Şuşa səfəri
Obaşdanlıq... Ramazanın
ortalarıdırdır. Şüşənin arxasında
qatı duman. Yolumuz
Şuşayadır, "dağların balaca Parisinə".
Vaxt var idi, bunu düşünmək belə, xəyal, əlçatmaz
arzu idi. - Görəsən mən belə həyəcanlıyam,
yoxsa avtobusun içində ümumi gərginlik var? Dediyim gərginliyi
Xədicə Abbasovanın yolboyu oxuduğu kövrək
mahnısı azaldır... Deyirlər, səhər tezdən sözlər
bir qədər yerində olmur, incə səslənmir... Ona görə insanlar musiqini fikirləşib
tapıblar. Hava
açıldıqca, səhərin də konturları aydınlaşır... "Mən sənə gələcəm,
bir gün gələcəm, bir qərib yuxunun dumanı
kimi". Elə bil müəlliflər bu əsəri
düşünəndə bu günə inanıb,
görüb, yazıblar. "Mən sənə gələcəm,
vallah gələcəm, üzümdə, gözümdə,
kipriyimdə nəm..." Bu
mahnı həmişəlik mənim 12 aprelimdə qalacaq...
Ömür
qisməti son 30 ilə təsadüf edən hər azərbaycanlının
həyatı, Azərbaycanın isə tarixi - Qarabağın
işğalı və qaytarılması kimi "əvvəl"
və "sonra"ya bölünür. Lakin... qabarmalar
müvəqqəti, çəkilmələr daimidir. Hər şey
əvvəl-axır məcrasına
dönür. Doğrudan qürurvericidir
yaşadıqlarımız. Yol
boyu göstəricilərə baxıram... Suqovuşan, Fizuli,
Hadrud... Bu həqiqətdir. Sadəcə işarə,
"Şuşa" yazılmış dirəyə
yazıq-yazıq söykənib həsrət kilometri saymaq
deyil. Biz ORA gedə bilirik.
Gördüyümüz
ilk "kadr"lardan sarsılırıq... 28 il geriləyə-geriləyə
gediblər, ta daxma mədəniyyətinə qədər.
Qorxularından abad ev-eşiklərdə yaşaya bilməyiblər.
Birdən azərbaycanlılar qayıdar deyə... Xaraba qoyub,
yaşayıblar. Yerin üstünü söküb köstəbək
kimi altında lağım atıblar. (Sonra da, biz onların
ağlından nəsə umuruq. Dünyanın istənilən
yerində millətlərin, xalqların bir-birinə
qarışdığı, rahat yaşamaq üçün hər
şərait olan zamanda qapıqonşuya ərazi davasına
qalxmaq, bu qədər insanı qırğına vermək - erməni kibridir,
yığılıb qalmış natamamlıqdır,
özünə nə isə sübut etməkdir,
"kafaları" necə çalışır,
odur...) İldə bir dəfə
yaz vaxtı, təbiət oyananda quru torpağa od vurub
yandırıblar. Kələyini yerli-dibli kəsmək
üçün. Müzəffər ordumuz gələndə
isə, timsah göz yaşları altında
"Qazançılar"da, Xudavəngdə nigahımız
olacaqdı" ah-vayı ilə 28 illik kirayənəşinliklərinə
məcburi son veriblər. "Stalinqrad" dediyimiz
dağıntıların, texnikanın qalıqları
yığışdırılıb. Torpağın əsl
sahibinin əli görünür. (Həqiqət müqayisədə
üzə çıxır). Torpaqların
qayıtdığını gördüyümüz kimi,
Qarabağ çöllərinə səpələnmiş yiyəsiz
meyidlərinə şahid olduğumuz tək,
düşünürəm ki, vəhşi instinktlərinə
cavab verəcəkləri o günü də görəcəyik.
"Serpantin"
Şuşa-Laçln yolu... Miskin halı ilə qəlb
dağlayan Daşaltı kəndinin möhtəşəm təbiətlə
yaratdığı dissonansın şərhə ehtiyacı
yox idi.
