Çığırdan ZƏFƏRƏ
gedən YOL
Yunus Oğuzun “Cığır”
romanının təqdimatı keçirilib
Azərbaycan Yazıçılar
Birliyinin Natəvan Klubunda yazıçı-publisist, tarixi
romanlar müəllifi Yunus Oğuzun "Cığır"
romanının təqdimat mərasimi keçirilib. Mərasimdə
ölkənin elm adamları, ziyalılar, Yazıçılar
Birliyinin rəhbərliyi və İdarə Heyətinin
üzvləri, KİV nümayəndələri və
paytaxtın 200 saylı məktəbinin bir qrup şagirdi
iştirak edib.
Təqdimat
mərasimini giriş sözü ilə açan Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov "Cığır"
romanı haqqında ətraflı məlumat verib.
"Cığır"
romanının Şuşanın salınmasının 270
illiyinə və 44 günlük Vətən müharibəsindəki
tarixi zəfərimizə həsr olunduğunu deyən Nizami Cəfərov
diqqətə çatdırıb ki, roman Qarabağ
xanlığının əsasını qoyan Pənahəli
xanın olduqca mürəkkəb dövrdə paytaxt
üçün etibarlı bir yer axtarması, bu zaman
rastına çıxan ağsaqqal Nəsrəddin kişi ilə
məsləhətləşməsindən başlayır:
"Yazıçı öz üslubuna sadiq qalaraq
bütün əsər boyu dövrün siyasi mənzərəsini,
baş verən hadisələrin tarixi köklərini,
coğrafi miqyasını təsvir edir. Birinci növbədə
heç də az olmayan tarixi mənbələrə əsaslanır,
təxəyyülünün cilovunu buraxanda
çalışır ki, bu mənbələrin verdiyi təəssüratları
zədələməsin"
Şuşanın
bizim mədəniyyət tarixi və intibah şəhərimiz
olduğunu deyən Nizami Cəfərov
yazıçının əsərdə Şuşanı
çox gözəl tərənnüm etdiyini də
iştirakçıların diqqətinə
çatdırıb: "Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin strateji hünəri
və siyasi müdrikliyi sayəsində Azərbaycanın milli
intibah şəhəri, bu gün isə mədəniyyət
paytaxtı Şuşanın düşmən əsarətindən
xilas edilməsi elə bir möhtəşəm hadisədir
ki, bütövlükdə milli-tarixi yaddaşı hərəkətə
gətirməklə ədəbi-ictimai şüur
qarşısında geniş iştirak üfiqləri
açdı. Və məhsuldar yaradıcılıq axtarışları
ilə Azərbaycan xalqının
tarixinin müxtəlif dövrlərinə romanlar
miqyasında müfəssəl analitik təhlil verməklə
kifayətlənməyib keçmişlə bu günün sələf-xələflik
münasibətlərinin genotipologiyasını
aşkarlamağa xüsusi maraq göstərən Yunus
Oğuzun Şuşanın "tərcümeyi hal"ına
müraciət etməsi, əlbəttə, ilk növbədə
həmin möhtəşəm hadisənin-Şuşa zəfərinin
əks-sədasıdır. Görkəmli
yazıçı-mütəfəkkirin on illərlə
daxilində, ruhunda gəzdirdiyi nisgil Şuşa
görüşlərindən, ziyarətlərindən sonra
vulkan kimi püskürərək onun düşüncələrindəki
milli təəssübkeşliyi bütün hərarətlə
üzə çıxarır".
