AZƏRBAYCAN
TƏHLÜKƏSİZLİK ORQANLARI – 103
"Nizam-intizam təhlükəsizlik
orqanlarının işinin əsasını
təşkil edən amillərdən biridir.
Hərbi qulluq birinci
növbədə nizam-intizam üzərində
qurulur. Təhlükəsizlik
orqanlarında işləyən sıravi adam
da, zabit də, rəhbər
işçi də bilməlidir ki, nizamnamə, konstitusiya sizin üçün rəhbər
və istiqamətverici sənəddir".
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli
lideri
"Əgər
hər yerdə sakitlikdirsə, təhlükə yoxdursa, deməli, təhlükəsizlik
orqanları yaxşı işləyir. Sizin
peşə uğurlarınız çox vaxt ictimai diqqətdən
kənarda qalır. Çünki sizin fəaliyyətiniz spesifikdir.
Son illərdə ölkələrimizin təhlükəsizlik
orqanlarının qazandığı uğurlar
bəzən məlum olmur. Lakin
vətəndaşlar bir şeyi
bilirlər ki, təhlükəsizlik
orqanları öz işini
hər gün yerinə yetirir,
istirahət günləri olmadan qanunun və təhlükəsizliyin
keşiyində dayanırlar".
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan təhlükəsizlik
orqanları milli maraqların və
təhlükəsizliyin keşiyində
28 mart 1919-cu ildə hərbi nazir general-leytenant Səməd bəy Mehmandarov və Baş Qərargahın rəisi Məmməd bəy Sulkeviçin 157 saylı əmri ilə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla məhz bu gün - 28 mart, Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ulu Öndәr Heydәr Әliyev çıxışlarından birində bu barədə demişdir: "Bugünkü müstәqil Azәrbaycan Respublikasının tәhlükәsizlik orqanının başlanğıc tarixini 1918-1920-ci illәrdә yaşamış ilk Azәrbaycan Demokratik Respublikasının yaratdığı orqandan götürmәk doğru, düzgün vә mәqsәdәuyğun qәrardır. Bu tәklifi mәnә tәqdim edәn kimi bunu mәmnuniyyәtlә qәbul etdim vә 28 mart gününü Azәrbaycan Respublikasının milli tәhlükәsizlik orqanları әmәkdaşlarının peşә bayramı günü elan etdim. 1919-cu il mart ayının 28-dә ilk dәfә Azәrbaycan Demokratik Respublikasının tәhlükәsizlik orqanı yaradılıbdır. O, demokratik respublika kimi az yaşayıbdır, ancaq tarixi hadisәdir".
Bu il çətin və şərəfli həyat yolu keçmiş Azərbaycan təhlükəsizlik orqanları özünün xüsusi tarixini -103 illyini qeyd edir.
Azərbaycan xüsusi xidmət
orqanlarının inkişaf tarixi
Müstəqil Azərbaycanın ilk xüsusi xidmət orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlamış və uzun müddət çətin və şərəfli yol keçərək təşəkkül tapmışdır. 1918-1920-ci illərdə Şərqdə ilk demokratik respublika qurmağa müyəssər olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri də məhz xüsusi xidmət orqanının yaradılması oldu. Dövlətin təhlükəsizliyinin təşkili, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu düzgün dəyərləndirən hökumət bu istiqamətdə lazımi addımlar atdı.
Yenicə fəaliyyətə başlayan Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları Bakıda Denikin kəşfiyyatının rəisi Çernişovu həbs edərək onun Azərbaycanın milli ordusunda Denikinin casusu kimi fəaliyyət göstərdiyini sübuta yetirdi. Eyni zamanda Denikinin casus şəbəkəsində təmsil olunanların bir qisminin ingilis kəşfiyyatına işləməsi də müəyyən edildi. Denikin tərəfdarları Bakıda gizli silah bazaları da yaradırdı. Belə bazalardan biri Balaxanı və Krasnovodsk küçələrinin tinində tapılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin gündə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı - "Əksinqilabla Mübarizə Təşkilatı"nın yaradılması barədə qərar qəbul etdi və qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi fəaliyyətə başladı.