Şuşanın
kiçik tərcümeyi-halı belədir: Qarabağın ən
hakim mövqeyində qərar tutmuş qala-şəhər elə
həmin qayalardan çıxarılan daşlardan tikilib. Burada
mövcud olmuş şəhər
mədəniyyətini, sənətkarlıq və ticarət əlaqələrini
təsdiqləyən xeyli sayda material var. Qalanın qalabəyisi,
gümüşdən açarları olub. "Pənahabadi"
adlanan gümüş sikkəyə qədər zərb
olunub... Bir əsrdə 3 dəfə yandırılıb, 1905,
1920 və 1992-ci illərdə. Belə qədim və
kiçik şəhər üçün görünməmiş
faciədir. Ara məsafələrində isə hər dəfə
yeni intibahını yaşayıb. Son 30 ili saymıram.
Şuşa
çeynənmiş "analoqu" olmayan yox, öz dilimizdə
desək, tayı-bərabəri olmayan bir şəhərdir.
Özü kiçik, "əməlləri"
böyükdür. Başqa şəhərlərimiz qədər
qədim olmasa da, cavan yaşından özündən
böyük, müdrik olub, buna məcbur qalıb. (Kaş ki,
bu qədər gözəl olmayaydı... Bu gözəlliyini ona
bağışlamayıblar, altını çox çəkib).
Qat-qat böyük şəhərlərlə müqayisə
olunub, məşhur səyyahlar, elm, sənət adamları tərəfindən
saysız epitet və məcazlarla şərəfləndirilib.
Hərbçilər üçün forpost, sitatel,
musiqiçilər üçün konservatoriya, İtaliya
olub. Ədəbiyyat adamları "poema"
adlandırıblar, "Qüds", "Məkkə",
"Mədinə" deyib müqəddəsləşdiriblər.
Siyahı uzun... Hələ istilaçıları demirəm...
"Fələyin mancanağından bəla daşları
yağır, sən isə əbləhcəsinə
şüşə içərisində oturmusan".
Şuşaya baxa-baxa qalan şah Qacar İbrahimxəlil xana
yazdığı bu sözləri oxa bərkidib uzaqdan qalaya
atmışdı.
Şuşada
şəhər həyatına uyuşmayan bir sakitlik
gördüm. Sükunət. Heç bizim dəstənin hənirtisi
(hamı müqəddəs ruhlara ehtiram əlaməti astadan,
ehtiyatla danışırdı), buldozerlərin səsi də
bu həzin sükutun halına təfavüt eləmirdi.
Deyilənə
görə işğaldan qabaq Şuşanın qaynar,
heç yerə bənzəməyən həyatı,
ab-havası olub. Hər pəncərədən canlı ifa,
musiqi səsi gəlib. Xəyalımda canlandırmaq istədim...
Sökülmüş asfalt örtük (Bu necə şəhərdir
ki, toz dumana qarışıb?! Üzdəniraqlar yollara
döşənmiş daşları çıxarıb,
küçələrin asfalt qabığını soyublar), Natəvanın yol kənarında
"lövbər" salan az qala Şuşa ilə
yaşıd, tavansız-döşəməsiz "gözləri
çıxarılmış" sarayı dərhal işə
qarışır, acı reallıq xəyalı qovur, yönəldir,
göstərir. 28 il bu dağlara yaz bizsiz gəlib. Yayı
payız, payızı qoca qış əvəz edib. Bizsiz gəlib, gedib. Dünya necə
fırlanır, öz işidir, bizim üçün isə
Yer 28 il Qarabağın ətrafında fırlandı. Hər
il "gələn il bu vaxt dedik", özümüzə təsəlli
verə-verə ömrümüzü yedik.
