Sirlərlə dolu bir roman

– “141-ci Don Juan”

 

Ruhlarımızın Xan Arazdan güc aldığı həmyerlim Elçin Hüseynbəylinin "On üçüncü həvari və ya 141-ci Don Juan" romanıyla tanışlığım Azərbaycan Yazıçılar Birliyini ziyarət edərkən oldu. Ənənəvi olaraq Novruz bayramı ərəfəsində vətənimi, ailəmi, əizizlərimi ziyarətə getmişdim. Yazıçılar Birliyini də ziyarət edib dəyərli yazıçılarımızla yaxından tanış olmaq, tanış olduqlarımı təkrar görüb vəfa borcumu yerinə yetirmək istədim. Belə də etdim. Hörmətli və qiymətli yazıçılarımızdan Anar, Çingiz Abdullayev, Rəşad Məcid və Elçin Hüseynbəyliylə görüşdüm. Elçin müəllimlə məni mehriban dost Rəşad Məcid görüşdürdü. Həmyerlim və eyni zamanda əziz qohum Elçin Hüseynbəyliylə keçmişdən, kəndimizdən, qohumlardan bir xeyli söhbət etdik.

Azərbaycan Yazıçılar Birliyindəki görüşüm o qədər xoş keçdi ki, mən orada nə qədər ləngidiyimi unutdum; bir də gördüm məni aşağıda gözləyən qardaşım və yoldaşım dahi sənət adamlarımızın nəfəsinin, ruhunun sindiyi dəhlizlərdə məni axtarırlar.

Əziz və dəyərli yazıçılarımız, o cümlədən Elçin Hüseynbəyli mənə çoxlu imzalı kitablar verdilər. Mən "On üçüncü həvari - 141-ci Don Juan" romanını gec də olsa oxumağa başladım. Ona görə gec ki, yaşadığım Türkiyə Cümhuriyyətində uzun illərdi başım elmi işlərimə, dissertasiyama qarışmışdı. Kitabın hələ ilk səhifələrindən mənə doğma gələn, məni cəlb edən şirin və axıcı təhkiyə, mənə tanış olan amma illərdi eşitmədiyim sözlər oldu. Bu dialekt sözlər sanki mənə göz qırparaq "gəl, əsərin dili və ruhu sənə çox doğmadır" deyirdi. Zatən roman macəra, daha doğrusu macəraya çağırış kimidir. Macəra Oruc Bayatın həyatıdır, taleyidir, amma daha çox yazıcının oxucusunu da özüylə bərabər Bakıdan Ərdəbilə oradan İsfəhana, Təbrizə, Valyadolidə, Valensiyaya apardığı yollar və bu yollarda yaşananlardır.

Əsərin ruhundakı sirr, əsrarəngiz hadisələr, təsadüflər onu cəlbedici, oxunaqlı etdiyi kimi, həm də yazıcının üslubu, anlatının səmimiliyi oxucunu bu uzun, məşəqqətli, eyni zamanda maraqlı yolculuqda özünü yazıçıyla birlikdə bu macəranın bir hissəsi olmağa dəvət edir. Və beləlikləəsər yazıcının fiziki, oxucunun isə xəyali səyahətlərinin, təəssüratlarının nəticəsi olan bir romana çevrilir.

Əsər təbii və maraqlı janr olan roman-ekskurs janrında qələmə alınmışdır. Dolayısıyla əsər bir gəzinti-səyahət əsəridir. Yazıçı keçmişlə günümüzü elə əlaqələndirir ki, oxucu sözün əsl mənasında keçmişə səyahət edir.

Tarixi mövzuda qələmə alınan "On üçüncü həvari - 141-ci Don Juan" romanı Azərbaycan tarixinin zəngin dövrü sayılan Qızılbaş Səfəvi dövlətinin dövrünü əks etdirən bədii örnəkdir. Roman tarixi bir roman olduğu üçün dərin bir araşdırmanın sonucunda ərsəyə gəldiyi inkaredilməz bir həqiqətdir. Və əsərdəki tarixi, eləcə də coğrafi faktlar Elçin Hüseynbəylinin həmin dövrü böyük təmkin və diqqətlə araşdırdığının göstəricisidir. Tarixi hadisələrin xronoloji ardıcıllığının qorunduğu əsərdə oxucu dövrün bir çox hadisələri ilə də yaxından tanış olur. Yazıçı tarixi faktlarla yanaşı, bədii təxəyyülə də yer verir, onları əlaqələndirir və bunun təbii bir sonucu olaraq tarixi hadisələrlə bədii təxəyyül bir vəhdət halında təzahür edir.