Erməni siyasi təşkilatları, silahlı dəstələri və terrorçu daşnak qrupları Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə qarşı təxribatlar törətdiyindən təşkilat onlara qarşı fasiləsiz mübarizə aparırdı. Bolşevizmə qarşı mübarizə isə Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətində əsas yerlərdən birini tuturdu. Rusiyada bolşevik hökumətinin getdikcə güclənməsi onların Bakıda, Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində dövlət əleyhinə fəallığını artırmışdı. Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşları Azərbaycan silahlı qüvvələrinə soxulmağa çalışan bolşeviklərə qarşı mübarizəni gücləndirsələr də, bu işin öhdəsindən yetərincə gələ bilmirdilər. Bu barədə Səməd bəy Mehmandarov yazırdı: "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir. Bolşevizmlə mübarizə ümumxalq işi olduğundan bir hərbi idarə onun öhdəsindən layiqincə gələ bilməz". Buna görə hərbi nazir kömək üçün Bakı axtarış polisinin də bu işə cəlb olunmasını məqsədəuyğun hesab edirdi.
1920-ci ilin aprel işğalı xüsusi xidmət orqanlarının da fəaliyyətinə son qoydu. Sovetləşmə illərində Azərbaycan Xalq Cumhuriyyətinin xüsusi xidmət orqanlarında fəaliyyət göstərən əməkdaşlar və bu insanların yaxın və uzaq qohumları repressiyalara məruz qaldı, onların bir çoxu güllələndi, az qismi isə mühacir həyatı sürdülər. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparan ilk təhlükəsizlik orqanlarımızın fəaliyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: "Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhvələrini vermişdir".
Bolşevik-daşnak işğalı ilə həmçinin Azərbaycanda təhlükəsizlik orqanlarının keşməkeşli həyat yolu başlandı. Bundan sonrakı 30 ildən artıq müddətdə insanların əsassız ittihamlarla həbsi, sürgünü, edamı, siyasi təqiblərlə müşayiət olunan dövr Azərbaycan xüsusi xidmət orqanlarının qara səhifəsi kimi tarixə düşdü. Cəza siyasətinin həyata keçirilməsində mühüm rol oynayan təhlükəsizlik xidmətinin rəhbər işçiləri, əsasən başqa millətin nümayəndələrindən təyin edilir, azərbaycanlılara etibar olunmurdu.
Azərbaycan xüsusi xidmət
orqanlarının tarixində yeni mərhələ
XX əsrin ortalarından etibarən respublika təhlükəsizlik orqanının milliləşdirilməsi, həmçinin Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin millətçi damğası ilə təqib olunmalarından qorunması, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində işə başlanılır. Azərbaycanın gələcək müstəqilliyinə və milli təhlükəsizlik orqanlarının kadr potensialının həllinə hesablanmış bu proses ömrünün 25 ilə yaxın bir dövrünü bu orqanlara həsr etmiş görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağldır.
Ulu Öndər çıxışlarından birində demişdir: "Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu".
Ümummilli Lider Heydər Əliyevin təhlükəsizliyin keşiyində dayanan xüsusi xidmət orqanlarının əməkdaşlarının qarşısında qoyduğu ən ümdə tövsiyələrdən biri də xalqın əsrlər boyu yaratdığı və yaşatdığı sərvətlərə sədaqətlə yanaşmaq, onun milli maraqlarını qorumaq prinsipi idi. Umummilli Lider demişdir: "Mәn bu gün boyük iftixar hissi ilә deyә bilәrәm ki, dövlәt tәhlükәsizliyi orqanlarında rәhbәr vәzifәlәrdә işlәdiyim zaman, bu orqanın basçısı oldugum zaman vә ondan sonra Azәrbaycan Respublikasının basçısı oldugum zaman Azәrbaycan xalqının millli mәnafeyinә әks olan heç bir addım atılmamışdır. Amma nә qәdәr belә tәkliflәr, belә tәzyiqlәr var idi".
Ümummilli Lider Heydər Əliyev xalqına zorakılıq edənlərə qarşı çıxan təhlükəsizlik orqanlarının əməkdaşlarının, həmçinin hərbi əsir və legionerlərin də taleyi ilə maraqlanmış və çalışmışdır ki, onlar arasında öz xalqına, millətinə xəyanət etməyən şəxslər də bəraət alsınlar. Onun, misilsiz xidmətlərindən biri də milli ruhda əsərləri ilə mərkəzi qıcıqlandıran yazıçıların, şairlərin qorunması, hətta onların dövlət mükafatlarına layiq görülmələri istiqamətində həyata keçirdiyi fəaliyyət idi. Təsadüfi deyil ki, SSRİ dövründə bütün müttəfiq respublikalardan fərqli olaraq Azərbaycanda dissident yox idi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlət təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi illər ərzində, respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təşkilatdan əsirgəməmiş, xüsusi xidmət orqanlarında çalışanların qarşısında ciddi tələblər qoymuş və onlara dəyərli nəsihətlərini vermişdir: "Dövlət təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini yerinə yetirir ki, orada peşəkar əhval-ruhiyyə, peşəkar kadrlar və iş üslubu olsun. Peşəkarlıq səviyyəsinin artırılmasının sərhədi, hüdudu yoxdur. Ona görə də siz daim peşəkarlığınızın təkmilləşdirilməsi üzərində işləməlisiniz, oxumalı, öyrənməlisiniz, çox savadlı, bilikli insanlar olmalısınız".
