Hüseyn Cavidin fəlsəfi

görüşləri: aforizmlər

 

H.Cavid üçün janr və intonasiya aktuallığı məzmuna uyğun dil materialı tələb edən vasitədir. H.Cavidin aforizmləri bədii məzmunla və bədii sosioloji şəraitdə möhkəm əlaqəli olduğu üçün fikrin emosiyalarla zənginləşməsinə təsir göstərir. Bədii intonasiyanın fəal tənzim edilməsində, bədii pafosun təzahüründə, poetik düşüncənin oxucu şüuruna asanlıqla yol tapmasında aktiv rol oynayır, romantik-lirik elementləri gücləndirir.

Aforizmlərə meyil H.Cavid üslubunda özünəxas daxili sirləri və qanunauyğunluqları vardır. Şeir dili faktına çevrilmiş hikmətli ifadələr daha çox dilin üslubi laylarına dərindən bələdliyin nəticəsi olaraq meydana çıxır və bu obrazlı ibarələrin poetik şirəsi mətnin bütünlükdə ruhuna hopması ilə obrazlılıq əlamətləri sıxlaşma prosesi keçirir. Mətn mühiti aforizmlərin bütün estetik çalarlarını duymaq üçün münasib üslubi şərait yaradır. Mətn mühiti onların bədii xislətinə aydınlıq gətirir.

H.Cavidin formaca oynaq və ahəngdar aforizmləri ən vacib bədii ümumiləşdirmə vasitəsidir. Məzmunca ümumi hökmlər ifadə edən qanadlı sözlər bədii dil və düşüncə zənginliyində müstəsna rol oynayır. Poetikada sentensiya adlanan bu dəyərli kəlamlar H.Cavidin dram əsərləri üçün də çox səciyyəvidir. Üslubi cəhətdən fərqləndirici keyfiyyət daşıyan həkimanə sözlər H.Cavid bütün əsərlərində, hər bir replikada yerinə düşür. Mətnin məzmunu, xüsusilə üslubi şəraitlə sıx bağlılığı sentensiyaların intensiv yayılmasına səbəb olur. Məsələn, onun aşağıdakı aforizmləri öz siqlətli məzmunu, hikməti ilə yaddaşlarda dərin izlər buraxır:

Derlər insan yaranıb meymundan

Yenidən meymuna dönmək nə yaman...

İdrakı sönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti həp əldə oyuncaq...

Gərçi görmək də başqa nemətdir.

Görməmək ən böyük səadətdir.

Yaşamaqçın hicab qorxuludur,

Utananlar pək az müvəffəq olur.

H.Cavidin aforizmlərlə zəngin olan nitqində bədii dinamika çox güclüdür. Onu təşkil edən komponentlərinin kəmiyyət göstəricilərindən asılı olaraq ahəngi də yeni-yeni estetik keyfiyyətlər şüalandırır. Bunun sayəsində H.Cavidin hikmətli kəlamları sünilik və quruculuq faktoruna çevrilmir, dilə yatımlılığı, yapışqanlığı, musiqiliyi ilə ifadə yekrəngliyindən özünü qoruyur.

H.Cavid aforizmləri üzərində düşünərkən ilk əvvəl bu qənaət özünü doğruldur ki, şairin qanadlı sözlərini onun bənzərsiz yaradıcılıq məntiqi tələb edir. Aforizmlərin özülündə dayanan müdriklik ekspressiv vüsət qazanır. Aforistik tərzdə deyim poetik akkord səciyyəsi ilə hər cür bədiiliyə yüksələ bilir və bədii ifadə axarını nizamlayır. H.Cavid aforizmlərində istisnasız olaraq bütün fikirlər, hikmətamiz ideyalar bədiiliyə çevrilir, sirayətedici keyfiyyətlər kəsb edir, nüfuzediciliyi ilə oxucunun hisslərinə hakim kəsilir. Bunları biz "Kars və Oltu ətrafında səbəbsiz olaraq alçaqcasına qətl və yəğma edilən məzmunlar üçün" şeirindəki ifadə formalarında aydınca sezirik. Fəlakətə düçar olunmuşların keçirdiyi həyatın acınacaqlı çalarılarını böyük məharətlə canlandıran müəllifin üsyankarlığı aforizmlərlə yekunlaşdırılır. Nicat yolları aforizm vasitəsilə ümumuləşdirilir. Aforizm yaratma prosesində H.Cavid öz ulu sələflərinin yaradıcılıq məharətindən istifadə edərək mükəmməl deyim qəliblərində öz poetik qənaətlərini yekunlaşdırır. Şairin yaradıcılıq laboratoriyasında ərsəyə gətirdiyi hikmətli misralar məzmunların qurtuluş yollarını, zülm və əsarətdən nicat vasitələrini olduqca sərrast şəkildə ifadə etmişdir:

Yaşadan kainatı qüvvətdir,

Gücsüzün həp nəsibi zillətdir.

Əvət, acizlərin cəzası budur,

Kim ki, məzlum olursa, zalım odur...

Yaşamaq istəsən çalış, çabala,

Rəchr("39")d olub gurla, bərq olub parla!

Yoqsa fəryadü nalə zaiddir,

Bir həqiqət bu: "əzməyən əzilir!.."

Diqqətlə nəzərdən keçirdikdə aydın görünür ki, misralar yalnız məzmun dolğunluğu ilə deyil, həmçinin ifadə formasının əlvanlığı ilə seçilir. Qəmli, acı hisslərlə aşılanmış aforistik misralarla günahsız insanların canlı obrazını onların iztirablarının təsviri ilə qavrayırıq. Əzabkeşlərin düçar olduğu məhrumiyyətlər aforizmlər vasitəsi ilə təhkiyənin  toxu toxumasına nüfuz edir. H.Cavid fikrin sərbəst ifadəsinə müqavimət göstərən bütün ənənəvi vərdişlərdən uzaqlaşaraq əsas poetik qayəni aforizmlərdən istifadə yolu ilə təqdim etmişdir. Poetik fikrin inkişaf xətti səciyyəvi detallarla, xarakterik ştrixlərlə canlandırılsa da, aforizmlər yaradılan bədii lövhələrin cövhərini qanadlı sözlərlə ümumiləşdirmişdir. Şair binəsib soydaşlarının sosial ədalətsizliyə məruz qalması hadisəsini ancaq tarixi akt olaraq mənalandırmır, o , bu hadisələrin aforizmlərdə əks-səda tapan fəlsəfi mündricəsi üzərində daha çox dayanır. H.Cavid poetikasının ən yetkin təzahür formalarından biri kimi aforizmlər təsvir obyekti haqqında, onun detalları, ən vacib ştrixləri barədə fikirlərin hüdudlarını genişləndirir və tarixi həqiqətləri əhatə edən  anlayışları bizim təsəvvürümüzdə aydınlaşdırır.

Diqqətəlayiq bir xüsusiyyət kimi qeyd etmək lazımdır ki, H.Cavidin həyat idealı, poetik düşüncəsi aforizmlərlə daha dolğun və təsirli verilir. Poetik fikrin dərinliyi, lirik təhkiyənin sanbalı, fəlsəfiliyi aforizmlərə xas olan siqlətin vasitəsilə daha qabarıq şəkildə üzə çıxır. Şairin dönə-dönə müraciət etdiyi aforistik ifadələr ümumbəşəri mövzuların həllində özünü daha geniş hiss etdirir. H.Cavidin aforizmləri ona görə orijinal və yeni təsir bağışlayır ki, o, bu deyim tərzi ilə yalnız ümumbəşəri motivləri sadəcə izah etmir, o bu motivləri bir-birinə əks qütblərin mübarizəsi fonunda təsvir edir. Aforizmlər aydın poetik lövhələr yaratmaqla oxucunu mütəəssir edir.