Nizami
Cəfərov: "Yunus Oğuz Şuşaya, ümumən
Qarabağa aparan cığırı çox gözəl tərənnüm
edib"
Akademik
qeyd edib ki, Yunus Oğuz
romanında Ali Baş Komandanın çox dəyərli
bir obrazını yaradır. Onun hərbi sahədə
gördüyü işlər, Ali Baş Komandan kimi
Qarabağın azadlıq mübarizəsinə
başladığı əksini tapır. Nizami Cəfərov deyib ki,
yazıçı öz əsərində Qarabağın
azadlığının Valdayda, "Qarabağ Azərbaycandır,
nida" ilə
başladığını oxucuların diqqətinə
çatdırıb: "Hələ Tovuz döyüşlərindən
bir qədər əvvəl Ermənistanın baş naziri
Nikol Paşinyan Xankəndində çıxış edərkən
belə bir cümlə işlətdi. "Qarabağ Ermənistandır,
nöqtə". Prezident İlham Əliyev isə onun
cavabını çox gecikdirmədi. Soçidə, Valday konfransında,
daha çox dünya siyasətçilərinin
toplaşdığı bir məclisdə demişdi.
"Qarabağ Azərbaycandır, nida". Tezliklə bu
şüar xalqın dilində əzbər oldu, hər yerdə
"Qarabağ Azərbaycandır!" deyilməyə
başlanıldı". Nizami Cəfərov deyib ki,
yazıçı Qarabağın azadlığı
mesajının məhz Valdayda, Ali Baş Komandan tərəfindən
verildiyini oxucuların diqqətinə çatdıraraq daha
sonra mübarizənin diplomatik müstəvidən hərbi
müstəviyə keçdiyini mərhələli şəkildə
əsərdə ifadə edib: "Şuşanın, ümumən
Qarabağın düşmən işğalından xilası
barədəki komandanı Azərbaycan Prezidenti, əslində
Valdayda-bütün dünyanın gözləri
qarşısında hər bir azərbaycanlının ruhunu
silkələyən, canına-qanına işləyən
"Qarabağ Azərbaycandır, nida" sözlərilə
vermişdi. Silahları hərəkətə gətirən
sonrakı əmr isə yalnız ordu üçün idi. O
ordu üçün ki, Azərbaycan xalqının və Ali
Baş Komandanın iradəsini bilavasitə həyata
keçirirdi. Qarabağ uğrunda aparılan Vətən
müharibəsində xalqla hakimiyyət arasındakı
anlaşmadan doğan mənəvi-ruhi rezonans, hər bir vətəndaşın
daxilindən gələn qeyri-adi vətənpərvərlik
romanda təqaüdünü orduya köçürən
şəkili Hikmət babanın, üç oğlunu birdən
müharibəyə göndərən Gülbaba kişinin,
şəhid ərinin cənazəsini qəbir evinə öz
çiynində aparan xanımın bədii təxəyyüldən
yox, həyatdan gələn obrazlarında əks
olunmuşdur".
Nizami
Cəfərov onu da deyib ki, əsərdə fəlsəfi
baxışlar, ədəbi düşüncələr də
yer alır. Akademik onu da deyib ki, yazıçı
"Cığır" romanında Şuşaya, ümumən
Qarabağa aparan cığırı çox gözəl tərənnüm
edib və bu cığırın sonradan Zəfər yoluna
çevrildiyini oxucuların diqqətinə
çatdırıb: "Ermənilər işğal etdikləri
Şuşanın təbiətinə, ruhuna bələd
olmadıqları üçün cığırdan da xəbərləri
olmur. Şuşaya hücuma hazırlaşan Azərbaycan
xüsusi təyinatlılarına bu barədə Nəsrəddin
kişi, (Pənahəli xan dövründəki Nəsrəddin
kişinin törəmələrindən) məlumat verir və
əsgərlər Şuşaya məhz həmin
cığırla qalxırlar". Nizami Cəfərov deyib ki,
romanın sonluğu, Şuşanın işğaldan azad edilməsi
səhnələri xüsusi sənətkarlıq, hətta demək
olar ki, eşqlə, vəcdlə işlənilib. Yazıçının
təsvir-təfərrüatdan daha çox detallara
üstünlük verməsi də buradan irəli gəlir. Roman Ali Baş
Komandanın 2020-ci ilin 8 noyabrında dediyi tarixi sözlərlə
bitir.
"Əziz Şuşa, Sən Azadsan!", "Əziz
Şuşa, Biz Qayıtdıq!". O
sözlərlə ki, Şuşaya qalxan yalnız azərbaycanlılara
məlum cığırı bütün dünyada məşhur,
geniş Zəfər Yoluna çevirdi".
