“Kitabi-Dədə Qorqud dastanı”nda

Qərbi Azərbaycan təbiətinin təsviri

 

 “Basatın təpəgözü öldürdüyü boy”un hekayətində

 

(VIII boy)...

 

əvvəli ötən nömrələrdə

 

Türk dünyasının ortaq ədəbi-epik əsərlərində və etnoqrafik, milli-mədəni yazılı irs nümunələrində işlədilən antro-etno-hidro-orotoponimlər sırasında "Bayat", "Bamsı Beyrək", "Selcan xatun", "Dəli Domrul"...adlarının daha çox işlədilməsi minilliklər dövründə formalaşmış ÜmumTürk mədəniyyətinin yaranmasına səbəb olmuş, ilk növbədə tarixi-coğrafi (uzaq Şərqi Turan ellərində İtil, Xatun, Bəyi, Xan, Əmir... çayları, dünyanın ən dərin (1642 m) Bəygöl gölü...) ərazilərdə və ədəbi-maddi  mənbələrdə qorunub saxlanılmışdır.

Dastanın ümumi məzmunu, ideya-estetik və ədəbi-epik tutumu Türk-Oğuz salnaməsinin yazılmasına səbəb olduğu kimi, həm də coğrafi məlumatların zənginliyi, əski, minilliklər dövrü tarixi hadisələrin şərhi, milli-morfoloji gələnəklərin təsviri baxımından elmi-nəzəri əhəmiyyətə malikdir. Bu baxımdan XIX-XXI əsrlərdə Azərbaycan (M.A.Təhmasib (1907-1982), H.M.Araslı (1909-1983), Ə.M.Dəmirçizadə (1909-1979), Ş.A.Cəmşidov (1920-2008), F.R.Zeynalov (1929-1984), S.Q.Əlizadə (1938-2002), B.A.Abdulla (1940-2011) ...) və dünya alimlərinin (Ankara Universitetinin professoru Faruq Sümer (1924-1995), Məhərrəm Ergin (1925-1995),Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Əhməd Uysal (1968), türkmən "qorqudşünasları" M.Kosayev, A.Rəhmanov, R.Rəcəbov, A.Aşurov, alman alimləri İ.Y.Reyske (1716-1774), H.F.Dits (1751-1817), T.Neldeke (1836-1930), rusiyalı alimlər V.V.Bartold (1869-1930), V.M.Jirmunski (1891-1971), A.N.Kononov (1906-1986)...) "Kitabi-Dədə Qorqud dastanı"na müraciət etmələri, bu mövzuda ədəbi-bədii təhlillərin, elmi-nəzəri tədqiqlərin aparılması təsadüfi deyildir.

"Kitabi-Dədə Qorqud dastanı" boylarında ÜmumTürk-Oğuz salnaməçiliyinin tərkibində yer tutan coğrafi məkan-təbii landşaft toponimlərinin ünvanı Anadolu yarımadasından Çukot yarımadasınadək geniş Avrasiya enliklərini əhatə etməklə, etimoloji-morfoloji yaranma xüsusiyyətlərinə görə eynilik təşkil etməsi təsadüfi deyil, çünki bu sərhədlər hüdudunda həyat sürən, tarixi siyasi-ictimai hadisələrə imza atan Türk ulusunun tarixi, coğrafidil bütövlüyü Göy Türklərin və Yer Oğuzlarının birliyindən yaranmışdır. Ona görə də Dastan Bütöv Türk dünyasına mənsubluğuna görə də fərqlənir.

Bu baxımdan Azərbaycan timsalında Qərbi Azərbaycan təbii-coğrafi sərhədləri, Oğuz-Bayat tayfa birliyinin əraziləri istisnalıq təşkil etmir, Bayat ellərinin ocaqları kimi, eləcə də "Bayat" antrotoponimli ünvanlı əski, qədim yer-yurd yerlərimiz də.

Göyçə gölünün şimal-qərb hissəsidə (Dağ Borçalı mahalı boyunca) 70 km məsafədə uzanan Pəmbək dağlıq qurşağındakı (Taclar zirvəsi, 3101 m) Bayat silsiləsi Oğuz-Səlcuq mənşəli Bayat tayfa birliyinin adını yaşadan orotoponim, Bayat bulağı hidritoponim, Bayatlar qıç otlağı antrotoponim kimi minilliklərlə tarixə malik təsdiqini tapmışdır.

