"O millətin ki, tarixi,
özünün liderləri keçmişdə
yoxdur, o millətin gələcəyi
də olmayacaq"
Bakı şəhəri Sabunçu rayonu Rixard Zorge adına 90 saylı tam orta məktəbdə yazıçı-publisist Yunus Oğuz ilə görüş keçirilib.
Məktəbin direktoru Svetlana Nəbiyeva, kitabxana müdiri Minayə Əzimova və məktəbin Azərbaycan dili - ədəbiyyat müəllimi Vəsilə Həsənovanın təşəbbüsü ilə keçirilən görüşdə Yunus Oğuzla yanaşı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova da iştirak edib.
Dövlət himni səsləndikdən sonra tədbirin açılışını məktəbin direktoru Svetlana Nəbiyeva edib. O tədbirin baş tutmasına görə pedaqoji heyətə və dəvəti qəbul edib, gəldiyinə görə Yunus Oğuza təşəkkürünü bildirib:
"Bəlkə də bu gün 90 saylı məktəbin tarixinə yazılacaq bir gün olacaq. Bu görüşü səbirsizliklə gözləyirdik, şükür ki, bizə qismət oldu. Burada Minayə xanımın əməyini xüsusilə qeyd etməliyəm ki, sağ olsun, sizinlə əlaqə saxladı, tədbirin yaranmasında birbaşa vasitəçi oldu. Digər müəllimlərimiz də burada yaxından iştirak etdilər, özünüz də şahid olacaqsınız."
Direktorun çıxışından sonra məktəbin 10 A sinif şagirdi, aparıcı Fərqanə Rzayevanın təqdimatı ilə Yunus Oğuzun fotolarından ibarət videoçarx nümayiş olunub:
"Bu gün biz siyasətçi, jurnalist, tarixçi, türkoloq alim olmaqla yanaşı, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının sayılıb-seçilən tarixi roman ustalarından biri kimi imzasını yetərincə tanıdan və oxunan müəllif Yunus Oğuz yaradıcılığının işığına toplanmışıq. Əlbəttə ki, biz məktəblilər üçün əsərlərini sevə-sevə oxuduğumuz müasir yazıçılarımızı yaxından tanımaq, onlarla təmasda olmaq qürurverici haldır. Elə məktəbimizin kitabxanasını əsərləri ilə bəzəyən, zənginləşdirən, istər elmi, istərsə də bədii yaradıcılığı ilə biz gənclərin diqqətini çəkən, sətirlərindən tarixi həqiqətləri gerçəklərə bəyan edən Yunus Oğuzla görüşümüz 90 saylı məktəbin tarixində növbəti bir unudulmaz tarix yazmış olacaq."
Məktəbin 11 A sinif şagirdi, aparıcı Cəlal Mirzəli Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.
Yazıçı, aktyor, tarixçi və digər ziyalıların Yunus Oğuz yaradıcılığı haqqında fikir bildirdikləri videoçarx nümayiş etdirildikdən sonra aparıcı Cəlal Mirzəli deyib:
"Yunus Oğuz özünü artıq tarix romançısı kimi təsdiq etmiş yazıçılarımızdandır. Çoxlu tarixi romanlar yazıb - "Attila" pyesindən başlayaraq, "Nadir şah", "Təhmasib şah" romanına qədər. Müəllif bu gün "tarix necə yazılmalıdır?" məntiqindən, metodologiyasından çıxaraq, tarix danışmağı bacardı. Və o, Azərbaycan tarixinə ümumtürk tarixindən gəldi. Yunus Oğuzu digər tarixi əsər yazarlardan bu cəhət fərqləndirir.Yunus Oğuz ümumtürk miqyasına çıxa bildi. Onun tarixi əsərlərində digər bir cəhət isə müasir düşüncə ilə yazmasıdır".