Yunus
Oğuz yaradıcılığı, onun yazdığı
tarixi romanlar, əsərlərin təkcə Azərbaycanda
deyil, eyni zamanda ölkədən xaricdə də geniş
yayıldığını, ayrı-ayrı dillərə tərcümə
edildiyini diqqətə çatdıran Nizami Cəfərov
deyib ki, qardaş Türkiyədə də Yunus Oğuz
yaradıcılığı diqqət və maraqla izlənilir.
O bildirib ki, indiyə qədər Yunus Oğuzun bir çox
romanları, əsərləri Hüseyn Adıgözəl tərəfindən
Türkiyə türkcəsinə
uyğunlaşdırılaraq qardaş ölkədə
çap edilib. Nizami Cəfərov müəllifin
"Cığır" romanının da türkiyəli
dostlarımız tərəfindən Türkiyə türkcəsinə
də uyğunlaşdırılaraq çap olunduğunu
iştirakçıların diqqətinə
çatdırıb. Nizami Cəfərov Yunus
Oğuz yaradıcılığına olan həm daxili, həm
də xarici marağı onunla əlaqələndirib ki, o həm
keyfiyyətli, həm də məhsuldar işləyir.
Elnarə
Qaragözova: ""Cığır" yeni dövrün ən
gözəl nümunəvi romanıdır"
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,
filologiya elmləri üzrə fəlsəfə doktoru Elnarə
Qaragözova deyib ki, ədəbi mühitdə gedən proseslərə,
tendensiyalara nəzər saldıqda Vətən müharibəsindən
sonrakı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
yeni etapının başlandığını əminliklə
qeyd edə bilərik. Onun sözlərinə görə, bu
tendensiya müstəqillik dövrü ədəbiyyatının
əsas mövzularından biri olan Qarabağ mövzusunun tam fərqli
rakursda işıqlandırılmasının faktoloji əsaslarının
yaranması ilə bağlıdır: "44 günlük Vətən
müharibəsinin Zəfərlə başa çatması
XXI əsrin müharibəsi və XXI əsrin hərbi-siyasi
liderinin dünyada qəbul olunması kimi xalqımız
üçün önəmli olan, vətənimizin nəinki
müasir, hətta yüzillər sonrakı taleyini müsbət
yöndə dəyişdirən hadisələrin ədəbiyyatımızda
əksini tapması bu etapın əsas xüsusiyyətidir. Bu
kontekstdə Zəfərimizin simvolu olan və gələcəkdə
qələbəmizin arxetipik obrazına çevriləcək
olan Şuşa şəhərinin 270 illik yubileyi ilə
bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa
İli" elan etməsi ədəbiyyatın qarşısında
yeni kontekstdə, yeni reallıqda, yeni mövzu ilə
bağlı məsuliyyətli vəzifələr qoyur. Daim
tarixi roman janrı ilə bağlı intensiv
yaradıcılıq axtarışlarında olan Yunus Oğuzun
Şuşa şəhərinin inşa olunmasının 270
illiyinə və 44 günlük Vətən müharibəsinə
həsr edilmiş yeni romanı -"Cığır" məhz
bu vəzifələrin həlli
baxımından ədəbiyyatımız üçün
böyük önəm kəsb edir". Elnarə
Qaragözova deyib ki, "Cığır" romanında hadisələr
3 zaman kəsiyində təqdim edilir: "Şuşanın
inşa olunduğu XVIII əsrin ortaları, Şuşanın işğal
olunduğu 1992-ci il və
Şuşanın azad olunduğu 2020-ci il. XVIII əsrin
ortalarında coban Nəsrəddinin Pənahəli xana göstərdiyi
gizli cığır Şuşanın inşası
üçün əsas rol oynayır. Pənahəli
xanın göstərişi ilə Nəsrəddin kişinin
oğlu Murad, daha sonra isə nəslin digər nümayəndələri
bu cığırın sirrini nəsildən-nəsilə
keçirərək qoruyurlar. "Nəsrəddin
cığırı" tarix boyu Şuşanın
qorunmasında, düşmənə zərbə
vurulmasında mühüm rol oynayır". Natiq qeyd
edib ki, Məhəmmədhəsən xanın Şuşaya
hücumu zamanı Muradın gizli dəstəsi, 1992-ci ildə
Milli Qəhrəman Ramiz Qəmbərovun rəhbərlik etdiyi Şuşa özünümüdafiə
batalyonu məhz bu cığır vasitəsilə düşmənə
sarsıdıcı zərbələr vurur. 44 günlük Vətən
müharibəsi dövründə Şuşanın 28 il ərzində