Orta əsr cəngavərlik romanlarına bənzəyən əsərdəki hadisələr ahəngdar bir şəkildə biri digərinə yol verərək irəliləyən iki paralel yîlla davam edir: Oruc bəy Bayatın yolu, onun izinə düşən Elçin Hüseynbəylinin yolu. Bu yol o qədər dəqiq və inandırıcıdır ki, hətta  ulu babası Oruc Bayat kimi Elçin Hüseynbəyli də Don Juanlıq sevdasına düşür, Don Juanlıq həyatı yaşayır və ya yaşamaq istəyir. Belə olmasaydı o, ulu babasını tam olaraq necə anlaya bilərdi və ən əsası, belə olmasaydı ulu babasının ruhu necə şad ola bilərdi?!

Qəhrəmanın həyatını və aqibətini tam olaraq anlamaq və oxucuya daha yaxından tanıtmaq üçün (eyni zamanda əsərin inandırıcılığını artırmaq üçün) müəllif, 400 il əvvəl yaşananları məkan ardıcıllığını qorumaqla təqib edir. Bunun təbii nəticəsi olaraq məkanın ardıcıllığı hadisələrin məntiqi ardıcıllığını təmin edir. Əsərin 400 il əvvəlki qəhrəmanı Oruc Bayat da, günümüzdəki hadisələrin qəhrəmanı Elçin Hüseynbəyli də eyni məkandan hərəkət edir. Zamanlar müxtəlif olsa da, məkanlar eynidir və yazıçı, özünün dediyi kimi, zamanları yaxınlaşdırmaq, az qala, birləşdirmək iddiası ilə çöllərə düşür. Yazıçı Ərdəbil, Təbriz, Zəncan, İsfahan, Kaşan, Qum, Qəzvin, Rəşt, Ənzəli, Paris, Madrid, Valyadolid, Valensiya şəhərlərində olur, tarixi məkanları, sarayları, muzeyləri gəzir, Oruc Bayatla - Don Juanla bağlı sənədləri araşdırır və əldə etdiyi zəngin materialları maraqlı bir süjet daxilində oxucuya təqdim edir.

Eşitdiklerini, ulu babasının keçdiyi yolları izləyərək qət etdiyi uzun yolculuq sonunda gəzib gördüklərini özünəməxsus bir şəkildə bədii materiala çevirməsi, müəllifin özünü də romanın personajlarından birinə çevirir. Və maraqlı bir şəkildə Oruc Bayatla Elçin Hüseynbəylinin həyatı arasında çoxsaylı bənzərliklər, paralelliklər diqqəti cəlb edir. Hər ikisinin eşq həyatında Anisa (Anna) adında qızın olmağı, müvəqqəti olaraq dinlərini və adlarını dəyişdirməkləri, vətəndə qoyub gəldikləri ailələri, səfərləri boyunca kitab yazmaqları onları birləşdirən və bənzədən ortaq təsadüflərdən bəziləridir. Şərqlə Qərb, şahla kral sarayları, İslamla xristianlıq, üzünü gizlədən xanımlarla çılpaq madonnalar, Qərbin azad həyatıyla Şərqin əzaba meyilli həyatı arasındakı ziddiyyətlər, təzadlar da əsərdə maraq doğuran digər həqiqətlərdir.

İki fərqli zaman kəsimində cərəyan edən hadisələrdən ibarət əsərin 400 il bundan əvvəl baş vərən hadisələri anlatan bölümün baş qəhrəmanı Səfəvilər dövründə Şah Abbasın göndərdiyi elçiliyin tərkibində İspaniyaya səfər edən və orada dinini dəyişib Don Juan (Don Xuan, iranlı Don Xuan) ismini qəbul edən, əslən azərbaycanlı Oruc bəy Bayatdır. Günümüzdəki hadisələrdən ibarət bölümün baş qəhrəmanı isə Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biri nasir, yazıçı-dramaturq və publisist, on romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifi, kitablari Türkiyə, Rusiya, Gürcüstan, Litva və Özbəkistanda nəşr olunan, əsərləri ingilis, rus, fransız, ərəb, gürcü, alman, polyak, Ukrayna, fars və s. dillərə çevrilən, Türkiyə, qazax, tatar və özbək türkcələrinə uyğunlaşdırılan, haqqında 200-ə yaxın məqalə yazılan, bir sıra yerli və beynəlxalq ədəbi ödüllərə layiq görülən, hekayə və romanları ali və orta məktəblərdə tədris olunan Elçin Hüseynbəylidir.

Elçin Hüseynbəylinin obrazını yaratdığı real tarixi şəxs olan Oruc bəy Bayat, Güney Azərbaycanın Bayat elindəndir. O, şahın güvəndiyi və etibar etdiyi biridir. I Şah Abbas İspan Krallığına nümayəndə göndərəndə gizli və ən vacib missiyanı - nəyin bahasına olursa-olsun İspanyada qalıb vətəninin şərəfli tarixini yaymaq missiyasını ona tapşırır.

