Tariximizin ən şanlı və qürurlu
səhifəsi- Respublika Günü
Hər
bir xalqın özünün
müstəqil dövlətinin olması çox
önəmli məsələdir. Ötən əsrin əvvəllərində
ölkəmizdə gedən ictimai-siyasi
prosesləri təhlil edərkən
Azərbaycan Xalq Cümhuriyyətinin
də əsl dəyəri, mahiyyəti və müstəqilliyə
gedən yolda oynadığı tarixi rolu daha aydın şəkildə
görünür.
Yüz
dörd il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına
böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad,
demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan
Xalq Cümhuriyyəti cəmi 23
aylıq fəaliyyəti dövründə xalqın milli mənlik
şüurunu özünə qaytardı, onun öz müqəddəratını
təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən
- Əqdnamədən də göründüyü kimi, bu
möhtəşəm tarix xalqımızın müstəqillik
hisslərini daha da gücləndirdi. Qətiyyətlə demək
olar ki, 28 May-Müstəqillik
Günü şanlı tariximizə qızıl hərflərlə
həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının
qürur mənbəyi olan bir gündür. Çünki,
1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə
əsarət altında yaşayan, tarixi, mədəniyyəti,
dili, dini sıxışdırılan Azərbaycan xalqı
özünün və Şərqin ilk demokratik, hüquqi,
dünyəvi və parlamentli respublikasını yaradıb.
Belə ki, 104 il əvvəl xalqını ürəkdən
sevən, milli azadlıq ideyalarının
çarçıları olan vətənpərvər
ziyalımızın siyasi əməyi nəticəsində
Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) öz istiqlaliyyətini elan etdi.
Xalqımızın milli dövlətçilik tarixinin
şanlı səhifəsi və salnaməsi olan Xalq
Cümhuriyyəti 23 aylıq fəaliyyət dövrü hər
zaman xalqımız tərəfindən qürurla
xatırlanır, dövlətçilik tariximizdə iftixarla
qeyd edilən mühüm hadisəyə çevrilib.
1918-1920-ci illər Azərbaycan xalqının həyatında
çox böyük əhəmiyyət kəsb edən bir
dövr olubdur. Azərbaycan məhz bu dövrdə ilk dəfə
olaraq dövlət suverenliyini qazanaraq dünya birliyində
layiqli yer tutmağa çalışıbdır. Bu dövr
millətin həyatında mühüm mərhələ
olmaqla yanaşı, onun gələcəyinin və
istiqlalının bünövrəsini qoyub. Düzdür, iki
il tarix üçün o qədər də böyük zaman
kəsiyi deyil. Lakin bu iki ildə Azərbaycan Cümhuriyyətinin
gördüyü işlərin miqyası, əhəmiyyəti
və mənası Azərbaycan xalqının həyatında
olduqca böyük hadisədir. Az bir vaxtda Azərbaycan
parlamenti, hökuməti, ordusu, gömrük və hüquq
mühafizə orqanları olan, milli rəmzlərə və
dövlət atributlarına malik, vətəndaş
haqlarını və hüquqlarını hər şeydən
uca tutan demokratik bir respublikaya çevrildi. XX əsrin əvvəllərində
monarxiya hərbi-feodal rejimlərinin hökm sürdüyü
Şərqdə vətəndaş həmrəyliyinə əsaslanan
demokratik, dünyəvi, unitar dövlət ilk dəfə Azərbaycanda
quruldu. Cümhuriyyətin rəhbərliyi çox çətin
şəraitdə Azərbaycanın siyasi, iqtisadi və mədəni
həyatı ilə bağlı mühüm işlər-sosial-iqtisadi
islahatların həyata keçirilməsi üçün
hüquqi baza olan iqtisadi qanunlar qəbul etdi, dövlətin
iqtisadi siyasətini həyata keçirən strukturlar, o
cümlədən vergi və maliyyə orqanlarını,
Dövlət Bankını formalaşdırdı. Cümhuriyyətin
dövlət quruculuğunda göstərdiyi bütün cəhdlərə
baxmayaraq, hadisələrin sonrakı gedişi nəzərdə
tutulan tədbirlərin çoxunu həyata keçirməyə
imkan vermədi. Onun 23 aylıq fəaliyyəti Azərbaycan
xalqının taleyində isə çox mühüm hadisə
idi. Qısa müddətdə öz parlamenti, hökuməti,
ordusu və pul vahidi olan Azərbaycan Cümhuriyyətinin
topladığı böyük tarixi təcrübə, əsasını
qoyduğu demokratiya, demokratik dövlət quruculuğu bu
gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan
Respublikasında dönmədən həyata keçirilir və
inkişaf etdirilir.