tapa bilmədikləri Pənahəli
xandan yadigar sirrini, heç bir xəritədə
əks olunmayan cığırın varlığını məhz
Pənahəli xanın mühafizə rəhbəri qəhrəman
Muradın nəslinin sonuncu
nümayəndəsi olan 70 yaşlı Nəsrəddin
Murad dövlət orqanlarına bildirir. Yunus Oğuz
"Cığrı" da daha öncəki tarixi romanlardan
oxucuya tanış olan Murad obrazını
yeni strixlərlə təqdim edir. Yazıçı romanda
çoban Nəsrəddinin Səfəvi xanədanı ilə
bağlılığını dilə gətirməklə
onun nəslinin Azərbaycan dövlətiçiliyinin qorunmasındakı rolunun,
cığırın qoruyucusu olmasının təsadüfi
olmadığını vurğulayır. Maraqlıdır ki, hər
üç tarixi dövrdə cığırdan istifadə edən
"kölgə döyüşçülər"
düşməni eyni üsulla, xəncərlə
(biçaqla) boğazlarını kəsərək zərərsizləşdirirlər.
Bu faktla yazıçı yalnız Muradın
daşıdığı sirrin deyil, "kölgə əsgər"
taktikasının da hərbi-tarixi ənənə
formatında ötürülməsini göstərir".
Elnarə Qaragözova deyib ki, Tovuz döyüşlərinin
aurası, dövlətin xalq və Vətən sevdası,
xalqın Vətən və dövlət eşqi romanda
gerçəkliyin bədii boyalarla əksinin ən gözəl
nümunəsi kimi diqqəti cəlb edir: "Koronavirusla
mübarizə fonunda xarici dövlətlərin təzyiqləri
altında Ali Baş Komandan Azərbaycan üçün yeni
cığır açır, sentyabrda isə "Dəmir
Yumruq" işə düşərək bu
cığırı 44 gün ərzində Zəfər yoluna
çevirir".
Natiq hesab
edir ki, Yunus Oğuzun bu romanı yeni dövr Azərbaycan ədəbiyyatının
əsərlərindəndir və "Cığır"
yeni dövrün ən gözəl nümunəvi romanıdır: "Artıq ədəbiyyat
tarixi zəfəri cəmiyyətə təqdim etməyə
başlayıb və müxtəlif əsərlər, romanlar
yazılır, işıq üzü görür. Bu baxımdan "Cığır" romanı
mühüm əhəmiyyət kəsb edir". Elnarə
Qaragözova onu da diqqətə çatdırıb ki, əsərdə
həm erməni, həm də Azərbaycan dövlət xadimlərinin
obrazları realist boyalarla təsvir edilib: "Ali Baş
Komandan İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım
Əliyevanın, general-mayor Polad Həşimovun, millət vəkili
Qənirə Paşayevanın, Prezidentin köməkçisi
Hikmət Hacıyevin, Prezident Administrasiyasının siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr
şöbəsinin müdiri Ədalət Vəliyevin və
digərlərininn parlaq obrazları oxucuda nə qədər rəğbət
doğurursa, Ermənistanın baş naziri Nikol
Paşinyanın, Anna Akopyanın, Tonoyanın,
Ter-Petrosyanın, Zori Balayanın obrazları bir o qədər
ikrah və nifrət yaradır". Natiq sonda onu da qeyd edib ki,
yazıçı əsərdə Türk ruhunu da ortaya qoyur,
Türkün gücünü oxucularına, dünyaya
çatdırır: "Əmir Teymurun əsrlər öncə
söylədiyi "Mənim xalqım da, ordum da bir yumruqdur. Hara yönəltsəm ora gedəcək" sözləri
XXI əsrdə Azərbaycan lideri İlham Əliyevin
timsalında, "Dəmir Yumruq" formatında türkün
qüdrətini bir daha dünyaya hayqırır. Romanda türk ruhu, türk birliyi zəfərin təminatçısına
çevrilir. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin
qardaşlıq və dostluq münasibətləri fonunda
dünya tərəfindən sərlərlə
qarşısı alınan türk birliyinin təntənəsi
canlandırılır. Faktiki-tarixi materialı bədii mətnlə
üzvi şəkildə məharətlə birləşdirərək
44 günlük müharibənin canlı mənzərəsini
yaradan Yunus Oğuz bu əsəri ilə oxucuya həmin zaman kəsiyinin
aurasını, qələbə və zəfər sevincini,
Şuşa qürurunu yenidən yaşadır".