Yunus Oğuzun "Nadir şah" pyesindən bir hissə nümayiş edildikdən sonra söz yazıçıya verilib:
"İlk növbədə məktəbin müdiriyyətinə, məni dəvət edənlərə təşəkkürümü bildirirəm. Təbiidir ki, şagirdlərlə görüş keçirmək həyəcanı həmişə insanlarda olur. Azərbaycanda bütün şagirdlərlə görüş ona görə lazımdır ki, siz həm gələcəyin valideynlərisiniz, həm gələcəyi qoruyanlarsınız, həm də gələcəkdə dövləti idarə edəcək fərdlərsiniz. Odur ki, sizinlə görüşə hər zaman kifayət qədər ciddi gəlmək lazımdır.
Sovet vaxtı o tarixi öyrətməyə qoymurdular, ümumiyyətlə keçmirdilər. Əmir Teymur zalım idi, Nadir şah, Attila zalım idi, Təhmasib ümumiyyətlə ali məktəblərdə bir cümlə ilə keçirilirdi. Halbuki, Səfəvi dövlətində ən çox - 53 il, 6 ay hakimiyyətdə olan ən uzunömürlü hökmdarımız, həm də Şah İsmayılın oğlu olub. Attila haqqında heç nə deməyiblər, Atabəy Eldəniz, Möminə Xatun haqqında çox az informasiya var idi. Bizim olanları bizə sevdirə bilmirdilər, heç birini. Hətta dərsliklərdə o adamların adı çəkiləndə onların əleyhinə danışırdılar, məsələn, deyirdilər ki, Nadir şah oğlunun gözünü çıxartdı. Səbəbi deyilmirdi, sadəcə deyirdilər ki, gözün çıxartdı. Sağ olsun, Üzeyir Hacıbəyov, Nadir şahı bizə bircə cümlə ilə yaşatdı.Məşədi İbadın dili ilə dedi ki, Mən tarixi Nadiri yarıya qədər oxumuşam, amma sənin dediyini başa düşmürəm... Fikir verirsinizmi, nə qədər incə yerə toxunur? Əslində Nadir şah haqqında qalın-qalın kitablar yazılıb. Amma sovetlər dövrü vaxtında bircə cümlə Nadir şahı yaddaşlara həkk etdi. Bax söhbət bundan gedir ki, Üzeyir bəy kimi insanlar atmacaları atırdılar. O, toxumu səpdi. Müstəqil olanda artıq hər kəsə maraqlı idi ki, Nadir şah kim olub? Bunu oxuyaq, kökünə baxaq. Məsələn, Əmir Teymur sonuncu hökmdar idi ki, bütün türk dövlətlərini - Turanı birləşdirdi. Bunu necə sevməmək olar?
Tarixi sevmək lazımdır. Alimlər tariximizi elmi şəkildə etməli, gənclər də bədii ədəbiyyat şəklində sevəcəksiniz və sevə-sevə də artıq dövlətinizi, millətinizi sevəcəksiniz. O millətin ki, tarixi, keçmişi, özünün liderləri keçmişdə yoxdur, o millətin gələcəyi də olmayacaq. Babəki görürsünüzmü? Sevilir. Şah İsmayıl sevilir. Başqaları da seviləcək. Bəzən görürsünüzmü, başqa xalqlar deyirlər Şah İsmayıl başqa etnik qrupa aiddir və yaxud Nadir şah. Nəyə görə? O millətin özlərinin keçmişində qəhrəmanları olmur, onlar kimdənsə qəhrəman düzəltmək istəyirlər. Amma bizim özümüzün ola-ola kənara çəkilirik ki, yox, bu bizə aid deyil.
Mən hamınıza ilk növbədə xoşbəxt olmağı, ikinci növbədə elmli olmağı arzulayıram. Elm, oxumaq bütün qapıların açarıdır. Gələcəkdə içinizdən alim çıxa bilər, gözəl yazıçı da çıxa bilər, öz sahəsi üzrə mütəxəssis də, yaxşı valideyn də çıxacaq, inşallah. Hamısının başında elm, oxumaq dayanır. Oxuya-oxuya dünyanı qurmaq olar. Təşəkkür edirəm".