Azad
edildikdən sonra ilk, belə deyim, "pirat" çəkilişlərdə
(Təhlükəsizlik zəminində video paylaşmağa
icazə verilmirdi) hər tərəf
üzüqara olmuş xaçları idi. Anturaj -
çirkin, kifir, baxımsız, xarabalıq, elə özlərinə
sayaq idi. Dağıdıb viran qoyanda özlərini
"allah" sanırdılar... Zorakılıqla təsdiq
olunmaq istəyirdilər. İşğalı qanuniləşdirə
bilmədiklərini hələ də özlərinə
bağışlaya bilmirlər. 30 ildə alınmadısa,
gözünüzü birdəfəlik çəkin. Bir daha
qoca dünyanın başını piyləyib
özünüzə havadar tapa bilməyəcəksiniz.
Şuşanı
kədərli gördüm... Hələ daşı-divarı
ağrıyırdı, ağlayırdı. Allah
yaraşdırmasın, hüzünlü halı da gözəl
idi. Görəsən
Şuşa nə vaxtsa xoşbəxt olubmu? Şəhərin
özünü deyirəm. Hansı dönəmindəsə...
Bu qədər zərbə alıb, həmişə təhlükədə,
qarğa-quzğun əhatəsində. Hər tərəfdən
biri dişini qıcadıb. Fotolara baxan yaxınlarım ətrafı
qələbəlik görüb: "Bu qədər adam var
Şuşada?" - deyə maraqla soruşanda, "bəli"
dedim. Demədim ki, bizim turdur...
Şuşanı gur, izdihamlı görmək, göstərmək
xoşuma gəldi, istədim hamı elə bilsin, hamı
sevinsin.
Maraqlıdır,
hamımız Allahın altında - yerdə gəzirik, amma,
heç bu barədə düşünmürük... Dağa
qalxanda isə heç bir şey barədə
düşünmürük, dağlardan başqa. Yəqin
insanın başı buludlara, təxəyyülü ənginliklərə
toxunsa da, ayaqları yerdə qərar tutmalıdır. Bu fəisəfə
məni Cıdır düzündən Üçmıx
yüksəkliyinə, Kirs dağının zirvəsinə baxanda haqladı. Cıdır düzündən
Daşaltı kanyonuna açılan mənzərənin
adını tapa bilmədim. Yüksəklikdən hər yer
gözəl görünür, adi düzənlik də. O ki,
qala belə möhtəşəm "ansambl". Yaradana alqış, elə bilirsən
indicə qanadların çıxacaq. Nə sifət, təyin
yazdımsa, ürəyimcə olmadı, bu unikal
görüntüyə yaraşmadı, zəif
göründü. Bilmədim təbiət abidəsidir, yoxsa mədəniyyət...
Sağ tərəfdən "yeyilmiş" vəhşi
uçurum sanki ağzını açıb udmağa adam
axtarırdı... Sanki
"qayadan uçan Xuraman"ı da gördüm, oğlu ilə edama hazırlanan
şairi də. Cəlladın xırıltılı
istehzasını da eşitmiş kimiyəm: "Bir az sonra səni
"Xəzinə qayası"ndan elə diyirlədəcəyəm
ki, heç ruhun da inciməyəcək". Hisslərin,
duyğuların bir-birinə qarışdığı bu məkanda
oturub qalmaq, sehrinə dalmaq istədim. Bu daşların
üstündə əsrlərin tozu vardı. Qarşı tərəfdə
qayalar "tüstü"lənirdi...Qarabağ
atlarının dırnaqlarından qopan
qığılcımın Xüsusi Təyinatlılarımızın
qanı ilə qarışdığı bu müqəddəs
məkandan heç ayrıla bilmirdim, istəmirdim. Nə vaxtsa... yox, nə vaxtsa niyə... cəmi-cümlətanı
üç onillik qabaq (azdırmı, çoxdurmu?) Qala
camaatı buraya istədiyi vaxt gələrdi, istəyəndə
gedərdi. Burada dünyanın ən nadir otları,
çiçəkləri bitərdi. "Bundan əvvəl
bizim ətibba və hükəmalarımız belə
güman etmişlər ki, bu nəbatat ancaq Alp və
Şveysariya dağlarında
mövcud olur. İndi mən buraya gəlmək səbəbi
ilə Parijin darülelminə isbat edəcəyəm ki, məxkur
hükəmalar bilkülliyyə səhv ediblər. Amerika nəbatatından
bilinən bu otlar Qarabağın dağlarında kəsrətlə
mövcuddur". Bunu da həkimi-nəbatat müsyö Jordan
demişdi... Bu yerlərin gecəsini düşündüm...