Azərbaycan
Yazıçılar Birliyinin sədrinin birinci müavini, Azərbaycan
Mətbuat Şurasının sədri Rəşad Məcid
Yunus Oğuzun yaradıcılığı, xüsusilə son
illərdəki fəaliyyətini xüsusi qeyd edib və
bildirib ki, yazıçı kifayət qədər məhsuldar
işləyərək Azərbaycan oxucularına dəyərli
əsərlər, tarixi romanlar bəxş edir. Rəşad Məcid
Yunus Oğuzun daimi oxucularından birinin onun anası
olduğunu da söyləyib: "Yunus Oğuzun
yazdığı əsərlər, tarixi romanların ilk
oxucularından biri mənim anamdır. Adətən
onun işıq üzü görən kitablarını anam
oxuyur, öz münasibətini mənə bildirir. Mən də anamın həmin əsərə,
kitaba olan münasibətini Yunus Oğuza
çatdırıram. Sonuncu romanı da
anam oxuyub bir xeyli tərif etdi". Rəşad
Məcid qeyd edib ki, bu kimi kitablar, tarixi əsərlər gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsində
mühüm rol oynayır. Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini hesab edir ki, bu
kimi tarixi romanlar, kitablar nə qədər çox çap
edilsə, gənclərimiz də bir o qədər vətənpərvər
olar, dövlətə, Vətənə məhəbbət
hissi onlarda daha çox formalaşar. Rəşad Məcid
də qeyd edib ki, Yunus Oğuz yaradıcılığına təkcə
Azərbaycanda deyil, eləcə də ondan kənarda,
xüsusilə Türkiyədə böyük diqqət var. O,
indiyə qədər Yunus Oğuzun bir neçə
kitabının Türkiyədə çap edilməsini bu
marağın, diqqətin bariz nümunəsi kimi xarakterizə
edib. Sonda AYB-nin sədr müavini Yunus Oğuza
yeni yaradıcılıq uğurları arzulayıb.
Mehmet Nuri
Parmaksız: "Yunus Oğuz türk dünyası
sevdalısıdır"
"Cığır" romanının Türkiyə
türkcəsinə çapını reallaşdıran Mehmet
Nuri Parmaksız Yunus Oğuz yaradıcılığından
söz açıb. Bildirib ki, Yunus Oğuz bir türk
tarixçisi və tarixi roman yazarıdır. O bildirib
ki, Türkiyə sərhədləri xaricində ən
çox əsərləri Türkiyədə, Türkiyə
türkcəsinə uyğunlaşdırılaraq çap
olunan Azərbaycan, Türk yazarıdır. Mehmet Nuri
Parmaksız bu illər ərzində Yunus Oğuzun bir sıra əsərlərinin
Türkiyə türkcəsinə
uyğunlaşdırılaraq çap edildiyini diqqətə
çatdırıb: "Yunus Oğuzun bütün əsərlərində
ana mövzu Türk millətidir. Yunus Oğuz
türk dünyası sevdalısıdır. Onun üçün maddiyyat əsas deyil. Əsas dövlət, xalq, türk
dünyasıdır".
