MİF –ARXETİP –
OBRAZ:
TƏHTƏLŞÜURDAN
ŞÜURA DOĞRU
Son onilliklər arxetip fenomeni
müntəzəm şəkildə
araşdırmaçıların diqqətini özünə
cəlb etməkdədir. Arxetipi tədqiq
edən araşdırmaçılar ona ilk növbədə
universal təsəvvürlərin, davranışların və
düşüncə modelinin realizasiya forması kimi
baxırlar. Bu səbəbdən müasir dövrdə arxetiplərin tədqiqi
aktuallığı ilə seçilir. Müxtəlif
elm və incəsənət növlərinin tədqiqi ilə
məşğul olan alimlər araşdırdıqları sahələrdə
bir sıra arxetipik elementlərin təzahür etdiyini üzə
çıxarırlar. Qeyd etmək lazımdır ki,
arxetiplər incəsənət və ədəbiyyatda daha
aydın şəkildə təzahür etməkdədir.
Çünki, bu sahələr insanın daxili aləmi, onun
şüuraltısı ilə daha sıx vəhdətdədir.
Arxetiplər insanın şüurlu fəaliyyətinin hər
bir sahəsində özünü biruzə verir. Bunu incəsənətin
bir çox növlərində, eləcə də rəssamlıqda
və kinoda müşahidə etmək mümkündür.
Kino bizi gündəlik rutin həyatdan daha
maraqlı bir aləmə aparan incəsənət
növüdür. Kinematoqrafiyada arxetiplərdən
olduqca geniş şəkildə istifadə olunur. Kino arxetiplər dünyasına aparan ən qısa və
əyani bir yoldur. Kinoda qəhrəmanı
və anti - qəhrəmanı canlandırmaq,
tamaşaçını buna inandırmaq üçün
yalnız süjet və rejissor ustalığı kifayət
etmir. Burada insanın
şüuraltısında mövcud olan arxetipik obrazları
düzgün anlamaq və bunu kinoda əks etdirə bilmək də
olduqca önəmlidir. Bir sıra filmlərin
müvəffəqiyyəti, digərlərinin isə
uğursuzluğunun əsasında məhz arxetipik
dominantların uyğunluğu, arxetipik motivin
ardıcıllığının düzgünlük dərəcəsi
ilə əlaqədardır. Prof. Rəhim Əliyev
yazır: "Bədii kino biznesinin inkişafı
tamaşaçı cəlb etmək üçün yeni-yeni
süjetlər tapmalı idi. Bu süjetlərin
bir qismi qədim dini-mistik ədəbiyyatlarda və magiyaya dair
kitablarda tapılmağa başladı. Qədim
magiya və mistika bir qayda olaraq müasir həyata
köçürülür."
Arxetiplər yalnız ədəbiyyatda və incəsənətdə
deyil, hətta reklam çarxlarında belə istifadə
olunur. Reklam industriyası insanın
şüuraltısına nüfuz edərək onun arxetipik
kölgə kimi gördüyü problemlərini yox edəcək
vasitəni təqdim edir. Reklam süjetində Kölgə
ilə mübarizə olduqca rahat və xoşdur, məhz reklam
edilən məhsul düşmənlə mübarizədə
etibarlı silah ola bilər. Diqqət
yetirsək görərik ki, reklamın son cümləsi
[nidası] insan şüuraltısına anti-kölgə
effekti yaradacaq tərzdə qurulur.
Arxetiplər müxtəlif xalqların mədəniyyətində,
ədəbiyyatında fərqli şəkildə təzahür
edir. Çünki, hər xalqın özünəməxsus
tarixi, mifologiyası, mentaliteti ümumi bir obrazın fərqli
variantının meydana çıxmasına şəarit
yaradır. Arxetiplər öz kökləri
etibarı ilə mifoloji motivlərlə eyniyyət təşkil
edir. Belə ki, həm mifoloji, həm də
arxetip obraz bəşəriyyətin ilkin təssüratlarının
inikasıdır. Arxetip anlayışı insanın ilkin təsəvvürlər
sistemi olan mifologiya ilə olduqca sıx bağlı
olduğundan arxetiplər nəzəriyyəsini daha
yaxşı izah etmək üçün mifologiyaya dair fikirlərə
də nəzər salmaq lazımdır.