Ümumilikdə Türk dünyası xalqlarına aid epik-salnamə mənbəyi kimi qiymətləndirilən "Kitabi-Dədə Qorqud dastanı" (Türkmənistanda Dədə Qorqud heykəli ucaldılıb, Fərqanə vadisi yaxınlığında Qırğızıstanın Qorqud Ata (Koçkor-Ata) şəhəri salınıb, 2015-2019-cu illərdə Türkiyə Cumhuriyyəti, "Tekden film" studiyasında istehsal edilən və XIII əsrin tarixi hadisələrinə həsr edilən "Diriliş Ərtoğrul" serialında Dastan obrazları da yer alıb-Qorqud bəy, Bamsı Beyrək, Selcan xatun...) milli-etimoloji, tarixi-coğrafi ensklopediya məzmunlu olmaqla, həm də Bütöv Azərbaycanın ümumi təbii landşaftının struktural təsviri, ictimai-siyasisosial-iqtisadi sisteminin, qəbilə-tayfa birliklərinin mərkəzləşdirilmiş idarəetmə quruluşunun  X-XIII əsrlər timsalında qiymətləndirilməsi nöqteyi-nəzərindən qiymətlidir.

Bu baxımdan Kitabın VIII hissəsi - "Basatın Təpəgözü öldürdüyü boy" da istisnalıq təşkil etmir. Boyun girişi yenə də ölkə hüdudlarına yağı düşmənin hücumları barədə xəbərlə açılır:

-Düşmən Oğuz elinə hücum edəndə Qoca Aruzun körpə oğlu qalır yurdda...

Qəvi, qədim,yağı düşmən (qüvvələri) minilliklər ərzində hücuma məruz qoyduqları Azərbaycan əraziləri sırasında Zəngəzur, Dərələyəz, Göyçə... mahalları olduğundan, Kitabda əks etdirilən hadisələrlə bağlı coğrafi məkan həmin ərazilər üçün daha səciyyəvidir.

"Oğuz" etnonimi daha çox işlədilən toponimlərdən olduğu üçün Qərbi Azərbaycanın Qırxbulaq nahiyəsindəki Oğuz Qayası kəndi sonralar leksik-fonetik təlləfüz təhrifinə uğayaraq "Oğuztaş" kimi səslənmiş və yazıya alınmışdır. İrəvan xanlığının doğu yönünü tutan bu mahalda Oğuz obalarının müqqəddəs ziyarətgahlarından-sakral ocaqlarından biri də Zəngi çayı yatağının sağ hissəsindən 7-8 km, Yaycı kəndindən şimal-şərqə 10 km aralıdakı Pirdağ (2405 m) yüksəkliyindəki ibadətgahdır.

"Aruz" antrotoponimi İrəvan xanlığında kənd adı daşıyıb, 1918-1920-ci illərdə hay-daşnak quldurlarının basqınları kənd əhalisinin köçürülməsi ilə nəticələnib, Türkiyədən köçürülən haylar bu kənddə məskunlaşıb, sonralar geriyə qayıdan kökənli əhalini 1948-1950-ci illərdə Kür-Araz ovalığının ərazisnə sürgün etmişlər.

Qars vilayətində də Aruz (Ortiz) adlı yaşayış məntəqəsi və dağ, Cənubi Azərbaycanda Maku xanlığında mahalUrmiya gölünün şimal-şərqindəki əyalət Aruz (Artaz) adlanır, Zəngəzur dağlıq silsiləsində isə Aruz (Ariz) dağı mövcuddur.

İrəvan xanlığının Qəmərli nahiyəsindəki Aruz-Arus kəndinin adı da uzun illər ərzində fonetik-şivə, danı.ıq-dil təhrifinə məruz qalaraq "Artuz" kimi tələffüz edilib. Bu kəndin əhalisi də 1828-1830-cu illərdə qovulmuş, yurd-ocaqları dağıdılmış, Osmanlı Türkiyəsinin Van vilayətindən (Van gölünün cənubundan) sürülən haylar yerləşdirilib.

