“Fəxr
edirəm ki, işə Heydər
Əliyevin
xeyir-duası ilə başlamışam…”
İstefada olan polkovnik Arif Məhəmmədhəsən oğlu Zeynalov 1939-cu ildə
Hacıqabul rayonunda müəllim ailəsində
dünyaya göz
açıb. 1968-ci ildə Kiyevdə DTK məktəbini fərqlənmə
ilə bitirib. 1967-ci ildən 1996-cı ilədək
təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Bir çox mükafatlarla təltif olunub.
- Müəllim
ailəsində dünyaya gələn Arif Zeynalov, necə oldu ki, taleyini
təhlükəsizlik orqanı ilə bağladı?
- Uşaqlıq çağlarım müharibənin ağır günlərinə təsadüf edib. Çətin şəraitdə böyümüşəm. Atam 50 ilə yaxın müəllim işləyib. Ailədə 5 uşaq olmuşuq. Həmin dövrün çətinliklərinə baxmayaraq, ali təhsil almaq hamımıza nəsib olub. Atam övladlarından birini öz davamçısı kimi görmək istəyirdi. Lakin ürəyimizdəki arzular başqa idi. Mən orta məktəbi bitirəndən sonra Şimali Qafqazdakı SSRİ Daxili İşlər Nazirliyinin Hərbi məktəbinə sənədlərimi təqdim etdim və qəbul olundum. Hər şey ürəyimcə idi. Amma necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır. Təhsilə başlayandan bir neçə ay sonra idman məşqlərində ağır zədə aldım. Elə bu səbəbdən də hərbi təhsilimi davam etdirə bilmədim və Bakıya qayıtdım.
Növbəti il qərara aldım ki, atamın arzusunu həyata keçirim. Mirzə Fətəli Axundov adına Pedaqoji İnstitutun tələbəsi adını qazananda atam məndən çox sevinirdi. Təhsil aldığım müddətdə mənə bir neçə yerdən iş təklif olundu. Lakin mən təyinatımı doğulduğum Hacıqabul rayonuna almağı üstün tutdum. Bununla da ilk peşə fəaliyyətimə atamın çalışdığı, məzunu olduğum orta məktəbdən başladım.
Tale elə gətirdi ki, bir müddət müəllim işlədikdən sonra Dövlət Təhlükəsizlik Komitəsində çalışmaq üçün təklif aldım. Sənədlərim toplanıldıqdan, müvafiq yoxlama mərhələlərindən keçdikdən sonra 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinə yenicə təyin olunmuş sədr Heydər Əliyevin qəbulunda oldum. Ulu öndərlə 2 saata yaxın çəkən söhbətin mövzusu çox geniş idi, onunla demək olar ki, hər mövzuda danışdıq.
1967-ci il sentyabrın 1-də, SSRİ DTK-nın 5-ci İdarəsi - düşmənin ideoloji diversiyaları ilə mübarizə xətti üzrə əks-kəşfiyyat fəaliyyətinə cavabdeh struktur bölməsi yaradıldı. Bütün respublikaların DTK-sında ziyalılarla, yaradıcı insanlarla və idmançılarla iş aparmaqdan ötrü komsomol fəallarının cəlb olunduğu müvafiq şöbələr yaradıldı. Və Heydər Əliyev məni bu quruma məsləhət gördü. Hətta vəsiqəmin blankı da masanın üstündə hazır idi, yalnız qol çəkmək qalırdı. Sonda o, dedi: "Arif, hesab edirəm ki, söhbətimiz baş tutdu. Komsomoldan ayrılacağın istədiyin vaxt sənə DTK-da yer var". "Mənim də arzum var", deyə ona cavab verdim, "gələn görüşümüzdə Sizi general görmək istərdim". Güldü. Belə də oldu, çox keçmədən onu general-mayor rütbəsinə təqdim etdilər. 1967-ci il dekabrın əvvəllərində məni 5-ci şöbənin, partiya və sovet xadimlərinə, deputatlara və digərlərinə ünvanlanmış təhdidedici anonim məktub müəlliflərinin axtarışı ilə məşğul olan 4-cü bölməsinə təyin etdilər. Özü də, xüsusi hazırlıq keçmədən, bu nadir hallarda olurdu.