Ancaq Səfəvilər dövlətinin Avropaya göndərdiyi Böyük elçiliyin tərkibində İspaniya krallığına gələn, Valyadoliddə iki aya yaxın qalan Oruc bəy Bayat gözlənilməz hadisələrlə qarşılaşır və həyatı tamam dəyişir. O, adından və dinindən imtina edir. Don Juan de Persiya, yəni Persiyalı Don Juan kimi tanınan Səfəvi əsilzadəsi dinini dəyişib xristianlığı qəbul edərək həvari səviyyəsinə yüksəlir.

İspaniyada böyük məşhurluq qazanan bu adam İsfəhandan Valyadolidə qədər keçdiyi yerlər, tanış olduğu insanlar barədəki öz sərgüzəştlərini və məmləkətinin tarixini, qəhrəmanlığını, Qızılbaşların döyüşdə mətanətini bütün Avropaya yaymaq məqsədilə hərəkət edərkən, bəlkə də fərqində olmadan onun əqidəsinə və yaşam tərzinə tamamilə zidd olan Avropa saray həyatının bir sakininə çevrilir. O, Avropa saraylarında eşq macəraları yaşayan Persiyalı Don Juan kimi tanınır - dünya və Avropa ədəbiyyatında gənc, cəsur, macərapərəst və qadın ürəklərinin fatehi Don Juan. Amma bu hadisələrin ilk baxışda görünən qismidir, necə deyərlər buz dağının (aysberqin) görünən tərəfidir. Görünməyən və əsas tərəfi isə yazıçının uzun və məşəqqətli araşdırmasının sonucunda oxucuya bəlli olur. Buz dağının görünməyən və əsas hissəsində isə Oruc bəyin vətəninin şərəfli tarixini, İran şahlarının nəsil şəcərəsi haqqında məlumatı dünyaya tanıtdırmaq, bəzi tarixçilərin Səfəvi dövləti tarixi ilə bağlı səhvlərinə düzəlişlər vermək kimi ciddi məsələlər durur. O, bu məqsədlə kitab yazır və 1604-cü ildə İspaniya krallığının o zamanki paytaxtı Valyadoliddə çap etdirir.

Oruc bəyin ilk zamanlarda Avropa həyatının sərbəstliyi, kral saraylarının təmtərağı qarşısındakı yenilgisi uzun ömürlü olmur. Vətənini, anasını, xanımını, oğlunu hər gün daha çox özləyən qəhrəmanın psixoloji sarsıntıları, daxili tərəddüdləri bu azad həyatın göstərişini üstələyir.

Əsərin sonuna doğru məlum olur ki, Oruc bəyin dəyişməsi, rəmzi həvariləşməsinin səbəbi vətəninə olan sevgisi, millətinə olan sədaqətidir. Çünki qızılbaş elçisi "müqəddəs iş naminə dini qurban vermək, ya da yarıyoldan qayıtmaq" kimi iki əks seçim qarşısında qalanda, onu nələrin gözlədiyini bilə-bilə birinci və çətin seçimi eləyir. Bu məqamda Elçin Hüseynbəbiylinin "Don Juan"ı kifayət qədər tanınan və əsasən mənfi tip kimi təsvir edilərək məşhurlaşan ənənəvi "Don Jaun"larla fərqliləşir, onlara oxşamır, yazıçının qələmində fədakar bir qəhrəman kimi bədiiləşir.

Vətənini, onun dağlarını, göy çəmənliklərini, anasını, arvadını, oğlunu gözləri önünə gətirən Oruc bəy Bayatı vətənində cəza gözləsə belə, qürbətdə qalmaq fikri yoxdur. "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşıdır" düşüncəsiylə o, qəti şəkildə vətəninə dönmək istəyir.

Romanın sonunda yazıçı oxucunu intizarda qoyur. Əsərin oxucuya açıq buraxılmış sonluğunda dairənin necə qapandığını bilmək olmur. Çünki Oruc Bayatın Şərqən Qərbə doğru uzanan yolculuğunun sonunda vətəninə dönüb-dönmədiyi bilinmir. Qapını döyənin kimliyi də qaranlıq qalır. Çünki Oruc Bayatın özünün də ömür yolu tarix üçün qaranlıqdır. Ancaq bu dairənin mənəvi ölçüdə qapandığını söyləmək mümkündür, çünki Oruc Bayat donjuanlaşmaq bahasına  olsa da, ona tapşırılan missiyanı yerinə yetirmişdir.

 

Aynur Babaşova Beşkonak

Filologiya üzrə fəlsəfə doktoru

Kars/Türkiyə

 

Olaylar.- 2022.- 11-17 mart.- S.19.