Ümumiyyətlə, "Aruz-Aris-Artis-Artus..." antrotoponim mənşəli yer adları və coğrafi məkanlar "Alban tarixi" əsərinin I kitabında, VI fəslində də qeyd olunmuşdur.

Türk-Oğuz tayfalarına edilən düşmən basqınları nəticəsində vəhşi heyvanların əhatəsində böyüyən, sonradan ailəsinə qovuşan oğlana Qorqud Ata-Dədə Qorrqud ad qoyur:

-Oğlum, sən İnsansan, böyük qardaşının adı Qiyan Səlcuqdur, sənin adın Basat olsun!

"Qorqud" etno-antrotoponimi Dərəçiçək nahiyəsində (Göyçə gölünün şimal-şərqində) kənd adıdır. Bu nahiyə İrəvan xanlığının Göyçə gölünə simsar şimal-şərq hissəsini tutur. Pəmbək dağlıq silsiləsi və Zəngi çayı ilə Pəmbək çayı arasında, Dilican vadisinin başlanan əraziləridir, keyiklərin sürü ilə gəzdiyi, ov bərələrinin yayıldığı hündür dağ çölləri, dağlararası geniş vadilər, yaylaqlar və qədim köş-ticarət yolları, güllü-çiçəkli yamaclar...baxdıqca göz oxşayır.

Dastanın boyuca təsvir edilən bütün təbiət mənzərələrinin ümumiləşdirilmiş eko-landşaft görüntüləri əsrarəngiz peyzaş nümunələridir, Oğuz elatının ayaq izlərinin qaldığı və ismilərinin yaşadığı yerlərdir.

Dərəçiçək nahiyəsində Dərəçiçək dağı (2015 m) tərəkəmə elatının binəsi və çaparların düşərgə yeri olub, 2049 m hündürlükdə Çəməngöl gölü VIII-XIII əsrlərdə  igidlərə-gözəllərə, indi isə göy üzünə ayna tutur, Qırmızı təpə (2854 m) Oğuz ellərinə göz dikən yağı düşmənin son nəfəs dərdikləri, göz yumduqları məkandır...

Eyniadlı dağın yaxınlığındakı Dərəçiçək kəndi Mərəmərə çayının sağ sahilində yerləşir, bu çay Zəngi çayının sağ qoludur və İrəvan şəhərinin şimal-şərqində, 50 km-lik məsafədədir.

XI əsrədək Köçəri obası adlanan bu yurd Dərəçiçək orotoponimi kimi 1947-ci ildə "Ermənistan SSR Nazirlər Soveti"nin qərarı ilə-"Tsaxkadzor" adlanıb, 12 iyun 1958-ci ildə şəhərtipli qəsəbə, 1984-cü ildən şəhər statusu alıb.

Bu əski Türk-Müsəlman yurdunda 1831-ci ildə kökənli əhalinin sayı 232 nəfər olub...

İrəvan xanlığının Gümrü qəzasındakı Qoçkeyik dağı  (2201 m) da dağ marallarının-keyiklərin oylağı, igid Oğuz Alplarının qurşaq tutduğu, ov ovladığı, göy qübbəli çadır qurduqları yerlərdən olub, Pəmbək çayı hövzəsində Dağ Borçalı mahalı ilə qonşudur.

Qoçkeyik dağı Çiçəkli çayının sağ yönündə  (2 km aralı), Tüli-Nəbi kəndindən şərqə doğru 3 km məsafədə yerləşir, təbii gözəlliyi əsrarəngizdir. Göy üzünün mavi tülü yer səthinin gülü-çiçəyi ilə ahəng yaratdığından Nəbi bəyin obasını-"Tüli-Nəbi" adlandırıblar. Çiçəkli çayı Gümrü dağlıq silsiləsinin şimal-şərq yamacından başlayır, 29 km məsafədə axaraq, soldan Pəmbək çayına qovuşur.

"Çiçəkli" hidronimi Orta əsrlərdə Anadolu yaylasında yaşamış Oğuz-Səlcuq qəbilələrindən olmuş Yeryük tayfa birliyinin Gədük qolunun Çiçəkli dəngəsinin adından yaranıb.