Aforizmləri göstərir ki, sözlə davranışlarındakı özünəməxsusluq, söz işlətmə püxtəliyi H.Cavid üslubunda spesifik kolorit kimi hiss olunur. Bu, H.Cavid yaradıcılığı üçün o dərəcədə aktual faktdır ki, onsuz onun fərdi üslubunun əsas cizgiləri kölgədə qalır. Şairin "Qüruba qarşı" şeirinin demək olar ki, əksər misralarında şairin poetikası üçün səciyyəvi deyim tərzi hakimdir. H.Cavid sönük və şablonlaşmış ifadələrdən qaçmaqla sanki aforizmlərin bədiilikdəki əhəmiyyətini nümayiş etdirir. Güclü bədiilik yaratma faktı kimi müəllif aforizmləri bədii fəndə çevirib poetik mətləbləri emosional aforizmlər həddinə çatdırır. Aforizmlərlə H.Cavid bədii təsvirdəki həyat haqqında mühakimələr yürütməyə, ümumiləşdirmələr verməyə cəhd göstərir və buna yüksək sənətkarlıqla nail olur:

Əmin ol, nårdə dirlik varsa, mütləq orda qavğa var;

Bu bir qanuni-hikmət, sirri-xilqətdir ki, məhv olmaz.

Basıb-kəsmək, yaqıb-yıqmaq azalmaz, daima artar;

Bu bir baziçåyi-qüdrət ki, bundan kimsə qurtulmaz.

Çalış həp qalib ol, mərd ol! Bu, aydın bir həqiqətdir:

"Cihan bir nazənin dilbər ki, yalnız mərdə qismətdir..."       

Müşahidələr təkzib olunmaz bir fakt kimi göstərir ki, H.Cavid qələmə aldığı mövzunun analitik-sosioloji xarakterini təhlil edir. Bədiiliyin bütün qanunlarına əməl edən müəllif bədii sözə yiyələnmə səviyyəsi həmişə yüksəkdə saxlayır.

Ustad sənətkar öz kontekstləri zəminində müdrik ümumiləşdirmələrə meyil edir. Onun yaradıcılığındakı aforizmlərin bolluğu da buradan irəli gəlir. O da diqqətdən yayınmır ki, H.Cavidə məxsus ifadələrin müdrikliyi sosial nöqtələrə toxunanda daha çox meydana çıxır. Hikmətli məzmunu, müdrikliyi təsvir-tərənnüm olunan müvafiq hadisə və əhvalatları ümumiləşdirmək üçün istəyindən doğan aforizmlər zəngin həyat təcrübəsinin  dildə əks-sədası kimi səslənir. Ən əsası odur ki, H.Cavidin aforizmləri cilalı, yığcam və semantik cəhətdən siqlətli olur:

Göz-qulaq-görmək, eşitmək aləti,

Çoq zaman aldatmış insaniyyəti.       

Bir oyuncaqdır cihan başdan-başa,

Qafil insanlar da bənzər sərxoşa.       

H.Cavid poeziyasında istənilən aforizmində sintaqmatik qəliblərdən asılı olmayaraq həmişə obraz yeniliyi ilə müşaiyət olunur ki, bu da onun istedadındakı monumentallıqdır. Burada basma qəlib ifadələrin, şablon və çeynənmiş deyim tərzinin heç bir nişanəsi yoxdur. Buna görə də H.Cavidin aforizmləri təsvir-tərənnüm predmetinə münasibəti tənzimləyir. Bu münasibət, semantik təyinat poetik xarakter daşıyır. İfadə yaradıcılığı poetik ənənələr zəminində gedir və bu səbəbdən də olduqca təbii görünür. Oxucuya həzz təlqin edən, onun hisslərini tərpədən aforistik ifadələrlə H.Cavid bütün məqamlarda bədii mündəricənin dərkini stimullaşdırır. Oxucunun zövqünə yol tapmaq və bu zövqün məcrasını tənzimləmək üçün aforizmlər H.Cavidin  üslubunda poetik dilin təravətləndirilmə vasitəsidir. Bununla belə, o da xüsusi vurğulanmalıdır ki, aforizm yaradıcılığı üçün H.Cavid münasib bədii mühit, üslubi şəkil yaratmağın mahir ustasıdır. Buna biz onun "Qoca bir türkün vəsiyyəti" adlı şeirində bütün incəlikləri ilə şahid oluruq. Buradakı aforizmlər bütövlükdə ona görə emosional təlqinə malik olur ki, onlardakı hər bir sözün estetik əmsalı böyüdülmüş, bunun sayəsində misraların hər biri dərin hikmət vüsəti qazanmışdır.