Çalışdığım şöbədə otağıma iş istiqamətimin spesifikasına uyğun dərs vəsaitləri yığdım. İşə təxminən on gün idi ki, başlamışdım. Vaxt tapan kimi kitab oxuyur, savadımı artırmağa çalışırdım. Günlərin birində kabinetimin qapısı qəflətən açıldı. Heydər Əliyev otağa daxil oldu. Gözlənilmədən əməkdaşların otaqlarına baş çəkmək onun iş üslubu idi. Ayağa qalxdım. Ulu öndər dedi: "Bu nədir belə, iş vaxtı kitab oxuyursan?". "Bu ədəbiyyat deyil", dedim , "yeni işimə aid dərsliklərdir". Kitabları vərəqlədi, təlimatları gözdən keçirərək: "Hə, bunu mən bəyənirəm. Sən deyəsən hər şeyin axırına çıxan adamsan. Başqaları gözləyir, nə vaxt onlara başa salacaqlar. Sən isə ədəbiyyatı özün tapmısan. Ümumiyyətlə mən yoldaşların səhvini düzəldəcəyəm. Səni gərək bu sahəyə göndərməyəydilər. Sənə canlı iş tapşırmaq lazımdır. Bu sahədə isə qoy təcrübəli işçilər otursunlar, təqaüdə bir neçə ili qalanlar. Səni bir azdan oxumağa da göndərəcəyəm", - dedi.
1968-ci il yanvarın əvvəllərində işlədiyim sahə üzrə savadımı, biliyimi daha da təkmilləşdirmək üçün məni Kiyevdəki DTK məktəbinə göndərdilər. Əməliyyat heyəti hazırlayan yarımillik hazırlıq kurslarının müəllimləri çox sadə, eyni zamanda tələbkar idilər. Mən bu məktəbi fərqlənmə ilə bitirdim. 1982-ci ildə isə oradaca rəhbər heyətin təkmilləşmə kursunu fərqlənmə ilə başa vurdum. Daha sonra Moskvada SSRİ DTK-nın, aralarında otuz polkovnik və iki general olan ali rəhbər heyətinin məktəbini də bitirdim.
1969-cu ildə Heydər Əliyevi Azərbaycan SSRİ KP MK-nın Birinci katibi seçdilər və o, respublikanın rəhbərliyinə keçdi. Və onun bölgələr üzrə ilk səfəri də doğma vətənim Hacıqabula oldu. Orada regionu və Bakını içməli su ilə təmin etmək üçün su kanalı tikilirdi. Ona görə də Azərbaycan DTK-nın sədri Vitali Krasilnikov məni mühafizə və müşayiət qrupuna daxil etdi. Və 1982-ci ilin sentyabrına, Heydər Əliyevin Zaqafqaziya hərbi şurasının iclasında iştirak etmək üçün Yerevana səfərinə qədər (iclaslar növbə ilə Bakı, Tbilisi və Yerevanda keçirilirdi), mən bu qrupun tərkibində idim. 1980-ci ilə qədər 9-cu şöbənin mühafizə qrupu ilə birlikdə Heydər Əliyevi səfərlərində müşayiət etmiş, daha sonra qrupun rəhbəri olmuşam.