Kökənli Türk-Müsəlman kəndi olan Tüli-Nəbidə 1873-cü ildə 26 ev olub, 227 nəfər əhali yaşayıb ("Qafqaz haqqında məlumat" toplusunun 1880-ci il nəşri), 1912-ci ildə 383 nəfər ("Qafqaz təqvimi"). 1918-1920-ci illərdə hay-daşnak quldurları kəndə hücum edərək amansız qətliamlar törətmiş, bir neçə ailə bu qətllərdən qurtula bilmişdir. 1922-ci ildə əhali geri qayıtdıqda artıq bu yurdda Türkiyənin MuşQars vilayətlərindən sürülən hayların yerləşdirildiyi məlum olmuşdur. 

1948-1949-cu illərdə kökənli Türk-Müsəlmanlar Kür-Araz ovalığına deportasiya edilmişlər...

"Basatın Təpəgözü öldürdüyü boy"unda nəql edilir ki, Qoca Aruzun çobanı Qonur qoca Sarı "Uzun bulaq" deyilən yaylaqda binə qurardı, o bulağa Pərilər qonardı... İrəvan xanlığı ərazisindəki Karvansaray kəndinə aid olan "Uzun bulaq obası" həmin yaylağın yerində olmuşdur. Boyun sonrakı bilgiləri xəbər verir ki, Təpəgözün öldürdüyü igidlər sırasında Dəmir donlu Mamaq, Bığı qanlı Bəkdüz Əmən...olub.

Qərbi Azərbaycanda "Dəmirli dağ", "Dəmirli bulaq", "Dəmirli qışlaq", "Dəmirxan qışlağı"... kimi oro-hidro-antrotoponimlərə Zəngəzur dağlıq silsiləsinin şərqə 70 km uzanan Bərgüşad dağlarında, İ(ü)çmüəzzin nahiyəsində, Ağbaba mahalında rast gəlinr. Bərgüşad dağı (ən uca zirvəsi Əriməz, 3399 m) Qapan nahiyəsində Oxçuçay hövzəsində yerləşir, Dəmirli dağ (3227 m) hündür yerlərindən biridir.

Belə nəql olunur ki, Dədə Qorqudun məsləhəti ilə Təpəgözə qulluq etmək üçün obadan iki nəfər ayrılır-Bunlu Qoca ilə Yaraqlı Qoca...

Yaraqlı Bucaq (Qoca) Vedi mahalında kənd olub, XIX əsrin sonlarında hay-daşnak ünsürlərinin basqını nəticəsində kənbd dağıdılıb...

Haqqında yer verilən VIII boyun tarixi hadisələrin coğrafi məkan və təbii-landşaft hissələri üzrə təsfiri aşağıdaakı qənaətlərə imkan verir:

-coğrafi məkan baxımından Qərbi Azərbaycan ərazisi nəinki İÇ və DIŞ Oğuz hüdudlarını, eləcə də Anadolu və Mərkəzi Asiya elatlarının əlaqələndirilməsində Transsərhəd rolunu oynayıb;

-Qərbi Azərbaycanın sakral-maddi irs abidələri (xristianlığaqədərki və Alban, Türk-Müsəlman yadigarları-məbədlər, əski qəbirstanlıq, ibadətgah və ziyarətgahlar...) antik dövr mədəniyyəti timsalında Türk sivilizasiyasının ilkin və təşkkül tapmış izlərini özündə yaşadır;

-bu baxımdan ÜmumtürkÜmumturan Etnomilli Tarixi-Coğrafi məlumat toplusuna-Bütöv Türk Dünyası ensklopediyasına aid milli, tarixi, coğrafi, maddi-mədəni, sakral irs... məlumatlarının ünvanı Bütöv Azərbaycan timsalında həm də Qərbi Azərbayca hüdudlarıdır.

   R.S. Qoçkeyik dağını kafir hay kilsəsi tərəfindən-"Qoçkex", Əriməz zirvəsini-"Aramazd", Dəmirli dağını-"Yerkatasar", Çiçəkli çayını-"Çiçkan", Tüli-Nəbi kəndini-"Saralanc"... adlandırır.

 

(ardı var)

 

Qismət YUNUSOĞLU

 

Olaylar.- 2022.- 11-17 noyabr.- S.17.