Yuxarıda adı çəkilən şeirdə qoca türkün vəsiyyəti kimi səslənən hər bir misra müdrikliyin, analitik təfəkkürün aynasıdır. Maraqlı orasıdır ki, aforizmlərin özünün də dil-ifadə vasitələrində obraz və məcazlarında, mükəmməl təşbeh və metaforalarında da lokal kolorit dərhal seçilir. Hər bir misranın arxasında kəskin siyasi məzmun, döyüşkən, səfərbəredici ton, milli əhvali-ruhiyyə hakim mövqedə dayanır. Aforizmlər türk müdrikliyini təmsil edən qocanın mükəmməl nitq təzahürü olub xalq dilinin hikmət xəzinəsinə layiq deyimlər kimi qəbul olunur:

İlk istəyim: hiç bir zaman såvgidən əl çəkməyin,

İnsan oğlu såvgi için yaratılmış, doğmuşdur.

Yår yüzünü qardaş bilin, insan qanı dökməyin,

Bu dünyada bir qaşıq su çoq zalımlar boğmuşdur.

Zülmə hərgiz yaqlaşmıyın, doğru yoldan şaşmıyın,

Tanrı haqdır, haqqı såvər, ədalətdən xoşlanır.

Yaltaqlığa imrənməyin, kibrə hiç yanaşmıyın,

Öz haqqını bilməyənlər ən sonunda daşlanır.

Namus, vicdan insanlarda iki böyük qanatdır,

Onlar ilə Adəm oğlu yüksək göylərdən aşar.

Namus, vicdan bizlər için daimi bir həyatdır,

Türk åli həp o hiss için doğmuş, onunla yaşar.          

H.Cavidin aforizmləri mürəkkəb və çoxünsürlüdür. Onda özünü ifadə məqamları çox güclüdür və lirik şeirlərinin əksəriyyəti monoloji nitq səciyyəsi daşıyır. Bundan irəli gələrək monoloji düşüncə və təhkiyə lirik şeir poetikasının  əsas tərkib hissəsi olaraq diqqəti daha çox çəkir. H.Cavidin aforizm yaradıcılığının başlanğıcını həmin düşüncə və mühakimə ilə bağlı ümumiləşdirmələr təmin edir və hikmətli ifadələrin forma-üslub xüsusiyyətlərini yaradır. Aforizmlərlə hikmətli sözlərlə dünya, onun hadisələri lirik qəhrəmanın hiss və həyəcanlarından, mühakimə və düşüncələrindən keçirərək ümumiləşdirir. Məhz buna görədir ki, onun hər bir aforizmin arxasında dərin, düşündürücü, əhatəli məzmun dayanır.

Diqqətlə nəzərdən keçirdikdə aforizmlərin əsas qayəsində H.Cavidin müəyyən baxışlarının, sosial gerçəkliyə konkret münasibətlərinin mövcudluğunu da sezmək mümkündür. Bu amil də öz növbəsində hikmətli kəlamların uğurlu çıxmasında özül rolunu oynayır. Aforizmlərin H.Cavid  poetikasının xarakter ştrixləri baxımından təhlili onun əsas yaradıcılıq xislətini, sənətkarlıq mövqeyini müəyyənləşdirmək istiqamətlərindən biridir. Belə istiqamət H.Cavidə lirikasında sosial məzmun genişliyinə, tarixi gerçəkliklərlə dialektik əlaqədə lirik təsvir gücünü, bədii obrazlı ümumiləşdirmə üsullarını müfəssəl və əhatəli göstərmək imkanları vermişdir.

