Bütün
nailiyyətlərin əsasında Heydər
Əliyevin
xarici siyasət konsepsiyası dayanır
Ümummilli lider Heydər
Əliyevin anadan olmasınınn 99-cu ildönümü tamam
olur. İllər
keçdikcə Azərbaycan xalqı Heydər Əliyevin
dühasını daha aydın dərk edir, onun yenilməz sərkərdə,
dahi şəxsiyyət olduğunu anlayır. Heydər
Əliyevin Azərbaycan dövləti və xalqı
qarşısında gördüyü işlər, misilsiz xidmətlərin
nəticəsidir ki, bu gün də xalqımız dahi şəxsiyyətin
yüksək ehtiramla anır, onun adını uca tutur.
Milli Məclisin
deputatı Ramil Həsən deyir ki, ümummilli lider Heydər
Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin
inkişaf və tərəqqisi yolunda, indiki və gələcək
nəsillər üçün əvəzsiz sərvət,
böyük qürur, eyni zamanda iftixar mənbəyidir. Millət
vəkilinin sözlərinə görə, bu irsi öyrənmək
və təbliğ etmək bizim hər birimizin şərəfli
borcudur: "Heydər Əliyev son dərəcə təcrübəli
dövlət başçısı və böyük siyasi
xadim kimi hər zaman çətin və mürəkkəb vəzifələrin
öhdəsindən müvəffəqiyyətlə gəlmək
bacarığı nümayiş etdirib, Azərbaycanın milli
maraqlarını daim qətiyyətlə qoruyub. Bu baxımdan, Ulu Öndərin müəyyənləşdirdiyi
xarici siyasət kursu böyük əhəmiyyət kəsb
edir. Məlumdur ki, müstəqilliyimizin
ilk illərində milli dövlətçilik prinsiplərinə
uyğun olaraq yeni xarici siyasət kursunun
formalaşdırılması və həyata keçirilməsi
ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın
Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə
Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə
də hərbi təcavüzün genişlənməsi
ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə
üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici
siyasət fəaliyyətində də mühüm vəzifələrin
yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi
təcavüzünün qarşısını almaq, onun
ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin
ərazi bütövlüyünü və təhlükəsizliyini
təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olunmaq
zərurəti düşünülmüş, ardıcıl
və fəal xarici siyasət tələb edirdi".
Deputat
qeyd edib ki, 1993-cü ilin iyun ayında ümummilli lider Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı
ilə Azərbaycanda müasir müstəqil dövlətimizin
əsasları qoyuldu: "Bu dövrdən başlayaraq həyata
keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin
adı və fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə
əsaslanaraq dövlətimizin yeni xarici siyasət kursunun əsas
istiqamətlərini müəyyənləşdirən Heydər
Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində,
ilk növbədə, bir sıra ən mühüm və təxirəsalınmaz
vəzifələrin yerinə yetirilməsi qarşıya
qoyulmuşdu. Həmin vəzifələrdən
biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki
təcrid vəziyyətindən çıxarmaq, Ermənistanın
işğalçı siyasətini ifşa etmək, ölkəmiz
haqqında yaradılmış mənfi ictimai rəyi
dağıtmaq, xalqımızın haqq işini dünya
ictimaiyyətinə olduğu kimi çatdırmaqdan ibarət
idi. Ona görə də yeni xarici siyasət
xətti üçün hər şeydən əvvəl
müharibə dayandırılmalı və dinc şərait
təmin edilməli idi. Bu məqsədlə
1994-cü ilin mayında Ermənistanla atəşkəsə
nail olunması, qanunsuz hərbi birləşmələrin
buraxılması və ölkə daxilində sabitlik
yaradılması yolunda atılan addımlar sayəsində
yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata
keçirilməsi üçün lazım olan əlverişli
dinc şərait yarandı".