Xüsusi xidmət orqanlarımızın fəaliyyətinin ən məhsuldar dövrü ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışı ilə bağlı oldu. Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətində dönüş mərhələsi olan bu dövrün ən əsas nəticəsi kimi bütövlükdə ölkənin təhlükəsizliyinə etibarlı zəmin yaradılması xüsusi qeyd edilməlidir.
Ümummilli liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində separatçı qüvvələrin qanunsuz fəaliyyətlərinin, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, vətəndaş müharibəsi təhlükəsi sovuşduruldu. Müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyəti dövrün tələblərinə cavab verə biləcək səviyyədə quruldu.
Bu gün, çətin, keşməkeşli, lakin şərəfli bir həyat yolu keçmiş Azərbaycan xüsusi xidmət orqanları Ulu Öndərin tövsiyələrini bütün fəaliyyətləri boyu daim rəhbər tutaraq, ölkəmizin inkişafı, qüdrətlənməsi naminə bütün qüvvəsini səfərbər edərək, dövlətinə və xalqına şərəfli xidmət missiyasını layiqincə yerinə yetirir.
Azərbaycan xüsusi xidmət
orqanlarının
tarixində ən yeni mərhələ
Ümummilli Liderin təhlükəsizlik orqanlarımıza göstərdiyi diqqət və qayğı Ulu Öndərin siyasi kursunun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinin normativ-hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, islahatlar aparılmış, maddi-texniki baza gücləndirilmiş və beynəlxalq əlaqələri xeyli genişləndirlmişdir.
2004-cü ildə "Milli Təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunların qəbul edilməsi ilə Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin normativ-hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər həyata keçirildi ki, bu da Azərbaycanın müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasına yönəldilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci ildə imzaladığı Sərəncamla qüvvəyə minən "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası" isə, müasir dövrün tələb və çağırışları baxımından milli təhlükəsizliyin təminatında iştirak edən bütün dövlət qurumları, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin istiqamətlərini və prinsiplərini müəyyən etmək üçün mühüm əhəmiyyətə malik konseptual sənəddir.
Azərbaycan Respublikası Cənab Prezidenti İlham Əliyevin imzaladığı "Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nda Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının sosial təminatının gücləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi vacib məsələlər əksini tapmış, proqramın icrası üzrə mühüm tədbirlər həyata keçirilmişdir. Proqram çərçivəsində xidmətin struktur bölmələri üçün yeni inzibati binalar tikilmiş və inşa işləri bu gün də davam etdirilir.
2015-ci ildən isə Azərbaycan xüsusi xidmət orqanlarının tarixində ən yeni mərhələ başlandı. Belə ki, 2015-ci il dekabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 706 nömrəli Fərmana əsasən, Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliyini artırmaq, idarəçilik strukturunu təkmilləşdirmək məqsədi ilə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradıldı. Bu, müstəqil Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının tarixində ən yeni mərhələnin başlanğıcı, həm də təhlükəsizliyin təmin olunmasında, qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından təhlükəsizlik orqanlarının öz fəaliyyətində yeni səviyəyə qalxması idi.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında 13 yanvar 2016-cı il fərmanı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu təsdiqləndi.
Azərbaycan miqyasında yeni Xidmətlərin yaradılması dövlət təhlükəsizliyinin gücləndirilməsinə böyük töhfələr verdi. Məlum oldu ki, bu addım bir daha çevikliyi təmin etmək və daha böyük miqyasda işin həyata keçirilməsi baxımından əvəzolunmazdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşması və gərgin əməyi nəticəsində qısa müddətdə müstəqilliyimizin və dövlətçiliyimizin, ölkəmizin əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə konkret nəticələrin əldə edilməsi sübüt etdi ki, Azərbaycan xüsusi xidmət orqanları artıq peşəkar, çevik və güclü bir struktura çevrilmişdir. Bunu Prezident İlham Əliyev də öz çıxışında bildirmişdir: "Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir".
Bu gün terrorizmlə, mübarizə beynəlxalq birliyin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biridir. Azərbaycan terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutur. Çünki, terrora xüsusilə erməni terrorizminə ən çox məruz qalan ölkələrdən biri məhz Azərbaycan olmuşdur.