Azərbaycan
Demokratik Respublikası həm də Azərbaycan
sözünün müasir siyasi-hüquqi məzmun, rəsmi
dövlət statusu almasına səbəb olub. Dövlətçilik
atributlarımızı, ordumuzu, himnimizi, gerbimizi yaradan Xalq
Cümhuriyyəti bütövlükdə Türk
dünyasında, müsəlman Şərqində parlaq bir
hadisəyə çevrilib. Ulu öndərimiz Heydər Əliyev
Cümhuriyyətimizi xalqımızın siyasi şüur səviyyəsinin,
intellektual və mədəni potensialının, yüksək
istedad və qabiliyyətinin göstəricisi kimi dəyərləndirərək
qeyd edirdi ki, "Azərbaycan Xalq Cümhuriyyəti gərgin və
mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay
fəaliyyət göstərsə də, sonrakı nəsillərin
yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən
biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət
quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə,
hərbi quruculuq sahələrində atdığı
mühüm addımları başa çatdıra bilməsə
də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər
xalqımızın tarixində silinməz iz buraxmış,
milli dövlətçilik ənənələrimizin bərpası
işində böyük rol oynamışdır".
Ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətini
xalqımızda azadlıq, müstəqillik fikirlərini daha
da gücləndirməsində müstəsna rol
oynadığını xatırladaraq cümhuriyyətin təşəkkül
tapmasında və fəaliyyət göstərməsində
ona rəhbərlik etmiş şəxslərin - Əlimərdan
bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin,
Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd
bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və
başqalarının xidmətlərini yüksək qiymətləndirmişdir.
Fəxr və qürurla bildirirdi ki, bu günkü müstəqil
Azərbaycan Xalq Cümhuriyyətinin əmanətidir".
Prezident İlham Əliyev də milli dövlətçilik
tariximizin qürur və şərəf səhifəsi olan Azərbaycan
Xalq Cümhuriyyətinə dərin ehtiram hissi ilə
yanaşır, Cümhuriyyətinin tariximizdəki yeri və
roluna xüsusi qiymət verir, bu tarixi günü daim əziz
tutur. Onun bu diqqətinin nəticəsində Xalq Cümhuriyyətinin
qurucularının adları əbədiləşdirilib, həm
ölkəmizdə, həm də bir çox xarici dövlətlərdə
Respublika günü yüksək xalq bayramı kimi qeyd edilir.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə
olan dərin ehtiramının nümunəsi olaraq AXC-nin şərəfinə
paytaxtın İstiqlaliyyət küçəsində abidə
ucaldılıb. 2018-ci ili ölkəmizdə "Azərbaycan
Xalq Cümhuriyyəti İli" elan edilməsi və həmin
il çərçivəsində ölkəmizdə və
xarici dövlətlərdə silsilə tədbirlərin
keçirilməsi, Azərbaycan Milli Ordusunun
yaradılmasının 100 illiyinin qeyd olunması, sentyabrın
15-də Bakı şəhərinin azad edilməsinin 100 illiyinə
həsr olunmuş möhtəşəm paradın
keçirilməsi milli mənlik şüurumuzun, milli dövlətçiliyimizin
şah əsəri olan Cümhuriyyətimizə diqqət və
qayğısının göstəricisidir. Dövlətimizin
başçısının iftixarla bildirdiyi kimi
bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin
varisidir. "Biz Azərbaycan Xalq Cümhuriyyətinin
bütün demokratik ənənələrinə sadiqik və
bu ənənələri yaradırıq".
1988-ci ildən respublikamızda başlamış milli azadlıq hərəkatı 1991-ci il oktyabrın 18-də o vaxtkı Ali Sovetdə Müstəqillik Aktının qəbul edilməsi ilə Azərbaycan ikinci dəfə özünün dövlət müstəqilliyini elan etdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyllərinə son qoydu və H.Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı.1995-ci ildə müstəqil dövlətimizin qəbul etdiyi Konstitusiya, respublikada qəbul edilmiş hüquqi və siyasi aktların hamısı dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə, insan haqlarının qorunmasına, demokratiyanın inkişafına xidmət edir. Azərbaycanın müstəqilliyi dövründə keçdiyi tarixi yol hamımız üçün əziz olmalı, görülən işlərin əhəmiyyəti, onların xalqımızın maraqlarına tam cavab verməsi layiqincə qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, respublikamız ikinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan dövləti çox möhkəmlənmiş, dünya miqyasında onun imici daha da artıb və bu gün ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Məhz bunun nəticəsidir ki, Müzəffər Azərbaycan Ordusu 30 il Ermənistanın işğalı altında qalmış Qarabağı azad etməyə nail oldu.
Alim
Olaylar.- 2022.- 27 may-2 iyun.- S.4.