Yunus Oğuzun çıxışından sonra məktəbin 10 A sinif şagirdi Aytac Əkbərova məlahətli səsi ilə "Sarı gəlin" xalq mahnısını ifa edib.
Daha sonra söz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovaya verilib:
"Yunus Oğuzla görüşün təşkilində əziyyəti keçən hər kəsə çox təşəkkürümüzü bildiririk. Yunus bəy müstəqil Azərbaycan ədəbiyyatında önəmli bir mövqeyə malikdir. Bizim müstəqilliyimizin əsasını məhz tariximizi bilməyimiz, tariximizə qayıtmağımız təşkil edir. Bunun üçün də ilk öncə hardan başlamaq lazımdır? Gənclərimizdən başlamaq lazımdır. Onları elə məktəb sıralarından öyrətmək lazımdır ki, bizim keçmişimiz olub, tariximiz, böyük sərkərdələrimiz olub. Keçmişimizdən gətirdiyimiz o dəyərləri bu dünyada, bu qloballaşma, dəyişən dəyərlər şəraitində qoruyub saxlamalıyıq və gələcəyə özümüzü saxlayaraq, öz milli, etnik dəyərlərimizi qoruyaraq getməliyik. Gələcəyə getmək üçün mütləq tarixdən güc almaq lazımdır.
Yunus Oğuzun romanlarına baxdıqda bizim ilk diqqətimizi cəlb edən onun qəhrəman seçimidir. Yunus Oğuz tarixi dövrü, qəhrəmanı elə-belə seçmir, xüsusi olaraq seçir. Hansı dövrə baxım, hansı qəhrəmanı seçim, hansı hökmdarı gətirim? Nadir şah, Sultan Alp Arslan, Atabəy Eldəniz, Çingiz xan, Əmir Teymur və başqaları. Bu silsilədə bizim qarşımıza başqa bir obraz da çıxır - "Səfəvi Şeyxi". "Səfəvi Şeyxi" Şeyx Cüneydlə bağlı olan bir əsərdir. Bu əsərdə bizim qarşımıza bir hökmdar çıxmır. Hökmdardan, dövlətdən daha əvvəl nə olmalı idi? İdeologiya, inam, keçmişə bağlılıq, ənənə olmalı idi və məhz bu ənənə Səfəvilər kimi bir dövlətin haradan başlandığını bizə göstərmək üçün həmin o dövrü əks etdirən "Səfəvi Şeyxi" romanı çıxıb. Bu roman fikrimcə, Yunus Oğuzun yaradıcılığında əsas məqamlardan birini vurğulayır. Bu o deməkdir ki, bayaq Yunus müəllim çıxışında da qeyd etdi ki, biz elmə fikir verməliyik, hər şey elmdən başlayır. Deməli, hər şey elm ilə bərabər ideologiya, fikir, mənəviyyatdan başlayır. Əgər beynimizdə, ruhumuzda, şüurumuzda həmin o tarixi məqamları qoruya bilsək, saxlaya bilsək, gələcək nəslə ötürə bilsək, deməli, biz gələcəkdə qazanacağıq. Qazanan, yaşayan xalq, yaradan bir xalq olaraq tarixə keçəcəyik.
Yunus Oğuzun romanlarında bizim diqqətimizi cəlb edən digər şey nədir? Bu romanlarda ilk mərhələdə biz bər-bəzəklə rastlaşmırıq. Bədiilik var, obrazların bədii səciyyəsi var, müəyyən elementlər var, amma belə deyək, hər şey konkretdir, hər şey əsasdır. Hər sözün, hər cümlənin öz yeri var. Heç bir söz sadəcə elə-belə işlənməyib. Adi bir elementdə, adi bir obrazın geyimində hər şey əvvəldən düşünülür ki, bunu necə qoyum ki, həmin tarixi dövrün enerjisi ötürülsün.