Ölkəmizdə həyata keçirilən islahatların uğurlu inkişaf proseslərinə mane olan halların aradan qaldırılması məqsədilə korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsinə dair ölkə başçısının tapşırıqlarının icrası ilə əlaqədar ölkəmizdə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ardıcıl və məqsədyönlü işlərin də görüldüyünü xüsusilə vurğulamaq lazımdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz misilsiz şücaət göstərərək 30 illik işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etməklə xalqımızın tarixinin şərəf və ləyaqət səhifəsini qızıl hərflərlə yazdı.
Vətən müharibəsinin getdiyi günlərdə Ermənistanın ölkəmizdə ictimai-siyasi sabitliyin və daxili təhlükəsizliyin pozulmasına yönəlmiş kəşfiyyat-pozuculuq və terror-təxribat cəhdlərini və planlarını daha da artırmasına baxmayaraq, bu mənfur fəaliyyətin qarşısı Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları tərəfindən yüksək peşəkarlıqla və qətiyyətlə alındı. Azərbaycan xüsusi xidmət orqanları bununla da düşmənin və ya istənilən rəqib dövlətin təhdidinə cavab verə biləcək qüvvə, vasitə və potensiala malik olduqlarını bir daha əyani surətdə sübut etdilər.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti qarşısında qoyduğu vəzifələr vaxtında və dəqiq, eyni zamanda şərəflə yerinə yetirilir. Bir sözlə, Dövlət Təhlükəsizliyi Xidməti digər aidiyyətı orqanlarla yanaşı, müstəqilliyin və dövlətçiliyin, ölkənin siyasi və iqtisadi əsaslarının xarici və daxili təhdidlərdən qorunması üzrə fəal hüquq-mühafizə siyasətinin həyata keçirilməsində daim ön sıradadır.
Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmətə Ulu Öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarının qarşısında qoyduğu tələblər və prinsiplər əsas götürülərək vətənpərvər, yüksək mədəniyyətə, geniş dünyagörüşünə malik, savadlı və fiziki hazırlıqlı gənclər qəbul olunur. Olkəmizin aparıcı təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Vətənə, xalqa, sədaqətli, adət-ənənələrə, milli-mənəvi dəyərlərə hörmət və ehtiram kimi ali şəxsi keyfiyyətləri ehtiva edən, yüksək savada və dünyagörüşünə malik kadrların yetişdirilməsi, əməkdaşların bilik və bacarıqlarının, fiziki və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Dahi şəxsiyyət Heydər Əliyevin peşəkarlıq məktəbini ləyaqətlə və uğurla davam etdirən təhlükəsizlik orqanlarımız Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkənin milli maraqlarının qorunması və təmin olunması istiqamətində bütün qüvvəsini səfərbər edərək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişi və tövsiyələri əsasında fəaliyyətlərini zamanın çağırışlarına uyğun olaraq daha da təkmilləşdirərək gücləndirirlər.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin, "Sizin fəaliyyətiniz geniş ictimaiyyətə bəzi hallarda o qədər də bəlli deyildir. Bu da təbiidir. Çünki dünyanın istənilən ölkəsində xüsusi təhlükəsizlik orqanlarının spesifikası bundan ibarətdir. Ancaq siz də bilirsiniz, mən də Ali Baş Komandan kimi bilirəm ki, sizin nə qədər böyuk zəhmətiniz, fədakarlığınız, peşəkarlığınız olmuşdur ki, vətəndaşlarımız rahat yaşasınlar" fikri Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinə verilən ən dəyərli qiymətin bariz nümunəsidir. Dövlət Təhlükəsizliyi Xidmətinin hər bir əməkdaşı üçün Heydər Əliyevin peşəkarlıq və vətənpərvərlik ideyalarını yaşatmaq, milli maraqların, dövlətçiliyin və müstəqilliyin təhlükəsizliyi keşiyində fədakarlıqla xidmət etmək şərəfli vəzifədir.
İnanırıq ki, 103 il əvvəl yaradılmış ilk xüsusi xidmət orqanlarının varisi olan, bu gün ölkənin milli maraqlarının qorunması və hərtərəfli təmin olunması istiqamətində daim ön sıralarda duran xüsusi xidmət orqanlarımızın şəxsi heyəti öz kökünə, keşməkeşli və mübarizələrlə dolu tarixinə bundan sonra da ehtiramla yanaşaraq, sələflərinin keçdiyi çətin mübarizə yolunu daha inamla davam etdirəcəklər.
H. Zeynallı
Olaylar.- 2022.- 18-31
mart.- S.14; 16.