Azərbaycan öz adət-ənənələri
ilə bəşər
sivilizasiyasına əvəzsiz töhfələr
verir
İstiqamət:
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği: dövlət
müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan
dövlətçiliyi müasir mərhələdə
Azərbaycan
öz adət-ənənələri ilə bəşər
sivilizasiyasına əvəzsiz töhfələr verir
Hər bir milləti
dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən
ən önəmli xüsusiyyətlərindən biri onun adət
və ənənələri və bu müstəvidə
yüksək mənəvi dəyərlər sisteminə malik
olmalarıdır. Bu baxımdan qloballaşan dünyada milli adət
və ənənələr və
onun əsasında formalaşdırılan yüksək
mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi,
mədəni simasını göstərir.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəvyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Novruz süfrəsi adət və ənənələrimizin zənginliyini göstərir. Belə ki, çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Politoloq Vüqar Dadaşov qeyd edib ki, Novruz bayramının islam dini ilə heç bir əlaqəsi yoxdur. Novruzun ilk mənbəyi Şumerlər və qədim Misirlər dövründə qeyd edildiyi təsdiqini tapmışdır: "Novruz bayramının geniş yayılma səbəbi məhz biz türklər olmuşuq, belə ki, Hicri təqviminin 430-cu ilində vəfat etmiş tarixçi Əbu Rehan Məhəmməd "ötən qərinələrdən qalan ölümsüz əsərlər" kitabında yazdığına əsasən əfsanəvi Cəmşid şah Azərbaycana Atəşgahı ziyarəti zamanı indiki mart ayına təsadüf etmişdir, bu zaman yerli türk tayfaları Cəmşid şahı təmtəraqla qarşılamış və ona Günəş adı vermişdir. Cəmşid şah məhz bu günü bayram elan etmişdir və bununla da Novruz geniş yayılmağa başlamışdır. Ömər Xəyyam "Novruznamə" əsərində Novruzun Cəmşid şahla və Azərbaycanla bağlılığın göstərir. İslamdan əvvəl hələ Zərdüştlər Novruz bayramını "Mihran" adı altında qeyd etmişlər və bu bayramın ən aşağısı 5000 ildən yuxarı tarixə malik olması da çoxlu tarixi mənbələrə əsaslanır. Məlumdur ki, Novruz bayramı təbiətin oyanma, canlanma prosesi dövrünə qədəm qoymasının təntənəli qeyd edilməsidir. Maraqlısı da budur ki, elmi araşdırmalara görə Böyük Azərbaycanın yerləşdiyi ərazinin təbiəti məhz mart ayının 21-dən oyanır, Novruz bayramındakı kimi göstərilən təbiət hadisələri məhz Azərbaycan təbiəti ilə paralellik təşkil edir və dünyanın heç bir ərazisində təbiətin oyanması məhz Azərbaycandakı kimi dəqiqliklə üst-üstə düşmür. Fərqli təbiətə malik türk xalqlarının eləcədə digər xalqların yaşadığı areallarda da təqvimə görə Novruz bayramının Azərbaycan xalqının keçirdiyi Novruz bayramının qaydalarına uyğun olaraq qarşılanması, qeyd edilməsi faktı da sübut edir ki, Novruzu bir bayram olaraq dünya xalqlarına məhz qədim Azərbaycan türkləri bəxş etmişdir. 2009-cu il sentyabrın 30-da Azərbaycan Respublikasının təqdimatı əsasında Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 2010-cu il fevralın 23-də keçirdiyi 64-cü sessiyasında mart ayının 21-i Beynəlxalq Novruz günü elan edilib. Bununla da Novruzun bir başa Azərbaycanla bağlılığı təsdiqini tapmış və bu qürur verici faktdır: "Novruz bayramının mahiyyəti həm iqtisadi həmdə sosial baxımdan təbəqələri eyniləşdirdiyinə görə birlik nümunəsi kimi həmdə siyasi əhəmiyyətli tədbir hesab oluna bilər. Eyni zamanda da Novruz bayramı biz azəri türklərinin qədim tarixinin sübutudur. Novruz bayramında odla bağlı əlamətlərin xalqımız tərəfindən gizlədilərək saxlanılması, islamın qadağa etdiyi atəşpərəstlik tariximizin qorumasında bir vasitə olması bu bayramın Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli olmasının sübutu kimi eləcədə vacibliyi də danılmazdı. Azərbaycan xalqının hal-hazırda da yaşadığı areala antropoloji bağlılığı elmi aksiomadır, Novruzun bizim Azərbaycan xalqının arealına aid olduğunu isə təbiət elmləri sübut edir. Bu da onu göstərir ki, Novruz bizim təkcə təbiətlə bağlı bayram deyil, Novruz bizim qədim tariximizin canlı şahidi, yaşadığımız arealın Azərbaycan türklərinə aid olmasının qeyri- maddi mədəni sübutudur. Novruzu sevək, qoruyaq, yaşadaq və özümüz yaşayaq".
Yeri gəlmişkən qeyd edək ki, cəmiyyətdə milli adət və ənənələrin öyrənilməsi və varisliyi həmişə aktual olub. Çünki adət və ənənələr ictimai-mədəni tərəqqinin əsas göstəricisi rolunu oynayır. Cəmiyyət dəyişdikcə adət və ənənələr də təkmilləşir və millətin, xalqın yaradıcılıq nümunələrini yaşadır. Mənəvi dəyərlər dövrün, şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir. Mənəvi dəyərlərin bu xarakterik cəhətlərinə görə əski sovetlərin tərbiyə sistemində onlardan bir vasitə kimi geniş istifadə edilib. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərinin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çeşidli folklor nümunələrimiz məhz adət və ənənələrimiz işığında inkişaf tapır. İndi bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib. Bu gün milli adət və ənənələrimiz musiqi, mahnı nümunələri, əyləncəli oyunlarla zəngin olmaqla yanaşı, insanların davranışlarına əsaslı təsir göstərən əxlaq normalarının da daşıyıcısıdır. Adət və ənənələr bütün mədəni tədbirlər üçün rəmzi məna kəsb edir və onlara milli məzmun gətirir. Məsələn, Novruz bayramı ərəfəsində keçirilən bir çox mədəni tədbirlərdə səmənidən, xalqımızın qədim milli geyimlərindən və s. milli-rəmzi atributlarından geniş istifadə olunur.
Onu da qeyd edək ki, adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli vətənəpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Bu baxımdan bütün dövrlərdə adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür. Bir sözlə, adət və ənənələr insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayır. Beləliklə, qətiyyətlə demək olar ki, xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Media İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir
Olaylar.- 2022.- 18-31 mart.- S.11.