Boğaziçi ləpədöyənindən  Xəzər dənizi

sahillərinədək uzanan həyat yolu...

 

1918-1920-ci illərdə hay-rus silahlı birləşmələrinin (S.Şaumyan, A.Srvantsyan, P.A.Çaparidze, D.A.Gelovani, Q.N.Korqanov, A.Mikoyan, A.Valunts, N.Avetisov...dəstələrinin) Bütöv Azərbaycan sərhədləri hüdudunda kökənli Türk-Müsəlman əhalisinə qarşı törətdikləri soyqırım-qətliam qırğınlarının miqyası daxilində Abşeron yarımadasından Samur çayınadək, Böyük Qafqaz silsiləsinin şimal-şərq yamaclarında yerləşən  Xızı, Qızılburun, Şabran, Quba, Xaçmaz Qusar nahiyələrinə aid yaşayış məntəqələri amansız faciələrə hədəf olmuşlar. Quldurlara qarşı xalq müqavimətində Həmdulla Əfəndi İbrahim oğlunun, Əli bəy Ziziksinin, qaçaq Mayıl Zahir oğlunun, Mirzə Məmməd Dostəli oğlunun, Əli Abbas bəy Əlibəylinin... başçılığı ilə el döyüşçüləri ilə yanaşı, Osmanlı Türkiyəsinin 5-ci Qafqaz  İslam Ordusunun əsgər-zabit heyəti mərdliklə döyüşmüş, düşmənlərə layiq olduqları cəzaları vermişlər.

    Əski Beşbarmaq-Xıdır Zində, Şabran-Çıraqqala, Xınalıq-Xaltan ocaqlarının ətrafındakı qədim yurd yerləri kimi Quba qəzasında XX əsrin əvvəllərində növbəti faciəvi soyqırım siyasətini yürüdən hay kilsəsi rus-bolşevik hakimiyyəti 1918-1920-ci illərdə birləşərək silahlı-quldur dəstələri ilə 20 min nəfərə yaxın çoxmillətli (ləzgi, tat, xınalıqlı, kumık..., eləcə yəhudi, rus...) Türk-Müsəlman əhalisini xüsusi amansızlıqla qətlə yetirmişlər. Bu barədə Azərbaycan Xalq Cumhuriyyətinin 1918-1920-ci illərdə həmin hərbi-siyasi cinayətləri araşdıran Fövqəladə İstintaq Komissiyasının rəsmi məlumatında bildirilmişdir.

   Qəzadakı soyqırım qətliamlarına sinə gərən Azərbaycan Milli Ordusu ilə yanaşı  Osmanlı Cumhuriyyətinin 5-ci Qafqaz İslam Ordusu Nuru paşanın başçılığı ilə müzəffər heyəti həm Şamaxı qəzası (Mərəzə-Şıxlar-Altıağac-Xızı...məntəqələri üzrə), həm Bakı şəhəri istiqamətindən (Xırdalan-Sitalçay-Giləzi-Zarat-Qızılburun...kəndlərindən keçməklə) yürüş edərək birləşmiş düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirmişlər. Düşmənin hərbi-zirehli dəstələri dəmiryolu xətti boyunca irəliləyərək Xudat-Yalama qovşağına qədər ətraf kəndlərə basqınlar etmiş, ən amansız qətlləri Qızılburun (indiki Siyəzən şəhəri) nahiyəsinin dağlıq hissəsindəki Əlixanlı, Tuqay, Çarxana, Sağolcan, Sədan, Eynibulaq, Nardaran, Qalaşıxı...kəndlərinin əhalisinə yaşatmışlar. Həmin acı hadisələrin mərkəzi olmuş 90-100 evli Çarxana kəndindən (nahiyə mərkəzindən 18 km şimal-qərb tərəfdə, ən ağır döyüşlər Çarxana-Sağolcan xətti boyunca olub) keçən Ordunun tərkibindəki Türk Qazisi, İstanbulun Boğaziçi köyündə boya-başa çatan Əli Səftər oğlu Öməröv (1900-1965) ömrü boyu unutmadığı, şahidi olduğu faciə səhnələrini həmişə xatırlayırdı:

  -Çarxana kəndində hay-rus nizami, silahlı birləşmələrinə qarşı müqavimət göstərən Əlibaba Gülbaba oğlunu (1895-1918) diri-diri doğrayıb körpünün altına atmışdılar. Kənd əhli 10 km aralıdakı "Hörgülü dağa" sığınmış, kənd isə bütünlüklə qarət edilərək yandırılmışdı... Sədan kəndində yaşlı xəstə Şahnaz İbrahimxəlil qızı, Qərib Məlik oğlu, Püstə Məmmədbəy qızı... amansızlıqla qətlə yetirilmişlər...kəndin din xadimləri  ibn Hacı Əfəndinin Qiyasəddin əfəndinin evləri, həyətləri qarət edildikdən sonra büsbütün yandırılmışdır... 

   Eyni faciəvi səhnələrə "Türk Əli" Quba qəzasının digər kəndlərində (Şabran, Quba, Xaçmaz, Qusar nahiyələrinin) şahid olmuşdur. Dinc əhaliyə qarşı amansız qətliamları-faciəvi olayları yada salanda qəhərdən boğulduğunu gizlədə bilmirdi "Türk Əli", deyə onunla həmsöhbət olanlardan Sağolcan kənd sakini  Babacan Atababa oğlu Sultanov (1938) söyləyir.

  Çarxana kəndinə yaxın Curədi kəndində yaşayan 20-yə qədər yəhudi aiəsi qətliam qurbanları olub, yalnız 3 ailə Sədan kəndinə sığınaraq qurtula biliblər. Yəhudilərin qəbirstanlığı kənd qəbirstanlığının bir tərəfindədir.

   1918-1919-cu illərdə hay-rus silahlı birləşmələri Sədan, Mükül kəndlərinə hücum edib müsibətli faciələr törətmişlər, kəndlərdəki yanğınların, dağıntıların izi 1950-ci illərədək qalırdı... bu qanlı-qadalı cəbhə döyüşləri Qafqaz İslam Ordusunun heyəti tərəfindən dəf edilmiş, düşmən qüvvələri məhv edilmişdir.

   El arasında "Türk Əli" (ailədə 7 qardaş, 6-sı Azərbayvcan uğrunda Şəhid, 1-i Qazi olub) adlandırlan Qazi 1918-1920-ci illərdə Quba qəzası soyqırıma bais mənfur düşmən dəstələrindən azad edildikdən sonra həyatını bu yerlərə bağlamış, Sağolcan kəndində yaşamış, 1928-ci ildə bu kənddə Zeyvə Əbdülhəlim qızı Məmmədova (1910-1994) ilə ailə qurmuş müxtəlif təsərrüfat işləri ilə məşğul olmuşdur.

   O, həm "Qurani-Kərim" Hafizi idi.

   Hündürboylu, pəhlivan cüssəli, eşmə bığları ilə tanınan "Türk Əli" iri ağacları gövdələri ilə birlikdə çiynində aparırdı. 1920-ci ildən sonra Azərbaycan hakimiyyətində mühüm səlahiyyətlərə yiyələnən hay-rus quldurları 1918-1920-ci illərdən onlara qarşı vuruşanları tanıdıqları siyahıya aldıqları Milli Azərbaycanlıların sırasında "Türk Əli" olmuş 1934-cü ildə o, ailəsi ilə Gədəbəy rayonuna göndərilir, ölkədaxili təcridetmə siyasətinə uyğun olaraq, hayların yerləşdiyi Çardağlı kəndinə yaxın kənddə yaşayıb. Övladları Osman 1936) İsmət (1943) orada dünyaya gəlib.

  Ümumiyyətlə, Qafqaz İslam Ordusunun Azərbaycanda qalıb, həyatlarını davam etdirən əsgər-zabit üzvlərini 1930-cu illərdə əsasən Gədəbəy rayonuna göndəriblər.

  1944-cü ildə "Türk Əli" ailəsi digər soydaşları ilə birgə Sibirə sürgün edilir, o, Tomsk vilayətinin Bağçar şəhəri yaxınlığındakı Çernokuliç qəsəbəsində ağır həyatını davam etdirir, meşə heyvandarlıq  təsərrüfatlarında çalışır. Sürgün həyatına yola düşməklərini yada salan Pəri Əli qızı deyir ki, əvvəlcə dənizdən keçdik, sonra dəmir yolunda yük vaqonlarında bir ay ərzində ac-susuz, qarlı-şaxtalı...yol getdik. Sürgündə ailəsini qoruyub saxlaya bilib Qazi Əli, milli kökənliyini isə hər şeydən üstün tutub.