Mehmet Nuri Parmaksız çıxışında
Şuşanın və romanın əhəmiyyətlindən
də danışıb. Bildirib ki, romanda onun diqqətini çəkən bir
neçə qəhrəman var: "Romanda adları keçən
və cığırın sirrini açan şuşalı Nəsrəddin
Murad, şəhid ərinin tabutunu çiyinlərində
daşıyan Narıngül, təqaüdünü
Silahlı Qüvvələrə Yardım Fonduna
köçürən Hikmət baba, 3 oğlunu müharibəyə
yola salan Gülbaba kişi, gözləri mərmidən ovulub
tökülsə də silahdaşını çiynində
daşıyan kəşfiyyatçı Kamran, ayaqları
Qubadlıda basdırılan Camal və s. real qəhrəmanlardır".
Mehmet Nuri Parmaksız əmin olduğunu bildirib ki,
Qarabağa, Şuşaya açılan bu cığır
qısa vaxtda Zəngəzur yoluna istiqamət götürəcək. Natiq erməni
vəhşiliyi, terrorizmi və separatizmindən bəhs edən
daha çox kitabların yazılıb işıq üzü
görməsi, dünyaya yayılmasını zəruri hesab
edib. Bildirib ki, ermənilər dünyanın müxtəlif
ölkələrində öz yalanlarını yayırlar:
"Biz də çalışmalıyıq ki, bu kimi romanlar
müxtəlif dillərə tərcümə edilib
yayılsın. Biz bir olduğumuz müddətcə
kimsə bizə yalnış gözlə baxa bilməz".
Mehmet Nuri
Parmaksız onu da iştirakçıların diqqətinə
çatdırıb ki, indiyə qədər Qarabağ
uğrunda çalışdıq və bundan sonra da
çalışacağıq: "Bundan sonrakı fəaliyyətlərimiz
də Qarabağın bərpası və türk dünyasının
daha da möhkəmlənməsi, inkişaf etməsi istiqamətində
olmalıdır".
Yazıçı Elçin Hüseynbəyli də
"Cığır" romanının kifayət qədər
zəngin olduğunu deyib, romanda həm tarixilik, həm də
müasirliyin əks olunduğunu diqqətə
çatdırıb. O bildirib ki, bu kimi romanlar tarixilik, gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyəsi baxımından önəmlidir:
"Yunus Oğuzun tarixi romanları bu baxımdan xüsusi əhəmiyyət
daşıyır. Onun əsərləri bir
qayda olaraq gənclərin vətənpərvər ruhda tərbiyə
olunması, onların vətənpərvər böyüməsində
mühüm rol oynayır". Elçin
Hüseynbəyli Yunus Oğuza yeni yaradıcılıq
uğurları diləyib, yeni-yeni sanballı, cəmiyyəti,
xüsusilə gənclərimizi maarifləndirə biləcək
əsərlər yazıb ərsəyə gətirməyi
arzulayıb.
Vaqif
Yusifli: "Azərbaycanın tarixi romanları içərisində
Yunus Oğuzun öz cığırı var"
Filologiya
elmləri doktoru, professor Vaqif Yusifli deyib ki, Yunus Oğuzun
bütün romanlarında tarixilik özünü göstərir:
"Tarixi romanlarında tarixi şəxsiyyətləri
doğru- düzgün formada təqdim edən Yunus Oğuz
"Cığır" romanında da buna sadiq qalır. Yunus Oğuzun romanlarında tarixiliklə müasirlik
vəhdət təşkil edir". Vaqif
Yusiflinin sözlərinə görə, romanda ayrı-ayrı
səhnələr var ki, orada qəhrəmanlar ən yüksək
səviyyədə təqdim edilir. Professor sonda onu da qeyd edib ki, Azərbaycanın tarixi
romanları içərisində Yunus Oğuzun öz
cığırı var.