Qala divarlarının qaranlığın içindən
çıxan qara kölgəsini... Gələcəkdə necə
dizaynlı işiqlandırılacağını...
Şuşada olmaq heç nə ilə müqayisə olunmayan
bir hissdir. Hiss də deyil, təmasdır. Elə hər
şeyi xəyal edirsən... Cıdır düzündən
ayrılanda dönüb bir də baxdım. O da baxırdı
ki, görüm baxıram, yoxsa yox?
Dünya
alman faşizmi üzərində qələbənin
ildönümünə hazırlaşanda burnunun ucunda 30 il
tüğyan edən erməni faşizmini
"görmürdü". 8 may bizim üçün milli
matəm günü idi. İndi isə həvəslə təqvimdə
yeni peyda olan beynəlxalq "yasəmən günü"
kimi qeyd edirik. (Düzdür, həm də Qırmızı
Aypara günüdür, amma biz o cəmiyyətdən bir fayda
görmədik. Nə qədər əsirimiz onların
mövqesizliyindən adi insani hüquqlardan məhrum olub tələf
oldu). Nəyi pisdir ki? Qaçqın günü keçirəndə
yaxşı idi? Belə romantik, qeyri-ənənəvi
"bayram"lar (kompliment günü, qucaqlaşma
günü, qonşu günü və s.) insanları birləşdirir,
üzlərdə təbəssüm yaradır, ovqat
qaldırır. Təki qəlbimizdə bahar olsun!
Haqqımız var! Belə səbəbimiz var. Qələbə
sindromu, simptomları, rahatlığı,
arxayınçılığı deyək. 28 il "o
gün olsun" dediyimizi "bu gün o gündür" kimi
bayram edirik. Sevinməkdən yorulmuruq, fəxarətdən
doymuruq! Özünü qalib hiss etməkdən, bayram
üçün bəhanə düşünməkdən
şirin heç nə ola bilməz. Bir də may həmişə
bayramlar ayı olub. Düşmənlərimizin mənhus niyyətləri
isə özlərinə qayıtdı.
8 noyabrda əbədi
qayıdışın təməli qoyuldu. İndi
bütün Qarabağda yenidənqurma, abadlıq işləri
aparılır. Allah işlərinə fərəc versin!
"Qoç
ət"də nahar edərkən Şuşadan olan bir nəfər
ofisiantdan vayfayın kodunu istədi... və donub qaldı: - Mənim
səksənlərimdə Şuşada internet nə gəzirdi?
Elə bil sovet senzurası kimi kadr qayçılanıb, arada
nə az, nə çox... 30 il itib. Ardınca da, "mənə
evdən Qala çörəyi almaq tapşırıblar"
deməklə özü də bilmədən həyatın əbədi
bir proses olduğunu, hər şeyin yavaş-yavaş yoluna
düşdüyünü, nəhayət ki, illərlə
gözlədiyimiz "gələcək gün"ün gəlib
çatdığını xatırlatdı. Şuşadan
çörək almağın öz romantikası var.
Şuşa olsa, hər şey olar! Çörək də,
mahnı da!
Mən isə Şuşadan özümlə yam-yaşıl, ağ çiçəkləri olan kiçik bir şax gətirdim. Albalı budağı, yaponca sakura... Və ürəyimdə arzu tutdum. Hər yaz Şuşaya gəlmək! "Sakura ağacı çiçəkləyəndə"...
Dilarə Adilgil
Olaylar.- 2022.- 20-26 may.- S.18.