Yunus Oğuzun romanları sadəcə keçmiş tariximizi əks etdirmir, bugünkü yaranan tariximizi də əks etdirir. Bu baxımdan onun "Ovçu" romanı haqqında danışmaq istəyərdim. "Ovçu" romanı 2016-cı ilin Aprel döyüşlərindən bəhs edən bir romandır. Həmin dövrdə şəhid Murad Mirzəyevin qəhrəmanlığı, onun əks kəşfiyyatda göstərdiyi igidlikləri, şəhadəti haqqında çox gözəl bir romandır və həmin romanı oxuduqca insan görür ki, bizim babalarımızdan gələn o məhəbbət, torpağa sevgi, vətənə sevgi yaşayır və daha da möhkəmlənir. 2016-cı ilin Aprel döyüşlərində əsası qoyulan həmin məqam nəhayət bizə 2020-ci ildə bu böyük qələbəni gətirdi. Biz bu qələbədə sadəcə döyüş məqamları, hərbi texnikanı tək elmi yox, həm də bədii gördük. Ədəbiyyat müəyyən qədər rol oynayır. Çünki, insan mənən bir şeyə inanmasa, sevməsə, heç bir hərəkət etməz, sadəcə bir maşın olar. Bunun üçün insanların beyninə, ruhuna xitab etmək lazımdır. Yunus müəllimlə söhbət edəndə deyir ki, hətta orada olan əsgərlər onunla əlaqə yaradıb və deyirlər ki, biz sizin "Nadir şah" romanınızı burada oxuyuruq, onu xatırlayırıq. Deməli, hər şeyin əsası öyrənməkdən keçir. Tariximizi dərindən öyrənsək, biz çox şey edə bilərik. Hələ bizim tariximizdə elə məqamlar, elə elementlər var ki, onlar işıqlandırılmayıb. Tarixi əsəri oxumaq maraqlıdır, amma bədii əsər ondan daha maraqlıdır. Həm də daha çox kütləyə xitab etmək mümkündür. Cəlil Məmmədquluzadənin "Usta Zeynal" əsərində bir yer var, Usta Zeynal erməniyə bir sual verir. Deyir ki, sizin padşahınız var? Bu çox böyük bir sualdır. Yəni, o deməkdir ki, sizin tarixiniz yoxdur, hökmdarlarınız, dövlətiniz olmayıb. Bircə cümlə ilə onun mahiyyətini ortaya qoyur. İndi də biz bilməliyik, bizim hökmdarlarımız, dövlətlərimiz, sərkərdələrimiz olub və bu gün də var. Yunus müəllimin romanlarında tarix ilə müasirlik hər zaman vəhdətdə gedib. Bəzən olub, keçmiş qəhrəmanları bugünkü günümüzdə yenidən həyata gətirib, bəzən də keçmişlə müasir dövr paralel şəkildə özünü göstərib.
Yunus Oğuzun sonuncu romanı "Uçurum"
romanıdır. "Uçurum" romanı narkomaniyaya
qarşı yazılan bir romandır, Dövlət
Gömrük Komitəsinin yubileyinə həsr olunub və bu bəlanın
haradan gəldiyini göstərir. Hardan gəlir
bu? Keçmişdən var, amma bizə nə zaman qalib gələ
bilər? Əgər biz özümüzü mənəvi cəhətdən
güclü etməsək, elmli olmasaq, dünyadan, həyatdan
başımız çıxmasa, o cür tələlərə
düşə
bilərik. Mənim fikrimcə, bu
roman da digər romanlar kimi gənc nəslə önəmli
bir mesajdır. Bu mesaj da bundan ibarətdir
ki, özünüzü qoruyun, öz milliliyinizi, daxilinizdəki
həmin o gözəllikləri, qeyri-adiliyi qoruyun. Bilirsiniz, hər bir xalqın özünəməxsus
keyfiyyəti var. Bizim xalqın içində, ruhunda elə
gözəlliklər var ki, sadəcə bizi uzun müddət
onlardan ayırıblar, bilməmişik.
Sizin qarşınızda çıxış etmək
çox çətindir. Tələbələrin,
şagirdlərin qarşısında çıxış etmək
böyük alimlərin qarşısında
çıxış etməkdən daha çətindir.