"Xalq"
qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının
İdarə Heyətinin üzvü Əflatun
Amaşov Yunus Oğuzun zəngin yaradıcılığa
malik olduğunu deyib. Onun əsərlərinin
qardaş ölkədə çap edilməsini
alqışlayan Əflatun Amaşov bu istiqamətdə digər
yazarların da fəallıq nümayiş etdirməsini,
öz əsərlərini xarici ölkələrdə
çap etdirib yaymalarını məqsəduyğun hesab edib:
"Yaxşı olardı ki, Azərbaycanın digər
yazıçı və şairlərinin əsərləri də
Türkiyə türkcəsinə çevrilərək
işıq üzü görsün. Eyni zamanda
qardaş ölkənin imkanlarından istifadə edilərək
həmin əsərlər dünyaya
çatdırılsın. Bununla
yazarlarımız dünyaya çıxış əldə
edə bilərlər".
Azərbaycan
Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı Yəhya
Babanlı Yunus Oğuzun "Cığır"
romanını olduqca unikal və milli dövlətçiliyimiz
baxımından əhəmiyyətli hesab edib. Onun sözlərinə
görə, Yunus Oğuz artıq ölkə miqyaslı
yazıçı çərçivəsindən
çıxaraq dünya miqyaslı bir yazara çevrilib:
"Yunus Oğuz artıq dünya azərbaycanlılarının
oxucusuna çevrilib". Yəhya Babanlı da
"Cığır" romanının gənc nəslin vətənpərvər
ruhda tərbiyəsinə müsbət təsirlərindən
danışıb: "Yunus Oğuzun əsəri ona görə
olduqca uğurludur ki, gənc nəslin vətənpərvər
ruhda tərbiyəsinə hesablanıb. Belə əsərlərin
yazılması gənclərin vətənpərvər ruhda
böyüməsi baxımından çox önəmlidir".
Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəxrəddin
Teyyub kitabın məziyyətlərindən, onun gənclərin
vətənpərvər ruhda tərbiyə olunmasındakı
rolundan, eləcə də Yunus Oğuz
yaradıcılığından danışıb. O, Yunus Oğuzun
bütün romanlarında, əsərlərində Azərbaycan
tarixinin məşhur sərkərdələri, qəhrəmanlarının
öz layiqli yerini tapdığını, müsbət
obrazlarının xalqa
çatdırıldığını dilə gətirib. "Yunus Oğuz mənim üçün şəxsiyyətdir.
Onun çığırı artıq yola
çevrilib. Həm də bu yol artıq
Dünya azərbaycanlılarının yoludur".
Sonda çıxış edən müəllif təqdimat
mərasiminə təşrif buyuran hər kəsə öz dərin
minnətdarlığını bildirib. Roman yazmağın heç
də asan olmadığını deyən Yunus Oğuz deyib
ki, roman yazmaq həm də belə demək mümkünsə
bir xəstəlikdir: "Onun içinə girdinsə
oranı tərk edə bilmirsən. Gərək
davam edəsən". İndiyə qədər
bir çox tarixi romanlarının işıq üzü
gördüyünü diqqətə çatdıran
yazıçı onların bir çoxunun xarici dillərdə
də çap edildiyini, Orta Asiya respublikaları, qardaş
Türkiyədə oxucuların ixtiyarına verildiyini
iştirakçıların diqqətinə
çatdırıb. Yunus Oğuz hələlik
yazmağa davam edəcəyini, oxucuları üçün
yeni əsərlər yazacağını vurğulayıb.
Sonda iştirakçılara müəllifin
"Cığır" romanı təqdim edilib, xatirə
çəkili çəkdirilib.
Qeyd edək ki, tədbirdə həmçinin
"Cığır" romanının Türkiyə
türkcəsinə uyğunlaşdırılaraq çap
edilmiş variantı da təqdim edilib.
Süleyman İsmayılbəyli
Olaylar.- 2022.- 4-10 noyabr.- S.12-13.