  1960-cı ildə Azərbaycana qayıtmağa icazə veriləndə, o, Siyəzən qəsəbəsindəki "Dərə məhəllə"də (indiki Alı Mustafayev adına küçə) məskunlaşıb. Halal ömrünü Böyük Həmyə (keçmiş Ərəb) kəndində balıq vətəgəsində, kommunal idarədə işləməklə davam etdirib, elin-obanın xeyir-ağır məclislərində yaxından iştirak edib, böyük hörmət sahibi olub, ailəsini (Mustafa-1930-2010, Pəri-1932, Məhəmməd-1934-1948, sürgündə olarkən vəfat edib, orda dəfn olunub, Osman-1936-1998, İsmət-1943-2009, Tamara-1950) halal-hümbət Haqqa sığınmaqla saxlayıb.

  Oğlu Mustafa Tomsk vilayətində sürgündə olarkən qonşu kənddə sürgün həyatı yaşayan Türk Qazisi, əslən İzmir vilayətindən olan Abdulla əfəndinin (1900-1964, o, Şabran nahiyəsinin Nohurlar kəndində yaşayıb) qızı Qəribcan xanımla (1933-2000) ailə qurmuş, sonralar Siyəzən şəhərində yaşamışlar, 3 oğul (Mütəllim, Əhməd, Allahverdi), 1 qız (Zərifə) böyüdüblər.

  Qazinin həmsöhbətlərindən biri əslən Cənubi Azərbaycanın Zəncan nahiyəsindən 1905-ci ildə anası qardaşı Rza (1890-1940) ilə Vətənə pənah gətirən, "Siyəzənneft"də işləyən Səttar Rəhimoğlu (1895-1988) idi. Həmin ocağın xələfi Aslan Səttar oğlu (1950) söhbət edir ki, atam deyərdi, "Türk Əli" hansı məclisdə olurdusa orada Qurandan söhbət açardı, xoş avazla oxuduğu Surələri-Ayələri izah edərdi, dini-irfani söhbətlərlə nəsihət verərdi, halal-haramdan danışardı, ona görə camaat onunla ünsiyyətə daha çox can atardılar.

  Sağolcan kəndində qonşu həmsöhbət olduğu Yarbala Ağazaman oğlu (1882-1989) deyərdi ki, "Türk Əli" həmişə ondan "Qurani-Kərim"i  öyrətmək üçün uşaqları yanına göndərməyi xahiş edib.

  "Türk Əli"nin İstanbul şəhərində yaşayan Pəri adlı bacısı ilə əlaqə saxladığı deyilib...

    1963-cü ildə ağır mədə xəstəliyinə tutulan Qazi 1965-ci ildə vəfat edib, Sağolcan kənd qəbirstanlığında dəfn olunub...

   Haqqa qovuşanda sol cibindən ömrü boyu üstündə gəzdirdiyi, heç kimə göstərmədiyi Qazi Mustafa Kamalın şəkli çıxmışdı, həyat yoldaşına vəsiyyət etmişdir: "O müqəddəs şəkili mənim adıma qoruyun, nəsilbənəsil əmanət kimi saxlayın..."

  R.S. "Türk Əli" ilə Abdulla Əfəndinin hərbi-döyüş yolu (həyatı) Osmanlı Türkiyəsindən 5-ci Qafqaz İslam Ordusunun tərkibində birgə olub, Quba qəzasındək davam edib, sürgündə bir olublar, daha sonra qohum kimi yaşamışlar, nəvələri Allqahverdinin adını "Türk Əli" qoyub.

  (Yazının hazırlanmasında həm Qazinin oğul nəvəsi, Siyəzən şəhər sakini Osman İsmət oğlu Ömərovun (1974-2021) məlumatlarından istifadə edilmişdir.)

                                          

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

  

Olaylar.- 2022.- 11-17 mart.- S.17.