Çünki, siz daha tələbkarsınız, sizin beyniniz
daha təmizdir və sizin çox böyük cəsarətiniz
var. Mən inanıram ki, gələcəkdə sizin bu cəsarətiniz,
təmizliyiniz, marağınız, məhəbbətiniz Azərbaycanın
çox gözəl bir gələcəyinin əsasını
qoyacaq. Mən sizə təşəkkür edirəm
ki, Azərbaycan tarixinə bu qədər maraq göstərirsiniz".
Sonra yazıçı şagirdlərin
ünvanladığı sualları cavablayıb.
- Tarix,
yoxsa ədəbiyyat? Sizcə, hansı daha
maraqlıdır?
- Mən
bir elm adamı kimi deyim ki, daha çox elmə maraqlıyam. Amma o tarixin elə hissələri var idi, onu elmə
gətirə bilmirdim. Ona görə onu bədiiləşdirirdim.
Elə ideallar var ki, o, elmə lazım deyil, amma
gənclərə, cəmiyyətə çatdırmaq
lazımdır. Bu cəhətdən elm
daha üstündür, amma bədii ədəbiyyat da bu millətə
dastanlar yazıb.
- Sufiliyə
və hürufiliyə münasibətiniz necədir və bu təriqətləri
Avropa diplomasiyası ilə müqayisə etmək olarmı?
- Biz müsəlman dövlətiyik. Amma təəssüflər olsun ki, bizə daha
çox cahilliyi öyrətmək istəyirlər.
Çünki, xurafat və cahillik elə bir şeydir ki,
düşünmədən əmr verəcək ki, get
özünü öldür, gedib öldürəcək. Amma
Məhəmməd peyğəmbər hədislərin birində
deyir: "Elm Çində də olsa, onun dalınca gedin."
Sufilik, hürufilik təkcə dini elmin əsasları
deyil. Onlar daha çox Allaha
çatmağın bir yoludur. Əgər
bizdə o sufiliyin köklərini yığmasaydılar, biz
indi daha çox qabağa getmişdik. Din də elmdir. Onun da arxasınca getmək lazımdır.
- Müasir Azərbaycan ədəbiyyatında hansı
tarixi roman yazarını özünüzə rəqib
görürsünüz?
- Sizləri.
-
Müsahibələrinizin birində qeyri-adi
bacarığınızın olduğunu bildirmisiniz. Bu qeyri-adi bacarığınızın nə
olduğu bizə çox maraqlıdır.
- Hər
birimizdə o bacarıq var. Sadəcə onu üzə
çıxartmaq lazımdır. Onu üzə
çıxartmaq üçün də çoxlu kitablar
oxumaq lazımdır. Bacarığım
olaraq sizə yazdığım kitabları göstərə
bilərəm.
- Tarixi
roman yazarkən tarixi mənbələrə daha çox əsaslanırsınız,
yoxsa bədii təxəyyülünüzə?
- Yox, əslində
bədii əsər yazanda təxəyyül mütləq orda
rol oynayır. Bədii əsər elədir ki,
ora həm sevgi, həm konflikt gətirirsən. Həyatda yaşadığımız hər şey
bədii ədəbiyyatdır, istənilən şəxsin həyatı
bədii ədəbiyyatdır. Amma sizə
deyim ki, mənim yazdığım bütün əsərlərin
hamısı tarixi əsərlərdir. Bir
dəfə Tarix İnstitutundan etiraz etməyiblər ki, mən
nəyisə səhv yazmışam.
- "Əmir Teymur" əsərinizdə tez-tez ona
müraciətlə "sahibqıran" xitab etmisiniz. Bu müraciəti
özünüz yaratmısınız, yoxsa hansısa mənbəyə
əsaslanmısınız?
-
"Sahibqıran"
özbək dilində kürəkən deməkdir.
Bütün elmi məqalələrdə də
"sahibqıran" gedir. Yəni,
Əmir Teymur Çingiz xanın nəslindən bir qadınla
evləndiyinə görə ona kürəkən deyirdilər.