Bu Heydər Əliyevin Azərbaycan Respublikası KP MK-nın Birinci katibi vəzifəsində sonuncu səfəri idi. 1982-ci ilin noyabrında o, Yuri Andropovun dəvəti ilə Moskvaya işləməyə yola düşdü və orada KP Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldu. Yerevana səfər zamanı Ermənistanın rəhbəri Karen Dəmirçiyan, Heydər Əliyev qalsın deyə, onu hər cür vasitə ilə dilə tuturdu, ancaq o, razılıq verməyərək Naxçıvanda gecələcəyini bildirdi. O, hətta Azərbaycanın sərhədinə, Sədərəkə qədər müşayiətdən də imtina etdi. O illər mən artıq şöbənin rəhbəri, həmçinin respublika rəhbəri Bakıdan kənara yollanan zaman avtomobil müşayiətinə görə cavabdeh idim. Biz mühafizə ilə birlikdə Heydər Əliyevin təhlükəsizliyinə cavabdeh idik. O, uzun illər birgə işlədiyi adamları həddən artıq qiymətləndirir, onları dəyişəndə bunu xoşlamırdı. Bir dəfə mən Kislovodskda istirahətdə olanda və məni başqa bir adamla əvəz edəndə, o, hətta öz etirazını da bildirmişdi. Yeri gəlmişkən, səfərlər zamanı o heç vaxt mehmanxanalarda qalmaz, yalnız yaxınlıqdakı dəmir yolu qovşağında mühafizə olunan qatarda gecələyirdi. Qeyd etmək lazımdır ki, Heydər Əliyev inanılmaz enerjiyə malik, təəccüb doğuracaq dərəcədə çalışqan bir insan idi, onu ölkənin bölgələrində böyük hörmət və ehtiramla qarşılayır, ürəkdən sevirdilər, o daima zəhmətkeşlərin problemləri ilə maraqlanır, bu problemləri qısa zaman ərzində həll edirdi. Özü də hər bir şikayət məktubu ilə şəxsən tanış olur, lazımi tədbirlər görməyi tapşırırdı. O, çox tələbkar, ancaq daha çox ədalətli idi. Bu bir fenomen idi!
- Demək, ulu öndər Heydər Əliyevin məktəbini
keçmisiniz...
- Bəli, bu orqanın milliləşdirilməsində misilsiz xidmətləri olan Ulu Öndərin məktəbini keçmişəm və həmişə çalışmışam ki, onun mənə göstərdiyi yüksək etimadı doğruldum. Fəxr edirəm ki, bu şərəfli işə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlamışam. Onu da deyim ki, ilk dəfə Silahlı Qüvvələrin 50 illik yubileyi münasibətilə ümummilli lider Heydər Əliyev tərəfindən təltif olunmuşam. Xidməti vəsiqəmi də Ulu Öndər imzalayıb...Mən bundan qürur duyur və özümü daim bu orqanın sıralarında hiss edirəm.
- 1987-1990-cı
illərdə Naxçıvan Muxtar
Respublikasının dövlət təhlükəsizlik komitəsinin
sədr müavini olmuş,
sonra isə sədr vəzifəsini icra etmisiniz...
- Bu
təklifi o vaxt DTK sədri
Ziya Yusif-Zadə irəli sürmüşdü.
O vaxt
mən polkovnik-leytenant
rütbəsində idim.
Ziya müəllim məni yanına çağırıb dedi
ki, Naxçıvanda milli təhlükəsizlik
nazirinin müavini yeri boşdur və sənin də növbəti rütbəni almaq vaxtın artıq çatıb. Hərbçi olduğum üçün
"yox" deyə bilməzdim.
Naxçıvanda 3 illik xidmətdən sonra Moskva SSRİ DTK-nın rəisi Kryuçkovun əmri ilə tutduğum vəzifədən azad edilərək DTK-nın Suraxanı rayon bölməsinin
sədri təyin edildim. Sonradan mərkəzi aparatda
idarə rəisinin müavini olaraq işlədim və
1996-cı ilə qədər
bu vəzifədə çalışdım.
- O zamanlar polkovnik rütbəsi almaq çox çətin idi. Bunun üçün əməkdaşın keçdiyi
xidmət yoluna, əldə etdiyi nailiyyətlərə xüsusi
diqqət yetirilirdi...
- Əməkdaşlara növbəti rütbəni
vermək üçün
sənədlər Moskvaya
göndərilirdi. Bu isə müəyyən vaxt tələb edirdi. Yaxşı yadımdadır ki, mən 13 il
əməliyyat müvəkkili
işlədikdən sonra,
bölmə rəisi vəzifəsinə irəli
çəkildim. Naxçıvana
göndəriləndə isə
artıq 20 il
idi ki, aparatda
işləyirdim. Vəzifəyə gərək pilə-pillə
qalxaydın. Əsas meyar
peşəkarlıq idi.
Bu keyfiyyətlər Heydər Əliyev və Ziya Yusif-Zadənin
Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsinə
rəhbərlik etdiyi illərdə xüsusilə
nəzərə çarpıb.
Həmin dönəmdə komitədə
cəmi 15 polkovnik vəzifəsi var idi və bu
rütbələri Moskva
təqdim edirdi. Sevinirəm ki,
15-ci polkovnik mən olmuşam. Yeri gəlmişkən, qeyd edim ki,
bacım Rəfiqə
Zeynalova da daxili işlər orqanlarında çalışan
ilk azərbaycanlı polkovnik
olub.