Janr və forma xüsusiyyətlərindən asılı olmayaraq, H.Cavid əsərlərindəki aforizmlərində ritorika və deklamasiya ruhu hiss olunacaq dərəcədə güclüdür. O da fakt olaraq qalır ki, dahi şairin aforizmləri fərdi duyğular mühitində məhdudlaşıb qalmır. H.Cavid daha çox vətəndaşlıq, vətənsevərlik, humanizm ideyaları ilə bağlı aforizmlərə üstünlük verir. Belə məqamlarda onun qanadlı sözləri daha təsirli və daha mündəricəli olur.

H.Cavidin aforizmləri əslində insan və həyat haqqında mütəfəkkir düşüncələrin, sosial gerçəkliklər barədə fəlsəfi qənaətlərin ümumiləşdirilmiş ifadə formasıdır, müdriklik saçan lakonik poetik fraqmentlərdir. Və bütün hallarda onun aforizmləri obrazlı təfəkkür təravətlidir, konkret poetik səciyyəlidir. H.Cavidin hikmətli sözlərinin timsalında görmək olur ki, onun aforizmlərinin özünəməxsus üstünlükləri vardır. O, ən qədim mövzularda belə orijinal fikir söyləməyi üstün tutur. Fikir baxımından təravətli və yeni çalarlı məziyyətlərlə öz deyim tərzini qoruyub saxlayır.

Aforizmlər H.Cavid üçün təsvir-tərənnüm obyektini, poetik təhlil etdiyi anlayışları qiymətləndirmək, təəssüratlarını obrazlı şəkildə ümumiləşdirmək imkanıdır. Buna görə də aforizmlər H.Cavid şeirlərində obraz haqqında düşüncə və qənaətlərin yekunu kimi olduqca səciyyəvidir.

"İki həmşireyi-lətafətvan" şeirində olduğu kimi. Aşağıdakı misralar şeirin poetik məğzini, müəllifin aparıcı ideya-bədii axtarışlarının uğurlu yekunu kimi səslənir, qadın obrazının təcəssümü kimi yaddaşlarda dərin iz buraxır:

Qadın! Åy möhtərəm ənisi-bəşər!

Sənsiz öksüz qalırdı hissi-bəşər!

Hər bir aforizmdə biz H.Cavid peşəkarlığının, söz duyğusunun, şair texnikasının, dillə rəftar səriştəsinin kamilliyini görürük. Aforizm daha çox şeirin ümumi poetik ahəngindən, müəllifin daxili ovqatından qaynaqlanır. Düşüncə tərzi aforizmlərlə sanki yeniləşir, fikrin meydanı genişlənir. Aforizmin poetik qayəsi kontekstin ruhu ilə qaynayıb-qarışır, bədii ovqatın ahəngi gücləndirir.

H.Caviddə aforizmlər daha çox onun yaradıcılığının yetkinlik nişanəsi kimi dəyərləndirilir. Onun fərdi özünəməxsus yaradıcılıq aləminin ən mühüm cizgiləri aforizmlərdə özünü qabarıq formalarda hiss etdirir. Çünki onun bənzərsiz poeziyası gerçəkliyi, zamanı poetik cəhətdən dərk və kəşf etmək narahatlığından nəşət etmişdir. Lirik qəhrəmanın fikir və duyğular aləminin poetik acılığı, həyatın müxtəlif problemlərinə dair dramatizm, hisslərin konflikti və s. aforizmlərin ifadəlilik imkanlarına əsasən açılır. Məhz buna görədir ki, H.Cavid poeziyasında özünü tez-tez göstərən aforizmlərdə zaman və tarixin xarakterik cizgilərinin təqdimi aydın nəzərə çarpır. O da xarakterik cəhətdir ki, H.Cavidin aforizmləri forma və quruluş təzahüründən daha çox, bədii mətləb, poetik mədəniyyət təzahürüdür.

 

Babayeva Məlahət Ramiz qızı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Ədəbiyyat kafedrasının dosenti

 

Olaylar.- 2022.- 11-17 noyabr.- S.18-19.