Elmdə mifə və mifologiyaya müxtəlif
baxışlar mövcuddur. Bir sıra alimlərin
fikrincə mif qədim insanların uydurmalarıdır. Onlar bildirirlər ki, miflərin tədqiqi zamanı
onların gerçəkliklə əlaqəsi olduğunu
fikirləşmək düzgün deyil. Miflər
bəşəriyyətin uşaqlıq çağında
meydana gəlmişdir və uşaq təfəkkürünə
uyğundur. Digər alimlər isə miflərə
əks mövqedən yanaşaraq bunların uydurma
olmadığını, hər mifin, mifoloji motivin əsasında
həqiqətən yaşanmış olayların durduğunu
qeyd edirlər. Qədim zamanlardan bəri
bir çox tədqiqatçılar miflərin izahı ilə
məşğul olmuşlar. Onlar mifin mənasını
açmağa, mifik qəhrəmanların və hadisələrin
şərti işarələr, simvollar olduğunu sübut etməyə
çalışmışlar. Mifləri izah etməyə
çalışan qədim yunan filosofları mifi həqiqətəuyğun
və etibarlı mənbə saymırdılar. Onlar
hesab edirdilər ki, miflər hər hansı konkret müəllif
tərəfindən müəyyən məqsədlə
uydurulmuşdur.
A. F. Losev
"Mifin dialektikası" əsərində mifin uydurma
olması fikrinə
qarşı çıxaraq qeyd edir ki, biz mifə hər
hansı elmin, dinin, cəmiyyətin gözü ilə deyil, məhz
mifin öz nöqteyi nəzərindən, mifik
baxışla baxmalıyıq.
Yalnız bu zaman mifin həqiqi mahiyyətini anlamış
olarıq: "Elmdə nə dərəcədə dar
düşüncəli, hətta kor olmaq lazımdır ki,
mifin [ əlbəttə, mifik şüur
baxımından] öz konkretliyinə görə maksimal intensiv və böyük
ölçüdə gərginliyə malik reallıq
olduğunu hiss etməyəsən. Bu uydurma yox,
nisbətən rəngli və əsl gerçəklikdir.
Bu düşüncənin və həyatın hər
hansı təsadüfilik və ixtiyarilikdən uzaq zəruri
kateqoriyasıdır." Losev mifi "
möcüzə" adlandırır. O, möcüzə haqqında
olan ənənəvi baxışları rədd edərək
qeyd edir ki,
Möcüzə
İlahi qüvvələrin meydana çıxması deyil
Möcüzə
"təbiət qanunlarının" pozulması deyil
Möcüzə - Əbədi şəxsiyyət
ideyasının bayrağıdır.
Möcüzə bütün kainata aiddir. Möcüzəvilik hər
yerdə eynidir,
onun yalnız obyekti fərqlidir. "Bütün
dünya, onu təşkil edən məqamlar, bütün canlılar
və cansızlar eyni dərəcədə möcüzə
və eyni dərəcədə mifdir." Mif sözlər vasitəsilə
çatdırılan möcüzəvi şəxsi tarixdir.
Mifin dinlə
əlaqəsi məsələsinə də orijinal mövqedən
yanaşan Losev qeyd edir ki, din olmadan mifologiya var ola
bilməz. Lakin nə
mifologiya sözün əsil mənasında din
deyil, nə də din mifologiya demək deyil. Dinin
məğzi əsrardan, sirdən ibarətdir. Mifologiyanı dindən daha çox poeziyaya aid etmək
olar. Şəriət dini elmdir, ayinlər
dini davranışdır, mifologiya isə dini poeziya və incəsənətdir.
Mif hadisələrin təsvirini verir, onların
dini qiymətini verməyə çalışmır. Mifin xüsusi, özünəməxsus bölgüləri
və dialektik ziddiyyətləri var. Məlumdur ki,
mifologiya dinin ilkin forması, rüşeymidir. Y. E.
Qolosovkerin fikrincə "mif, xüsusilə də qədim
yunan mifləri dünyanın bütün gözəlliyi, dəhşəti
və sirlərinin ikili mənası ilə obrazlarda təzahürüdür."
M.İ.Steblin
Kamenski "Mif" əsərində mif haqqında mübahisəli
fikirləri təhlil etdikdən sonra yazır: "Mifə
münasibətdə yalnız bir məsələ mübahisə
olunmazdır: mif - elə bir nəqletmədir
ki, nə qədər ağlasığmaz və qeyri-həqiqi
olsa da meydana
çıxdığı məkanda
məhz həqiqət kimi qəbul olunmuşdur".
Zaman keçdikcə müxtəlif ərazilərdə
yaşayan xalqlar arasında əlaqə yaranırdı. Başqa xalqların mifləri
ilə tanış olduqda bənzər və
fərqli mifoloji motivlərə, qəhrəmanlara rast gəlinirdi.
Bu səbəbdən mifoloji tədqiqatların
yeni bir sahəsi - müqayisəli mifologiya yaranmağa
başladı. Bu elmin özünün yaranması XVIII əsrin sonu- XIX əsrin əvvəllərinə
aid edilsə də, əslində miflərin müqayisəsi
Herodotun "Tarix" əsərindən başlanır. Herodot bu əsərdə müxtəlif xalqların
mifləri barədə məlumat verməklə yanaşı,
onların yunan mifləri ilə oxşar və fərqli cəhətləri
barədə də söhbət açmışdır.