- 30 ilə yaxın müddətdə
təhlükəsizlik orqanlarıda
şərəflə xidmət
etmisiniz. Yəqin ki, ötən illərin acılı-şirinli
günlərini tez-tez
xatırlayırsınız...
- İkinci dünya
müharibəsi haqqında
böyüklərdən eşitmişdim,
kitablarda oxumuşdum, kinolara baxmışdım. 1988-ci ildə əsassız torpaq iddiası ilə baş qaldıran ermənilər
Azərbaycana qarşı
elan olunmayan müharibəyə başladılar.
Mən bu müharibənin dəhşətlərini gördüm.
Naxçıvanda işlədiyim vaxt
ermənilər tez-tez
Sədərəyə hücum
edirdilər. Naxçıvan düşmənlə əliyalın,
üzbəüz qalmışdı.
Təhlükəsizlik orqanının əməkdaşları
da Vətənin müdafiəsinə qalxmışdılar.
Naxçıvan Təhlükəsizlik Komitəsinin sərəncamında
cəmi 5 avtomat silahı var idi. Bakı ilə telefon
əlaqəsindən sonra
bütün məsuliyyəti
öz üzərimə
götürərək ermənilərə
atəş açmaq
əmri verdim. Hücuma keçən ermənilər
böyük itki ilə üzləşdilər.
Mənim
hərəkətlərim Moskvada
geniş əks-səda
doğurmuşdu. Moskvanı fakt
qarşısında qoymaq
üçün Naxçıvan
ərazisində tutulmuş
Fransa jurnalistindən müsadirə olunmuş lentləri rəsmi sənəd kimi Moskvaya SSRİ DTK-nın sədri B.Kryuçkova və onun vasitəsilə
M.Qorbaçova ötürdüm.
Bu, Ermənistan silahlı birləşmələrinin
hücumunu ciddi-cəhdlə
təkzib edən ruslara zərbə idi. Lentdə Ermənistanın müharibəyə tam hazır
olduğunu nümayiş
etdirən, Sədərəkdə
Daşnak partiyası üzvünün həlak
olmasından və təntənəli surətdə
dəfnindən bəhs
edən kadrlar var idi. Mən Kryuçkova zəng edərək vəziyyət
haqqında məlumat verdim. Bunu antirus təbliğatı kimi qəbul edən Mixail Qorbaçova, Ermənistanda
çap olunub yayılan vərəqələrin
nümunəsini əldə
edib göndərmək
məhz Naxçıvan
DTK-sının əməkdaşlarının
peşəkarlığı sayəsində mümkün
olmuşdu...
- Bu günlərdə
Azərbaycan təhlükəsizlik
orqanlarının yaranmasının
103 ili tamam
olur...Peşə bayramı münasibətilə
DTX əməkdaşlarına arzularınız?
- Əvvəla fürsətdən
istifadə edib həmkarlarım və öz adımdan Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi,
general-polkovnik cənab
Əli Nağıyevə
minnətdarlığımı bildirirəm. Əli Nağıyev DTX-nin rəisi təyin olunandan veteranlara diqqət və qayğı yüksək səviyyədədir.
Bu, bizi çox
sevindirir. Hiss edirik
ki, unudulmamışıq.
Bu, çox təqdirəlayiqdir.
Veteranların əksəriyyəti bacarıqlı, təcrübəli
kadrlardır. Onlardan öyrənməyə
dəyər.
Qeyd etdiyiniz
kimi, qarşıdan Azərbaycan təhlükəsizlik
orqanlarının yaradılmasının
103 illiyi gəlir. Bu bayrama biz Zəfər, Qələbə ovqatı
içində gəlirik.
Bayram münasibətilə bütün
təhlükəsizlik orqanları
əməkdaşlarını başda cənab Xidmət rəisi olmaqla təbrik edir, onlara bu
çətin işdə
uğurlar, Vətənimizin
keşiyində hər
zaman olduğu kimi ayıq-sayıq dayanmağı arzulayıram.
S.Abduləlizadə
Olaylar.- 2022.- 18-31 mart.- S.17.