Ramil Həsən
deyib ki, müstəqilliyini bərpa
etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm
qoymuş Azərbaycan Respublikasının üzləşdiyi
sosial-iqtisadi və siyasi problemlərin uğurla həll
olunması ölkəmizin beynəlxalq aləmdəki
mövqeyi və ayrı-ayrı ölkələrlə milli
dövlət maraqlarına cavab verən qarşılıqlı
faydalı əlaqələri və dünya birliyinə
inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı
idi: "Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər
sistemində layiqli yer tutması üçün dünya siyasətinin
formalaşmasında aparıcı rol oynayan dövlətlərlə
və beynəlxalq təşkilatlarla qarşılıqlı
münasibətlərin tənzimlənməsi və inkişaf
etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz
buna görə də dünya birliyinə bərabərhüquqlu
üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin
ilk addımlarını atan, eləcə də Ermənistanın
hərbi təcavüzü nəticəsində ərazi
bütövlüyü pozulmuş Azərbaycan
Respublikasının xarici siyasətində dünya birliyinə
inteqrasiya, ikitərəfli və çoxtərəfli
münasibətlər, o cümlədən beynəlxalq və
regional təşkilatlarla əlaqələrin
yaradılması və inkişaf etdirilməsi ümummilli
lider Heydər Əliyevin fəaliyyətinin başlıca
istiqamətlərindən birini təşkil edib".
Deputat
qeyd edib ki, ulu
öndər son dərəcə təcrübəli dövlət
başçısı və böyük siyasi xadim kimi bu
çətin və mürəkkəb vəzifələrin
öhdəsindən müvəffəqiyyətlə və
böyük ustalıqla gəlmək bacarığı
nümayiş etdirdi: "Ölkəmizin sistemli şəkildə
dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və
çoxtərəfli siyasi münasibətlərin genişlənməsi
istiqamətində atılan addımlar mühüm əhəmiyyət
kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan
sektorundakı neft yataqlarının istismarına dair
1994-cü il sentyabrın 20-də
imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin
dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin
dərinləşməsi və beynəlxalq mövqelərinin
möhkəmləndirilməsinə güclü təkan verdi.
"Əsrin müqaviləsi" və
sonrakı illərdə imzalanmış çoxsaylı neft
müqavilələri Azərbaycanın dünya birliyinə
inteqrasiyasını sürətləndirdi. 1998-ci il
sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın
nümayəndələrinin iştirakı ilə tarixi
Böyük İpək Yolunun bərpası üzrə
keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri
Azərbaycanın xarici siyasətinin qazandığı ən
mühüm nailiyyətlərindən biridir".
Ramil Həsən
onu da diqqətə çatdırıb ki, ümummilli lider Heylər
Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla
əməkdaşlığın genişləndirilməsi məsələlərinə
çox böyük diqqət yetirirdi: "Azərbaycanın
beynəlxalq təşkilatlara üzv olması ilə
yanaşı, onların işlərində fəal surətdə
iştirak etməsi və səmərəli əməkdaşlıq
ölkəmizin problemlərini dünya ictimaiyyətinə
çatdırmaq üçün mühüm əhəmiyyət
kəsb edirdi. Bu baxımdan 1994-cü il
mayın 4-də Prezident Heydər Əliyevin "Sülh naminə
tərəfdaşlıq" proqramının çərçivə
sənədini imzalaması Azərbaycanın beynəlxalq
mövqelərinin möhkəmlənməsi istiqamətində
atılan mühüm addımlardan biri oldu. Bu
proqramın Azərbaycan üçün əhəmiyyəti
ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri
və ABŞ ilə dünya təhlükəsizlik sisteminin,
eləcə də beynəlxalq münasibətlərin sivil
qaydaları çərçivəsində hər cür əməkdaşlıq
etmək imkanı qazandı. Avratlantik
strukturlara inteqrasiya istiqamətində Azərbaycan çoxtərəfli
Trans-Atlantik təhlükəsizlik əməkdaşlığı
proqramlarını inkişaf etdirən Avropa qitəsində və
onun sərhədlərindən kənarda təhlükəsizlik
və sabitliyə töhfə verir. Belə
ki, ölkəmiz 1994-cü ildə NATO-nun "Sülh naminə
tərəfdaşlıq" proqramına qoşulan ilk
dövlətlərdən olub və bu təşkilatın əksər
qurumlarının işində fəal iştirak edərək
NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən
tam şəkildə bəhrələnir. 1996-cı il
aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan
Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat,
qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni
ticarətin qarşısının alınması sahəsində
əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişi" imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın
xarici siyasətinin ən uğurlu səhifələrindən
biri kimi qiymətləndirilir. Dövlətimiz
və xalqımız üçün mühüm tarixi əhəmiyyət
kəsb edən bu müqavilə Azərbaycanın Avropa
strukturları və institutları ilə əlaqələrinin
genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində
hüququ baza rolunu oynayır. Azərbaycanın
Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa
Şurasının bərabərhüquqlu üzvü
olması respublikamızın mühüm problemlərinin
dünya ictimaiyyətinin diqqətinə obyektiv
çatdırılması üçün yeni və
çox mötəbər tribuna vermiş oldu. Belə
ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr
səviyyəsində keçirilmiş iclasında Azərbaycan
Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul
edilməsinə dair qərar qəbul edildi. Bu qərar
Ümummilli Liderin uzaqgörən, daxili və xarici siyasətinin
və bu istiqamətdə məqsədyönlü fəaliyyətinin
nəticəsi idi. Yanvarın 25-də Azərbaycan
Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda
ölkəmizin bu təşkilata üzv qəbul edilməsi
münasibətilə rəsmi mərasim keçirilib və
dövlətimizin üçrəngli bayrağı
ucaldılıb. Bu hadisəni ümummilli lider Heydər
Əliyev yüksək qiymətləndirərək
demişdir: "Azərbaycanın Avropa Şurasına qəbul
edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi
dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin
bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin
inkişafında yeni mərhələnin
başlanğıcıdır". Qazanılan
bu uğurlarla yanaşı, Azərbaycanın ən
ağrılı problemi olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həll
olunması ümummilli lider Heydər Əliyevin xarici siyasət
fəaliyyətində başlıca yer tutub. Bu məqsədlə 1993-cü ilin ikinci
yarısından başlayaraq Prezident Heydər Əliyev
respublikamızın təhlükəsizlik problemlərini,
xüsusilə Ermənistanın ölkəmizə
qarşı əsassız ərazi iddiaları və hərbi
təcavüzü məsələlərini beynəlxalq aləmə
çıxararaq regionda sülhün bərqərar olması
üçün beynəlxalq təşkilatların təsirini
artırmağa çalışıb. Heydər
Əliyevin ən yüksək səviyyədə dövlət
başçıları və nümayəndə heyətləri
ilə ikitərəfli, eləcə də çoxtərəfli
görüşlərində, ATƏT-in zirvə
toplantılarında, Minsk qrupunun həmsədrləri ilə
aparılan müzakirələrdə, eyni zamanda, Ermənistan
prezidenti ilə danışıqlarda göstərdiyi səylər
onun apardığı məqsədyönlü siyasətin
mühüm tərkib hissəsini təşkil edib. Belə ki,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
dinc vasitələrlə nizama salınması istiqamətində
məhz Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti
nəticəsində 1994-cü il mayın
12-də atəşkəs haqqında razılıq əldə
edildi və bundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində
müntəzəm olaraq danışıqlar aparılmağa
başlandı. Daha sonra 1994-cü il dekabrın 5-6-da
ATƏT-in Budapeştdə keçirilən Zirvə
toplantısında Ulu Öndərimizin çevik
diplomatiyasının təsiri ilə "Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in
fəaliyyətinin intensivləşdirilməsi" barədə
qərar qəbul olundu".
Millət
vəkilinin sözlərinə görə, əsasını
Ümummilli Liderin qoyduğu və bu gün Prezident İlham
Əliyev tərəfindən uğurla həyata keçirilən
xarici siyasət strategiyası dövlətlərarası
regional və beynəlxalq əlaqələrə daha
yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin
sintezindən yaranmış cəhətləri özündə
əxz edərək dünya birliyinə sıx inteqrasiya
olunmaq xəttini seçib: "Bu gün cənab İlham
Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın
regionda və dünyada müttəfiqlərinin sayını
xeyli dərəcədə artırıb. 44
günlük Vətən müharibəsində qazanılan
möhtəşəm zəfər isə müstəqil
dövlətimizin beynəlxalq müstəvidə yerini və
rolunu əhəmiyyətli dərəcədə
artırıb. Bu səbəbdəndir ki,
beynəlxalq birlik Azərbaycanın Cənubi Qafqazda
yaratdığı yeni reallıqları qəbul edir. bu reallıqlar isə Azərbaycanın liderliyi
ilə regionu sülh, təhlükəsizlik və əməkdaşlıq
məkanına çevrilməsinə hədəflənib.
Bütövlükdə isə, qazanılan bütün nailiyyətlərin
əsasında Ulu Öndər Heydər Əliyevin nurlu zəkası
və onun müəyyənləşdirdiyi xarici siyasət
konsepsiyası dayanır!".
Füzuli
Olaylar.- 2022.- 6-12 may.- S.9.