XVIII əsrin sonu- XIX əsrin əvvəllərində
Almaniyada mifoloji məktəb yarandı. Alman
folklorşünasları Vilhelm Qrim [1786-1859] və Yakov Qrim
[1785-1863] qardaşlarının mifoloji məktəbin nəzəri
əsasını təşkil edən "Alman mifologiyası"
kitabında müxtəlif
xalqların folklorunda rast gəlinən oxşar süjetlər,
onların kökləri və səbəbləri
barədə məlumat verilirdi. Onların fikrincə folklor süjetlərindəki
ümumilik xalqların bir kökdən, ilkin qədim dildən
[protodil] gəlməsi ilə bağlıdır.
Müqayisəli mifologiyadan tarixi rekonstruksiyalarda da istifadə
olunur. Y.E.Beryozkinin "Miflər
Amerikanı işğal edir. Folklor motivlərinin
areala görə müəyyənləşdirilməsi və
Yeni Dünyaya erkən miqrasiyalar" adlı əsəri bu
problemə həsr olunmuşdur.
Miflər [əsatirlər] tarixçilər
üçün mənbə rolunu oynayır: "Bir-birindən
ən uzaq məsafədə yaşayan xalqların mifologiyasında
belə mütləq analoji elementlər tapa bilərik. Bu paralellərdən
bəzilərinə nəzər yetirmədən digərlərinə
əsaslanaraq uyğun gələn faktların izahı
üçün istənilən tarixi ssenari quraşdırmaq
olar. Materialın çoxluğu və əksər
hallarda mənbələrin əlçatmazlığı bu
quraşdırmaların digər mütəxəssislər tərəfindən
yoxlanılmasını çətinləşdirir. Ancaq motivlər cədvəlinin tərtibində səhvlərin
və boşluqların olmaması
qeyri-mümkündür."
Lakin nəzərə almaq lazımdır ki, miflərdə
əks olunmuş tarixi hadisələr əsatir qanunlarına
uyğunlaşdırılmışdır. A. Kondratov qeyd edir ki, "əsatirin
əsasında olan tarixi həqiqət çox vaxt
fantaziyanın "əyri güzgüsündə" elə
təhrif olunur ki, alimlər bəzən əsil mənanın
açılması xatirinə tərsinə hərəkət
etmək məcburiyyətində qalırlar. Tarix
əsatirlər üzrə bərpa olunmur, əksinə, tarixi
həqiqəti bilərək, onun hansı cəhətlərinin
əsatir üçün əsas
götürüldüyünü müəyyən edirlər."
Müqayisəli mifologiya ilə məşğul olan
alimlər müxtəlif mədəniyyətlərə məxsus
mifologiyaları müqayisə edərək oxşar cəhətləri
üzə çıxarmaqla protomifologiyanı bərpa etməyə
çalışırlar. Bu sahədə
çalışan alimlərin bir qismi miflərdəki
oxşar əlamətləri axtarışı ilə digərləri
isə fərqliliklərin meydana çıxarılması ilə
məşğul olur.
Müqayisəli
mifologiyada miflərə müxtəlif yanaşmalar
mövcuddur. Bunlar aşağıdakılardır: linqvistik,
struktur, psixoloji.
Linqvistik
yanaşmada müxtəlif xalqların miflərinin,
tanrıların, mifoloji personajların adları arasında olan
oxşarlıqları müəyyən edir.
Struktur
yanaşmaya görə
müxtəlif miflərdə elementlərinə rast gəlinən əsas strukturlar
mövcuddur. Bu yanaşmanın ən məşhur
nümayəndələri V. Propp və Klod Levi Strossdur.
Psixoloji yanaşmanın tərəfdarının fikrincə
müxtəlif mədəniyyətlərə məxsus miflərdə
həmin mədəniyyətin yaradıcılarının
psixologiyası əks olunur. Ziqmund Freydin tərəfdarlarının
fikrincə bir çox xalqalrın mifologiyasında Edip
haqqında yunan mifinə uyğun süjetlər mövcuddur.
Onlar bildirirlər ki, bu miflərdə Edip
kompleksinin müxtəlif variantları əks olunmuşdur.
Analoji olaraq, dünya xalqlarının əksəriyyətinin
mifologiyasında Yunqun təsvir etdiyi arxetiplərə -
obrazlara, mövzulara rast gəlmək mümkündür.
Beləliklə, ədəbi obrazların yaranması
prosesi mif - arxetip - obraz xətti üzrə inkişaf edir. İlkin olaraq
mifoloji anlayış kimi meydana çıxan obraz daha sonra
arxetipik motivə çevrilir. Ədəbiyyat
təhtəlşüurdan gələn simvolları - mifoloji və
arxetipik motivləri bədii obraza çevirərək yenidən
canlandırır, təhtəlşüurdan şüura
doğru gedən inkişaf prosesini əyaniləşdirir.
Elnarə Qaragözova
Fil.f.d.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi
işçisi
Olaylar.- 2022.- 11-17
noyabr.- S.20.