə.

Nailə xanımın bir ömür boyu övlad yanğısı sönməyəcək, İkram kişi bir "oğlum" - deyə çağırmayacaq Muradı, Arzu bir daha bağrına basa bilməyəcək əziz qardaşını. Amma Murad təkcə ailəsinin deyil, Azərbaycan boyda böyük bir ailənin övladı oldu.

Sevib, secdiyin torpaqda rahat yat, Murad. Sənin kimi oğulların qanıyla çiçək-çiçək boy verən bu vətənə bir daha düşmən ayağı, düşmən nəfəsi dəyə bilməz.

 Bir ildən çoxdur şəhidlik zirvəsinə ucaldığın. Çox sevdiyin bacın Arzunun üç körpəsi - Ömər, Mələk Fatimə böyüyürlər Murad. Anası onlara dayılarından dastan qəhrəmanı kimi, nağıl qəhrəmanı kimi danışır. Lap çox sevdiyin Mələk beşyaşlılar üçün məktəbəqədər hazırlıq kursuna gedir, sənin kimi dayısıyla fəxr edir. Atan-anan da onları diqqətdə saxlayan, hörmətlə yanaşan bütün insanlardan dövlətimizdən razılıq edirlər. Sənə görə başı uca, üzü ağdılar. Amma sənsizliyin dərdi ürəklərini qovurub, gözlərinin kökünü saraldıb. Bir udum nəfəsinə təşnədilər, amma qürurla yaşayırlar. Sən yaşatmısan bu qüruru onlara. Bacın Arzu "Yevlax Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə işlə təmin edilib. Atan İkram arzu edir ki, Qarabağda ona bir marşrut xətti versinlər, sürücülük peşəsinə davam etsin. Sənsiz yaşamaq çox ağır olsa da, bacının körpələrini yaşatmaq üçün həyata davam  edirlər.

 Ağazadə Murad İkram oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Muradın uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

 

Olaylar.- 2022.- 11-17 mart.- S.18.