- Azərbaycan
Respublikası elə ola bilər ki,
müstəqilliyini itirsin?
- Rəhmətlik
Heydər Əliyevin gözəl bir sözü var: "Azərbaycan
Respublikasının müstəqilliyi əbədidir, dönməzdir,
sarsılmazdır!"
- "Əmir Teymur dünyanın hakimi"
kitabınızda ən sevdiyiniz obrazlar hansılardır?
- İldırım Bəyazid.
-
Yaradıcılığınızda ən çox hansı əsərə
daha çox vaxt sərf etmişdiniz və onu zövqlə
yazmışdınız?
-
Hamısını zövqlə yazmışam. Amma
ən çox vaxt sərf etdiyim "Nadir şah" olub.
Çünki, birinci tarixi romanımdır.
- Əsərlərinizi yeni oxumağa başlayan bir
şagirdə hansı kitabınızı ilk oxumağı məsləhət
görərdiniz?
- Çətin
sual oldu. Mən düşünürəm ki,
birinci ya "Ovçu"nu oxuyun, ya "Uçurum"u
oxuyun, ya da bu yaxınlarda Şuşanın 270 illiyinə həsr
olunmuş "Cığır" romanım çıxacaq,
onu oxuyun. Digərləri hələ bir az
ağırdır. Dünya siyasəti,
iqtisadiyyat birdən-birə beyninizi yükləyə bilər.
Ona görə yavaş-yavaş bunlardan
başlayıb oxuya bilərsiniz, padşahlardan hələ
oxumayın.
- Sizcə,
Rusiya-Ukrayna müharibəsində Rusiya nüvə
silahını işə sala bilər?
- Rusiya dəlidirmi,
özünü məhv etmək istəyərmi? Bu
mümkün deyil axı...
- Əgər zamanda səyahət mümkün olsa,
hansı türk xaqanını görmək istərdiniz və
ona ilk sualınız nə olardı?
- Əslində meditasiya ilə onların yanına getmək
mümkündür. Amma mən birinci növbədə Tomirisi
görmək istəyərdim. İlk olaraq
da "salam aleykim" deyərdim. Nə
sualı versəm də, tarixdə artıq yaşanıb, onu
dəyişdirmək mümkün deyil. Xəyali
müsahibə ala bilərsən, amma sual da versən, o tarixi dəyişmək
mümkün deyil. Çünki, dövr
getdi. Əsas odur, gələcək nəsil o səhvləri
təkrar etməsin...
Sonra məktəbin Azərbaycan dili - ədəbiyyat
müəllimi Vəsilə Həsənova Yunus Oğuza
iştirakı üçün bir daha təşəkkür
edib:
-
Çox hörmətli siyasətçi, yazıçı,
türkoloq Yunus Oğuz, dəvətimizi qəbul edib gəldiyinizə
görə sizə çox minnətdaram. Bu
gün 90 saylı məktəbin həm müəllim, həm
şagird heyəti üçün çox xoş bir gün
oldu. Sizin gəlişiniz də bizim
üçün ayrıca bir bayram oldu. Bir
daha təşəkkür edirəm. Gənclərə
son olaraq nə demək istəyirsinizsə, buyrun.
- Mən
də şagird yaşlarda olmuşam və bilirəm ki, sizləri
burada çox saxlamaq olmaz, civə kimisiniz. Gənclik
elə mütləq civə kimi olmalıdır, həm elmdə,
həm şəxsi həyatında. Odur ki,
gənclik, biz olduğumuz yerə gəlib
çatasınız və bizdən də yaxşı həm
yazasınız, həm yaxşı yerlərdə
çalışasınız.
Tədbir məktəbin yetirmələrindən Aynur
xanımın milli rəqsi ilə sonlanıb. Məktəbin
direktoru Svetlana Nəbiyeva yazıçı Yunus Oğuza məktəb
adından hədiyyə təqdim edib və pedoqoji heyətlə
xatirə şəkli çəkilib.
Röyalə Xəyal
Olaylar.- 2022.- 18-31
mart.- S.12-13.